Məhkəmə qərarları › İş №2-1(112)-5339/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5339/2021

21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5339/2021 21.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı statusunun müəyyən edilməsi, 2010-cu il tarixdən başlayaraq həmin statusa görə ödənişin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının nümayəndəsi X4 xx.xx.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər sırasından AR ƏƏSMN DSMF Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialının (idarə) çıxarılmasını, 2010cu il tarixdən başlayaraq həmin statusa görə ödənişin verilməsi tələbinin ümumi iddia tələbindən çıxarılmasını və iddia tələbinin “İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” şəkildə icraata qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin “İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi”nə dair iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir Məhkəmə eyni tarixli məhkəmə iclasında inzibati işin ərazi aidiyyəti məsələsinə baxılmasını zəruri hesab etmişdir. İddiaçının nümayəndəsi izahatında İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşadığını, məcburi köçkün kimi həmin ünvana qeydiyyata düşdüyünü, hər il həmin ünvan üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alındığını, hazırkı işin aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamış, məhkəmə cavabdehin iştirakı olmadan iddianın ərazi aidiyyəti məsələsini araşdırmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati iş ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı mübahisə inzibati orqanla hərbi qulluqçu arasında mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlıdır. Qeyd olunan İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə görə inzibati orqanla hərbi qulluqçusu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı iddialara baxılmasının ərazi aidiyyəti aşağıdakı qaydada həll edilməlidir – 1) ərazi aidiyyəti ilk olaraq iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerlə, 2) belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yeri ilə, 3) bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerlə müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə ərazi aidiyyəti məsələsi ikinci qaydadaiddiaçının yaşayış yeri üzrə müəyyən edilməlidir. İşdə olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Hüseynov X1 şəhəri, Q.Nəbi küçəsi, ev 45 ünvanında qeydiyyatdadır. İşə əlavə edilmiş AA seriyalı 158844 nömrəli xx.xx.2007-ci il tarixli məcburi köçkün vəsiqəsinə əsasən Hüseynov X1 rayonundan məcburi köçkündür və hər il Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Abşeron rayon Bölməsi tərəfindən ünvan 2 ünvanı üzrə qeydiyyata alınır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydalarına əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qaydalara əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs müvəqqəti məskunlaşdığı şəhər və rayon icra hakimiyyətində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir. Beləliklə, işdən müəyyən olunur ki, iddiaçının qeydiyyat ünvanı Kəlbəcər şəhəri olsa da, Kəlbəcər rayonundan məcburi köçkün kimi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayır və həmin yaşayış ünvanı üzrə hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınır. Məhkəmə inzibati mübahisələrə baxılarkən prosessual qanunvericiliklə nəzərdə tutulmuş ərazi aidiyyəti məsələsinin həllinin iddiaçının bilavasitə məhkəməyə əlçatanlılığının təmin edilməsinə xidmət etdiyini nəzərə alaraq hesab edir ki, İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsi ilə nəzərdə tutulan yaşayış yeri hazırki iş üzrə iddiaçının məcburi köçkün kimi yaşadığı və müvəqqəti qeydiyyata alındığı Abşeron rayonudur. “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin qərara görə Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə inzibati iş ərazi aidiyyatı üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-5339/2021 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi,540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar