Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5340/2023 05.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı İsmayılova Khatiranın (Xatirənin) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «cavabdehin qərarının ləğv edilməsi və iddiaçıya daimi yaşamaq üçün icazənin müddətinin uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyuması»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı İsmayılova Khatira (Xatirə) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «cavabdehin qərarının ləğv edilməsi və iddiaçıya daimi yaşamaq üçün icazənin müddətinin uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyuması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil oldudan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı Gürcüstan Respublikasının vətəndaşıdır. Azərbaycanlıdır. 24 noyabr 2007-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı (2-ci qrup əlil) X1 ilə nikaha daxil olmuş və Azərbaycan Respublikasına köçərək burada yaşamışdır. Birgə nikahdan 4 yanvar 2009-cu il tarixdə övladı – X3 doğulmuşdur. İddiaçının əri və oğlu Azzərbaycan Respublikasının vətəndaşlarıdır. 13 yanvar 2007-ci il tarixdən 2dəfə 6 ay, sonra 4-dəfə 1 il olmaqla 13 yanvar 2012-ci il tarixədək və 13 yanvar 2012-ci il tarixdən 13 yanvar 2017-ci il tarixə və 2017-ci ildən 13 yanvar 2018-ci il tarixədək 13 yanvar 2023-cü il tarixədək ona 2 dəfə 5 illlik olmaqla Azərbaycan Respublikasının ərazisində daim yaşamaq icazəsi verilmişdir. İddiaçı ona verilmiş həmin icazənin müddətinin 13 yanvar 2023-cü il tarixdə bitəcəyini nəzərə alaraq, Azərbaycan Respublikasının qanunvericiliyə uyğun olraq 3 ay əvvəldən cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Azərbaycan Respublikası ərazisində daim yaşamaq üçün icazə müddətini uzatmağı xahiş etsə də, cavabdeh əsassız olaraq 28 noyabr 2022-ci il tarixli qərarı ilə müraciətin təmin edilməməsi barədə qanunsuz qərar çıxartmışdır. İddiaçı həmin qərarı poçt vasitəsi ilə 2 dekabr 2022-ci il tarixdə almışdır. Digər bir fakt da odur ki, cavabdeh heç bir əsas olmadan onun ərinin 2-qrup əlil, Azərbaycan Respublikasının vətəndaşı olmasını, azyaşlı uşağının da Azərbaycan Respublikasının vətəndaşı olmasını və iddiaçının onlara qulluq etməsini (saxlamağını) nəzərə almamışdır. Cavabdeh yuxarıda göstərilənləri nəzərə almadan, heç bir əsas olmadan Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 55.0.10-cu maddəsinə istinad edərək əsassız olaraq ərizənin təmin edilməməsi barədə əsassız və qanunsuz qərar çıxarmışdır. Belə ki, iddiaçı Gürcüstan Respublikasının vətəndaşı olsa belə, Azərbaycanlıdır. Əri və oğlu da Azərbaycan Respublikası vətəndaşı olmaqla, əri 2-ci qrup əlildir. 15 ildir ki. Azərbaycan Respublikasında yaşayır və Azərbaycan dilini də mükəmməl bilir və bu dildə kifayət qədər yaxşı danışır. Cavabdeh onun ərizəsinə baxarkən, əvvələr 2dəfə 5 illik yaşama hüququnun olmasını, hətta Azərbaycan vətəndaşı ilə nikahının olmasını və himayəsində qulluğa ehtiyacı olan əlil ərinin və azyaşlı oğlunun olmasını belə nəzərə almamışdır (araşdırmamışdır), iş üzrə çıxarılan qərar (Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 54.10-cu maddəsinin tələblərini pozmaqla qərar çıxarılmışdır) əsaslandırmamışdır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 54.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər. Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. Həmin Məcəllənin 54.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir. Bu müddətin bitməsinə azı 3 ay qalmış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müraciətinə əsasən daimi yaşamaq üçün verilmiş icazə yenidən 5 il müddətinə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır. Bu zaman bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan sənədlər yenidən təqdim olunur. Həmin Məcəllənin 55.0.2-ci maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəlik virusu daşıyıcısı olduqda belə Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslər barəsində müddətin uzadılmasına baxılan zaman istisna olaraq onların barəsində 55-ci maddənin tələbləri tətbiq olunmur. Ərizənin təmin edilməməsinə əsas kimi cavabdeh tərəfindən istinad edilmiş Azərbaycan Respublikası Miqrasiya Məcəllənin 55.0.10-cu maddəsinin tələbindən də görünür ki, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini, habelə dövlət dilini bilmədikdə uzadılmadan imtina edilə bilər. Həmin Məcəllənin 56-cı maddəsinə əsasən Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi və ya daimi yaşamaq üçün icazənin ləğv edilməsi haqqında qərardan şikayət verilməsi Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina və ya daimi yaşamaq üçün icazənin ləğv edilməsi haqqında qərardan Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. Göstərilənlərə və İPM-in 33.1, 45, 46cı maddələrinə əsaslanaraq, məhkəmədən cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 28 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçının Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazəsinin daha 5 il müddətində uzadılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etrazında bildirilir ki, Gürcüstan vətəndaşı İsmailova Khatira (Xatirə) Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə müddətinin uzadılması üçün 18 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən həmin müraciətə baxılaraq, onun daimi yaşamaq üçün icazəsinin müddətinin uzadılmasından imtina olunması haqqında 28 noyabr 2022-ci il tarixli ******* nömrəli qərar qəbul edilmiş və qərar qarşı tərəfə göndərilmişdir. İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması haqqında qərarın ləğv edilməsi və iddiaçıya daimi yaşamaq üçün icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsinə etiraz edilir və hesab olunur ki, onun heç bir hüquqi əsası yoxdur. Bildiririk ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 54.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir. Bu müddətin bitməsinə azı 3 ay qalmış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müraciətinə əsasən daimi yaşamaq üçün verilmiş icazə yenidən 5 il müddətinə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır. Bu zaman bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan sənədlər yenidən təqdim olunur. Həmin Məcəllənin 54.5-ci maddəsinə görə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi müvafiq icra hakimiyyəti orqanlarının mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır. Bu hal 18 yaşına çatmamış uşaqlara, yaşı 65-dən yuxarı olan və ya orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müvafiq təsdiqedici sənəd təqdim edildiyi təqdirdə) əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə şamil edilmir. Qeyd olunan qanunvericilik normasının bu müddəasını tənzimləmək üçün Dövlət Miqrasiya Xidmətinin 20 sentyabr 2013-cü il tarixli 22 saylı Kollegiya qərarı ilə Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə Komissiyanın fəaliyyət qaydası təsdiq edilmişdir. Həmin qaydanın 4.3-cü bəndinə görə müsahibə zamanı əcnəbiyə Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri ilə bağlı biliyini müəyyən etmək məqsədilə 5 sual, habelə dövlət dili ilə bağlı biliyini müəyyən etmək məqsədilə 5 sual verilir (qaydanın 4.5-ci bəndinə görə əcnəbinin verdiyi cavab komissiyanın üzvləri tərəfindən 0, 1, 2, 3, 4 və 5 ballardan biri ilə qiymətləndirilir). Həmin qaydanın 4.6-cı bəndinə görə müsahibənin nəticəsinə görə hər bir meyar üzrə (əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrinə dair bilik səviyyəsi üzrə meyar, dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə meyar) ən azı 15 bal toplamış əcnəbi müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Sözügedən şəxs dövlət dili ilə bağlı biliyin yoxlanılması üzrə 15 bal toplamış, lakin, digər meyar (əcnəbilərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrinə dair bilik səviyyəsi) üzrə 2 bal toplaya bilmişdir. Bu da adıçəkilən qaydanın 4.6-cı bəndinə görə əcnəbinin müsahibədən keçməməsi hesab olunur. Miqrasiya Məcəlləsinin 55.0.10-cu maddəsini görə Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini, habelə dövlət dilini bilmədikdə müvafiq icra hakimiyyəti orqanı (Dövlət Miqrasiya Xidməti) tərəfindən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir, müddət uzadılmır, əvvəl verilmiş icazə isə ləğv edilir. Qüvvədə olan qanunvericiliyə əsasən miqrasiya proseslərinin idarə edilməsi, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi və bu statusun müddətinin uzadılması barədə vəsatətlərin əsaslı olubolmadığının qiymətləndirilməsi Dövlət Miqrasiya Xidmətinin səlahiyyətinə aid edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaqla bağlı 18 oktyabr 2022-ci il tarixli müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən qanunvericiliyə uyğun qaydada baxılaraq, sözügedən şəxs barəsində 28 noyabr 2022-ci il tarixli ******* saylı qərar qəbul edilmiş və həmin qərar nəticəsində onun hüquqları, qanunla qorunan maraqları pozulmamış, hüquq və azadlıqlarının həyata keçirilməsinə maneçilik yaradılmamışdır. Sözügedən şəxs barəsində Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı 8 dekabr 2022-ci il tarixli ******* saylı qərar qəbul edilmişdir. Göstərilənlərə və İPM-in 1, 2, 27, 31, 35, 48-ci maddələrinə əsaslanaraq, iddianın təmin olunması məhkəmədən xahiş edlir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 28 noyabr 2022-ci il tarixli ******* nömrəli qərarı ilə hazırkı iddiaçı Gürcüstan vətəndaşı İsmayılova Khatiranın 18 oktyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılması barədə” müraciəti təmin edilməmişdir. İddiaçı Azərbaycan Respublikası vətəndaşı ilə nikahda olmasını, birgə nikahdan uşağının doğulmasını və əvvəllər ona daimi yaşamaq üçün icazənin verilməsini əsas gətirərək, cavabdehin qərarını mübahisələndirir və ona Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazəsinin müddətinin uzadılmasını tələb edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.7-ci maddəsinə görə diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bu Məcəllə Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə gəlməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi, Azərbaycan Respublikasında müvəqqəti olması, onlara müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, onların qeydiyyata alınması, miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri, əmək miqrasiyası, habelə miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində münasibətləri tənzimləyir. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. Həmin Məcəllənin 54.5-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi müvafiq icra hakimiyyəti orqanlarının mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır. Bu hal 18 yaşına çatmamış uşaqlara, yaşı 65-dən yuxarı olan və ya orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müvafiq təsdiqedici sənəd təqdim edildiyi təqdirdə) əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə şamil edilmir. Həmin Məcəllənin 55.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini, habelə dövlət dilini bilmədikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir. Göründüyü kimi, mövcud qanunvericilik Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsindən (müddətin uzadılmasından) imtina olunması üçün əsasların dairəsini konkret müəyyən etmişdir və əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini bilməməsi bu əsaslar sırasındadır. Məhkəmə vurğulayır ki, imtinanın əsası kimi istinad olunan xüsusat kimi iddiaçının Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini, bilibbilməməsinin müəyyən edilməsi hazırkı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin diskresion səlahiyyətlərində olan məsələdir və bu xüsusat nəzərə alınmaqla cavabdeh 28 noyabr 2022-ci il tarixli ******* nömrəli qərarı qəbul etməkdə haqlı olmuşdur. Diqqət yetirilməlidir ki, iddiaçı 1982-ci il təvəllüdlüdür, yəni hazıra 40 yaşı tamam olmuşdur və orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə əlilliyinin müəyyən edilməsi ilə bağlı xüsusatlar məhkəmə icraatında, eləcə də inzibati icraatda təqdim edilməmişdir. İddiaçının tələbinin əsası kimi təqdim etdiyi hallar – nikahda olması, ərinin əlil olması, övladının olması ona münasibətdə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətə baxılarkən, mütəxəssislərdən ibarət müvafiq komissiya tərəfindən qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrlə bağlı biliyinin yoxlanılması prosedurunu istisna etmir. Nəzərə alınmalıdır ki, İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Eləcə də, İPM-in 73.3.1-ci maddəsinə görə inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı məhkəmə icraatında cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuzluğu üzrə xüsusatlar müəyyən edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, İPM-in 73.3.1-ci maddəsinin tələbləriə görə iddiaçının arzuladığı hal kimi onun Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazəsinin müddətinin uzadılması öhdəliyi hazırkı cavabdeh inzibati orqanın üzərinə qoyula bilməz. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İddiaçı Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsinin müddətinin uzadılmasından imtina edilməsi barədə 28 noyabr 2022-ci il tarixli ******* nömrəli qərarı (imtinası) qanuna zidd qiymətləndirilməməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal sayılmamalıdır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı İsmayılova Khatitranın (Xatirənin) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «cavabdehin qərarının ləğv edilməsi və iddiaçıya daimi yaşamaq üçün icazənin müddətinin uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyuması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı İsmayılova Khatiranın (Xatirənin) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «cavabdehin qərarının ləğv edilməsi və iddiaçıya daimi yaşamaq üçün icazənin müddətinin uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyuması» tələbinə tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5340/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5340/2023
05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver