Məhkəmə qərarları › İş №2-1(112)-5332/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5332/2021

09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5332/2021 09.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri Nümayəndə və X1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 iştirakları ilə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə (LPO İddiaçı ASC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə MGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı açıq səhmdar cəmiyyətinin 2018-ci ilin əmlak vergisinə kameral vergi hesablanması haqqında 24 noyabr 2020-ci il tarixli **********893000 saylı qərarının məcburetmə qaydasında qanunsuz və əlverişsiz inzibati akt kimi ləğv edilməsi barədə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı LPO İddiaçı ASC məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən MGBİ-nin üzərinə LPO İddiaçı ASC-nin 2018-ci ilin əmlak vergisinə kameral vergi hesablanması haqqında 24 noyabr 2020-ci il tarixli **********893000 saylı qərarının məcburetmə qaydasında qanunsuz əlverişsiz inzibati akt kimi ləğv edilməsi barədə fikrinin MGBİ-nin üzərinə LPO İddiaçı ASCnin 2018-ci ilin əmlak vergisinə kameral vergi hesablanması haqqında 24 noyabr 2020-ci il tarixli **********891000 saylı qərarının məcburetmə qaydasında qanunsuz əlverişsiz inzibati akt kimi ləğv edilməsi fikri kimi qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3620/2016 saylı 22 iyul 2016-ci il tarixli Qərarı ilə məcburi qaydada ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu (bundan sonra mətndə ƏSF) 24 iyul 2016-cı il tarixdən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli Qərarına əsasən “Zaminbank" ASC-nin iflas proseduruna başlanmışdır. MGBİ-nin 03 mart 2021-ci il tarixli cinayət tərkibi yaradan borcların araşdırılması nəticəsinə dair **********61200 saylı aktına əsasən LPO İddiaçı ASC-nin 301.449,72 manat borc məbləği mövcuddur. Aşağıda qeyd olunanlara əsasən MGBİ-nin LPO İddiaçı ASC-nin 2018-ci ilin əmlak vergisinə kameral vergi hesablanması haqqında 24 noyabr 2020-ci il tarixli **********893000 saylı qərarı məcburetmə qaydasında qanunsuz əlverişsiz inzibati akt kimi ləğv olunmalıdır: Bank məhkəmə qaydasında müflis elan edildiyi üçün icarəyə verilmiş əmlak istisna olmaqla digər əmlaklar istifadə edilmir və bankın bütün əmlakı satış üçün nəzərdə tutulmuş aktivlər qrupuna aid edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir. Həmin Məcəllənin 114.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır. Bankın aktivləri Vergi Məcəlləsinin 13.2.17 və 114.1-ci maddəsində nəzərdə tutulmuş Əsas Vəsaitlər anlayışının tələblərinə cavab verməməkdədir. Bundan əlavə, Vergi orqanının rəsmi internet səhifəsi olan taxes.qov.az internet səhifəsində 30 iyun 2018-ci il tarixində X13, 01 mart 2017-ci il tarixində X7 müraciətlərinə cavab olaraq vergi orqanı tərəfindən bildirilmişdir ki, amortizasiya olunmayan aktivlər əsas vəsait hesab edilmir və həmin aktivlər üzrə əmlak vergisi hesablanmır. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.3-cü maddəsinə əsasən X2 Standartlar bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul olunmuş X9 Standartları, X2 Standartları və bu standartlar üzrə həmin beynəlxalq təşkilatın şərhləridir. Sözügedən Qanunun 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mühasibat uçotu sahəsində dövlət tənzimləməsinin əsas məqsədi X2 Standartları, Kiçik və X10 üçün X2 Standartları, İctimai Sektor üçün X9 Standartları və uçot qaydaları əsasında ölkədə maliyyə hesabatlarının tərtib olunmasını və mühasibat uçotunun aparılmasını təmin etməkdən ibarətdir. “Torpaq, tikili və avadanlıqlar” adlı 16 №-li X9 Standartının tələblərinə əsasən, torpaq, tikili və avadanlıqlar əsas vəsait kimi uçotdan aşağıdakı hallarda çıxarılır: Aktivin silinməsi (satışı) nəticəsində; Aktivin istifadəsində və ya onun gələcək silinməsində hər hansı iqtisadi səmərə gözlənilmirsə. Mühasibat uçotunda “Torpaq, tikili və avadanlıqlar” anlayışı Vergi Məcəlləsində “Əsas Vəsaitlər” anlayışı ilə eynilik təşkil edir. “Satış üçün saxlanılmış uzunmüddətli aktivlər və dayandırılmış əməliyyatlar” adlı 5 saylı X6 Standartının tələblərinə əsasən, aktivin balans dəyəri əsas etibarilə onun davamlı istifadəsi hesabına deyil, satış əməliyyatı hesabına bərpa ediləcəksə, uzunmüddətli aktiv (və ya xaricolma qrupu) satış üçün saxlanılmış kimi təsnif edilir və aktivlər satış üçün saxlanılmış uzunmüddətli aktivlər kimi təsnif edildiyi andan amortizasiya hesablanması dayandırılır. Standartın tələblərinə əsasən aktivlər satış üçün saxlanılmış uzunmüddətli aktivlər kimi təsnif edilməsi üçün həmin aktivlərin növbəti 12 ay ərzində satılma ehtimalı yüksək olmalıdır (limitli istisnalar olmaqla), həmin standartın müddəalarında qeyd olunur ki, əgər aktivlərin satışı müəssisədən asılı olmayan səbəblərdən 12 ay ərzində gerçəkləşməzsə qeyd edilən müddət uzadıla bilər. Göstərilən hal üzrə vergi orqanına tam hərtərəfli yazılı izahat təqdim edilmiş və ləğv prosesində olan İddiaçı ASC tərəfindən 22 sentyabr 2020-ci il tarixdə 2017-ci ilin dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Bəyannamənin 1 saylı əlavəsində 2016-cı ilin sonuda mövcud olan əsas vəsaitlər 2017-ci ildə yuxarıda göstərilən şərtlərə əməl etməklə 14.232.296,04 manat əsas vəsait sətrindən satış üçün nəzərdə tutulmuş aktiv olduğu üçün sair ehtiyatlar sətrinə keçirilmişdir. Vergi orqanı tərəfindən 2016-cı ildə mövcud olmuş 14.232.296,04 manat əsas vəsaitin, satış üçün nəzərdə tutulmuş aktiv olduğuna görə sair ehtiyatlar sətrinə keçirilməsi prosesində heç bir uyğunsuzluq aşkar edilməmişdir. Göstərilən hal ilə əlaqədar 2018-ci ilin mənfəət vergi bəyannaməsində 2 ədəd daşınmaz əmlak 2018-ci ildə icarəyə verildiyi üçün 1.167.742,28 AZN məbləğində aktiv sair ehtiyyatlardan əsas vəsaitlər bölməsinə qaytarılmışdır. Göstərilən hal Azərbaycan Respublikası Vergi Məcəlləsinin 72.5ci maddəsinin tələbinə tam uyğundur. Belə ki, həmin maddəyə əsasən bu Məcəllənin 163cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Sözügedən Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi, vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin, maliyyə sanksiyalarının və hesablanmış məbləğin yenidən hesablanmasını tələb etmək hüququna malikdir. 2017-ci ilin mənfəət vergi bəyannaməsi 2018-ci ilin mart ayının 31-nə kimi təqdim edilməlidir. Maddədə göstərilən üç il müddətin axımı, 31 mart 2018-ci ildə başlayıb, 31 mart 2021-ci il tarixdə bitməlidir. 2017-ci ilin mənfəət vergi bəyannaməsində nəzərdə tutulmuş ilin əvvəlinə mövcud olan əsas vəsaitlər, bank ləğvetmə prosesində olduğu üçün Vergi Məcəlləsi 13.2.17-ci maddəsində nəzərdə tutulmuş əsas vəsait anlaşyışının tələblərinə cavab vermədiyi üçün həmin il üçün dəqiqləşdirilmiş bəyannamə, vergi orqanına təqdim edilmişdir. MGBİ-nin 03 mart 2021-ci il tarixli cinayət tərkibi yaradan borcların araşdırılması nəticəsinə dair **********61200 saylı aktına əsasən ləğv prosesində olan “Zaminbank ASC-nin 301.449,72 manat borc məbləği mövcuddur. Həmin məbləğin 118.808,24 manatı kameral qaydada vergi orqanı tərəfindən hesablanmışdır. Vergi orqanının 24 noyabr 2020-ci il tarixli **********893000 saylı qərarı ilə 136.158,74 manat kameral qaydada vergi hesablamışdır. Həmin qərar məhkəmə tərəfindən ləğv edilərsə vergi orqanının kameral qaydada hesablağı 118.808,24 manat vergi öhdəliyi ləğv olunacaq və nəticədə yalnız vergi ödəyicisinin özünün hesabladığı vergi öhdəliyi mövcud olacaqdır ki, bu hal isə cinayət tərkibi yaradan hal olmaqdan çıxacaqdır. Bu barədə 26 yanvar 2021-ci il tarixdə vergi orqanına **********804300 saylı məktubla müracət edilmişdir. Müraciət Vergi Məcəlləsinin yuxarıda göstərlən tələblərinə uyğundur. Vergi orqanı həmin müraciətə 18 fevral 2021-ci il tarixli məktubla cavablandırmışdır. Vergi Məcəlləsinin 68.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. Məcəllənin 70.2-1.3-ci maddəsinə əsasən elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra təqdim edilmiş hesab edilir. Ona görə də 18 fevral 2021-ci il tarixli məktubun təqdim edilməsi üçün nəzərdə tutulmuş 3 iş günü müddətin axımı 19 fevral 2021-ci il tarixdə başlayıb 24 fevral 2021-ci tarixdə başa çatmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və sonuncudan iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh MGBİ tərəfindən məhkəməyə təqdim olunmuş 30 aprel 2021-ci il tarixli **********183500 №li iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. Belə ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən mülkiyyətində təsərrüfat subyekti (obyekti) olmasına baxmayaraq iddiaçı vergi ödəyicisi tərəfindən 2018ci il üçün "xxxx" göstəricilər olmadan təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin əlavəsində bina, tikili, qurğular üzrə əsas vəsaitlərin qalıq dəyərinin 14.027.933,11 manat göstərilməsi nəticəsində kənarlaşma yaranmışdır. Qeyd olunanlar ilə əlaqədar, "xxxx" ASC-yə 01.04.2019-cu il tarixdə **********846300 və 01.05.2019-cu il tarixli **********063900 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlər və həmin dövr üzrə əmlak vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən 2018-ci ilin əmlak vergisi bəyannaməsinə 136.158,74 manat əlavə vergi məbləği hesablanaraq, aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə 24.11.2020-ci il tarixli **********891000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar” göndərilmişdir. İddiaçı əvvəlki ilin bəyannaməsinin əlavəsində əks olunan əsas vəsaitlərin növbəti ildə “sair ehtiyatlar” sətrinə daxil edilməsini bank müflis elan edildiyi üçün icarəyə verilmiş əmlak istisna olmaqla digər əmlakların satış üçün nəzərdə tutulmuş aktivlər qrupuna aid edilməsi ilə əlaqələndirir və buna əsasən Vergi Məcəlləsinin 13.2.17 və 114.1-ci maddələrində nəzərdə tutulmuş əsas vəsaitlər anlayışının tələblərinə cavab vermədiyini bildirmişdir. İddiaçı qeyd olunan hal ilə əlaqədar “Mühasibat uçotu haqqında” Qanun və X2 Standartlarına istinad edir. İddiaçının əmlak vergi bəyannaməsində əks etdirməli olduğu məlumatların təqdim edilməməsinin əsası kimi mühasibat uçotu haqqında qanunvericiliyə istinad etməsi tamamilə əsassızdır. İddiaçı mühasibat uçotu haqqında qanunverciliyə istinad edərkən bu qanunvericliyin vergi hesabatlarında əks olunmalı məlumatları özündə ehtiva etmədiyini nəzərə almır. Belə ki, Azərbaycan Respublikasında vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları, o cümlədən vergi hesabatlarının hazırlanması və təqdim edilməsi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlərdir. Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. Eyni zamanda, “Mühasibat uçotu haqqında" Qanunun 1.1-ci maddəsinə əsasən bu qanun mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (bundan sonra mətndə - mühasibat uçotu subyektləri adlandırılacaq) tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını tənzimləyir. Həmin Qanunun 12.5-ci maddəsinə əsasən kommersiya təşkilatlarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi əsasında vergi orqanlarına təqdim etdikləri vergi hesabatları bu Qanunun tələblərinə uyğun olaraq təqdim etdikləri maliyyə hesabatlarını əvəz etmir. Göründüyü kimi, mühasibat uçotu haqqında qanunvercilik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması ilə bağlı münasibətləri əks etdirir və bu hesabatları bir-birini əvəz etmir. Çünki vergi hesabatlarının hazırlanması və təqdim edilməsi vergi qanunvericiliyi əsasında aparılır. İddiaçı “Satış üçün saxlanılmış uzunmüddətli aktivlər və dayandırılmış əməliyyatlar” adlı 5 №-li X6 Standartına əsaslanaraq bu aktivlərin amortizasiya edilməli olmadığını bu səbəbdən vergi qanunvericiliyində nəzərdə tutulan əsas vəsait anlayışı ilə əhatə edilmədiyi barədə iddiası əsassızdır. Belə ki, həmin Standartın özündə qeyd edilir ki, bu Standartın məqsədi satış üçün saxlanılmış aktivlərin uçota alınmasının və dayandırılmış əməliyatların təqdim edilməsi və açıqlanmasının göstərilməsidir. Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir. 114.1 -ci maddəsinə əsasən Bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyrisahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır. Qanunvericiliyin tələbindən göründüyü kimi, vergitutma məqsədləri üçün aktivlərin əsas vəsait hesab olunması üçün mühüm şərtlər sadalanmışdır: -istifadə müddəti bir ildən çox olmalıdır; -dəyəri 500 manatdan çox olmalı; -amortizasiya edilməli olan maddi aktiv olmalıdır. Göründüyü kimi, vergitutma baxımından aktivlərin əsas vəsait olub-olmaması mühasibat uçotu haqqında qanunvericilikdə müəyyən edildiyi kimi deyil, vergi qanunvericiliyində müəyyən edildiyi kimi qiymətləndirilməlidir. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçı X4 Standartlarına istinad edərək aktivlərinin təsnifi ilə əlaqədar nəticələr çıxarsa da bununla bağlı heç bir dəlil, təsdiqedici sənəd təqdim edilməmişdir. Halbuki, vergi orqanı qeyd olunan halın tam, obyektiv və ətraflı araşdırılması məqsədilə 23.11.2020-ci il tarixli məktubla vergi tutulan dövriyyənin həcminə və məzmununa dair sənədlərin, icarə, alqı-satqı müqavilələrini, əsas vəsaitlərin hərəkəti cədvəlini, alınmış və təqdim edilmiş əmlakların tərkibini, əmlakın qalıq dəyəri barədə təsdiqedici sənədləri, sığorta müqavilələrini, həmçinin 2018-ci və 2019-cu illər üçün Cəmiyyət tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrində əmlakın qalıq dəyərinin artırılıb və azaldılması barədə izahatı, əmlakların yenidən qiymətləndirilməsi barədə təsdiqedici sənədlərin, 2018-ci ildə Cəmiyyətin mülkiyyətində olan əmlaklar barədə məlumatın, əsas vəsaitlər üzrə balans hesabatın və araşdırma üçün zəruri hesab olunan digər sənədlərin surətlərinin təqdim edilməsi bildirilməsinə, qeyd olunan məktubun 01.12.2020-ci il tarixdə oxunmasına baxmayaraq, təsdiqedici sənədlər iddiaçı tərəfindən inzibati araşdırmaya təqdim edilməmişdir. İddiaçı 2017-ci il üçün təqdim olunmuş mənfəət vergi bəyannaməsi üzrə kameral vergi yoxlamasının keçirilməməsini onun istinad etdiyi halların haqlı olduğunu göstərdiyini qeyd etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, iddia ərizəsində qanunsuz əlverişsiz akt kimi ləğvi tələbi qoyulan qərar 2018-ci ilin əmlak vergisinə aid olduğundan əlaqəli araşdırma 2018-ci ilin mənfəət vergi bəyannaməsi üzrə aparılmışdır. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Məcəllənin 37.1-ci maddəsində qeyd edilir ki, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Vergi Məcəlləsinin 83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Vergi Məcəlləsinin 201.5-ci maddəsinin müddəalarına əsasən hüquqi şəxs ləğvetmə balansını qeydiyyat orqanına təqdim etdiyi tarixdən 30 gün müddətində əmlak vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur. Eyni zamanda Mülki Məcəllənin 61.11 -ci maddəsinin müddəalarına əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində təsdiq olunmuş ləğvetmə balansını, qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı, həmin əmlakın iştirakçılara təqdim edilməsini təsdiq edən sənədi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsində nəzərdə tutulmuş digər sənədləri hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına göndərir. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən balansında olan əsas vəsaitlərə görə həmin əsas vəsaitlərin orta illik dəyərindən Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada əmlak vergisi hesablanıb dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri əmlak vergisinin vergitutma obyektini təşkil edir və müəssisələr əsas vəsaitlərin Vergi Məcəlləsinin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.Vergi Məcəlləsinin 202.0.3-cü maddəsinə əsasən müəssisə hesabat ili ərzində ləğv edildikdə, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi aya qədər olan ayların sayına vurulur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndələri Nümayəndə və X5 ayrı-ayrılıqda iddianı müdafiə edərək, iddia ərizəsinə və ona edlmiş əlavələrə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh MGBİ-nin nümayəndəsi X8 iddianı qəbul etməyərək və iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasın xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İş materiallarında olan; MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 23.07.2020ci il tarixli **********438200 saylı Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, İddiaçı ASC (ləğv prosesindədir) 16.11.1992-ci il tarixdə ********** (VÖEN) dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin ƏSF-yə ünvanladığı 03 may 2017-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, amortizasiya hesablamalarının aparılması barədə sorğuya Departamentdə baxılmışdır. Vergitutma məqsədləri baxımından sorğuda qeyd edilmiş əsas vəsaitlərə gəlirin əldə edilməsi prosesində iştirak etmədiyindən amortizasiya hesablamalarının aparılması nəzərdə tutulmur. Qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Banka da müraciət etmələri tövsiyyə olunmuşdur. ƏSF tərəfindən Milli Gəlirlər Departamentinə ünvanlanmış 05.09.2017-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ƏSF 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə 02 fevral 2016-cı il tarixdən ləğv prosesində olan "xxxx" ASC-nin, 13 aprel 2016-cı il tarixindən ləğv prosesində olan "xxxx" ASC-nin, 25 iyul 2016-cı il tarixdən "xxxx" ASC-nin, İddiaçı ASC-nin, "xxxx" ASC-nin və "xxxx" ASC-nin, 16 avqust 2016-cı il tarixdən isə "xxxx" ASC və “X17” ASC-nin ləğvedicisi təyin edilmişdir. Qeyd edilən banklar barəsində məhkəmə qərarı ilə məcburi ləğv və iflas proseduruna başlanılmışdır. Hazırda qeyd edilən bankların müflis elan edilməsi və ya məcburi ləğvi ilə əlaqədar Fond tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq ləğvetmə tədbirləri davam etdirilir. Bankların ləğvi ilə bağlı praktikanın yeni formalaşmasını nəzərə alaraq, bu istiqamətdə qanunvericilikdə aydın olmayan məsələlərin aydınlaşdırılması məqsədi ilə tərəflərindən müvafiq dövlət orqanları ilə dəqiqləşdirmələr aparılır. Belə ki. sözügedən bankların lisenziyalı fəaliyyətləri dövründə vergi qanunvericiliyinə uyğun olaraq əsas vəsaitlər üzrə amortizasiya hesablanmış və buna dair vergi orqanlarına müvafiq hesabatlar təqdim edilmişdir. Lakin bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziyaların ləğv olunması ilə əlaqədar hazırda həmin amortizasiya hesablamalarının aparılmasına ehtiyacın olub-olmaması barədə sual yaranmışdır. Bununla əlaqədar olaraq, həmin məsələ ilə bağlı bankların ləğvedicisi olan ƏSF ləğv prosesində olan bankların əsas vəsaitlərinə amortizasiyanın hesablanıbhesablanmamasına dair məlumatın verilməsini xahiş etmişdir. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 01 may 2019-cu il tarixli **********063900 saylı məktubdan müəyyən olunur ki, İddiaçı ASC tərəfindən 29 aprel 2019 tarixində təqdim olunmuş bəyannamə aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır: Əvvəlki il üzrə təqdim olunmuş “Mənfəət vergisinin bəyannaməsi”nin və ya təqdim olunmuş sonuncu “Sadələşdirilmiş verginin bəyannaməsi”nin 1 №-li Əlavəsinin (Hüquqi şəxslər üçün) 1-ci (Cəmi aktivlər) sətrinin "Hesabat dövrü sonuna” sütununda əks etdirilmiş 81.656.441,30 manat məbləğ + cari il üzrə təqdim edilmiş bəyannamənin 1 №-li Əlavəsinin eyni sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda əks etdirilmiş 242.937.821,17 manat məbləğ - “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütununda əks etdirilmiş 202.187.635,98 manat məbləğlərin fərqi ilə “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş 237.406.626,49 manat məbləğ arasında 115.000.000,00 manat məbləğində fərq müəyyən edilmişdir.

2. Əvvəlki il üzrə təqdim olunmuş “Mənfəət vergisinin bəyannaməsi”nin və ya təqdim olunmuş sonuncu “Sadələşdirilmiş verginin bəyannaməsi”nin 1 №-li Əlavəsinin (Hüquqi şəxslər üçün) 2-ci (Cəmi kapital və öhdəliklər) sətrinin “Hesabat dövrü sonuna” sütununda əks etdirilmiş 241.983.658.18 manat məbləğ + cari il üzrə təqdim edilmiş bəyannamənin 1 №-li Əlavəsinin eyni sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda əks etdirilmiş 71.506.623,56 manat məbləğ - “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir" sütununda əks etdirilmiş 30.756.438,37 manat məbləğlərin fərqi ilə “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş 23.7406.626 manat məbləğ arasında 45.327.216,88 manat məbləğində fərq müəyyən edilmişdir.

3. Mənfəət vergisi bəyannaməsinin 239-cu (keçmiş illərin çıxılası zərəri) sətrindəki 172.308.598,43 manat məbləği (uyğun olaraq 2017-ci il-172.308.598,43 manat) cəmiyyətin əvvəlki illərdə təqdim etdiyi bəyannamələrə və ya səyyar vergi yoxlama aktlarının nəticələri ilə (uyğun olaraq 2017-ci il -55.484.841.64 manat) fərqli olduğu üçün.

4. Hesablama metodu üzrə təqdim edilmiş mənfəətdən vergi bəyannaməsinin 200cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sət. Al süt. 0.00 manat - 200.2.1-ci (Sığorta fəaliyyətindən gəlirlər) sət. Al süt. 0.00 manat + 201-ci (Amortizasya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sət. Al süt. 0.00 manat + 202-ci (Amortizasya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) sət. Al süt. 0.00 manat + 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sət. Al süt. 25889.48 manat + 217-ci (digər gəlirlər— o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sət. Al süt. 0.00 manat, cəmi 25889.48 manat məbləğ, təqvim ili üzrə təqdim edilən bəyannamələrinin 305-ci sət. Cl.Bl süt. 5722811.59 manat həmin bəyannamələrin 3 № əlavələrinin 3014-cü (ƏDV üzrə qeydiyyatı ləğv edilmə tarixinə olan mal qalığının məbləği) sət C1 süt 0.00 manat-301.1.8-ci sət C1 süt. 0.00 manat-301.2.7-ci sət. C1 süt 0.00 manat-həmin bəyannamələrin 4 №-li əlavələrinin 302.8ci sət C1 süt 0.00 manat- həmin bəyannamələrin 5 №-li əlavələrinin 303.18-ci sət. C1 süt.0.00 manat-təqvim ili üzrə təqdim edilən aksiz bəyannamələrinin 404-cü sət C2 sütunundakı 0.00 manat məbləğin fərqindən kiçik olduğuna görə.

5. Təqdim edilmiş bəyannamənin 1 N-li Əlavəsinin 1.1-ci (Əsas vəsaitlərin dəyəri) sətrinin “Hesabat dövrünün sonuna” xanalarında ********.04 manat məbləğ göstərilməsinə baxmayaraq bəyannamənin aid olduğu il üzrə təqdim edilmiş "xxxx"nin 502-ci (Müəssisənin ləğv olunma və ya sadələşdirilmiş verginin ödəyicisi tarixinə əmlakın ümumi qalıq dəyəri) və ya 504-cü (Hesabat ilinin sonuna əmlakın ümumi qalıq dəyəri) (Əmlakın ümumi qalıq dəyəri) sətrində 0 manat məbləğ əks etdirilmişdir ki, nəticədə də 14.232.296.04 manat məbləğində fərq müəyyən edilmişdir. Hesablama metodu ilə təqdim edilmiş bəyannamənin “Xammal və materiallr” (221.3-cü), “Malın dəyəri” (221.4—cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11 -ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (319698.49 manat), cəmiyyət tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0 manat) (+) cari il ərzində əldə edilmiş e-VHF-lərin məbləği (209425.68 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0.00 manat) məbləği (+) qeyri-rezidentdən alınmış işlərin (xidmətlərin) ödənilmiş dəyərinin (0 manat) cəmi məbləğləri (209425.68 manat), çıxılsın (-) cari il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 0.00 manat) müqayisəsi nəticəsində baza məlumatlarına əsasən 110.272,81 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı zəruri sənədləri (məlumatları) təqdim edilməsi tələb olunmuşdur: Sənədlər: Həmin dövr üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi; Həmin dövr üçün dəqiqləşdiriilmiş Mənfəət vergisi bəyannaməsi və ya kənarlaşmanı doğuran səbəbi izah edən məktub. MGBİ-nin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 24 noyabr 2020-ci il tarixli **********891000 saylı qərarından müəyyən olunur ki, 24 noyabr 2020-ci il tarixli **********891000 saylı qərar ilə 2018-ci il əmlak vergisi üzrə İddiaçı ASC-də (ləğv prosesindədir) kameral vergi yoxlaması nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 136.158,74 manat hesablanmışdır. Bəyannamələrin (hesabatların) qəbul edilməsi haqqında bildirişlərin surətlərindən müəyyən olunur ki, İddiaçı ASC- (ləğv prosesindədir) 22.09.2020-ci il tarixli bildirişlə 2017ci il mənfəət vergisi üzrə, ) 16.10.2020-ci il tarixli bildirişlə 2018-ci il əmlak vergisi üzrə, 20.10.2020-ci il tarixli bildirişlə 2019-cu il əmlak vergisi üzrə, 26.10.2020-ci il tarixli bildirişlə 2018-ci il mənfəət vergisi üzrə, 31.03.2021-ci il tarixli bildirişlə 2020-ci il əmlak vergisi üzrə dəqiqləşdirilmiş bəyannamələr təqdim olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 maddəsinə əsasən; - 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.2. kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. - 37.2-1. kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. - 37.4. kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən; - 67.1. bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən mülkiyyətində təsərrüfat subyekti (obyekti) olmasına baxmayaraq iddiaçı vergi ödəyicisi tərəfindən 2018-ci il üçün "xxxx" göstəricilər olmadan təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin əlavəsində bina, tikili, qurğular üzrə əsas vəsaitlərin qalıq dəyərinin 14.027.933,11 manat göstərilməsi nəticəsində kənarlaşma yaranmışdır. Qeyd olunanlar ilə əlaqədar, "xxxx" ASC-yə 01.04.2019-cu il tarixdə **********846300 və 01.05.2019-cu il tarixli **********063900 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlər və həmin dövr üzrə əmlak vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən 2018-ci ilin əmlak vergisi bəyannaməsinə 136.158,74 manat əlavə vergi məbləği hesablanmış və buna dair müvafiq qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş mübahisələndirilən qərar vergi qanunvericiliyinin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən Bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır. Qanunvericiliyin qeyd olunan tələblərindən də göründüyü kimi, vergitutma məqsədləri üçün aktivlərin əsas vəsait hesab olunması üçün mühüm şərtlər sadalanmışdır: -istifadə müddəti bir ildən çox olmalıdır; -dəyəri 500 manatdan çox olmalı; amortizasiya edilməli olan maddi aktiv olmalıdır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata (83.2.1.); bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata (83.2.2.). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi formal əsaslar hazırda mübahisələndirilən qərarın ləğvi üçün əsas ola bilməz və belə olan halda iddia təmin edilməməlidir. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar