Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5335/2023 21.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə (üçüncü şəxs X4) qarşı “şəxsiyyət vəsiqəsi məlumatlarına dəyişiklik edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsiyyət vəsiqəsinə, eləcə də, "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində - İAMAS-da soyadının “Salahova”dan “Əkbərova”ya, ailə vəziyyətinin isə “Evli”dən “Subay”a düzəliş edilməsi (dəyişdirilməsi) və bu dəyişikliklərdən sonra yeni şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi ilə əvəz edilməsini, iddia tələbinin “iddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarında soyadının “Salahova”dan “Əkbərova”ya, ailə vəziyyətinin isə “Evli”dən “Subay”a düzəliş edilməsi (dəyişdirilməsi) və bu dəyişikliklərdən sonra ona yeni şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilərək cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əsl cavabdeh Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi ilə əvəz edilmiş, iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1987-ci il tarixdə indiki Ermənistan Respublikasının Masis rayonunda anadan olmuşdur. Anadan olanda soyadı "Əkbərova” olmuşdur. xx.xx.2006-cı il tarixdə Vüsal adlı oğlu dünyaya gəlmişdir. 2015-ci il tarixdə 4 saylı ASAN xidmət mərkəzindən yeni şəxsiyyət vəsiqəsi alarkən, şəxsiyyət vəsiqəsində soyadı “Salahova”, ailə vəziyyəti isə “Evli” kimi yazılmışdır. O, heç vaxt nikahda olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin xx.xx.2017-ci il tarixli və Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktublarından məlum olur ki, "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Salahova (Əkbərova) Turanə Yasin qızının nikahı və nikahın pozulması haqqında hər hansı məlumat aşkar edilməmişdir. Eləcə də, AR DİN Baş Pasport Qeydiyyat və Miqarasiya İdarəsinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarından məlum olur ki, 2015-ci il tarixdə iddiaçıya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər hazırda mövcud deyildir. Beləliklə, müəyyən olunur ki, 2015-ci il tarixdə 4 saylı ASAN xidmət mərkəzindən iddiaçıya verilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsində soyadının və ailə vəziyyətinin dəyişdirilməsinə əsaslar olmamışdır. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubunda məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia iddiaçının şəxsiyyət vəsiqəsindəki məlumatlara dəyişiklik edilməklə yeni şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı üç dəfə, 2004, 2008 və 2015-ci illərdə şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Belə ki, işdə olan AZE seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1987-ci il təvəllüdlü iddiaçı X2 xx.xx.2004-cü il tarixdə şəxsiyyət vəsiqəsi verilmiş, iddiaçının yaşayış yeri Bakı şəhəri, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, döngə, ev 23, ailə vəziyyəti “subay” göstərilmişdir. AZE seriyalı 06353516 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı xx.xx.2008-ci il tarixdə yeni şəxsiyyət vəsiqəsi verilmiş, iddiaçının yaşayış yeri Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsi, ev 4, ailə vəziyyəti “evli” göstərilmişdir. AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixdə yeni şəxsiyyət vəsiqəsi verilmiş, iddiaçının yaşayış yeri Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsi, ev 4, ailə vəziyyəti “evli” göstərilmişdir. İşdə olan iddiaçıya məxsus fərdi uçot kartoçkasından görünür ki, iddiaçı xx.xx.2008ci il tarixdə yeni şəxsiyyət vəsiqəsi almaq üçün Binəqədi rayon Polis İdarəsinə müraciət etmiş, kartoçkada iddiaçının ailə vəziyyəti evli kimi qeyd olunmuşdur. Həmin fərdi uçot kartoçkasında göstərilən məlumatlara əsasən iddiaçının ərinin adı X4 olmuş, onlar arasında nikah xx.xx.2008-ci il tarixdə Dəvəçi rayon qeydiyyat şöbəsində bağlanmış, AZ-İ seriyalı 406782 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi, iddiaçının 2004-cü ildə soyadı Əkbərova, ailə vəziyyəti subay olmuş, daha sonra 2008-ci ildə AZ-İ seriyalı 406782 saylı nikah haqqında şəhadətnamə təqdim edərək, şəxsiyyət vəsiqəsi məlumatlarında dəyişiklik edərək, soyadını “Əkbərova”dan “Salahova”ya, ailə vəziyyətini isə “subay”dan “evli”yə dəyişdirmiş, yeni şəxsiyyət vəsiqəsini xx.xx.2008-ci il tarixdə imza etməklə götürmüşdür. Belə olan halda aydın olur ki, iddiaçının özü tərəfindən təqdim edilmiş məlumatlar əsasında soyadı və ailə vəziyyəti barədə məlumatlara dəyişiklik edilmişdir. İddiaçı hazırda heç vaxt nikahda olmamasını, buna görə də 2015-ci il tarixdə 4 saylı ASAN xidmət mərkəzindən ona verilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsində soyadının və ailə vəziyyətinin dəyişdirilməsinə əsaslar olmadığını bildirir. Məhkəmə iddiaçının nikahda olmaması və soyadını dəyişdirməməsi barədə dəlili ilə razılaşır. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı (Əkbərovanın) doğumu, nikahı, ölümü, soyadının, adının və ata adının dəyişdirilməsi haqqında hər hansı məlumat aşkar olunmamışdır. Həmçinin işdə olan Binəqədi rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları’’ avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2022-ci ilədək olan dövrə aid daxil edilmiş məlumatlar öyrənilərkən İddiaçı doğumu, nikahı və nikahın pozulması haqqında hər hansı məlumat aşkar edilməmişdir. Bu səbəbdan hansı əsasla vətəndaşın soyadının və ailə vəziyyətinin dəyişdirilməsi barədə heç bir məlumat yoxdur. Göründüyü kimi, iddiaçının şəxsiyyət vəsiqəsində ailə vəziyyəti “evli” kimi göstərilsə də, onun rəsmi nikaha daxil olması barədə hər hansı məlumat mövcud deyil. Bundan əlavə, işdə olan Şabran rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X3 yalnız Şabran rayon İHB-nın Pirəbədil icra nümayəndəliyi tərəfindən xx.xx.2008-ci il tarixdə 2 saylı nikah haqqında akt qeydi aşkar olunmuşdur və digər nikah haqqında akt qeydi aşkar olunmamışdır, qeyd olunan nikahın pozulması barədə heç bir məlumat aşkar olunmamışdır. İşdə olan xx.xx.2008-ci il tarixli 2 saylı nikah haqqında akt qeydindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü X4 xx.xx.1982-ci il təvəllüdlü X1 ilə nikaha daxil olmuş, bu barədə AZ-İ 388748 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Belə olan halda aydındır ki, T.S.Salahov artıq xx.xx.2008-ci il tarixdə C.Babayarova ilə evli olduğundan xx.xx.2008-ci il tarixdə iddiaçı ilə nikaha daxil ola, ona xx.xx.2008-ci il tarixli AZ-İ seriyalı 406782 saylı nikah haqqında şəhadətnamə verilə bilməzdi (Ailə Məcəlləsinin 12.0.3-cü maddəsinə əsasən ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir.) Beləliklə, işin istinad edilən halları ilə müəyyən olunur ki, iddiaçı heç vaxt nikaha daxil olmamış, soyadını dəyişdirməmiş, 2008-ci ildə məhkəməyə məlum olmayan səbəblərdən guya X4 ilə nikahda olması barədə xx.xx.2008-ci il tarixli AZ-İ №406782 saylı nikah haqqında şəhadətnamə təqdim edərək şəxsiyyət vəsiqəsi məlumatlarında dəyişiklik edilməsinə, yəni ailə vəziyyətinin “subay”dan “evli”yə, soyadının “Əkbərova”dan “Salahova”ya dəyişdirilməsinə nail olmuşdur, hansı ki, dəyişiklik edilən həmin məlumatlar həqiqətə uyğun olmamış, səhv məlumat olmuşdur. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna əsasən: - Maddə 1. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra—şəxsiyyət vəsiqəsi). Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır. 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (bundan sonra – qanuni nümayəndəsinin), habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti əsasında almaq hüququna malikdir. - Maddə 3. Şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) aşağıdakı məlumatlar daxil edilir: - bu maddənin birinci hissəsində göstərilən məlumatlar; - vətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və (və ya) adı; - vətəndaşın yaşadığı yer, ailə vəziyyəti, boyu, gözlərinin rəngi, əl-barmaq izləri, hərbi vəzifəsi; - vətəndaşın valideynlərinin soyadı, adı, atasının adı, vətəndaşın qanuni nümayəndəsinin soyadı, adı, atasının adı və əlaqə məlumatları (poçt ünvanı, telefon nömrələri); - vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən soyad dəyişdiribsə, nikahdan əvvəlki soyad da göstərilir); - vətəndaşın uşaqlarının soyadı və adı; - vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları (imza yaratma məlumatları oxunuş üçün bağlıdır); - şəxsiyyət vəsiqəsini verən orqanın adı və vəsiqənin verilmə tarixi; “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də nəzərdə tutulduğu halda digər məlumatlar. - Bu maddədə nəzərdə tutulmuş məlumatları şəxsiyyət vəsiqəsinə və ya vəsiqənin elektron daşıyıcısına daxil edən vəzifəli şəxs onların düzgünlüyünə görə cavabdehdir. - Maddə 4. Şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciətindən ən geci 10 gün keçənədək verilir... Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. Bu maddənin ikinci hissəsində göstərilən hallardan biri baş verdikdən sonra vətəndaş və ya onun qanuni nümayəndəsi şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bir ay müddətində vəsiqəni verən orqana özü və ya vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs vasitəsilə müraciət etməlidir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”yə əsasən: - Bənd 1.1. Bu Əsasnamə "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi məqsədi ilə, şəxsiyyət vəsiqəsinin verilməsi, dəyişdirilməsi, müvəqqəti alınması, təhvil verilməsi, qüvvədən düşmüş hesab edilməsi və məlumatların şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilməsi, həmin məlumatların dəyişdirilməsi və istifadəsi qaydalarını müəyyən edir. - Bənd 2.4. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin fərdi olaraq doldurulması "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sistemi (bundan sonra — İAMAS) vasitəsilə həyata keçirilir. Verilmiş şəxsiyyət vəsiqələri, habelə onların aktiv statusunun dəyişdirilməsi barədə məlumatlar İAMAS-a daxil edilir. - Bənd 2.9. Vəsiqə verən orqanın məsul əməkdaşı ərizə-anket üzrə üzrə məlumatları yoxladıqdan sonra ərizə-anketdə həmin məlumatların düzgünlüyünü öz imzası ilə təsdiq edərək, onları vətəndaşın fotoşəkli və əl-barmaq izləri ilə birlikdə dərhal İAMAS-a daxil edir. İAMAS-a daxil edilmiş məlumatlar elektron sənəd formasında onu daxil edən əməkdaşın gücləndirilmiş elektron imzası ilə təsdiq edilir. - Bənd 2.12. Şəxsiyyət vəsiqəsinin üzərində vəsiqə sahibinin soyadı, adı, atasının adı, cinsi, vətəndaşlığı, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəkli və 15 yaşı tamam olmuş vətəndaşın şəxsi imzası yerləşdirilir. - Bənd 2.13. Şəxsiyyət vəsiqəsində elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcı (çip) Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə və standartlarına uyğun olaraq, dəyişdirilməyən və dəyişdirilə bilən (aktuallaşdırılan) məlumatlardan ibarətdir. Həmin məlumatlar isə bu Əsasnamənin 2.19-cu–2.21-ci bəndlərinə uyğun olaraq oxunuş üçün açıq və bağlı məlumatlara bölünür. - Bənd 2.14. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) aşağıdakı məlumatlar daxil edilir: 2.14.1. bu Əsasnamənin 2.12-ci bəndində göstərilən məlumatlar; 2.14.2. vətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və (və ya) adı; 2.14.3. vətəndaşın yaşadığı yer, ailə vəziyyəti, boyu, hərbi vəzifəsi; 2.14.4. vətəndaşın gözlərinin rəngi; 2.14.5. vətəndaşın valideynlərinin soyadı və adı; 2.14.6. vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən soyadını dəyişdiribsə, nikahdan əvvəlki soyadı da göstərilir); 2.14.7. vətəndaşın uşaqlarının soyadı və adı; 2.14.8. vəsiqəni verən orqanın adı və vəsiqənin verilmə tarixi; 2.14.9. sənədin tipi; 2.14.10. vəsiqənin fərdiləşdirilməsinin tarixi və vaxtı; 2.14.11. fərdiləşdirmə sisteminin seriya nömrəsi; 2.14.11-1. elektron daşıyıcıda (çipdə) yaradılan elektron imza yaratma və yoxlama məlumatları; 2.14.11-2. vəsiqə sahibinin gücləndirilmiş elektron imzasını yoxlama məlumatları barəsində sertifikatlar; 2.14.12. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun olaraq müvafiq sertifikatlar; 2.14.13. vəsiqə sahibinin əl-barmaq izləri (hər əlindən bir barmaq izi) - bənd 2.22. Şəxsiyyət vəsiqəsi 10 (on) illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün 1 (bir) ay müddətində vəsiqə verən orqana müraciət etməlidir. Sadalanan normalardan görünür ki, şəxsə məxsus şəxsiyyət vəsiqəsində onun soyadı, adı, atasının adı, cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi kimi məlumatlar göstərilir və həmin məlumatlar səhv olduqda şəxsin şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün aidiyyəti orqana müraciət etmək hüququ mövcuddur. İşin yuxarıda sadalanan halları ilə iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindəki məlumatların həqiqətə uyğun olmadığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, idia tələbi təmin edilməli, yanlış məlumatlar düzəldilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı şəxsiyyət vəsiqəsi məlumatlarında soyadının “Salahova”dan “Əkbərova”ya, ailə vəziyyətinin “evli”dən “subay”a dəyişdirilməsi və bu dəyişikliklərə uyğun iddiaçıya yeni şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-5335/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5335/2023
21.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver