Məhkəmə qərarları › İş №2-1(112)-5330/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5330/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5330/2021 10.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ünvanlanmış 16 fevral 2021-ci il tarixli məktubda onun güzəştli şərtlərlə pensiya təyin olunması barədə müraciətinə 02 dekabr 2020 -ci il tarixdə cavab verildiyi bildirilmişdir. Bildirmək istəyir ki , 02 dekabr 2020-ci il tarixli cavab məktubundan yuxarı instansiyaya şikayət etsə də, bu günə kimi şikayətinə cavab verilməmişdir. Bu səbəbdən də, növbəti dəfə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin cavabdehin istinad etdiyi məktuba nəzər saldıqda, güzəştli şərtlərlə pensiya təyinatından imtinanın əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində 01 yanvar 2006-cı il tarixə qədər qeyd olunan işlərdə, həmçinin 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “a” bəndinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin siyahısı”na istinad olunaraq təqdim etdiyi əmək kitabçasında güzəştli iş stajının 01 yanvar 2006-cı il tarixə kimi 10 ildən az olması (9 il 9 ay 13 gün kimi hesablanaraq) səbəbi ilə güzəştli şərtlərlə pensiya təyinatı mümkün hesab edilməmişdir. Həmçinin əmək kitabçasında “Qum adası” X5 İdarəsində alətlər meydançasında mexanik vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin siyahısına düşmədiyi göstərilmişdir. SOCAR-ın Kompleks Qazma İşləri tresti tərəfindən verilmiş güzəştli şərtlərə görə iş stajı haqqında arxiv arayışından görünür ki, əmək stajı 1992 -ci ilin avqust ayının 31 -dən başlayaraq, 2006-cı ilin iyul ayının 16 kimi davam etmişdir ki, ümumi iş stajı 13 il 10 ay 15 gün təşkil etmişdir. Bunun da, 10 il 8 ay 15 gününü güzəştli iş stajı təşkil edir. Həmçinin, arxiv arayışında “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin siyahısı”na əsasən 10.1 a) qazmaçılar, 10.1 b) təmir quyusunda usta, Bahar sahəsində texnoloq güzəştli şərtləlrə təqaüd almaq imkanına malikdir. Texnoloq və qazma üzrə mühəndis vəzifələrinin əmək funksiyası eynidir. Hesab edir ki, cavabdeh tərəfindən ona güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina üçün əsas kimi göstərilmiş güzəştli iş stajı səhv hesablanmışdır və bu hal SOCAR-ın X3 Tresti tərəfindən verilmiş güzəştli şərtlərə görə iş stajı haqqında arxiv arayışından görünür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5330/2021 saylı, 27 iyul 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona 52 yaşının tamam olduğu, 13.03.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, iddiaçı 03 mart 2021-ci il və 05 mart 2021-ci il tarixlərində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirləri nəticəsində bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasnın 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) qazma bəndində 10.1) quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində, qüllə quraşdırmasında, məşğul olan mexaniklər və böyük mexaniklər vəzifələri nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq qeyd edirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 04.09.1992-ci il tarixli ИТ-l ******* nömrəli əmək kitabçasında 20.08.2003- 04.06.2006-cı il tarixləri arasındakı dövr ərzində “Xəzərdənizneftqazsənayesi” İB-nin “Qum adası” X5 İdarəsində alətlər meydançasında mexanik vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində və qüllə quraşdırması sahəsinə aid deyil. Eyni zamanda, onun həmin İdarədə işlədiyi texnoloq vəzifəsi sözügedən Siyahıda nəzərdə tutulmamışdır. Bu səbəbdən də, 1 yanvar 2006-cı tarixinədək iddiaçının güzəştli iş stajı 10 ildən az (9 il 9 ay 13 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 02 dekabr 2020-ci il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubun surətindən görünür ki, iddiaçının 10.11.2020-ci il tarixli ərizəsi və ona əlavə olunmuş sənədlərə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) qazma bəndində (10.1) quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində qüllə quraşdırmasında, məşğul olan mexaniklər və böyük mexaniklər vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi 04.09.1992-ci il tarixli ИТ-İ 068209 nömrəli əmək kitabçasında 20.08.2003-04.06.2006-cı il tarixləri arasıdnakı dövr ərzində “Xəzərdənizneftqazsənayesi” İB-nin “Qum adası” X5 İdarəsində alətlər meydançasında mexanik vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Eyni zamanda, həmin İdarədə işləldiyi texnoloq vəzifəsi sözügedən Siyahıda nəzərdə tutulmamışdır. Bu səbəbdən də, 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 10 ildən az (9 il 9 ay 13 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01.09.1985-ci ildən 04.07.1992-ci il tarixədək Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almış, 31.08.1992-ci ildən “Xəzərdənizneftqazsənayesi” İstehsalat Birliyinin “Qum adası” DQİİ-yə 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə işə qəbul edimiş, 12.07.1994-cü ildən mərkəzi mühəndis texnoloji xidmətə “Bahar” sahəsinə müvəqqəti olaraq 3-cü kateqoriyalı texnoloq vəzifəsinə keçirilmiş, 14.06.1995-ci ildən 3 saylı əsaslı təmir quyusuna müvəqqəti 12 dərəcəli usta vəzifəsinə keçirilmiş, 17.02.1996-cı ildən mərkəzi mühəndis texnoloji xidmətə 12-ci dərəcəli buruq ustası vəzifəsinə keçirilmiş, 25.05.1996-cı ildən neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında 5-ci dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilmiş, 16.05.2003-cü ildən Mərkəzi mühəndis texnoloji xidmətə 13-cü dərəcəli texnoloq vəzifəsinə keçirilmiş, 20.08.2003-cü ildən Alətlər meydançasına 12-ci dərəcəli mexanik vəzifəsinə keçirilib, 04.06.2006-cı ildən mərkəzi mühəndis texnoloji xidmətə 13-cü dərəcəli texnoloq vəzifəsinə keçirilib, 16.07.2006-cı ildən işdən azad edilib, 17.07.2006-cı il tarixdən "xxxx" Şirkətinə Qazma məhlulu opertaorun köməkçizi vəzifəsinə qəbul edilmiş, 01.01.2008-ci il tarixdən Qazma məhlulu operatoru vəzifəsinə təyin edilib, 23.11.2010-cu il tarixdən qazmaçı köməkçisi vəzifəsinə keçirilib, 01.12.2010-cu il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, 01.2.2010-cu il tarixdən qazmaçı köməkçisi vəzifəsinə qəbul olunub, 30.07.2013-cü il tarixdən qazmaçı vəzifəsinə keçirilmiş, 30.04.2019-cu il tarixdən əmək müqaviləsinə xitam verilmiş, 01.05.2019-cu il tarixdən "xxxx" MMC-yə Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə qazmaçı vəzifəsinə qəbul edilmiş, hal-hazırda işləməkdə davam edir. İşdə olan SOCAR “X3” Tresti tərəfindən verilmiş SOCAR**********80020123X00054 nömrəli, 29.10.2021-ci il tarixli arxiv arayışından görünür ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı “Xəzərdənizneftqazsənayesi” İstehsalat Birliyinin “Qum adası” X5 İdarəsində işləmişdir. 31.08.1992-ci ildən “Xəzərdənizneftqazsənayesi” İstehsalat Birliyinin “Qum adası” DQİİ 215 saylı buruğa neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə işə qəbul edilmiş, 12.07.1994-cü il tarixdən Mərkəzi mühəndis texnoloji xidmətə “Bahar” sahəsinə müvəqqəti olaraq İİİ kateqerqoriyalı mühəndis texnoloq vəzifəsinə keçirilib, 14.06.1995-ci il tarixdən 3 saylı əsaslı təmir quyusuna müvəqqəti 12-ci dərəcəli usta vəzifəsinə keçirilib, 17.02.1996-cı il tarixdən Mərkəzi mühəndis texnololoji xidmətə 12-ci dərəcəli buruq ustası vəzifəsinə keçirilib, 25.05.1996-cı ildən neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında 5-ci dərəcli qazmaçı köməkçisi peşəsinə keçirilib, 16.05.2003-cü ildən Mərkəzi Mühəndis texnoloji xidmətə 13-cü dərəcəli texnoloq vəzifəsinə keçirilib, 20.08.2003-cü ildən Alətlər meydançasına 12-ci dərəcəli mexanik vəzifəsinə keçirilib, 04.06.2006-cı ildən Mərkəzi mühəndis texnoloji xidmətə 13-cü dərəcəli texnoloq vəzifəsinə keçirilib, 16.07.2006-cı ildə işdən azad edilmişdir. Bu müddətdə ümumi iş stajı: 13 il, 10 ay, 15 gün; güzəştli iş stajı 11 il, 01 ay, 01 gün təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərar ilə təsdiq edilmiş qazmaçı köməkçisi 1100000a-11297, buruq ustası 1100000b-23196, bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər 1100000b-22247 kodu ilə 11 il, 01 ay, 01 gün güzəştli iş stajı təşkil edir. Mühəndis texnoloq və qazma üzrə mühəndisin iş funksiyalarının yeni olduğunu nəzərə alaraq və vəzifə təlimatlarını rəhbər tutaraq güzəştli iş stajı məqsədə uyğun hesab edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin qeyd edilən dövrləri iddiaçının sosial sığorta stajına daxil etməməsi və bunun nəticəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməsi əsassız olmuşdur. Belə ki, cavabdehin imtinasında və etirazında iddiaçıya güzəştli şərtərlə pensiya təyin olunmasından imtina edilməsinin əsasları aşağıdakılardan ibarət olmuşdur:

1. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 04.09.1992-ci il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında 20.08.2003-04.06.2006-cı il tarixləri arasındakı dövr ərzində “Xəzərdənizneftqazsənayesi” İB-nin “Qum adası” X5 İdarəsində işlədiyi alətlər meydançasında mexanik və həmin İdarədə texnoloq vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) qazma bəndində (10.1) yarımbəndində (quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində, qüllə quraşdırılmasında, məşğul olan mexaniklər və böyük mexaniklər) nəzərdə tutulmamışdır. Məhkəmə cavabdehin dəlillərini aşağıda göstərilənlərə əsasən əsassız hesab edir: İlkin olaraq, cavabdeh iddiaçının işlədiyi texnoloq vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu bölməsində nəzərdə tutulmadığında istinad etsə də, iş materiallarında olan SOCAR “X3” Tresti tərəfindən verilmiş SOCAR**********80020123X00054 nömrəli, 29.10.2021-ci il tarixli arxiv arayışının qeyd hissəsindən görünür ki, texnoloq və qazma üzrə mühəndisin iş funksiyaları eynidir. Beləliklə, iddiaçının işlədiyi İdarə tərəfindən verilmiş arayış ona dəlalət edir ki, onun işlədiyi texnoloq vəzifəsi iddiaçının güzəştli iş stajına daxil edilməlidir. Cavabdeh digər dəlilində iddiaçının 20.08.2003-04.06.2006-cı il tarixləri arasındakı dövr ərzində “Xəzərdənizneftqazsənayesi” İB-nin “Qum adası” X5 İdarəsində işlədiyi alətlər meydançasında mexanik peşəsinin də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu bölməsində nəzərdə tutulmadığına istinad etmiş, məhkəmə cavabdehin həmin mövqeyi ilə razılaşaraq qeyd edir ki, sözügedən Siyahılarda iddaçının 20.08.2003-04.06.2006-cı il tarixləri arasındakı dövr ərzində “Xəzərdənizneftqazsənayesi” İB-nin “Qum adası” X5 İdarəsində işlədiyi alətlər meydançasında mexanik peşəsi nəzərdə tutulmasa da, iş materiallarında olan SOCAR “X3” Tresti tərəfindən verilmiş SOCAR**********80020123X00054 nömrəli, 29.10.2021-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçının 20.08.2003-04.06.2006-cı il tarixləri arasındakı dövr ərzində “Xəzərdənizneftqazsənayesi” İB-nin “Qum adası” X5 İdarəsində işlədiyi alətlər meydançasında mexanik peşəsi onun güzəştli iş stajına daxil edilmədən, güzəştli iş stajı 11 il, 01 ay, 01 gün təşkil edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərar ilə təsdiq edilmiş qazmaçı köməkçisi 1100000a-11297, buruq ustası 1100000b-23196, bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər 1100000b-22247 kodları ilə onun güzəştli iş stajı 11 il, 01 ay, 01 gün təşkil təşkil edir. Onun, 01.01.2006-cı il tarixədək 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi əmək stajı vardır. Bu səbəbdən də, ona 52 yaşdan, yəni 13.03.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» bəndinə və həmin maddəyə 13.06.1997ci il tarixli, 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə (13.06.1997-ci il tarixli 321 İQD Qanunun 1ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci maddələrində və 90-cı maddəsinin 3-cü, 4cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırılır) edilmiş dəyişikliyə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 avqust 1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə «Azərbaycan Respublikası Qanununun tətbiqi barədə izahat”ında bildirilir: 13-cü maddə üzrə: «a» bəndində nəzərdə tutulmuş iş stajı olan aşağıdakı şəxslər güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər: - 01 avqust 1997-ci ildən kişilər 50 yaş 6 ayda, qadınlar 45 yaş 6 ayda; - 01 avqust 1998-ci ildən kişilər 51 yaşda, qadınlar 46 yaşda; - 01 avqust 1999-cu ildən kişilər 51 yaş 6 ayda, qadınlar 46 yaş 6 ayda; - 01 avqust 2000-ci ildən kişilər 52 yaşda, qadınlar 47 yaşda. Azərbaycan Respublikası Mülki Məcəllənin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublika Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 mart 2014-cü il tarixli qərarına əsasən, xidmət illərinə görə pensiyanın məqsədi belə şəxsləri əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar öz əvvəlki işini davam etdirmək zərurətindən azad etməkdir. Xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda olaraq, şəxs pensiya yaşına çatmasından daha əvvəl başa çatır. Xidmət illərinə görə pensiya hüququndan istifadə etmək barədə qərar qəbul edərkən şəxs xüsusi əmək stajının müddətini və zəruri staja malik olmanın hüquqi nəticələrini müəyyən edən həmin dövrdə qüvvədə olan qanunvericilik normalarının tələblərini nəzərə alır. Bu səbəbdən iddiaçıya münasibətdə onun iş stajı topladığı dövrdə qüvvədə olan norma tətbiq edilməlidir. Belə ki, iddiaçının 01.01.2006-cı il tarixə kimi 20 ildən artıq əmək stajı olduğundan və həmin stajın 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyindən, həmçinin 06.01.2019-cu il tarixdə 52 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 20 il sığorta stajı, eləcə də, 10 ildən çox xüsusi iş stajı olduğundan, iddiaçının həmin xüsusi iş stajı işlədiyi İdarə tərəfindən verilmiş arayışa əsasən müəyyən edildiyindən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən yaş həddi 01 avqust 1997-ci il tarixdən başlayaraq hər il 6 ay olmaqla 01 avqust 2000-ci ilədək artırılmasını nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşdan, yəni 13.03.2020-ci il tarixdən təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı 13.03.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar