Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5349/2024 30.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı1 nümayəndəsi (arvadı) X1, İddiaçı2 nümayəndəsi (oğlu) X3, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair çıxarışın və plan-ölçü sənədinin verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsi, 13A ünvanında yerləşən bağ evinə dair notarial qaydada təsdiqlənmiş bölgü sxeminə uyğun olaraq İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçılar daha sonra məhkəməyə ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsi, 13A ünvanında yerləşən bağ evinə dair notarial qaydada təsdiqlənmiş bölgü sxeminə uyğun olaraq İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda yeni ünvan, çıxarış və torpaq sahəsinin ölçü planının verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir.
3. Məhkəmə hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsi, 13A ünvanında yerləşən bağ evinə dair notarial qaydada təsdiqlənmiş bölgü sxeminə uyğun olaraq İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda yeni ünvan, çıxarış və torpaq sahəsinin ölçü planının verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu. Şüvalan qəsəbəsi, 13A ünvanda yerləşən bağ evi İddiaçı2 ilə İddiaçı1 paylı mülkiyyətindədir. Sözügedən bağ evinə dair qanuna müvafiq formada bölgü sxemi səlahiyyətli icra hakimiyyəti orqanı olan Xəzər Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal İstismarı Birliyinin 49 saylı MKİS-in mühəndisi tərəfindən tərtib edilmiş və 6 saylı Notariat kontoru tərəfindən təsdiq edilmişdir. Müvafiq bölgü sxemi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin “Əmlak Məkanı Xidməti"nə təqdim edilmiş və Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsi, 13A ünvanında yerləşən bağ evinə dair mülkiyyət hüquqların qeydiyyata alınması xahiş edilsə də, lakin ərizə və ona əlavə edilmiş hüquqmüəyyənedici sənədlərin qəbulundan imtina olunmuşdur. İddiaçılar hesab edir ki, cavabdeh orqanın hərəkətsizliyi əsassız və qanunsuzdur. Belə ki, sözügedən hüquqmüəyyənedici sənədlər - daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, bölgü sxemi əsasında qeydiyyat aparıla bilər. Bu barədə hər hansı cavab verilməməsi və müraciətin cavabsız qalması yolverilməzdir.
5. Cavabdeh tərəfindən İddiaçı2 ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, sözügedən ünvana idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilmişdir. Elektron kadastr baza məlumatlarına əsasən bölünməsi nəzərdə tutulan bağ evinin yerləşdiyi topraq sahəsinin bir hissəsi (152 kv.m) digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahələrlə üst-üstə düşdüyündən bölgü sxeminin tərtib edilməsi tərəfimizdən mümkün olmamışdır.
6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, ddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 13A ünvanında yerləşən bağ evinə dair notarial qaydada təsdiqlənmiş bölgü sxeminə uyğun olaraq İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçılar iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş, xx.xx.2023-cü il tarixli **********41 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən bölünməsi nəzərdə tutulan torpaq sahəsinin 40 kv.m hissəsi X5, bağ evinin yerləşdiyi torpaq sahəsinin isə 152 kv.m. hissəsi X4 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşdüyündən plan-ölçü və bölgü sxeminin tərtib edilməsi İdarə tərəfindən mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi yolu ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh orqan yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
7. Reyestrdə 4Ə-2056 nömrə ilə qeyd edilən xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən satıcı İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13A ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən 427 kv.m hissəsini alıcı İddiaçı1 mülkiyyətinə verilmişdir. Qalan torpaq sahəsi və bağ evi mülkiyyətçinin mülkiyyətində qalır.
8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13A ünvanında yerləşən bağ evinə dair xüsusi mülkiyyət hüququ (paylı) İddiaçı1 (0.0427 ha torpaq sahəsi) və İddiaçı2 (ev və 0.0773 ha torpaq sahəsi) adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
9. Reyestrdə 8İ-25039 nömrə ilə qeyd edilən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 13A ünvanda yerləşən bağ evi tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin bölgü sxemi iş materiallarına əlavə olunmuşdur.
10. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı vəsatətdə qeyd olunmuşdur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 13A ünvanında yerləşən bağ evinə dair notarial qaydada təsdiqlənmiş bölgü sxeminə uyğun olaraq İddiaçı1 və İddiaçı2 ayrıayrılıqda çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə 2-1(112)-5349/2024 saylı inzibati iş vardır. İş üzrə aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən bölünməsi nəzərdə tutulan torpaq sahəsinin 40 kv.m hissəsi X5, bağ evinin yerləşdiyi torpaq sahəsinin isə 152 kv.m hissəsi X4 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşdüyündən plan-ölçü və bölgü sxeminin tərtib edilməsi İdarə tərəfindən mümkün olmamışdır. Bu səbəbdən qeyd edilən inzibati iş üzrə X5 və X4 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – Məcəllə) 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Yuxarıda göstərilənləri nəzərə alaraq işin hallarının obyektiv araşdırılması məqsədilə qeyd edilən inzibati iş üzrə X5 və X4 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
11. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X9 və X8 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişdir.
12. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 6/9-3107-3110 saylı bağ sahəsinə dair xüsusi mülkiyyət hüququ X5 adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.
13. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 6/9-3107-3110 saylı bağ sahəsinin X5 adına qeydiyyata alınmasına əsas olmuş sənədlər iş materiallarına əlavə olunmuşdur.
14. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 12 saylı bağ sahəsinə dair xüsusi mülkiyyət hüququ X4 adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır.
15. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 12 saylı bağ sahəsinin X4 adına qeydiyyata alınmasına əsas olmuş sənədlər iş materiallarına əlavə olunmuşdur.
16. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən İddiaçı1 nümayəndəsi (arvadı) iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi.
17. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən İddiaçı2 nümayəndəsi (oğlu) iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi.
18. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdeh etirazın məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmamasını xahiş etdi.
19. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etmirlər. II. İddianın növü və mümkünlüyü
20. İPM-dən: 30.1 Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır.
21. Məhkəmə iddiaçıların mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olduqlarında prosessual həmiştirakçılığı yolverilən hesab edir.
22. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
23. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
24. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. İddia tələbi plan və ölçü sənədinin tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.
26. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.
27. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
28. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
29. X12 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
30. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
31. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
32. X16 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
33. Azərbaycan Respublikası Mülki Məcəllləsindən: Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
34. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”: 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir: 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə;
35. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13A ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən 427 kv.m hissəsini alıcı İddiaçı1 mülkiyyətinə verilmiş, qalan torpaq sahəsi və bağ evi İddiaçı2 mülkiyyətində qalmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13A ünvanında yerləşən bağ evinə dair xüsusi mülkiyyət hüququ (paylı) İddiaçı1 (0.0427 ha torpaq sahəsi) və İddiaçı2 (ev və 0.0773 ha torpaq sahəsi) adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Eyni zamanda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13A ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsinə dair bölgü sxemi tərtib olunmuşdur. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və torpaq sahəsinə dair tərtib olunmuş bölgü sxemində iddiaçılar İddiaçı1 və İddiaçı2 torpaq sahəsindəki payları dəqiq və aydın müəyyən edilmişdir (İddiaçı1 - 0.0427 ha torpaq sahəsi; İddiaçı2 - ev və 0.0773 ha torpaq sahəsi).
36. Məhkəmə qeyd edir ki, hazırkı işdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13A ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsinə dair tərib olunmuş bölgü sxemi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla tamamlanmaqla iddiaçıların torpaq sahəsindəki paylarına uyğun mülkiyyət hüquqlarını təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Məhkəmənin qeyd edilən qənaəti X16 Məhkəməsinin presedent hüququna əsaslanır (bax: Sarqsyan Azərbaycana qarşı iş (40167/06 nömrəli ərizə üzrə xx.xx.2015-ci il tarixli qərar § 188).
37. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bölgü sxemi tərtib (təsdiq) edilmiş torpaq sahəsinə (paylı) münasibətdə payçılara (iddiaçılara) öz paylarına uyğun ayrı-ayrılıqda çıxarışların və plan-ölçü sənədlərinin tərtib edilməməsinin ağlabatan əsaslandırılması yoxdur. Cavabdeh tərəfindən bildirilən dəlillər (mübahisələndirilən torpaq sahəsinin müəyyən hissələrinin digər torpaq sahələrinin ərazisi ilə üst-üstə düşməsi) həmin sənədin tərtibindən imtina üçün əsas ola bilməz.
38. Cavabdeh imtinanın dəlili olaraq qeyd edir ki, hazırki iddia tələbinin predmeti olan torpaq sahəsinin müəyyən hissələri qonşuluqda yerləşən digər torpaq sahələrinin əraziləri ilə üstüstə düşür.
39. Məhkəmə nəzərə alır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus ümumi sahəsi 12 ha olan torpaq sahəsinə, eləcə də cavabdeh tərəfindən qeyd olunan X7 və X6 məxsus torpaq sahələrinə dair mülkiyyət hüquqları qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Odur ki, hər üç torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınarkən hər hansı uyğunsuzluq və torpaq sahələrinin üst-üstə düşməsi halı aşkar edilmədiyindən hazırda eyni torpaq sahələrinə münasibətdə üst-üstə düşmə əsası ilə imtina əsaslı hesab edilə bilməz (torpaq sahələrinin hər hansı birinin ölçüsündə dəyişiklik müəyyən edilməmişdir) və etimadın qorunması prinsipi baxımından ziddir. Belə ki, bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati orqanın davranışını qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
40. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
41. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X16 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
43. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
44. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
45. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
46. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
47. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsi, 13A ünvanında yerləşən bağ evinə dair notarial qaydada təsdiqlənmiş bölgü sxeminə uyğun olaraq İddiaçı1 0,0427 ha torpaq sahəsi; İddiaçı2 ev və 0,0773 ha torpaq sahəsi olmaqla ayrı-ayrılıqda yeni ünvan, çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva