Məhkəmə qərarları › İş №2-1(112)-5349/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5349/2023

08.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5349/2023 08.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində X3, X8, X7 və X9 cəlb olunmaqla) «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər RPİ-yə qarşı «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qaqşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2146-cı məhəllə, 21 saylı evin 8 saylı mənzili İddiaçı oğlunun mülkiyyətindədir və bu barədə ********** qeydiyyat nömrəli, 7 sentyabr 2017-ci il qeydiyyat tarixli reyestrdən çıxarış verilmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. X3, X8, X7 və X9 həmin mənzildə qeydiyyatda olsalar da, yaşamırlar. Onların formal qeydiyyatı iddiaçının mənzilin mülkiyyətçisi kimi hüquqlarının pozulmasına səbəb olur. İddiaçı mülkiyyətində olan mənzildən həmin məxslərin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh Bakı şəhəri Xəzər RPİ-yə müraciət etmişdir, lakin cavabdeh tərəfindən məsələnin həllindən imtina edilərək məhkəməyə müraciət tövsiyə olunmuşdur. Göstərilənlərə və İPM-in müddəalarına əsaslanaraq, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2146-cı məhəllə, 21 saylı evin 8 saylı mənzilindən X1, X4, X2 və X5 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Xəzər RPİ-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X3, X8, X7 və X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf və üçüncü şəxslər gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 7 sentyabr 2017-ci il) surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2146-cı məhəllə, 21 saylı evin 8 saylı mənzili İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan ASAN 6 Xidmət Mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 23 noyabr 2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, X3, X8, X7 və X9 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2146-cı məhəllə, 21 saylı evin 8 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ-nin iddiaçının vəkilinə ünvanlanmış 24 dekabr 2022-ci il tarixli məktubunda bildirilir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2146-cı məhəllə, 21 saylı evin 8 saylı mənzilindən X1, X4, X2 və X5 qeydiyyatdan çıxarılması ilə bağlı Xəzər RPİ-yə ünvanlanmış 15 dekabr 2022-ci il tarixli məktuba İdarənin Qeydiyyat məsələləri bölməsində baxılmışdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci hissəsinin tələblərinə müvafiq olaraq, qeyd olunan məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunur. İş materiallarından görünür ki, satıcı X6 ilə alıcı X10 arasında notarial qaydada 30 oktyabr 2003-cü il tarixdə tarixli 186494 nömrəli müqavilə bağlanmışdır və həmin müqavilənin müddəalarına görə satıcı müvafiq məbləğdə pul vəsaiti müqabilində ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2146-cı məhəllə, 21 saylı evin 8 saylı mənzilini alıcının mülkiyyətində vermişdir. İş materiallarında olan Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məhkəməyə ünvanlanmış 6 aprel 2023-cü il tarixli 116 nömrəli məktubundan və Birliyin 131 saylı MKİS-in 6 aprel 2023-cü il tarixli arayışında bildirilir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2146-cı məhəllə, 21 saylı evin 8 saylı mənzilində qeydiyyatdadır və tək yaşayır. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 27 mart 2023-cü il tarixli məktubunda bildirilir ki, X1, X4, X2 və X5 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2146-cı məhəllə, 21 saylı evin 8 saylı mənzilində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Hazırkı məhkəmə icraatında müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2146-cı məhəllə, 21 saylı evin 8 saylı mənzilindən X1, X4, X2 və X5 qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqan Bakı şəhəri Xəzər RPİ-yə müraciət etdiyindən, cavabdeh tərəfindən isə, həmin məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer – onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixdə qərara almışdır ki: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; - «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyat çıxarılması üçün halları müəyyən etmiş və “şəxsin yaşayış yerini dəyişməsi” və “şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” belə hallara aiddir. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasının qanunvericiliklə müəyyən edilmiş digər əsasları hazırkı mübahisə ilə uzlaşmır və belə əsasların iş üzrə müəyyən edilməsinin yoxlanılmasına zərurət yaranmır. Məhkəmə diqqətə çatdırır ki, iş materiallarından göründüyü kimi hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2146-cı məhəllə, 21 saylı evin 8 saylı mənzilinə sahiblik, istifadə və sərəncam hüquqları İddiaçı məxsusdur. Mənzilin əvvəlki mülkiyyətçisi isə, əvvəllər mənzilə dair ona məxsus olmuş mülkiyyət hüququndan müqavilədə nəzərdə tutulan haqq müqabilində imtina edərək onun başqa şəxsə keçməsi ilə bağlı iradə ifadəsini nümayiş etdirmişdir. Eyni zamanda köhnə mülkiyyətçi ilə qohumluq əlaqəsində olan şəxslərin də qeydiyyatı alqı-satqı müqaviləsinin bağlanılması ilə öz əhəmiyyətini itirmişdir. Buna görə də X1, X4, X2 və X5 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2146-cı məhəllə, 21 saylı evin 8 saylı mənzili üzərində hər hansı hüququnun olması ehtimalı aradan qalxır. Nəzərə alınmalıdır ki, müvafiq səlahiyyətli qurum kimi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış məktubunda da X1, X4, X2 və X5 iddiaçıya məxsus mənzilə istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumatın aşkar olunmadığı bildirilir. Hazırkı məhkəmə icraatında X3 və digərlərinin iddiaçıya məxsus mənzilə hər hansı hüquqlarının mövcudluğunun müəyyən edilməsinə dair nə cavabdeh inzibati orqan, nə də üçüncü şəxslər özləri də hər hansı sübut, dəlil təqdim etməmişlər. Qeyd olunmalıdır ki, məhkəmə icraatı üzrə onlara ünvanlanmış məhkəmə bildirişləri üçüncü şəxslərin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Odur ki, məhkəmənin qənaətinə görə X3, X8, X7 və X9 iddaçı İddiaçı oğluna məxsus mənzildə yaşamadıqlarından (bu hal cavabdeh tərəfindən təkzib olunmur), eləcə də onların həmin mənzilə hər hansı hüququ qeydiyyata alınmadığından cavabdeh Bakı şəhəri Xəzər RPİ tərəfindən həmin mənzilin mülkiyyətçisi kimi hazırkı iddiaçının müraciəti əsasında adıçəkilən şəxslərin sözügedən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmaması hərəkətləri (hərəkətsizliyi) qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2146-cı məhəllə, 21 saylı evin 8 saylı mənzilindən X1, X4, X2 və X5 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər RPİ-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2146-cı məhəllə, 21 saylı evin 8 saylı mənzilindən X1, X4, X2 və X5 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar