Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5347/2021 29.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “travmanın səbəb əlaqəsinin dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “travmanın səbəb əlaqəsinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iş üzrə növbəti məhkəmə iclası 29.04.2021-ci il tarixə təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iş ərazi aidiyyəti baxımından Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Məhkəmə iclasında iştirak edən İddiaçı hazırkı işin aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) hazırkı işin aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etməmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə formalaşmış hüquqi mövqeyi və İddiaçı faktiki yaşadığı yerin (Xızı rayonu, Sitalçay-1, hərbi şəhərcik, ev 12, mənzil 11), rəsmi qeydiyyatda olduğu yerlə (Neftçala rayonu, Xıllı qəsəbəsi) fərqli olduğunu nəzərə alaraq qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə müvafiq olaraq fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Beləliklə mövcud qanunvericilik şəxsin bir neçə yaşayış yerinin olmasını mümkün saysa da, eyni zamanda şəxsin dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsinə şərait yaratmaq məqsədi ilə onun yaşayış yeri üzrə 10 gündən gec olmayaraq müddətdə qeydiyyata alınması üçün müvafiq qaydada müraciət etməsini onun üzərinə vəzifə qoyur, həmçinin Azərbaycan Respublikası vətəndaşının yaşayış yerinin yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilməsini nəzərdə tutur. Beləliklə yuxarıda göstərilənlərdən göründüyü kimi, hazırkı mübahisə inzibati orqanla hərbi qulluqçu arasında mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlıdır və iddiaçının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinə (AZEMİS elektron məhkəmə sistemi vasitəsi ilə şəxsiyyət vəsiqəsi məlumatlarından çıxarış) əsasən onun yaşayış yeri (qeydiyyatda olduğu ünvan) Neftçala rayonu, Xıllı qəsəbəsidir. Belə olan halda məhkəmə hesab edir ki, hərbi qulluqçu olmuş İddiaçı inzibati orqana qarşı xidmət hüquq münasibətlərindən yaranmış hazırkı iddia tələbi üzrə mübahisəyə İPM-in 8.1.3-cü maddəsinin müddəaları tətbiq edilməklə, iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olduğu yerin müvafiq məhkəməsində, yəni Şirvan İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, İPM-in 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin qərara görə Neftçala rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və İPM-in 8.1-ci, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “travmanın səbəb əlaqəsinin dəyişdirilməsi” tələbi barədə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-5347/2021 saylı iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-5347/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5347/2021
29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver