Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5336/2021 13.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya işlədiyi illər sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya işlədiyi illər sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı xx xxxxxx 1956-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. O, 1 iyun 1972-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Ümumilikdə onun 28 ildən çox sosial sığorta stajı var. Qeyd olunan sığorta stajı əmək kitabçasında öz əksini tapmışdır. İddiaçı ona əmək pensiyası təyinatı ilə bağlı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh tərəfindən onun 2 mart 1995-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək "xxxx" Şirkətində işləməsinin yoxlanılması zamanı əmək haqqı üzrə hesablaşma cədvəlləri və əmək haqqı kitabları təqdim edilmədiyindən, həmin illərin yoxlanılmasının mümkün olmadığı əsas gətirilərək yaşa görə əmək pensiyası təyinatından imtina edilmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qeyd olunan əsaslarla imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, 1 iyun 1972-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək 25 ildən artıq sosial sığorta stajı əmək kitabçasında qeyd olunmasına baxmayaraq, cavabdeh onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalını və 25 il sığorta stajı olmadığını əsas gətirərək imtina etmişdir. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüqununun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviəlsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 31-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilər. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortlaolunanlahn qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. «İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göstərilən normaların tələblərindən görünür ki, istər «Əmək pensiyaları haqqında» AR Qanununda, istərsə də yuxarıda qeyd olunan Qaydalarda sığorta olunanın sığorta stajının əmək kitabçasına əsasən müəyyən edilməsi nəzərdə tutulduğundan, iddiaçının əmək kitabçasında 2 mart 1995-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək "xxxx" Şirkətində işlədiyi öz əksini tapdığından və beləliklə də 25 ildən çox sosial sığorta stajı müəyyən olunduğundan, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qeyd olunan əsaslarla yaşa görə əmək pensiyasının təyin etməsindən imtina etməsi əsassızdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 38, 60, 71-ci maddələrinə, İPM-in 2.1, 34.1-ci maddələrinə əsaslanaraq, iddiaçıya 2 mart 1995-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək "xxxx" Şirkətində işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsinin İPM-in 47-ci maddəsinin tələblərinə müvafiq olaraq, məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddia ərizəsində 2 mart 1995-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək "xxxx" Şirkətində işlədiyini iddia edir və həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələb edir. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddia məhkəmə tərəfindən təmin edilməməlidir. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensive təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyası 64 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyinatını xahiş etmişdir. İddiaçının yaşa görə əmək pensiyasına hüququ «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə müvafiq olaraq 65 ildə, yəni 26 yanvar 2021-ci il tarixdə yaranmışdır. Lakin yuxarıda qeyd olunan maddənin müddəalarına müvafiq olaraq iddiaçının həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 28.800 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. İşin mübahisələndirilən halı İddiaçı "xxxx" şirkətində işlədiyi dövrdür. Belə ki, iş materiallarına əlavə edilən iddiaçıya məxsus 30 sentyabr 1974-cü il tarixli əmək kitabçasına müvafiq olaraq onun 1 iyun 1972-ci il tarixdə 191 nömrəli əmrlə “Masallı rayon Telman adına sovxoz”a işə qəbul edildiyi, 15 noyabr 1974-cü il tarixdə 269 nömrəli əmrlə işdən azad olunduğu qeyd edilmişdir. Həmin əmək kitabçasında onun 2 mart 1995-ci il tarixdə 1 nömrəli sərəncamla "xxxx" şirkətində işə qəbul edildiyi, 30 oktyabr 2000-ci il tarixdə (əmr mövcud deyildir) isə işdən azad olunduğu qeyd edilmişdir. Belə ki, sözügedən əmək kitabçasına müvafiq olaraq iddiaçının 8 il 12 gün sosial sığorta stajı vardır. Qeyd edilməli əsas məqam ondan ibarətdir ki, iddiaçının 2 mart 1995-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək "xxxx" şirkətində çalışması faktının araşdırılması zamanı "xxxx" şirkətinin əmək haqqı üzrə hesablaşma cədvəlləri və əmək haqqı kitabları təqdim edilmədiyindən, həmin illərin yoxlanılması mümkün olmamışdır. Göründüyü kimi, İddiaçı mübahisələndirilməyən sosial sığorta stajı 2 il 05 ay 14 gün təşkil edir. AR ƏƏSMN-nin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.2.1-ci bəndinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi (SH=PSK/T) müəyyən edilir. Sözügedən Qaydaların 4.2.2-ci bəndinə əsasən, yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sözügedən Qaydalara müvafiq olaraq İddiaçı sosial sığorta stajına münasibətdə pensiya kapitalı aşağıdakı kimi indeksləşdirilməlidir: 1) ( 2 il x 306 manat) + ( 306 manat : 12 ay x 04 ay ) = 612 + 102 = 714 manat; 2) 2007-ci il üzrə: 714 + 8,3% = 1487 manat; 3). 2008-ci il üzrə 1487 + 16,7% = 1735 manat; 4) 2009-cu il zrə: 1735 + 20,8% = 2096 manat; 5) 2010-cu il üzrə 2096 + 1,5% = 127 manat; 6) 2011-ci il üzrə: 2127 + 5,7% = 2249 manat; 7) 2012-ci il üzrə: 2249+ 7,9% = 2426 manat; 8) 2013-cü il üzrə: 2426 + 1,1% = 2453 manat; 9) 2014-cü il üzrə: 2453 + 2,4% = 2512 manat; 10) 2015-ci il üzrə: 2512 + 1,4% = 2547 manat; 11) 2016-cı il üzrə: 2547+4% = 2649 manat; 12) 2017-ci il üzrə: 2649+ 12,4% = 2977 manat; 13) 2018-ci il üzrə 2977+ 5,7% = 3147 manat; 14) 2019-cu il üzrə: 3147+ 3% = 3241 manat; 15) 2020-ci il üzrə: 3241 + 16,6% = 3780 manat; 16) Yekun olaraq: 3780+ 562,50 = 4342,66 manat. İş materiallarına əlavə edilən pensiya alt sistemindən çıxarışa müvafiq olaraq İddiaçı ümumilikdə 562,50 manat pensiya sığorta kapitalı (PSK) mövcuddur. Göründüyü kimi, iddiaçının 2 il 05 ay 14 gün sosial sığorta stajına münasibətdə 4342,66 manat pensiya kapitalı vardır. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçının «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinin tələblərinə müvafiq olaraq yaşa görə əmək pensiyası hüququ yarandığı 65 ildə, yəni 26 yanvar 2021-ci il tarixdə qanunla ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il sosial sığorta stajına və 28800 manat pensiya kapitalına malik olmadığından İddia tələbi təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 47-ci maddəsinə, «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.2, 21-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “«Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli qərarına, əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibət (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. İş materiallarında olan "xxxx" Şirkətinin 31 may 2021-ci il tarixli 03 nömrəli arayışında aşağıdakılar bildirilir: İddiaçı 2 mart 1995-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək Masallı rayonunda yerləşən "xxxx" Şirkətində baş anbardar vəzifəsində çalışmışdır. Göstərilən dövr ərzində Şirkətin kadr işləri üzrə məsul şəxs baş mühasib olmuşdur və sənədlərin qorunub saxlanmasında cavabdeh olmuş həmin şəxs bir neçə il bundan əvvəl vəfat etmişdir. Hazırda Şirkətin əməkdaşlar qurumda əmrlər kitabını tapsalar da, əmək haqqı cədvəllərinin əldə edilməsinə nail ola bilməmişlər. Buna baxmayaraq, İddiaçı yuxarıda göstərilən dövr ərzində Şirkətdə baş anbardar kimi çalışmış və ona tapşırılmış işi layiqincə yerinə yetirmişdir. Şirkətin rəhbərliyi və vaxtilə onunla birlikdə çalışmış, hazırda da Şirkətdə işləyən iş yoldaşları bu faktı rəsmən təsdiq edirlər. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Masallı Rayon Dövlət Arxivinin DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 5 iyul 2021-ci il tarixli məktubunda aşağıdakılar qeyd olunur: Masallı şəhəri ərazisində fəaliyyət göstərən "xxxx" Şirkətinin sənədləri Masallı Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən, İddiaçı həmin müəssisədə işləməsi, əmək haqları alması, işə qəbul, işdən çıxma, məzuniyyətlərə buraxılması barədəki sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi imkan xaricindədir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx xxxxxx 1956-cı il tarixdə doğulmuşdur, 1972-ci ildən əmək fəaliyyətinə başlamış və 30 oktyabr 2000-ci il tarixədək müxtəlif qurumlarda işləmişdir, eləcə də həmin illər ərzində hərbi xidmətdə olmuş və ali təhsil almışdır. İddiaçı 25 ildən artıq sığorta stajının mövcudluğunu və 65 yaşının tamam olmasını əsas gətirərək, ona yaşa görə əmək pensiyasının təyinatı ilə bağlı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının 1995 – 2000-ci illərdə "xxxx" Şirkətində işlədiyi dövrdə əmək haqqı hesablaşma cədvəlləri və əmək haqqı kitabları təqdim edilməməsi səbəbindən həmin illər onun yoxlanılması mümkün olmadığından sığorta stajına daxil edilməmişdir. Bununla da iddiaçının 25 il sığorta stajı toplamış olmur. Digər tərəfdən də onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunan 28.800 manatın qarşılığında, 562,50 manatdır, bu isə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və 1995 – 2000-ci illərdəki iş stajının sığorta stajına daxil edilməklə ona 65 yaşdan yaşa görə əmək pensiyasının təyin olunması öhdəlyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İPM-in 8.1.2-ci maddəsinin 1 oktyabr 2021-ci il tarixədək qüvvədə olan tələblərinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.2-ci maddəsinin 1 oktyabr 2021-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.13-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh iddiaçının müvafiq müraciəti üzrə qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, iddia “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan, iddia ərizəsi məhkəməyə 1 oktyabr 2021-ci il tarixdən əvvəl daxil olduğundan, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Nərimanov rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: . . “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; “ğ” ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının hərbi xidmət dövrü, ali təhsil aldığı və əmək kitabçasında əksini tapmış müvafiq müəssisə və təşkilatlarda işlədiyi (2 mart 1995-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək olan dövrdən başqa) müddətlərin cavabdeh inzibati orqan tərəfindən onun sığorta stajına daxil edilməsi işin mübahisə olunmayan hallarına aiddir və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinə və «Əmək pensiyaları haqqında» AR Qanununun 21-ci maddəsinə uyğundur. Həmçinin məlum olur ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən həddən azdır. İddiaçının 1995 – 2000-ci illərdə "xxxx" Şirkətində işlədiyi dövrə gəldikdə isə, məhkəmə vurğulayır ki, əmək kitabçasında iddiaçının 2 mart 1995-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək adıçəkilən şirkətdə əmək fəaliyyəti ilə bağlı qeydlər mövcuddur. İnzibati orqan Şirkətin hüquqi şəxs kimi müvafiq qaydada dövlət qeydiyyatına alınması və həmin dövrdə fəaliyyət göstərməsinin inkar olunması üzrə hər hansı dəlil təqdim etmir, lakin bu dövrdə əmək haqqı hesablaşma cədvəlləri və əmək haqqı kitablarının təqdim edilməməsi səbəbindən həmin dövrü iddiaçının sığorta stajına daxil etməmişdir ki, bu mövqe ilə məhkəmə razılaşmır. Çünki, bir tərəfdən həmin sənədlərin saxlanılması, arxiv qurumuna təqdim olunması üzrə hazırkı iddiaçı cavabdehlik daşımamışdır və onların aşkar olunmaması ilə bağlı yaranmış vəziyyət iddiaçının iradəsindən irəli gələn hal deyil. Digər tərəfdən də, həmin dövrdə qüvvədə olan qanunvericilik pensiya təyinatını məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə şərtləndirmir. Bundan başqa, həmin sənədlərin əldə olunmaması, əmək kitabçasındakı müvafiq qeydlərdəki məlumatların həqiqəti əks etdirməməsini təsdiqləmir. Odur ki, məhkəmənin qənaətnə görə iddiaçının əmək kitabçasında 1995 – 2000-ci illərdə "xxxx" Şirkətində işləməsinə dair qeydlər mötəbər sayılır. Qeyd olunanlara, o cümlədən 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinin tələblərinə (1 yanvar 2002ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır) əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının "xxxx" Şirkətində 2 mart 1995-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək işlədiyi dövrün sığorta stajına daxil edilməməsi və bu səbəbdən də yaşa görə əmək pensiyası təyinatından imtina olunması qanuna zidd və onun sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı "xxxx" Şirkətində 2 mart 1995-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək işlədiyi dövrün sığorta stajına daxil edilməklə 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" Şirkətində 2 mart 1995-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək işlədiyi dövrün sığorta stajına daxil edilməklə 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5336/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5336/2021
13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver