Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5338/2023 28.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanına pasport qeydiyyatına alınma və şəxsiyyət vəsiqələrinin aktiv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonunda yerləşən mənzili satdıqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında fərdi yaşayış evi almışlar. Aldığı fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədləri olmadığından pasport qeydiyyatına alına bilməmişlər. Bu səbəbdən satdıqları mənzilin sahibi məhkəməyə müraciət etmiş və nəticədə məhkəmə qərarı ilə onlar ünvan 2 ünvanına qeydiyyata alınmışlar. Bir müddət sonra hər birinin şəxsiyyət vəsiqələrinin deaktiv olması ilə bağlı məlumat almışlar. Cavabdehə yaşadıqları və istifadələrində olan fərdi yaşayış evinə qeydiyyata alınmaqları ilə bağlı müraciət etsələr də, cavabdeh xx.xx.2022-ci il tarixdə müraciətinə imtina vermiş və məhkəməyə müraciət etməyi məqsədəmüvafiq hesab etmişdir. Cavabdeh imtina səbəbi kimi qeydiyyat üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan başqa sənədlərin) təqdim olumamasıdır. Cavabdehin imtinası əsassızdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçılara hüquqi yardım edilərək qeydiyyata alınmaq üçün müraciət etdikləri evin dəqiq ünvanını (nömrəsini) göstərməklə tələbin dəqiqləşdirilməsi və həmin evə dair hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi iddiaçıların ərizəsinə əsasən “Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanına İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 pasport qeydiyyatına alınmaları” öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. İddia mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 nömrəli 28 avqust 2007-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. Cavabdeh tərəfindən İddiaçı1 ünvanlanmış 073-56469X-3222 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, ailə üzvləri ilə birlikdə (İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3) qeydiyyatsız yaşadıqları göstərilən ünvana qeydiyyata alınmaqları üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlərin) tərəflərindən Rayon Polis İdarəsinin qeydiyyat məsələləri bölməsinə təqdim olunması vacibdir. Lakin göstərilən sənədlər təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınmaqları imkan xaricindədir. Qeydiyyatla əlaqədar olaraq məhkəməyə müraciət etmək məqsədəmüvafiq hesab edilir. III. Məhkəmənin mövqeyi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1/583 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Xəlilov X1 qəsəbəsi, Mübariz İbrahimov (keçmiş Stansiyayanı) küçəsində özbaşına tikilidə ailə tərkibi ilə qeydiyyatsız olaraq yaşayır: həyat yoldaşı – İddiaçı2; oğlu – İddiaçı3; qızı – İddiaçı4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 49/2-6086 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məxsus şəxsiyyət vəsiqələrinin aktiv statusu hal-hazırda mövcuddur, vəsiqələr aktivdir. Göstərilən vətəndaşlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İnzibati Binasına (Bakı şəhəri, Sabunçu rayonu, Sülh küçəsi 8) qeydiyyata alınmaqdan imtina etmişlər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18/2-5438/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı1 verilmiş AA******* nömrəli, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı2 verilmiş AA******* nömrəli, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı3 verilmiş AA******* nömrəli, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı4 verilmiş verilmiş AA******* nömrəli şəxsiyyət vəsiqələri xx.xx.2023-cü il tarixdən aktiv statusundadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 1398/2023 **********98 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsi (indiki Mübariz İbrahimov küçəsi) 5 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, birgə iddiaçıların qeydiyyata alınmalarını tələb etdikləri küçədə yerləşən yaşayış sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmamaqla kommunal xidmətlərdən istifadəyə dair sənədlərdə də evin ünvanı kimi ünvan 3ra, müqavilən. 29542040, abonent kodu **********001), Sabunçu dəmir yolu, ev 005T, mənzil 0008 ( Azərişıq ASC bildiriş, abunə kodu **********T0008) olmaqla fərqli ev nömrələri qeyd edilmişdir. Məhəmə qeyd edir ki, yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Odur ki, məhkəmə hesab edir ki, birgə iddiaçıların Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanına qeydiyyata alınma tələbinə cavabdeh qurumun imtinası qanunsuz deyil, bu səbəbdən iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova