Məhkəmə qərarları › İş №2-1(112)-5343/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5343/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5343/2021 23.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair uyğunsuzluğun aradan qaldırılması, koordinatların və döngə nöqtələrin təyin edilməsi, yeni çıxarış və plan-ölçünün verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:

1. İddiaçı (bundan sonra – İddiaçı) 21 iyul 2021-ci il tarixdə ünvan ünvanında yerləşən ümumi sahəsi 0,0718 ha olan torpaq sahəsini notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında X6 almışdır.

2. Alqı-satqı müqaviləsinə əsasən İddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 11.08.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq dövlət reyestrindən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir.

3. İddiaçı sözügedən bağ sahəsi ilə bağlı ona verilmiş çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd olunan (0,0718 ha) sahə ilə torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədi (0,10 ha) arasında olan uyğunsuzluğun aradan qaldırılması, ilkin hüquqmüəyyənedici sənəddəki və faktiki sahibliyindəki sahənin ölçüsü əsas götürülməklə ona 0.10 ha torpaq sahəsinə dair çıxarış və texniki sənəd verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət etmişdir.

4. Cavabdeh **********19 nömrəli 16.03.2021-ci il tarixli məktubu ilə iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş, elektron kadastr məlumatına əsasən sözügedən ərazinin bir hissəsinin digər şəxsə məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü səbəbindən ilkin mülkiyyətçinin notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında 0,0718 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını göstərmişdir.

5. Cavabdehin imtinasını qanunsuz hesab edən İddiaçı 31.03.2021-ci il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət edərək, ********** qeydiyyat nömrəsi ilə 11.08.2020-ci il tarixdən üzərində hüquqları qeydiyyata alınmış ünvan ilə bağlı ona verilmiş Çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü”dəki sahə ilə (0,0718 ha) torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədi-17.04.2007-ci il tarixli icarə müqaviləsindəki ölçüsü arasında olan uyğunsuzluqların aradan qaldırılması, hasar daxilində faktiki istifadəsindəki və qanuni sahibliyindəki 0.0282 ha torpaq sahəsinin koordinatlarının və döngə nöqtələrinin təyin edilməsi, ilkin hüquqmüəyyənedici sənəddəki (0,10 ha) və faktiki sahibliyindəki (0,10 ha) sahənin ölçüsü əsas götürülməklə ona vahid daşınmaz əşya və vahid mülkiyyət obyekti olan 0,10 ha torpaq sahəsi ilə bağlı (0,0718 ha/mülkiyyət +0,0282 ha qanuni istifadə) yeni çıxarışın və texniki sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, sözügedən bağ sahəsinin ilkin hüquqmüəyyənedici sənədi olan 21508 nömrəli 17 aprel 2007-ci il tarixli müqavilə ilə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və İstismarı Birliyi tərəfindən keçmiş mülkiyyətçi X8 istifadəsinə 0,10 ha torpaq sahəsi verilmişdir. Lakin cavabdehin səbəbi məlum olmayan təklifi əsasında həmin torpaq sahəsinin 0,0718 ha hissəsi 08.07.2020-ci il tarixdə X8 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daha sonra İddiaçı həmin torpaq sahəsini A.Əliyevdən alqı-satqı müqaviləsinə əsasən almışdır. Digər 0,0282 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmasa belə, hazırda iddiaçının faktiki istifadə və sahibliyindədir.

7. Cavabdehin nümayəndəsi məhkəməyə tədqim etdiyi etirazında göstərmişdir ki, elektron kadastr məlumatına əsasən sözügedən ümumi ərazinin bir hissəsi (0,02262 ha) Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.06.2007-ci il tarixli, 285 saylı sərəncamı ilə "xxxx" MMC-nin istifadəsinə ayrılmış ərazinin koordinatları ilə üst-üstə düşdüyü səbəbindən ilkin mülkiyyətçinin notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında 0,0718 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

8. İş üzrə məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

9. İş üzrə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi.

10. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır.

11. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

12. İPM-nin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır.

14. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiasının mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”.

16. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə bir tələb hüququna istinad etməlidir. İddia qaldırmaq səlahiyyəti o halda mövcud olmur ki, hüquqa müdaxilə açıq-aydın və birmənalı şəkildə nəzərə çarpmasın. Hazırkı işdə də belə bir müdaxilə müəyyən olunmur.

17. Belə ki, işdə olan 17.04.2007-ci il tarixli Ləhiş ərazisindəki 5447b saylı bağın istifadəyə verilməsi haqqında 21508 saylı müqavilədən görünür ki, X3 və İstismarı Birliyi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin 16.04.2007-ci il tarixli sərəncamına əsasən Sabunçu rayonunun Ləhiş ərazisində yerləşən 0.10 ha torpaq sahəsi olan 5447b saylı bağ X8 istifadəsinə verilmişdir.

18. 05.06.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Azər Əliyev 5447b saylı bağ sahəsinin sənəd üzrə 1000 kv.metr-dən azalaraq faktiki 800 kv.metr olmasına etiraz etməmiş, gələcəkdə bununla bağlı heç bir iddiasının olmayacağını bildirmişdir.

19. İş materiallarından görünür ki, 08.07.2020-ci il tarixdə Azər Əliyevin ünvan üzərində mülkiyyət hüququ ********** nömrə ilə qeydiyyata alınmış, çıxarışda A.Əliyevə məxsus torpaq sahəsinin ölçüsü 0.0718 ha göstərilmişdir.

20. Hazırki qərardadın 1-ci və 2-ci hissələrindən də göründüyü kimi Azər Əliyev mülkiyyətində olan bağ sahəsini 21 iyul 2021-ci il tarixdə 4Ə-590 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçıya satmış, müqavilədə İddiaçıya satılan torpaq sahəsinin ümumi sahəsi 0.0718 ha göstərilmiş, müqaviləyə əsasən məhz həmin ölçüdə torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi müəyyən edilmişdir.

21. Həmin alqı-satqı müqaviləsi əsasında İddiaçının mülkiyyət hüququ 11.08.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və müvafiq olaraq çıxarış verilmişdir ki, həmin çıxarışda torpaq sahəsinin ölçüsü alqı-satqıya uyğun olaraq 0.0718 ha göstərilmişdir.

22. Beləliklə, işin sadalanan hallarından görünür ki, İddiaçı mübahisəli bağ sahəsini alqı-satqı müqaviləsi əsasında əldə etmiş, bu zaman o, dəyərini ödəməklə 0,10 ha torpaq sahəsini deyil, 0.0718 ha torpaq sahəsini almış və onun mülkiyyət hüququ məhz həmin ölçüdə torpaq sahəsi üzərində yaranmışdır.

23. Belə olan halda ayın olur ki, İddiaçının üzərində hər hansı bir hüququ olmayan 0.0282 ha torpaq sahəsinə dair hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud olmamışdır.

24. İddiaçı hazırkı tələbini irəli sürərkən Azər Əliyevin iş materiallarında olan notarial qaydada təsdiq edilmiş 05.02.2021-ci il tarixli ərizəsinə istinad etmişdir, hansı ki, həmin ərizədə A.Əliyev mübahisəli toraq sahəsini iddiaçının mülkiyyətinə 0.10 ha ölçüdə veridiyini bildirmişdir.

25. Həmin ərizə ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

26. Məhkəmə bir daha hazırkı qərardadın 20 və 21-ci hissəsində göstərilənlərə istinad edərək qeyd edir ki, A.Əliyevin mülkiyyət hüququ daşınmaz əmlakı dövlət reyestrində qeydə alınarkən torpaq sahəsinin ölçüsü 0.0718 ha göstərilmiş, o məhz həmin sahəni İddiaçının mülkiyyətinə vermişdir. Torpaq sahəsinin digər hissəsinin -0.0282 ha torpaq sahəsinin İddiaçının faktiki sahibliyində olması güman edilsə belə, həmin sahə ilə bağlı onun qanun, müqavilə və ya inzibati aktla tanınan hüququ mövcud olmadığından həmin hissəyə münasibətdə digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanı da mövcud deyil.

27. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər malikdir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

28. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar