Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5342/2023 21.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, iddiaçı Ömərova (Şahbazova) Sehranə Fikrət qızının cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Ömərova (Şahbazova) Sehranə Fikrət qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxslər X13, X5, X3, X14, X6, X1, X2, X10, X7, X15 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu 37 nömrəli evdən qeydiyyatda olan pasport qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş Seriya MN, №117378 olan, qeydəalma 30 №-li 30399, xx.xx.1997-ci il tarixdə qeydə alınmış Bakı şəhəri. Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu 37 nömrəli ev iddiaçının, X11 və X4 birgə mülkiyyətindədir. İddiaçının məlumatı və razılığı olmadan tanımadığı ayrı-ayrı adamlar həmin evə qeydiyyata salınmışdır. Ailə qurduqdan sonra iddiaçl ərinin soyadını qəbul etdiyindən hazırda soyadı Ömərovadır və Ukrayna Respublikasında yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, Ömərova (Şahbazova) Sehranə Fikrət qızının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu 37 nömrəli ev onun mülkiyyətində olmasına baxmayaraq onun ailə üzvləri olmayan xx.xx.1943-cü ildə anadan olmuş X22, xx.xx.1982ci ildə anadan olmuş X16, xx.xx.1979-cu ildə anadan olmuş X12, xx.xx.1990-cı ildə anadan olmuş X23, xx.xx.2001-ci il tarixdə anadan olmuş X17, xx.xx.2008-ci ildə anadan olmuş X8, xx.xx.2010-cu ildə anadan olmuş X9, xx.xx.1983-cü ildə anadan olmuş X19, xx.xx.2018-ci ildə anadan olmuş X18, xx.xx.1992-ci ildə anadan olmuş X24 iddiaçının mülkiyyətində olan evdə qeydiyyatdadırlar. Həmin şəxslər heç vaxt iddiaçının evində yaşamayıblar və iddiaçı heç vaxt həmin şəxslərin mülkiyyətində olan evə qeydiyyata düşməsinə razılıq verməmişəm. İddiaçı dəfələrlə həmin şəxslərin birgə mülkiyyətində olan yaşayış evindən qeydiyytdan çıxarmağa cəhd etsə də, bunun heç bir nəticəsi olmadı. Bundan sonra həmin şəxslərin iddiaçının mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılmaları ilə əlaqədar nümayəndə vasitəsilə Bakı şəhəri, Səbail RPİ-nə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə Səbail RPİ tərəfindən iddiaçının nümayəndəsinə məktub göndərilərək yalnız məhkəmə qətnaməsi əsasında həmin şəxslərin qeydiyyatdan çıxarılmasının mümkün olması bildirilmiş və bununla əlaqədar məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Səbail RPİ-nin hərəkətləri nəticəsində iddiaçının konstitusion norma ilə təminat verilmiş hüquqları pozulur, mülkiyyətində olan daşınmaz əmlak barədə istədiyi kimi sərəncam verə bilmir.
3. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə X22, X16, X12, X23, X17, X8, X9, X19, X7, X24 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
4. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri puublik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan məktubda qeyd olunur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu küçəsində yerləşən 37 saylı fərdi yaşyış evində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.
5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışda qeyd olunmuşdur ki, X22 (xx.xx.1943-cü il təvəllüdlü), X16 (xx.xx.1982), X12 (xx.xx.1979-cu il təvəllüdlü), X23 (xx.xx.1990-cı il təvəllüdlü), X17 (xx.xx.2001-ci il təvəllüdlü), X8 (xx.xx.2008-ci il təvəllüdlü), X9 (xx.xx.2010-cu il təvəllüdlü), X19 (xx.xx.1983-cü il təvəllüdlü), X18 (xx.xx.2018-ci il təvəllüdlü), X24 (xx.xx.1992-ci il təvəllüdlü) ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
6. Cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsi məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.
7. İş üzrə şifahi məhkəmə baxış iclaslarında məhkəmənin vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı Ömərova (Şahbazova) Sehranə Fikrət qızı iştirak etmir və iştirak etməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
II. İddianın geri götürülmüş sayılması
4. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
5. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
6. İddiaçı məhkəmənin xx.xx.2023-cü il tarixdə baxış iclasının keçirilməsi vaxtı barədə xx.xx.2023-cü il tarixdə xəbərdar edilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmədiyindən iclasda iştirakını təmin etmək məqsədilə baxış iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. İddiaçıya göndərilən bildirişdə İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edilmiş, lakin qeyd edilən tarixdə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixlu baxış iclaslarında da iddiaçı eyni qaydada iştirak etməmiş və iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Beləliklə, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmışdır.
7. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
8. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X25 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
9. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
10. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
11. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
12. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
13. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
14. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva