Məhkəmə qərarları › İş №2-1(112)-5346/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5346/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5346/2020 30.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi iddiaçı X4 Cavabdeh iştirakı ilə iddiaçı X4 Cavabdeh qarşı “fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən babası X1 miras qalmış şəxsi mülkiyyət üzrə hal-hazırda ona ümumi şəxsi mülkiyyətdə olan mülkiyyətçilərin razılığı əsasında faktiki olaraq yaşadığı əsas tutularaq qüvvədə olan qanunvericilik əsasında hal-hazırda şəxsi mülkiyyətdə olan evinin onun adına ayrılıqda rəsmiləşdirilərək öz xüsusi şəxsi mülkiyyətinin adına rəsmiləşdirilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, DƏDRX tərəfindən verilmiş MH seriyalı, ******* saylı çıxarışa əsasən iddiaçının atası, Cavabdeh tam mülkiyyət hüququ üzrə xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, dalan 3-də istifadədə olan 0.01256 ha. torpaq sahəsində yerləşən 4 nömrəli fərdi yaşayış evlərinə dair bölgü sxeminin tərtib edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həmin fərdi yaşayış evinin mülkiyyətçisi tərəfindən müraciət edilmiş, lakin ərizə təmin edilməmiş, imtinaya əsas kimi isə sözügedən fərdi yaşayış evlərinə dair bir giriş-çıxış qapısının olması göstərilmişdir. İddia ərizəsində iddia tələbinin maddi və prosessual hüquqi əsası kimi müvafiq olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarına istinad edilmişdir. İş üzrə 30 sentyabr 2020-ci il tarixdə keçirilmiş hazırlıq icraatında iddiaçının subyektiv hüquqlarının mövcudluğunu təsdiq edən sənəd məhkəməyə təqdim edilmədiyindən iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə verdiyi izahatında bildirdi ki, uzun müddətdir ki, ünvan 1 ünvanında fərdi yaşayış evində ailəsi birlikdə yaşayır, amma həmin ünvanda yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə atası Cavabdeh məxsusdur. Bu, onun və ailəsinin mülkiyyət hüquqlarını məhdudlaşdıran bir haldır, hansı ki, digər ailə təsərrüfatının maraqlarına toxunur. Atası, Cavabdeh məxsus olan ünvan 1 babası, X2 miras qalmış əmlakdır və 2007-ci ildə ümumi mülkiyyət olaraq miras qismində atası Cavabdeh adına rəsmiləşdirilmişdir. Hal-hazırda o, ümumi mülkiyyətdə olan və onun payına düşən hissənin öz adına şəxsi xüsusi mülkiyyət kimi tanınması fikrindədir və hesab edir ki, babası X3 ölümü ilə açılmış vərəsəlik işi əsasında mülkiyyət payı tələb etmək hüququ vardır. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında bildirdi ki, ünvan 1 ünvanında fərdi yaşayış evində ailəsi birlikdə yaşayır, ev tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Ev ona atasından miras qalmış əmlakdır və 2007-ci ildə ümumi mülkiyyət olaraq miras qismində adına rəsmiləşdirilmişdir. Hal-hazırda oglunun haqlı olaraq ümumi mülkiyyətdə olan əmlakdan payına düşən hissənin tələb etmək hüququ vardır. Bununla baglı o, fərdi yaşayış evlərinə dair bölgü sxeminin tərtib edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə müraciət etmiş, lakin ərizəsi təmin edilməmiş, imtinaya əsas kimi isə sözügedən fərdi yaşayış evlərinə dair bir giriş-çıxış qapısının olması göstərilmişdir. Hesab edir ki, bu imtina əsassızdır. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmənin qənaətinə görə hazırkı iddianın qaldırılmasında əsas məqsəd iddiaçı X4 mərhum babasından miras qalmış və vərəsə Cavabdeh adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmış əmlaka dair müvafiq hissədə onun mülkiyyət hüquqlarının tanınmasından, payının naturada bölünməsindən və əmlak hüquqlarının qeydiyyata alınmasından ibarətdir. Ancaq iddiaçının sözügedən daşınmaz əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı olmasını edən sənədlər mövcud deyildir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən iddianın mümkün sayılmaması qənaətinə gəldiyindən iddiaçıya izah edilir ki, iddia etdiyi daşınmaz əmlaka münasibətdə paylı mülkiyyətçi statusunu əldə etdikdən sonra (mülki qanunvericilik bunu mülkiyyətçinin ixtiyarına buraxır – öz əmlakınının bir hissəsini bagışlaya, sata və. əqdlərlə digər şəxsin adına özgəninkiləşdirə bilər) öz payının ayrılmasını tələb edə, ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında mübahisə olduqda isə öz payının naturada ayrılmasını əmlakın oldugu yer üzrə rayon (şəhər) məhkəməsi müstəvisində tələb edə bilər. Göstərilən məsələlər öz həllini tapdıqdan sonra isə müvafiq səlahiyyətli inzibati orqana əmlak hüquqlarının qeydiyyata alınması və bununla bağlı digər sənədləşmə işlərinin aparılması haqqında ərizə ilə müraciət edə, xahişi təmin edilmədiyi təqdirdə isə həmin inzibati orqana qarşı aidiyyəti məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia mümkün sayılmadığından iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması və əsl olmayan tərəfin əvəz edilməsi ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 HAKİM MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar