Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5343/2024 04.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti kimi ona kompensasiya verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti kimi ona kompensasiya verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə AR Müdafiə Nazirliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 180-24 №-li xx.xx.2004-cü il tarixli qərarına əsasən 36 aylıq kompensasiyanın tam formada ödənilməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, MN-dən Nazirlər Kabinetinin 180-24 №li 23 noyabr 2004-cü il tarixli qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi qaydaları”na uyğun olaraq 36 aylıq ev ilə təmin olunmasını xahiş etmişdir. Cavabdeh isə 29 noyabr 2023-cü il tarixli imtina məktubu ilə qeyd etmişdir ki, hərbi əməliyyatlar zamanı onun tutduğu N nömrəli hərbi hissənin Dövlət sirrinin mühafizəsi bölməsinin xüsusi rabitə postunun rəisi vəzifəsi Azərbaycan Respublikası müdafiə nazirinin 2020-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşları vəzifəsi hesab olunmur. O, İ Vətən müharibəsi iştirakçısı, hərbi həkim komissiyası tərəfindən xəstəliyi şəhadətləndirilmiş, fasiləsiz 20 il Azərbaycan Ordusunda qusursuz xidmət etmiş, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbi qulluqçusudur. Azərbaycan Ordusunda 20 il ərzində kəşfiyyat və xüsusi təyinatlı hərbi hissələrdə xidmət etmişdir, xidməti ərzində və Vətən Müharibəsi dövründə göstərdiyi şücaət və nəaliyyətlərə görə bir çox medallarla təltif olunmuşdur. Müdafiə Nazirliyinin müvafiq komissiyasının imtina məktubu ilə qətiyyən razılaşmır. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına aid olan əməkhaqqına əlavələr vətən müharibəsi vaxtı iddiaçıya ödənilmişdir. Cavabdeh tərəfindən imtina verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa tam ziddir, Yuxarıda qeyd olunanlara əsasən cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh AR Müdafiə Nazirliyinin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında iddiaçının hərbi əməliyyatlar zamanı tutduğu N nömrəli hərbi hissənin Dövlət sirrinin mühafizəsi bölməsinin xüsusi rabitə postunun rəisi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə nazirinin 2020-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyekti əməkdaşları vəzifəsi hesab olunmadığının nəzərə alınmaqla, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş qaydada iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan; AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. AR Müdafiə Nazirliyi “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi Komissiyası” tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş M/V seriyalı, № 97921 saylı vəsiqənin surətindən müəyyən olunur ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir. “Xəstəlik haqqında № 1654 saylı şəhadətnamə”nin surətindən müəyyən olunur ki, xx.xx.2013-cü il tarixdə N №-li hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 2761 №-li göndərişi ilə İddiaçı AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tərəfindən şəhadətləndirilmişdir. AR Müdafiə Nazirliyi N №-li hərbi hissənin xx.xx.2023-cü il tarixli, 901 №-li cavab məktubunda göstərilmişdir ki, baş gizir İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində”Vətən müharibəsində” N nömrəli hərbi hissəsinin tərkibində xüsusi tapşırıqlar (kəşfiyyat) yerinə yetirmiş və yaralanmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan AR Müdafiə Nazirliyi tərəfindən verilmiş 8/2784 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, onun hərbi əməliyyatlar zamanı tutduğu N nömrəli hərbi hissənin Dövlət sirrinin mühafizəsi bölməsinin xüsusi rabitə postunun rəisi vəzifəsi Azərbaycan Respublikası Müdafiə nazirinin 2020-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyekti əməkdaşları vəzifəsi hesab olunmur. Yuxarıda göstərilənləri nəzərə alıb, Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun tələb etdiyi kompensasiyanın ödənilməsi mümkün deyil. Məhkəmənin müvafiq sorğusuna əsasən: AR Müdafiə Nazirliyi N №-li hərbi hissənin xx.xx.2024-cü il tarixli, 384 №-li cavab məktubunda göstərilmişdir ki, İddiaçı hərbi hissədə xidmət etdiyi müddətdə kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı hesab olunan vəzifədə xidmət etmədiyindən ona “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.6 və 20.7-ci maddələrində nəzərdə tutulan imtiyazlar (kəşfiyyat və əks- kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşlan üçün nəzərdə tutulmuş müavinətlərin verilməsi) şamil olunmamışdır. Bununla belə, Vətən müharibəsindən sonra N nömrəli hərbi hissənin şəxsi heyətinin müharibədəki fəafiyyətləri, qələbənin əldə edilməsində göstərdikləri yüksək xidmətləri nəzərə alınaraq Müdafiə Nazirliyi tərəfindən tutduqları vəzifələrindən və icra etdikləri fəaliyyətlərdən asılı olmayaraq hərbi hissənin təminat bölmələri də daxil olmaqla əməliyyatlarda iştirak etmiş bütün şəxsi heyətinə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşlarına nəzərdə tutulan müavinətlərin ödənilməsi üçün pul vəsaiti ayrılmışdır. O cümlədən İddiaçı da kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı olmasa da belə, 27.09-xx.xx.2020-ci il ərzində Vətən müharibəsində iştirak etdiyinə görə 2021-ci ilin yanvar ayında 1469,26 manat məzuniyyət pulu, həmin ilin fevral ayında isə 2025 manat müalicə pulu olmaqla cəmi 3494,26 manat pul ödənilmişdir. - Məktuba əlavə edilmiş AR Müdafiə Nazirliyi N №-li hərbi hissənin xx.xx.2024-cü il tarixli, 43 №-li arayışında göstərilmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu baş gizir İddiaçı 2020-ci il üçün müalicə və müayinə olunmasi üçün birdəfəlik müavinat, məzuniyyət pulu aşağıda qeyd olunan məbləğdə ödənilmişdir; müalicə və müayinə pulu – 2025,00 və məzuniyyət pulu – 1469,26 manat olmaqla ümumillikdə 3494,26 manat. AR Müdafiə Nazirliyi N №-li hərbi hissənin xx.xx.2024-cü il tarixli, 1014 №-li cavab məktubunda göstərilmişdir ki, İddiaçı hərbi hissədə xidmət etdiyi müddətdə kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı hesab olunan vəzifədə xidmət etmədiyindən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətlərinə cəlb olunmamışdır. Vətən müharibəsindən sonra N nömrəli hərbi hissənin şəxsi heyətinin müharibədəki fəaliyyətləri, qələbənin əldə edilməsində göstərdikləri yüksək xidmətləri nəzərə alınaraq Müdafiə nazirliyi tıərəfindən tutduqları vəzifələrindən və icra etdikləri fəaliyyətlərdən asılı olmayaraq hərbi hissənin təminat bölmələri də daxil olmaqla əməliyyatlarda iştirak etmiş bütün şəxsi heyətinə kəşfiyyat subyekti əməkdaşlarına nəzərdə tutulan müavinətlərin ödənilməsi üçün pul vəsaiti ayrılmışdır. Bu səbəbdən, həmçinin İddiaçı da kəşfiyyat subyektinin əməkdaşı olmasa da belə, 27.09-xx.xx.2020-ci il ərzində Vətən müharibəsində iştirak etdiyinə görə 2021-ci ilin yanvar ayında 1469,26 manat məzuniyyət pulu, həmin iiin fevral ayında isə 2025 manat müalicə pulu olmaqla cəmi 3494,26 manat pul ödənilmişdir Tətbiq edilən hüquq. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ... 6.1. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. ... 14.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. Maddə 20.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi “Hərbi qulluqçuların statusu haqqında”, “Əmək pensiyaları haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. Maddə 20.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. ... Maddə 20.7. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. ... 20.12. xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180- 24 nömrəli Qərarı ilə təsdiq edilmiş (dərc edilmir) “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları” 1.1. bu Qaydalar xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına (bundan sonra - əməkdaş) və ya onların ailəsinə birdəfəlik kompensasiyanın verilməsi şərtlərini, həcmini və ödənilməsi qaydasını müəyyən edir. ... 2.2. xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. 2.3. xidməti vəzifələrinin icrası ilə bağlı olmayan xəsarət və ya xəstəlik nəticəsində həlak olmuş (vəfat etmiş) və ya xidmətinin davam etdirilməsi istisna edilmiş əməkdaşa, yaxud onun ailə üzvlərinə kompensasiya ödənilmir 2.4. kompensasiya ödənilməsi üçün xidməti vəzifələrin icrası zamanı xəsarət alma (həlak olma) aşağıdakı halları nəzərdə tutur: a) döyüş əməliyyatlarında iştirak zamanı; b) hərbi nizamnamə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifə borclarının yerinə yetirilməsi zamanı; c) döyüş növbəsinin (döyüş xidmətinin) aparılması zamanı; ç) verilmiş əmir və tapşırıqların yerinə yetirilməsi zamanı; d) xidmət yerində olan zaman; e) xidməti ezamiyyətdə olan zaman; ə) xidmət yerinə, müalicəyə gediş-gəliş zamanı; f) hərbi toplanışlar keçən zaman: g) müvafiq qanunvericiliklə müəyyən edilmiş hallar istisna olunmaqla əsir düşmüş və girov götürülmüş zaman; h) vətəndaş həyatını, sağlamlığını, vicdanını və ləyaqətini müdafiə edən zaman; x) hüquq mühafizə orqanlarına kömək edən zaman. ... 3.2. kompensasiyanı almaq hüququ olan əməkdaş və ya həlak olmuş (vəfat etmiş) əməkdaşın ailə üzvü kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti rəhbərinə ərizə ilə müraciət etməlidir. ... 3.6 xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edildikdə aşağıdakı sənədlər kompensasiyanın təyin edilməsi üçün əsas götürülür: -kompensasiya ödənilməsi üçün əməkdaşın ərizəsi; -xidmətinin davam etdirilməsini istisna edən xəsarətin xidməti vəzifələrinin icrası ilə səbəb əlaqəsi barədə hərbi-həkim komisssiyasının qərarı (4 nömrəli əlavə); -əməkdaşın pul təminatı barədə maliyyə struktur bölməsinin arayışı. ... 20.12. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydalarının normalarına əsasən xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektinə üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Kompensasiya ödənilməsi üçün xidməti vəzifələrin icrası zamanı xəsarət alma (həlak olma) halları, həmçinin kompensasiya ödənilməsi üçün xidməti vəzifələrinin icrası zamanı alınan xəstəlik halları dəqiq müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, qanunvericiliyə əsasən il ərzində verilən məzuniyyət müavinəti və yaxud maddi yardım hərbi hissə rəhbərliyinin mülahizəsindən asılı olmayaraq qanunun birbaşa göstərişindən irəli gəlməklə ödənildiyi halda, birdəfəlik pul mükafatı adından da göründüyü kimi qoşunların yüksək döyüş hazırlığının saxlanılması, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və nöqsansız intizama görə verilir. Yəni, birdəfəlik pul mükafatı hərbi hissə rəhbərliyinin mülahizəsindən asılı olaraq verilən pul təminatıdır. Hərbi qulluqçunun hərbi hissə rəhbərliyinin mülahizəsindən asılı olaraq alınan əlavələrinə münasibətdə isə nəzərə alınmalıdır ki, hərbi qulluqçunun həmin mükafata layiq görüləcəyi qənaətinə gəlmək inzibati orqanın diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Başqa sözlə, yalnız hərbi hissə rəhbərliyinin qiymətləndirməsi ilə hərbi qulluqçu birdəfəlik pul mükafatına layiq olduğu qənaətinə gəlindikdə müvafiq əmrlə pul mükafatı verilir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 180-24 №-li xx.xx.2004-cü il tarixli qərarına əsasən 36 aylıq kompensasiyanın tam formada ödənilməsinə nail olmaqdan ibarətdir. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli Qərarı ilə təsdiq edilmiş (dərc edilmir) “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşlarına aşağıdakı hallarda kompensasiya ödənilir: -Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı travma (xəsarət) almalı; -Xəsarət əməkdaşın xidmət etdiyi dövrdə xidməti vəzifələrinin icrası ilə əlaqədar alınmalı; -Xəsarət əməkdaşın xidmətinin davam etdirilməsini istisna etməlidir. Yuxarıda qeyd olunan qanunvericilik aktları ilə iddiaçının xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, nəzərdə tutulmuş vəsaitin ona hesablanaraq ödənilməs müəyyən olunmuşdur. Lakin, “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanunun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş, xəsarət almış (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına qeyd olunan qanun şamil olunur. İş materillarında da müəyyən olunur ki, iddiaçı .02.2013-cü il tarixdə N №-li hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 2761 №-li göndərişi ilə İddiaçı AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tərəfindən şəhadətləndirilmişdir. Qeyd olunan “Xəstəlik haqqında № 1654 saylı şəhadətnamə”sindən müəyyən olunur ki, iddiaçı hərbi travmanı xx.xx.2020-ci il tarixlərdə Xocavənd rayonu istiqamətində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüş tapşığını yerinə yetirən zaman almışdır. İddiaçıya məxsus SX seriyalı № ******* sayı “Hərbi bilet”in 4-cü səhifəsində qeyd olunmuş qeydlərdən də müəyyən olunur ki, iddiaçının hərbi travma aldığı dövrdə AR Müdafiə Nazirliyi N №-li hərbi hissənin rabitə postunun rəisi vəzifəsində xidmət etmişdir. İddiaçı hərbi travma aldıqdan sonra iddiaçının xəstəliyi aparılan müalicə və sağlamlıq tədbirlərinə tabe olmamış, getdikcə kəskinləşdiyindən xx.xx.2023-cü il tarixdə kəşfiyyat və əks-kəşfiyyat subyekti olaraq xidmətdən ehtiyata buraxılmışdır. Bu işin istər iddiaçı, istərsə cavabdeh inzibati orqan tərəfindən təkzib olunmaz hallarına aiddir. Bununla yanaşı məhkəmənin müvafiq sorğusuna əsasən iddiaçının xidmət etdiyi hərbi hissə tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubunda bildirilmişdir ki, İddiaçı hərbi hissədə xidmət etdiyi müddətdə kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı hesab olunan vəzifədə xidmət etmədiyindən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətlərinə cəlb olunmamışdır. Bu mövqedən çıxış edərək məhkəmə belə hesab edir ki, iddiaçı AR Müdafiə Nazirliyi N №-li hərbi hissənin Dövlət sirrinin mühafizəsi bölməsinin xüsusi rabitə postunun rəisi vəzifəsində xidmət edən hərbi qulluqçular kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşları sayılmadığından iddia tələbi əsassızdır. Odur ki, iddiaçının üç illik pul təminatı məbləğində kompensasiya ödənilməsinə dair iddia tələbinə dair cavabdeh inzibati orqanın imtinası “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.12-cı maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydalarının 2.2-ci bəndinin və 2.4-cü bəndinin b) və ç) yarımbəndlərinin dispozisiya şərlərinə uyğundur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti kimi ona kompensasiya verilməsi” haqqında iddia tələbi təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5343/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5343/2024
04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver