Məhkəmə qərarları › İş №2-1(112)-5343/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5343/2020

24.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5343/2020 24.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Eminzadə Emin Etibar oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə qarşı “qanunazidd hərəkətlərin dayandırılmasına dair” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Cavabdeh1 xx.xx.2020-ci il tarixli əmlakın hərracda satılmasına dair sifariş məktubunun və həmin məktub əsasında "xxxx" MMC-nin Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 9-cu döngə, 163 D saylı fərdi yaşayış evinin hərracda satılmasına dair qərarının ləğv edilməsi vəzifəsinin Cavabdeh1 üzərinə qoyulmasına barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı1 cavabdehlər "xxxx" Səhmdar Cəmiyyətinə və İddiaçı2 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “BankofBaku" Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında bilmədən bağlanmış 28 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Ona məxsus xüsusi mülkü İddiaçı2 "xxxx" ASC ilə 28 avqust 2015-ci il tarixdə bağladığı 2715 saylı kredt müqaviləsi ilə götürdüyü pulun qaytarılmasına təminat kimi ipoteka ilə yüklü etmişdir. İddiaçı2 onun qohumudur. Ona inanaraq xüsusi mlikiyyətində olan evi onun adından ipoteka müqaviləsi əsasında yüklü etmişdir. Əmlakının yüklü edilməsini məhkəmə qərarı çıxdıqdan sonra bilmişdir. O, ipoteka müqaviləsinə imza etməmiş və belə bir müqavilədən xəbəri olmamışdır. Hazırki yüklü edilmiş əmlak onun yeganə yaşayış evidir, eyni zamanda ona məxsus xüsusi mülkün bazar qiyməti 1.700.000 manatdır, bank həmin əmlakı 320.000 manat qiymətləndirmişdir. Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbini rədd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən xx.xx.2020-ci il tarixdə kassasiya şikayəti verilmişdir. İşə Ali Məhkəmədə hələ baxılmamışdır. İpoteka müqaviləsi ilə yüklü edilmiş daşınmaz əmlak ipoteka müqaviləsinin etibarsızlığı məhkəmə mübahisəsi olduğu halda hərracda satılmaqla icra edilə bilməz. Bakı şəhəri Səbail rayonu İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Aşurov ipoteka ilə yüklü edilmiş ipoteka predmeti olan Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi və 9-cu döngə 163 D saylı fərdi yaşayış evinin açıq hərracda satılması üçün xx.xx.2020-ci il tarixli məktubu ilə "xxxx" MMC-yə müraciət etmişdir, (bundan sonra "xxxx" MMC) "xxxx" MMC onlara məktubla müraciət edəndə ipoteka ilə yüklü edilmə əmlakını məhkəmə mübahisəsi olmasına ərizə ilə bildirmişlər. “Hərrac Mərkəz" MMC-yə məktubla müraciət edib ipoteka ilə yüklü edilmiş əmlaka dair məhkəmə miibahəsi olmasını və işi Ali Məhkəmənin icraatında olmasını bildirmişlər, hərracın dayandırılmasını xahiş etmişlər. "xxxx" MMC xx.xx.2020-ci il tarixli məktubu ilə onlara bildirmişdir ki, əmlakın hərracı Cavabdeh1 məktubu ilə dayandırıla bilər. Cavabdeh1nə xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət edib hərracın dayandırılması üçün məktub verməsini xahiş edib icraçı T.Aşurovun və şöbənin rəisinin qəbulunda olub, icraatın dayandırılması üçün əsas olan sənədləri onlara təqdim etmişlər. Onlar hərracın dayandılması üçün məktub verəcəklərini bildirsələr də, bunu etməmişlər. Bundan sonra iddiaçılar “Hərrac" MMC-nin hərəkətlərinin qeyri-qanuni olması baradə Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə hərracın dayandırılması ipoteka ilə yüklü edilmiş əmlaka dair Ali Məhkəmədə baxılması təyin edilmiş mülki iş olduğundan hərracın keçirilməsi qanuni hesab edilə bilməməsini əsas götürərək ərizənin qəbulundan imtina etmişdir. Məhkəmə qərardadı ilə Cavabdeh1nə yenidən müraciət etsələr də, onlar maddi maraqları ucbatından heç bir hərəkətlər etmədən iddiaçıların müraciətə cavab verməmişlər. İddia “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsi ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmışdır. 24 avqust 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında tərəflərin nümayəndələri iştirak etmədiyinə görə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsi mümkün hesab edilmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Belə ki, iş materiallarından məlum olur ki, Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası ilə baglı borclu olan iddiaçılar Bakı şəhəri Səbail rayonu İcra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətlərini mübahisələndirmişlər. Məhkəmə, iddiaçıların nəzərinə çatdırır ki, icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia (və ya şikayət) verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, cavabdeh icra orqanı tərəfindən qəbul edilmiş qərar məhkəmə qərarının icrasının təmin edilməsinə yönəlmiş icra icraatı çərçivəsində qəbul edilmiş qərar olmuşdur. Ona görə də, həmin qərarın hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda və bu gümandan çıxış etməklə sözügedən qərarın ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərar qəbul edilməsini tələb edərkən iddiaçı bu barədə icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etməlidir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-in 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır. İnzibati Prossessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, iddiaçı tərəfə izah edilir ki, məzmunu yuxarıda şərh edilən qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, iddia tələbində qaldırdığı məsələlər barəsində icra sənədini vermiş məhkəməyə şikayət vermək hüququndan istifadə edə bilərlər. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia mümkün sayılmadığından, iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması və inzibati məhkəmə icraatına cəlb etmə ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar