Məhkəmə qərarları › İş №2-1(112)-5344/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5344/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5344/2024 04.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, tərcüməçi X1, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, imtinanın əsassız hesab edilməsi və Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, İQ- 65/1 nömrəli qərarının ləğv eildərək barəsində qaçqın statusunun verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, o, 23 fevral 1999-cu ildə Pakistan İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhərində anadan olmuşdur. Lahor şəhərində 10 illik orta təhsil aldıqdan sonra 2 il “Private school” adlı məktəbdə təhsil almışdır. Daha sonra 2017-ci ildə İngiltərənin London şəhərində “qrafik dizayn” ixtisası üzrə bakalavr təhsilini almışdır. 2018-2020-ci illərdə isə o, Lahor şəhərində özəl əczaçılıq şirkətində bölüşdürücü vəzifəsində işləmiş, 2020-2021-ci illərdə qida məhsulların onlayn satışı ilə məşğul olmuşdur. Daha sonra 2021-2023-cü illərdə Sialkot və Zafarval şəhərlərində dükanda satıcı işləmişdir. Təhsil aldığı və işlədiyi dövr üzrə nə o, nə də onun ailə üzvlərindən heç biri heç vaxt siyasətlə məşğul olmamış, heç bir sosial qrupa qoşulmamışdırlar. Yalnız Pakistanda olduğu dövrdə onun və ailəsinin həyatı üçün təhlükəli olan hadisə ilə qarşılaşmışdırlar. Belə ki, o, 27 iyul 2023-cü il tarixdə naməlum şəxslər tərəfindən oğurlanmış, 6 gün həmin şəxslər tərəfindən saxlanılmışdır. Həmin müddət ərzində atası həmin şəxslərlə danışıqlar apardıqdan sonra onu pul müqabilində azad etmişlər. Bu hadisə onu və ailəsini çox üzmüş və o, Pakistanda özünü təhlükədə hiss etdiyinə görə ölkəni tərk etmək qərarına gəlmişdir. Beləliklə, 12 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Artıq Pakistanda yaşaması təhlükəli olduğuna görə 29 avqust 2023-cü il tarixdə qaçqın statusu verilməsi məqsədi ilə tərəfindən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət olunmuş, lakin cavabdeh müraciətinə imtina etmişdir. O, heç vaxt siyasətlə məşğul olmamış, heç bir sosial qrupa qoşulmamış, öz ölkəsində adi sakit həyat tərzi olmasına baxmayaraq, naməlum şəxslər tərəfindən oğurlanmışdır. Pakistanda qorxu altında yaşaması mümkün olmadığına görə oraya qayıtmaq və həyatını davam etmək mümkün deyil. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, İQ-65/1 nömrəli “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” qərarında qeyd etmişdir ki, Pakistan İslam Respublikasının vətəndaşı, hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1999cu il təvəllüdlü İddiaçı (Pasport: № GQ8679911) 29 avqust 2023-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 92-2023 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçinlmişdir. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhərində anadan olduğunu, milliyyətcə pəncablı, dini etiqadına görə müsəlman (sünni) olduğunu, Lahor şəhərində 10 illik orta təhsil aldıqdan sonra 2 il “Private school" adlı məktəbdə, 2017-ci ildə isə İngiltərənin London şəhərində “qrafik dizayn” ixtisası üzrə bakalavr təhsili aldığını bildirmişdir. O, 2018-2020-ci illərdə Lahor şəhərində özəl əczaçılıq şirkətində bölüşdürücü vəzifəsində işlədiyini, 2020-2021-ci illərdə qida məhsullarının onlayn satışı ilə məşğul olduğunu, 2021-2023-cü illərdə isə Sialkot və Zafarval şeherlərində dükanda satıcı işlədiyini söyləmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə naməlum şəxslər tərəfindən oğurlandığını, 6 gün saxlanıldığını, daha sonra atasının onlarla danışıb pul müqabilində onu azad etdiyini bildirmişdir. Ərizəçi heç vaxt siyasətlə məşğul olmadığını, lakin baş verən hadisədən sonra həyatının Pakistanda təhlükədə olduğunu hiss etdiyini, bu səbəbdən də ölkəsini tərk edərək 12 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyini qeyd etmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi melumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Lakin ərizəçinin ərizəanketinin qeydiyyatı və müsahibəsi zamanı dediklərində müəyyən uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki o. ərizə-anketin qeydiyyatı zamanı xx.xx.2023-cü ildə oğurlandığını və 6 gün saxlanıldığını, müsahibə zamanı isə xx.xx.2023-cü il tarixdə oğurlandığını və 8-9 gün saxlanıldığını bildirərək sözügedən hadisə ilə bağlı fərqli ifadələr səsləndirmiş, baş verən hadisə ilə bağlı ölkə daxilində yerdəyişmə alternativindən istifadə etməmişdir. Bundan əlavə ərizəçi baş verən hadisə ilə bağlı hüquq mühafizə orqanlarına şikayət etməmiş, şikayət etməməsinin səbəbini qənaətbəxş şəkildə izah edə bilməmişdir. Yuxarıda qeyd edilənlər ərizəçinin mənşə ölkəsində ciddi təqibə məruz qalmadığını, Pakistana qayıdarsa həyatı üçün ciddi təhlükənin yaranmayacağını deməyə əsas verir. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki. o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətinə, siyasi əqidəsinə görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fermanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 29 noyabr 2023-cü il tarixli, 22 saylı protokolu). “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanunun 9-cu və 13-cü maddələrini, habelə “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 12-ci və 13-cü bəndləri rəhbər tutularaq Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. Cavabdeh etiraz məktubunda qeyd etmişdir ki, Asjed Javed (pasport nömrəsi: GQ8679911) ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli İQ-65/1 nömrəli nömrəli qərar qəbul edilmişdir. Hesab edilir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. Şəxs iddia ərizəsində qeyd etdiyi kimi hər hansı sosial qrupa mənsub olmamışdır. 2. Şəxs iddia ərizəsində naməlum şəxslər tərəfindən oğurlandığını bildirmiş, lakin bu barədə ölkəsinin polis və məhkəmə orqanlarına müraciət etməmişdir. 3. Şəxs təqib olunması ilə bağlı polis və məhkəmə orqanlarına müraciət etməmişdir. 4. Şəxs DMX-ya təqdim etdiyi vəsatətində naməlum şəxslər tərəfindən oğurlandığını bildirsə də doğruluğunu təsdiq edən fakt mövcud deyildir. 5. Şəxs DMX-ya təqdim etdiyi vəsatətində oğurlanma tarixləri ilə bağlı fərqli ifadələr səsləndirmişdir. Eyni zamanda, “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır; Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Cavabdeh etirazında iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5344/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh əsl cavabdeh Dövlət Miqrasiya Xidməti ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərcüməçi ilə təmin olunmuş, o, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş materiallarından görünür ki: GQ8679911 nömrəli pasport məlumatlarından görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə Pakistan Respublikası, Lahor şəhərində doğulmuşdur, Pakistan İslam Respublikasının vətəndaşıdır. Qaçqın statusunun verilməsi haqqında vəsatətdən (ərizə-anket) görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Anket məlumatlarına əsasən iddiaçının vətəndaşlığı Pakıstan İslam Respublikası, milliyəti pəncabi, dini etiqadına görə islam (sünni), ana dili urdu olduğu müəyyən olunmuşdur. İddiaçı Lahor şəhərində “Ladybird school”da 10 il təhsil almış və 2014-cü ildə buranı bitirmişdir. Lahor şəhərində “Private school”da 2 il təhsil almış, buranı 2016-cı ildə natamam bitirmişdir. Daha sonra iddiaçı Londonda “Private University”də 2017-ci ildə bakalavr (qrafik dizayn) təhsili almışdır. Peşəsi dükandar, tavan ləvazimatları üzrədir. Lahor şəhərində 2018-2020-ci illərdə özəl farmaseptika şirkətində distribyutor, 2020-2021-ci illərdə onlayn iş, qida malları, 2021-2023-cü illərdə isə Zafarval, Saikot şəhərlərində dükan satıcısı işləmişdir. X7 Lahor şəhərində xx.xx.1976-cı il tarixdə doğulmuşdur, siyasətçidir. Məhkəmə hesab edir ki, iddiaçıya qaçqın statusunun verilməsi ilə bağlı mübahisənin qanuni və əsaslı həllinə nail olmaq işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” AR Qanununun: 1-ci maddəsinə əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; 2-ci maddəsinə görə aşağıdakılara qaçqın statusu verilmir: beynəlxalq hüquqda təyin edildiyi kimi, sülhə qarşı cinayət, hərbi cinayət, bəşəriyyətə və ya insanlığa qarşı cinayət törətdiyi müəyyənləşdirilmiş şəxsə; Azərbaycan Respublikasının ərazisinə gələnə qədər onun hüdudlarından kənarda qeyri-siyasi xarakterli ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsə; Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd əməllər törətməkdə müqəssir olan şəxsə; 10-cu maddəsinin birinci hissəsinə görə, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; 12-ci maddəsinin birinci hissəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir; 13-cü maddəsinin birinci hissəsinə görə, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın: 3-cü bəndinə əsasən, “Qaçqın” statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir; 7-ci bəndinə görə, "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır; 8-ci bəndinə əsasən, müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir; 9-cu bəndinə görə, “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir; 10-cu bəndinə əsasən, “Qaçqın” statusu almaq niyyətində olan şəxsin özü və ailəsi barədə verdiyi bütün məlumatlar və müsahibə vaxtı dedikləri sorğu vərəqinə qeyd edilir; 11-cu bəndinə görə, “Qaçqın” statusu verilməsi ilə əlaqədar müraciət edən şəxsin vəsatəti, anketləri, sorğu vərəqələri, profilaktik baxış keçirilməsi haqqında tibbi sənədi və digər sənədlər onun şəxsi işinə dair sənədlər toplusudur; 12-ci bəndinə əsasən, Dövlət Miqrasiya Xidməti “Qaçqın” statusu almaq niyyətində olan şəxsin şəxsi işini nəzərdən keçirir və vəsatətin qeydiyyata alındığı gündən bir ay keçənədək şəxsi işin surətini baxılmaq üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə göndərir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə iddia ərizəsinin dəlilləri ilə razılaşmır və onları əsassız sayır. Belə ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən sonuncunun səlahiyyətləri çərçivəsində qanunvericiliyə uyğun qaydada baxılmışdır. İddiaçının müsahibə zamanı verdiyi izahatlardan onun təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. İddiaçının ərizə-anket məlumatlarında verdiyi məlumatların qeyri-dəqiqliyi, həmçinin biri digəri ilə üst-üstə düşməməsi bu faktların real olmasını istisna edir. Belə ki, şəxs müsahibəsində qeyd etdiyi hadisələrlə üzləşməsini bildirməsinə baxmayaraq bu barədə hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı tərəfindən ona qaçqın statusunun verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiqini tapır (İPM-14.3), “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi). İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “imtinanın əsassız hesab edilməsi və cavabdehin xx.xx.2023-cü il tarixli İQ-65/1 nömrəli qərarının ləğv edilərək, cavabdehin üzərinə ona qaçqın statusunun verilməsi barədə qərar qəbul ediməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X5.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar