Məhkəmə qərarları › İş №2-1(112)-5339/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5339/2024

01.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5339/2024 01.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibədə iştirak edərək, xəsarət almağının nəzərə alınmaqla ona “müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X2 1965-ci ildə doğulmuşdur. Həqiqi hərbi xidməti 1983-cii il tarixdə keçmişdir. 1-ci Qarabağ müharibəsinə qoşulmaq üçün könüllü olaraq hərbi komisarlığa müraciət etmiş, (Yasamal batalyonu, 1-ci taksimotor uşaqları ilə könüllülər cəmiyyəti yaradaraq getmişdir), elə həmin vaxt öz istəyi ilə müharibənin ən qızğın yerində xidmət etməyə getmişdir. 1993-1994-cü illər ərzində N nömrəli hərbi hissədə xidmət etmiş, 1994-cü ildə başından yaralanmış, beyin sirkələnməsi və yaddaş pozğunluğu diaqnozu ilə bir neçə ay hərbi hospitalda (və ev şəraitində) müalicə olunmuşdur. 03 mart 1994-cü il tarixdə ambulator-müayinə kartında həkim tərəfindən “hərbi vəzifələrinin icrasından azad olunmalıdır” qeyd edilmişdir. Aldığı travma Füzuli uğurunda gedən döyüşlər zamanı olmuşdur. Belə ki, Füzuli uğrunda (yuxarı Seyidəhmədli kəndində) döyüşərkən müvafiq göstərişə əsasən geri çəkilən vaxtda olduqları yerin yaxınlığına minamiyot düşmüş, yanında onunla birlikdə olan 4 nəfər döyüş yoldaşı şəhid olmuş, o isə travma alaraq həmin vaxt özündə olmamışdır. İddiaçı həmin vaxt gözləri tutulmuş, beynində səslər əmələ gəlmişdir. Bundan sonra özünü itirmiş və bir də özünə gəldikdə aıtıq Sabirabadda hospitalda olduğunu bilmişdir. Ümumilikdə, 20 günədək Sabirabadda hospitalda qaldıqdan sonra müalicəsinin davamı üçün Bakı şəhərində yerləşən Hospitala göndərilmişdir. Bakı şəhərində yerləşən hospitalda çoxsaylı yaralılar olduğundan ona ev şəraitində müalicə yazmışlar və İddiaçı təxminən 8 aya yaxın müalicə alaraq müvafiq yoxlamalardan keçmiş və dərmanlar qəbul etmişdir. Bundan sonra İddiaçı yenə hərbi hissəyə qayıtmaq istəmiş, bununla bağlı maraqlandıqda xidmət yoldaşları ona xidmət etdiyi hərbi hissənin (hərbi hissədəki əsgərlər) bölündüyünü və həmin hərbi hissənin aıtıq olmadığı bildirilmişlər. İddiaçı vətənin azadlığı uğurundan gedən döyüşlərə könüllü olaraq qatılmış, müharibədə iştirak etdiyi vaxtlarda Füzuli bölgəsində - Göradüz, Yuxarı Seyidəhmədli, Aşağı Seyidəhmədli, Əbdülrəhmanlı kəndi, Əlibəyli kəndi və Göran kəndləri uğurundan döyüşmüş və kəndlərin alınmasında şəxsən iştirak etmişdir. Əlavə olunmuş mövcud sənədlərdən də göründüyü kimi İddiaçı həqiqətən, xidmət vaxtı xəsarət almışdır. “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etsə də, xx.xx.2023-cü il tarixli, №4/3-4656 nömrəli məktub ilə yaranmış mübahisənin həlli ilə bağlı imtina olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş imtina məktubunu tamamilə əsassız hesab edir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 007 saylı, 03 yanvar 1994-cü il tarixli arayışından məlum olur ki. İddiaçı 20 noyabr 1993- cü ildən 1994-cü ilədək Bakı şəhəri Yasamal Rayon Hərbi Komissarlığı tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin cərgələrinə çağırılmışdır. “865“ saylı hərbi hissəyə göndərilmişdir. Nazirlər Kabinetinin №131 saylı, 16 mart 1992-ci il tarixli qərarı ilə imtiyazlardan istifadə edir. Azərbaycan Respublikası Bakı şəhəri Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş arayışa əsasən, İddiaçı həqiqətən hərbi xidmət keçdiyi vaxtda yüngül dərəcəli xəsarət almışdır. Qapalı kəllə-beyin travmasından sonra vəziyyəti kafidir. Travmanı Azərbaycan Respublikasının qorunması zamanı almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 3 nömrəli şəhər Poliklinikasının 12 aprel 2022-ci il tarixli Həkim-Psixiatr Rəyindən görünür ki, Eyvazov X1-beyin travması keçirmişdir. Postravmatik fotopsiya, F 063 affektiv pozuntu. Odur ki. yuxarıda göstərilmiş sənədlər ilə aydın görünür ki, İddiaçı 1993-1994-cü illər ərzində Azərbaycan Respublikasının bütövlüyü uğrunda müharibədə iştirak etmiş və xəsarət almışdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia tələbinə dair xx.xx.2024-cü il tarixli, № 3-25-4/2-200/2024 saylı yazılı mülahizəsi məhkəməyə təqdim edilmişdir. Cavabdehin etirazları: İddia tələbi əsassızır. Belə ki, Mərkəzi Arxivin xx.xx.2021-ci il tarixli 9/2-1375 nömrəli arayışına əsasən İddiaçı N nömrəli hərbi hissədən xx.xx.1993-cü il tarixdən sonrakı dövrdə xidmət keçməsi və xidmət keçməsini sübut edən digər sənədlərə istinadən müalicə olunduqdan sonra xx.xx.1994-cü il tarixdən sonra hərbi xidməti və ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 nömrəli qərarına əsasən “Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkisinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrinin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə əqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Tələbin faktiki əsasına gəldikdə isə ilk öncə qeyd emək zəruridir ki, şəxsin hərbi xidmət keməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. xidmətini bilavasitə əks etdirən sənədlərdə öz təsdiqini tapmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: Əvvəla qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "məcburetmə haqqında” iddia növünə aiddir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin aidiyyəti orqana göndərilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan; İddiaçıya aid HZ seriyalı ******* №li hərbi biletdə (notarial qaydada təsdiq olunmuş surəti) aparılmış qeydlərə əsasən Şamaxı RHK-nın çağırışçısı xx.xx.1965-ci il təvəllüdlü İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. Məhkəmənin müvafiq sorğularına əsasən: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxiv İdarəsinin xx.xx.2024-cu il tarixli, 1200 saylı məktubunda göstərilmişdir ki, N №li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 279 №li əmrində (əsas: §-2, səh. 66, sıra 36, əmrdə çağırıldığı yer “Yasamal RHK-ğı” göstərilmişdir) Yasamal RHK-dan Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış və hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunmuş hərbi mükəlləfiyyətlilərinin siyahısında 1965-ci il təvəllüdlü İddiaçı adı qeyd olunmuşdur. N №li hərbi hissə komandirinin N №li əmrində (əsas: §-1, verilmə tarixi yazılmamışdır, ondan əvvəl xx.xx.1993-cü il tarixdə 281 №li əmr verilmişdir) bir qrup şəxsi heyətin N №li hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. Lakin N №li hərbi hissəyə göndərilən şəxsi heyətin adlı siyahısı əmrə əlavə olunmamışdır. N №li hərbi hissə komandirinin xx.xx.1993cü il tarixli 363 №li əmrində (əsas: §- 14, səh. 407, sıra 204, əmrdə adının qarşısında rus əlifbası ilə “сбор” yazılmışdır) N №li hərbi hissədən göndərilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq 5-ci MAT-a təyin olunmuş hərbi qulluqçuların siyahısında, 1965-ci il təvəllüdlü, toplanışa gəlmiş İddiaçı adı qeyd olunmuşdur. Şamaxı RHK-nın çağırışçısı, səfərbərliklə gəlmiş, 1965-ci il təvəllüdlü, yuxarı yaş hədli, sıravi İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1995-ci il tarixli 08 №li Direktivinə əsasən, N №li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli N №li əmrilə (əsas: §- 9, səh. 198, sıra 733, əmrdə vəzifəsi yazılmamışdır, çağırıldığı yer “Şamaxı RHK-ğı” göstərilmişdir) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №li hərbi hissə komandirinin yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, N №li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. - Füzuli Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdr ki, İddiaçı barəsində Füzuli Hərbi prokurorluğunda təqsirləndirici material və ya cinayət işi yoxdur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi (Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya) tərəfindən verilmiş 4/3-4656 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2021-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Mərkəzi Arxivin xx.xx.2021-ci il tarixli 9/2-1375 №-li arayışına əsasən N nömrəli hərbi hissədə xx.xx.1993-cü il tarixdən sonrakı dövrdə xidmət keçməsi və xidmət keçməsini sübut edən digər sənədlərə istinadən, müalicə aldıqdan sonra xx.xx.1994-cü il tarixdə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Tətbiq edilən hüquq. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: … “Maddə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 20 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavadehin imtinası qanuni və əsaslıdır. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Müharibə veteran adının və vəsiqəsinin” verilməsinə yönəlmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Başqa sözlə, şəxsin hərbi hissədə hərbi xidmətdə olması və ya hərbi xidmət keçməsi faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Eyni zamanda yuxarıda istinad edilən normaların müddəalarına görə, Müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir. Qanunvericiliyin tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Buna görə, şəxsin hərbi xidmətə çağrıldığı tarixdən tərxis olunanadək qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçmiş olması müəyyən olunmalı, bu fakt tam sübuta yetirilməlidir. Hazırkı iş üzrə iddiaçının N () №-li hərbi hissəyə xx.xx.1992-ci il tarixli 65 №-li əmrlə əsgər qəbul edilməsi müəyyən olunur. Məhkəmə araşdırması zamanı İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, N №li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli N №li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarıldığı, N №li hərbi hissə komandirinin yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində onun barəsində məlumat aşkar edilmədiyi müəyyən olunmuşdur. Cavabdeh iddiaçının xx.xx.1993-cü il tarixdən sonrakı dövrdə xidmət keçməsi və xidmət keçməsini sübut edən digər sənədlərə istinadən, müalicə aldıqdan sonra xx.xx.1994-cü il tarixdə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına istinadla iddianın rədd edilməli olduğunu bildirir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara müvafiq orqan tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilir. İddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar olmalıdır. İddiaçı Əsasnamədə hərbi hissədə hərbi xidməti ilə bağlı qeyd edilən sənədlərdən hər hansı birini təqdim edə bilməmiş, qanuni əsasla hərbi xidmətdən ehtiyata buraxılmasını sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, əmrlərdən çıxarışlar mövcud olmamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 20 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir və Əsasnamənin tələbinə görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində və Əsasnamədə göstərilən konkret rayonlarda aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrdə xidmət etməsi və qanuni əsasla xidmətdən ehtiyata buraxılması şərtdir. Nəzərə almaq lazımdır ki, iddiaçının hərbi xidmətdə olması və döyüş əməliyyatlarında iştirakı faktına istinad etməsi yuxarıda qeyd olunan normaların müddəaları baxımından ona “Müharibə veteranı” adının verilməsi üçün yetərli sayıla bilməz. Bu zaman həm də iddiaçının xidmət etdiyi və ya ezam olunduğu hərbi hissənin, eləcə də həmin hərbi hissənin tərkibində onun döyüş əməliyyatlarında iştirakı, eləcə də qanunla müəyyən olunmuş qaydada ehtiyata buraxıldığı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığı da sübut edilməli və bununla bağlı müvafiq sənədlər təqdim olunmalıdır. Bu mənada hazırkı mübahisəyə münasibətdə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtlərinin, o cümlədən hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması (tərxis olunması) şərtinin iddiaçı tərəfindən ödənildiyi iş üzrə materiallarla təsdiq olunmur. Bu baxımdan iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmalıdır. Başqa sözlə, müharibə veteranı adının verilməsi üçün iddiaçının döyüş zonasında hərbi xidmət keçməsi və bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi yetərli deyil, iddiaçının bu zaman həm də qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərti də yerinə yetirilmiş olmalıdır. Həmin şərt iddiaçı tərəfindən ödənilmədiyindən, cavabdehin üzərinə iddia olunan məzmunda vəzifə qoyula bilməz. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar