Məhkəmə qərarları › İş №2-1(112)-534/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-534/2023

21.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-534/2023 21.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «borcun ləğv edilməsi, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, sahibkarlıq fəaliyyətinə maneə olan qanunazidd hərəkətlərdən çəkinmə»yə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «borcun ləğv edilməsi, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, sahibkarlıq fəaliyyətinə maneə olan qanunazidd hərəkətlərdən çəkinmə» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq İddiaçı MMC vasitəsilə ölkəyə qida məhsulları idxal edilir. Sahibkarların fəaliyyəti, onlara dəstək verilməsi, yardım edilməsi məsələsi daim dövlətin nəzarətində olduğu halda, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vəzifəli şəxsləri tərəfindən sahibkarlara maneələr yaradılır, vəzifəli şəxslər tərəfindən onlara qərəzli münasibətlər bəslənir, vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanunazidd hərəkətlərə, qanun pozuntularına yol verilir. Belə ki, 22 aprel 2021-ci il tarixdə İddiaçı MMC-nin elektron ünvanına, “Vergi orqanına dəqiqləşdirilmiş vergi bəyannaməsinin, məcburi dövlət sosial sığorta və işsizlik sığorta hesabatların və ya kənarlaşmaya dair yazılı izahatın təqdim edilməsi” barədə **********384900 saylı bildiriş daxil olmuşdur. Bildirişdən məlum olmuşdur ki, “Ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)” sütunlarında 2.980.893,11 manat məbləğ, hesabat dövrü ərzində iddiaçı tərəfindən idxal edilmiş mallar barədə Vergilər Nazirliyinin uçot-baza məlumatlarına əsasən müəyyən edilmiş 3.033.889,55 manat məbləğdən 52.996,44 manat az əks etdirildiyi müəyyən edilmişdir. 23 aprel 2021-ci il tarixdə MMC-nin elektron ünvanına “Vergi borcunun ödənilməsinə dair **********1 saylı bildiriş” daxil olmuş, həmin bildirişdən məlum olmuşdur ki, qurumun 23 aprel 2021-ci il tarixə dövlət büdcəsinə ümumikdə 6.860.586,54 manat borcu vardır. 26 aprel 2021-ci il tarixli N-G 80-1/12-14/124 saylı məktubla Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə hazırkı boclarla bağlı hər hansı bir qərarın surətinin İddiaçı MMC-yə verilməməsi, göndərilməməsi, təqdim edilməməsi barədə məlumat verilmişdir. X1 Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin binasında pandemiya ilə bağlı qəbul edilmədiyindən, poçt qutusuna atılmışdır. Lakin qərarın surəti "xxxx" MMC-yə verilməmiş, təqdim edilməmiş, göndərilməmişdir. 3 may 2021-ci il tarixli **********4 saylı bildirişdən məlum olmuşdur ki, MMC-nin ümumilikdə dövlət büdcəsinə borcu 6.860.586,54 manat deyil, artıq 6.899.950,65 manat təşkil edir. 28 iyul 2021-ci il tarixdə daxil olmuş **********7 saylı bildirişə əsasən vəziyyət dəyişmiş, dövlət büdcəsinə ümumilikdə borcu 2 dəfə azalmış, 3.771.371,96 manat olmuşdur. "xxxx" MMC cavabdehdən hazırkı rəqəmlərlə bağlı qərarın surətinin verilməsini xahiş etmiş, lakin hər hansı qərar verilməmişdir. Göstərilənlərə əsaslanaraq, iddiaçıya hesablanmış 3.771.371,96 manat vergi borcunun ləğv edilməsi, artıq hesablanmaya dair hərəkətlərin qanunsuz sayılması, cavabdehin iddiaçının fəaliyyətinə mane olan hərıkətlərdən çəkinməsi və belə hərəkətləri dayandırmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə iddia ilə bağlı təqdim olunmuş vəsatətində bildirilir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, vergi ödəyicisinin borcunun yaranmasına əsas 27 iyul 2021-ci il tarixli **********716900 nömrəli, 25 may 2021-ci il tarixli **********974500 nömrəli, 10 dekabr 2021-ci il tarixli **********485100 nömrəli, 2 iyun 2021-ci il tarixli **********151600 nömrəli və 9 sentyabr 2021-ci il tarixli **********361500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar olmuşdur. İddia ərizəsində qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən vergilərin hesablanmasına əsas olmuş qərarların əldə edilməsi mümkün olmamışdır. Bununla əlaqədar qeyd edilir ki, sözügedən qərarlar vergi ödəyicisinin elektron ünvanına göndərilmiş və müvafiq qaydada onun tərəfindən oxunmuşdur. Eyni zamanda, iddia ərizəsində qeyd edilmişdir ki, borcun ödənilməsinə dair bildirişlər iddiaçının elektron ünvanına göndərilmiş və borc məbləğləri barədə məlumatlar da elə elektron ünvana göndərilmiş bildirişlər əsasında əldə edilmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, elektron ünvana göndərilmiş qərarlardan vergi ödəyicisi məlumatlı olmalı idi. Qeyd edilənlərə əsasən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlardan vergi ödəyicisinin məlumatsız olması barədə iddia ərizəsində qeyd edilənlər absurt və əsassızdır. İddiaçının hazırkı iddiası zahirən öhdəliyin icrası haqqında iddia növünə bənzəsə də, əslində həmin məbləğin əsasında Baş idarənin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları durduğundan iddianın mahiyyəti onun mübahisələndirmə haqqında iddia növünə aid olması qənatinə gəlməyə əsas verir. Vergi orqanı tərəfindən qəbul edilmiş qərarlar əsasında yaranmış borca münasibətdə bildirilir ki, iddiaçı tərəfindən iddia növünə münasibətdə İPM-in tələblərinə düzgün əməl olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6 və 7-ci bəndlərinə əsasən hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Göstərilənlərə və İPM-in 35.1ci maddəsinə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - (2.2.4) inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); İPM-in 24-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir (maddə 24.1). Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (maddə 24.2). Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir (maddə 24.3). Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (maddə 24.4). İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, mövcud qanunvericilik məhkəmədə “mübahisələndirmə haqqında” iddianın qaldırılması üçün 30 günlük iddia müddəti müəyyən etmişdir. Qanunvericilik həmçinin 1 ilədək müddətdə buraxıldıqda iddia müddətinin bərpa olunması hallarını da mümkün sayır, lakin həmin müddətin 1 ildən artıq vaxt buraxılması üzrə iddianın qaldırılmasını aşağıdakı hallarla şərtləndirir: təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi “öhdəliyinin icrası haqqında” və “müəyyən hərəkətləri etməkdən çəkinməyə dair” iddia kimi təqdim edilsə də, mübahisənin mahiyyəti bu qəbildən deyil, “mübahisələndirmə haqqında” iddiaya aiddir və bu iddia iddiaçının arzuladığı məqsədə çatmaq üçün daha əlverişli iddia ola bilər. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının tələbi ümumiyyətlə “müəyyən hərəkətləri etməkdən çəkinməyə dair” iddiaya aid edilə bilməz. Çünki, cavabdehin hərəkətləri davamlı xarakter daşımır və yalnız ona müvafiq bildirişlər göndərilməkdə ifadə olunur, bu isə vergi borcları barədə müvafiq qərarlardan doğur. Vergi orqanı vergi ödəyicisinə vergi məbləğlərinin hesablanmasının dayandırılmasına məcbur edilə bilməz. İddianın dəyişdirilməsinə gəldikdə isə, qeyd olunmalıdır ki, məhkəmə icraatında iddiaçıya iddianın dəyişdirilməsi və prosessual müddətlərin buraxılmasının səbəbləri ilə bağlı vəsatətlər təqdim olunması təklif edilsə də (iclas protokoluna əsasən məhkəmə iclasında iddiaçının nümayəndəsinə bildirilmişdir), bu təklif müsbət nəticə verməmişdir. İddiaçıya vergi hesablanması barədə qərarlar 27 iyul 2021-ci il, 25 may 2021-ci il, 10 dekabr 2021-ci il, 2 iyun 2021-ci il və 9 sentyabr 2021-ci il tarixlidir. Qeyd olunmalıdır ki, cavabdeh tərəf məhkəmə icraatında iddiaçı (vergi ödəyicisi) ilə elektron qaydada yazışmalar barədə hesabat da təqdim etmişdir. Müvafiq “bildirişlər” iddiaçıya (özünün etirafına görə) ona çatdıırıldığından, vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə müvafiq qərarların iddiaçıya elektron qaydada təqdim edilməsini istisna edən hallar az ehtimallıdır. Bununla da məhkəmə hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında iddia ərizəsində təqdim olunmuş əsaslandırma üzrə baxıla bilməz və iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar