Məhkəmə qərarları › İş №2-1(112)-5340/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5340/2021

21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5340/2021 21.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3 (Bakı şəhərində qeydiyyatdadır, vəkil),cavabdehin nümayəndəsi Yeganlı Tovuz Valeh qızının (Bakı şəhərində qeydiyyatdadır, hüquq şöbəsində hüquq məsləhətçisi işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Badamdar qəsəbəsində torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Səbail rayon İcra Hakimiyyətinin başçısının 1195 nömrəli 20 aprel 1995-ci il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamına uyğun olaraq, Badamdar qəsəbəsində 600,0 kv. m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Səbail rayon İcra Hakimiyyətinin başçısının 1195 nömrəli, 20 aprel 1995-ci il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə" sərəncamı ilə İddiaçı Badamdar qəsəbəsində 600.0 kv. m torpaq sahəsi ayrılmışdır.İddiaçı qeyd olunan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8, 10, 11-ci maddələrinə uyğun olaraq 01.10.2020-ci il tarixində ********** nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, 06.11.2020-ci il tarixində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyata alınmasından imtina edilməsi barədə bildiriş almışdır. Bildirişdə göstərilir ki, “təqdim edilmiş yerləşmə sxemində dəqiq istinad və məsafələr qeyd olunmamışdır və faktiki göstərilən sahə ilə uyğunsuzluq təşkil edir. Həmçinin, göstərilən torpaq sahəsinə digər şəxsin müraciəti mövcuddur. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinasını qanuna zidd hesab edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının sözügedən məsələ ilə əlaqədar İdarəyə müraciəti daxil olmuşdur. Bununla əlaqədar qeyd edilmişdir ki, təqdim edilmiş yerləşmə sxemində dəqiq istinad və məsafələr qeyd olunmamışdır və faktiki göstərilən sahə ilə uyğunsuzluq təşkil edir. Həmçinin, göstərilən torpaq sahəsinə digər şəxsin - X2 müraciəti mövcuddur.Bundan əlavə, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərin həqiqiliyi şübhə doğurur.Bu səbəbdən ərizənin icrası mükün olmamış və bu barədə vətəndaşa cavab məktubu yönləndirilmişdir.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. İddiaçının vəkili və nümayəndəsi X8 iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Yeganlı Tovuz Valeh qızı iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X13 ifadəsində göstərmişdir ki, o, əvvəllər Səbail rayon İcra Hakimiyyətinin başçısının müavini işləmişdir, həmin vaxtlarda Səbail rayon İcra Hakimiyyətindən vətəndaş torpaq sahəsinə dair sərəncam alırdı, sərəncamda torpaq sahəsinin ölçüsü göstərilirdi, nömrəsi göstərilmirdi, sonra isə qəsəbə nümayəndəliyi ayrılmış torpaq sahəsini ona göstərirdi, sxem verilmirdi, ayrılmış torpaq sahələri üzərində tikilmiş evlərin sənədləşməsi məsələsi qalxanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (əvvəllər Texniki İnventarlaşdırma Bürosu) ayrılmış torpaq sahələrinin yerləşmə sxemlərini rayon İcra Hakimiyyətindən tələb etdi və onların icra hakimiyyətinə təqdim olunmuş baş plandan çıxarış əsasında mütəxəssislər qəsəbə nümayəndələri ilə birlikdə ayrılmış torpaq sahələrinin sxemlərinin işlənməsinə başladılar, qəsəbə nümayəndəsi yerin dəqiqləşdirilməsi üçün əlavə çəkilən düzəlişdə texniki səhv edərək 817 nömrəli torpaq sahəsini 827 nömrəli kimi göstərmişdir, yer həmin yerdir, rəqəm səhvdir, torpaq sahələrinin yerləşmə cizgisində göstərilmiş əsas sıralar baş plandan çıxarışdır, sonradan yerin dəqiqləşdirilməsi üçün əlavə çəkilən düzəliş qəsəbə nümayəndəsi tərəfindən tərtib olunmuşdur. Məhkəmə, iddiaçının vəkilinin və nümayəndəsinin, cavabdehin nümayəndəsinin çıxışlarını dinləyərək, şahid ifadəsini nəzərə alaraq, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının məktubuna əlavə edilmiş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 1195 nömrəli, 20 aprel 1995-ci il tarixli sərəncamına əsasən Badamdar qəsəbəsində Zeynalova Minarə Hümbət qızına 600 kv metr torpaq sahəsi fərdi evin tikintisi üçün ayrılmışdır, arxiv çıxarışında sərəncamın saxlanıldığı fond-139, siy.1, iş.566,vər.50 göstərilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş”ə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerəşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir, imtinanın əsası kimi təqdim edilmiş yerləşmə sxemində dəqiq istinad və məsafələrin qeyd olunmaması və faktiki göstərilən sahə ilə uyğunsuzluq təşkil etməsi, həmçinin göstərilən torpaq sahəsinə digər şəxsin müraciətinin mövcud olması göstərilmişdir. Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə nümayəndəliyinin məktubunda göstərilən baş sxemdən çıxarışda iddiaçıya ayrılmış Badamdar qəsəbəsi yaşayış massivində iddiaçıya ayrılmış torpaq sahəsinin nömrəsi kimi 827 göstərilmişdir. Məhkəmənin 17.09.2021-ci il tarixli, 2-1(112)-5340/2021 sorğusuna cavab olaraq cavabdehin məhkəməyə təqdim etdiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair X4 adına verilmiş 26.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda torpağın yerləşdiyi ünvan kimi Bakı şəhəri, Badamdar qəsəbəsi göstərilmişdir, çıxarışın verilməsinə əsas olan müvafiq sənədlər kimi isə məktuba Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 4082 nömrəli, 8 dekabr 1994-cü il tarixli Sərəncamı, sərəncamda göstərilən şəxslə müraciət edən şəxsin eyni şəxs olması barədə arayış, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin cavabdehə ünvanlanmış Rayon İcra Hakimiyyəti Başçısının 08.12.1994-cü il tarixli, 4082 saylı sərəncamı ilə vətəndaş X7 Səbail rayonu, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi əlavə edilmişdir. Qurbanova Fatma Əliağa qızının 10.02.2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən həmin şəxs göstərmişdir ki, 21.02.2017-ci ildə ölmüş anası X2 adına Səbail rayonu Badamdar qəsəbəsində 600 kv metr torpaq sahəsi müqaviləyə əsasən digər şəxsə verilmişdir.Səbail rayon İcra Hakimiyyətinin Başçısının verdiyi 1195 nömrəli, 20 aprel 1995-ci il tarixli sərəncama əsasən Badamdar qəsəbəsi ünvanında yerləşən 600 (alti yüz ) kv.metr torpaq sahəsi ilə bağlı heç iddiası yoxdur. Həmin torpaqdan heç bir pay tələbi yoxdur.Gələcəkdə bu barədə məhkəməyə müraciət etməyəcəkdir. “Doğum haqqında şəhadətnamə”yə əsasən Qurbanova Fatma Əliağa qızının anası kimi Hacızalova Zenfira Mamalı qızı göstərilmişdir. “Ölüm haqqında” 879241 nömrəli şəhadətnaməyə əsasən Hacızalova Zenfira Mamalı qızı 21.02.2017-ci ildə vəfat etmişdir. Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X.Əsgərovanın cavabdehə ünvanlanmış 58 nömrəli, 14.01.2018-ci il tarixli məktubuna əsasən Hacızalova Zenfira Mamalı qızının 21.02.2017-ci ildə vəfatı ilə əlaqədar vərəsəsi Qurbanova Fatma Zenfira Əliağa qızının ərizəsi əsasında vərəsəlik işi açılmışdır. 10 sentyabr 2021-ci il tarixli məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə protokola əsasən Bakı şəhəri Badamdar qəsəbəsi, 3 yaşayış massivində iddiaçının istifadəsində olan torpaq sahəsinə yerində müayinə zamanı məhkəmə müəyyən etmişdir ki, torpaq sahəsi hasara alınmışdır, bir tərəfi yol olmaqla digər üç tərəfdən qonşu bağ sahələri ilə əhatə olunur. Torpaq sahəsinin ümumi sahəsi təxmini 600,0 kv.m təşkil edir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, iddiaçıya Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 1195 nömrəli, 20 aprel 1995-ci il tarixli sərəncamına əsasən Badamdar qəsəbəsində 600 kv metr torpaq sahəsi fərdi evin tikintisi üçün ayrılmışdır, iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı, cavabdehin imtinasını isə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.. İşin faktiki hallarına əsasən Bakı şəhəri, Badamdar qəsəbəsində Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin sərəncamı ilə həqiqətən də 600 kv metr torpaq sahəsi iddiaçıya ayırmışdır.İddiaçı həmin sərəncamı cavabdehə təqdim edərək sərəncamda qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi təqdim edilmiş hüquqmüəyyənedici sənədlərin həqiqiliyinin şübhə doğurması, təqdim edilmiş yerləşmə sxemində dəqiq istinad və məsafələrin qeyd olunmaması və faktiki göstərilən sahə ilə uyğunsuzluq təşkil etməsi, həmçinin, göstərilən torpaq sahəsinə digər şəxsin - X2 müraciətinin mövcud olması göstərilmişdir. Məhkəmə cavabdehin imtinasında göstərilənlərə bağlı ilkin olaraq qeyd edir ki, hüquqmüəyyənedici sənəd kimi cavabdehə və məhkəməyə təqdim edilmiş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin sərəncamının (iddiaçıya torpaq sahəsi ayrılması barədə) həqiqiliyi heç bir şübhə doğurmur, belə ki, qeyd edilən sərəncam Azərbaycan Respublikasınn Milli Arxiv Fondunun sənədlərində də (fond-139, siy.1, iş.566,vər.50) mövcuddur. Habelə məhkəmədə şahid qismində dinlənilmiş, sərəncam verilən dövrdə Səbail rayon İcra Hakimiyyətində işləmiş şəxsin ifadəsinə görə sərəncamın verildiyi dövrdə torpağın ayrılması barədə sərəncamlarda torpaq sahəsinin ölçüsü göstərilirdi, nömrəsi göstərilmirdi, şahidin dedikləri cavabdehin təqdim etdiyi X11 adlı şəxsin adına verilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair 26.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş sənəd - Səbail rayon İcra Hakimiyyətinin 4082 nömrəli, 8 dekabr 1994-cü il tarixli Sərəncamı da təsdiq edir, belə ki, həmin sərəncamda iddiaçıda olduğu kimi torpağın ünvanı kimi yalnız Bakı şəhəri, Badamdar qəsəbəsi göstərilmişdir.Cavabdeh oxşar sərəncam əsasında X4 torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə alsa da iddiaçıya imtina cavabı vermişdir. İddiaçının müraciətində göstərilən torpaqla bağlı başqa bir şəxsin – Hacızalova Zenfira Mamalı qızının müraciətinin olması barədə cavabdehin bildirdiklərinə gəldikdə isə işin faktiki hallarına əsasən həmin şəxs 21.02.2017-ci ildə vəfat etmidir və onun vərəsəsi Qurbanova Fatma Əliağa qızının 10.02.2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən isə onun Badamdar qəsəbəsi ünvanında yerləşən 600 (alti yüz ) kv.metr torpaq sahəsi ilə bağlı heç iddiası yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Səbail rayon İcra Hakimiyyətinin başçısının 1195 nömrəli 20 aprel 1995-ci il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamına uyğun olaraq, Badamdar qəsəbəsində 600,0 kv. m torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Səbail rayon İcra Hakimiyyətinin başçısının 1195 nömrəli, 20 aprel 1995-ci il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamına uyğun olaraq, Badamdar qəsəbəsində 600,0 kv. m torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar