Məhkəmə qərarları › İş №2-1(112)-5341/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5341/2021

25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5341/2021 25.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət formasının dəyişdirilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə texniki pasportun tərtib edilməsi və torpaq sahəsinin mülkiyyət formasının dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********89 nömrəli bildirişlə iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətə verilməsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0.01791 ha sahədən ibarət torpaq sahəsinin mülkiyyət formasının xüsusi mülkiyyətə dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2021-ci il tarixli məhkəmə iclası zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “İddiaçı adına ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin altındakı 0, 01791 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınaraq reyestrdən çıxarış və texniki pasportun verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmiş, məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evi 0,01791 ha sahədən ibarət torpaq sahəsində yerləşir və torpaq sahəsi dövlət mülkiyyətindədir. Torpağa dair müvafiq sənədləri topladığını və ondan uzun müddətdir ki istifadə etdiyini bildirmişdir. Buna görə də hesab edir ki, həmin torpaq sahəsinə dair çıxarış verilməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında imtina məktubunda göstərilən dəlillərə istinad etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmişdir, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki sahibliyində olan torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir: İş materiallarında olan ünvan 1 ünvanına dair sənədlərin surətlərindən görünür ki, xx.xx.2011-ci il tarixli AN-İ №0237384 nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, 11/3870 nömrəli arayışa əsasən xüsusi mülkiyyətindəki, iki otaqdan ibarət, yaşayış sahəsi 24.6 kv.m., yardımçı sahəsi 22,2 kv.m., ümumi sahəsi 46,8 kv.m. olan Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən 39 saylı evini alıcı İddiaçı satmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya MA ******* nömrəli xx.xx.2011-ci il tarixli hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 46.8 kv.metr olan mənzil mülkiyyət hüququ əsasında İddiaçı adına ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2016-cı il tarixli İddiaçı ərizəsindən görünür ki, iddiaçı ona məxsus olan ünvan 2 ünvanında yerləşən mənzil söküldüyünə görə həmin mənzilin seriya MA ******* reyestr nömrəsi, qeydiyyat nömrəsi **********, xx.xx.2011-ci ildə verilmiş çıxarışın məhv edilməsinə etiraz etməmişdir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX ******* nömrəli xx.xx.2016-cı il tarixli çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququ ********** nömrə ilə qeydə alınmış, daşınmaz əmlakın ümumi sahəsi 283.2 kv.metr, torpaq sahəsinin mülkiyyət növü dövlət, üzərindəki hüquq növü istifadə, ölçüsü 0.01791 ha göstərilmişdir. İşdə olan cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli **********34-10301 reyestr nömrəli Texniki Pasportdan görünür ki, ünvan 2 ünvanındakı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki sahəsi 0.03959 ha, tikinti altı sahə 0,01909 ha, digər sahələr 0,0205 ha-dır. İddiaçı hazırda onun mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 0.01791 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol;http://www.e-qanun.az/framework/5456 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na daxil edilmişdir. Habelə “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən Bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Qanunvericiliyin sadalanan normalarına əsasən iddiaçının istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün istinad olunan sənədlərdən hər hansı biri tələb olunsa da, işdən görünür ki, iddiaçı bu sənədlərdən heç birini təqdim etməmişdir. İş materiallarında olan mübahisəli yaşayış evinin Texniki Pasportuna gəldikdə, işdən görünür ki, həmin texniki pasport 2001-ci il yanvarın 1-dən sonra, xx.xx.2016-cı il tarixdə tərtib olunmuşdur. Belə ki, iddiaçı 2011-ci il tarixdə mübahisəli əmlakı alarkən həmin əmlak mənzil kimi qeydiyyata alınmış, yerləşdiyi torpaq sahəsi göstərilməmiş, daha sonra 2016-cı ildə həmin mənzil sökülmüş, fərdi yaşayış evi inşa edilmiş və bu zaman texniki pasport tərtib edilmişdir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 243.1-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. İşdən görünür ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüququnun növü kimi istifadə hüququ göstərilmişdir. İddiaçı hazırda həmin evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etsə də, yuxarıda qeyd olunduğu kimi qanunvericiliklə tələb olunan hüquqmüəyyənedici sənədlərdən heç birini təqdim etməmişdir. Belə olan halda iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun yaranması müəyyən edilmir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləlklə, məhkəmə hesab edir ki, ddiaçı hüquqların dövlət qeydiyyatı üçün qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini təqdim etməmiş, cavabdeh də əsaslı olaraq iddiaçıya imtina cavabı vermiş, bu zaman iddiaçının hüquqlarını pozmamışdır. Hazırda iddiaçının hüquqlarının cvabdeh tərəfindən pozulması müəyyən olunmur.. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar