Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-535/2022 14.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi» barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi» tələbinə dair iddia qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı Həsənbala oğlu AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. Pensiya hesablanarkən 1 yanvar 2010-cu il tarixdən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu tətbiq edilib və 10 avqust 2015-ci il tarixdən təyin edilib. Lakin onun pensiya hüququ 10 avqust 2008-ci il tarixində yaranmışdır. Bununla da onun 1 yanvar 2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 10 və 27-ci maddələri üzrə hüquqları pozulmuşdur. «Əmək pensiyaları haqqında» Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər və həmin Qanunun 32.1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası buna hüququ olan şəxslərin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən təyin olunur. Sözügedən Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Belə ki, iddiaçı 13 mart 1979-cu il tarixdən 8 avqust 1997-ci il tarixədək “Neftqaztikinti” Trestinin idarələrində dənizdə xüsusi zərərli iş şəraiti olan dəmir beton konstruksiyaların quraşdırıcısı vəzifəsində işləmişdir. Həmin vəzifə dəniz şəraitində olduğundan, işin xarakterinə və vəzifə funksiyalarına görə AR Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli (güzəştli pensiya hüququ verən vəzifərlə bağlı) Siyahıya uyğundur. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu 10 avqust 2008-ci il tarixdə qazanmışdır və ona münasibətdə «Əmək pensiyaları haqqında» Qanunun həmin dövrdə qüvvədə olan müddəaları tətbiq olunmalı və 50 yaşdan əmək pensiyası təyin edilməlidir. O, dəniz şəraitində xüsusi zərərli işlərdə 17 il işləmişdir və onun ümumi iş stajı 1 avqust 1997-ci il tarixədək 20 ildən çoxdur. 1977 – 1979-cu illərdə hərbi xidmətdə (H3 seriyalı ******* nömrəli hərbi biletdə qeydlər mövcuddur) olmuşdur. «Əmək pensiyaları haqqında» Qanununun 21-ci maddəsinə əsasən hərbi xidmət dövrü və təhsil müddəti sığorta stajına daxil edilməlidir. Bundan əlavə o, 13 dekabr 1997-ci il tarixdən hal-hazıradək müqavilə üzrə "xxxx" Birgə Müəssisəsində işləyir. Bu barədə əmək kitabçasında müvafiq qeydlər vardır. İşlədiyi bütün dövr üçün məcburi dövlət sosial sığorta haqqları ödənilir. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmi əşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək, kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəllləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi, peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «Sosial sığorta haqqında» Qanuna əsasən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə nəzarət, edən mərkəzi, icra, hakimiyyəti orqanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və onun müvafiq şöbələridir. Bununla əlaqədar iddiaçı Fondun Bakı şəhəri Nizami rayon şöbəsinə müraciət etsə də, ona verilən cavab məktubunda pensiyanın məbləğinin «Əmək pensiyaları haqqında» Qanuna müvafiq olaraq düzgün hesablandığı bildirilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə, «Əmək pensiyaları haqqında» Qanunun 10.2, 21.1, 27 və 37.7-ci maddələrinə, «Sosial sığorta haqqında» Qanunun 10, 11, 14-cü maddələrinə əsaslanaraq, məhkəmədən ona (iddiaçıya) “Neftqaztikinti” Trestinin idarələrində 13 mart 1979-cu il tarixdən 8 sentyabr 1997-ci il tarixədək işlədiyi dövrün iş stajının AR Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahıya müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, 10 avqust 2008-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004 – 2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 1 yanvar 2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunun ilə müəyyən edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindnə təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanlar; kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bu Qanunun 9.8-ci maddəsində göstərilir ki, Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvələr qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Sözügedən Qanunun 9.8-ci maddəsində 1 nömrəli siyahı üzrə 52 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası o zaman təyin edilir ki, bu qanun qüvvəyə mindiyi tarixədək (yəni, 1 yanvar 2006-ci il tarixədək) güzəştli və ümumi əmək stajını toplamış olsun. Həmin Qanunda 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası nəzərdə tutulmamışdır. Bunları nəzərə alaraq, iddia əsassız olduğundan onun təmin edilməməsi məhkəmədən xahiş edilir. İnzibati mübahisəyə mahiyyəti üzrə 18 aprel 2017-ci il tarixdə baxılmış və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin tarixli 2-1(82)-1861/2017 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı 13 mart 1979-cu il tarixdən 8 sentyabr 1997-ci il tarixədək “Neftqaztikinti” Trestinin idarələrində işlədiyi iş stajının AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı siyahıya müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla 10 avqust 2008-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004 – 2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1567/2017 saylı 8 avqust 2017-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1861/2017 saylı 18 aprel 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2110/2017 saylı 15 noyabr 2017-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin sözügedən 8 avqust 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi təşkil edilmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1 – 3-cü hissələri ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”, “X3 Nizamnaməsi”, “Dövlət Tibbi-Sosial Ekspertiza və X1” təsdiq edilmişdir. Fərmanın 5-ci hissəsi ilə müəyyən edilmişdir ki, (5.1) bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, X6, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. Dövlət Sosial Müdafiə Fondunun orqanı Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək iş üzrə yeni açılmış hallarla bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1861/2017 saylı 18 aprel 2017-ci il tarixli qərarının ləğv edilməsini və icraatın təzələnməsini xahiş etmişdir. Ərizədə bildirilmişdir ki, vətəndaş İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bu hüququnun yarandığı tarixdən təyin olunması vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi tələbini irəli sürmüşdür. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1861/2017 saylı iş üzrə 18 aprel 2017-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. İPM-in Xİİ fəslinin tələblərinə uyğun olaraq iş üzrə icraat təzələnməli, məhkəmənin qərarı ləğv edilərək iddia rədd edilməlidir. İşin halları ilə bağlı aşağıdakılar diqqətə çatdırılır: ünvan 1 ünvanında qeydiyyatda olan 10 avqust 1958-ci il tarixdə doğulmuş İddiaçı 29 iyun 2017-ci il tarixli ərizəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin Pensiya üzrə komissiyasının qərarı ilə ona 10 avqust 2015-ci il tarixdən (57 yaşdan) «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin şərtlərinə əsasən AR Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na istinad etməklə və əmək kitabçası üzrə 2006-cı ilədək hesablanmış 29 il 6 ay sosial sığorta stajı, həmçinin 1 yanvar 2006-ci il tarixdən pensiya hüququnun yarandığı tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 27 mart 2017-ci il tarixli ərizəsi ilə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə müraciət edərək, həmin Qanunun 9.8-ci maddəsinə əsasən 50 yaşdan əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını yenidən hesablanaraq təyin olunmasını xahiş etmişdir. Həmin şöbənin vətəndaşa ünvanlanmış cavab məktubunda müraciətinin təmin edilməsinin mümkün olmadığı barədə məlumat verilmişdir. Eyni zamanda məlum olmuşdur ki, vətəndaşın adından eyni tələblərlə yazılmış iddia ərizəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim edilməklə 17 mart 2017-ci il tarixdə həmin məhkəmədə qeydiyyata alınmış, həmin günün tarixi ilə müvafiq məhkəmənin təsdiq etdiyi sərəncamla şöbəyə vətəndaşın iddiası göndərilməklə 10 gün ərzində yazılı münasibətin (etirazın) bildirilməsi, həmçinin eyni tarixli üst məktubu ilə şöbə, 5 aprel 2017-ci il tarixdə keçiriləcək məhkəmənin hazırlıq iclasına cavabdeh qismində dəvət edilmiş, 10 aprel 2017-ci il tarixli məhkəmə bildirişində isə, 17 aprel 2016-cı il tarixdə (tarix məhz belə də qeyd edilmişdir – “2016-cı il”) keçiriləcək şifahi məhkəmə baxışı iclasına cavabdeh qismində çağırılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 18 aprel 2017-ci il tarixli (İş № 2-1(82)-1861/2017) qərarı ilə iddia təmin edilərək iddiaçının 13 mart 1979-cu il tarixdən 8 sentyabr 1997-ci il tarixədək “Azərdənizneftinşaat” Trestinin idarələrində işlədiyi iş stajını (fəhlə, polad və dəmir-beton konstruksiyalarının quraşdırıcısı) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, 10 avqust 2008-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004 – 2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin qoyulmuşdur. Vətəndaşın adından yazılmış və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim etməklə qeydiyyatdan keçirilmiş müvafiq iddia ərizəsində yalan məlumat verilməklə onun Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası aldığını və pensiyasının 10 avqust 2015-ci il tarixdən təyin edildiyi bildirmişdir. Bu fakt məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır. İddia ərizəsində həmçinin 10 avqust 2008-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004 – 2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbi qoyulmuşdur. Halbuki, məhkəmə baxışı keçirilərkən hələ vətəndaşa heç bir növ əmək pensiyası aparılmamışdır. Bunlardan əlavə, məhkəmə qərarının müxtəlif hissələrində bu məsələyə heç bir aidiyyəti olmayan Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin adının qeyd olunduğu aşkar edilmişdir. Beləliklə, göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, qərarın tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti vətəndaşa əmək pensiyasının təyin edilməsi deyil, yenidən hesablanması vəzifəsinin qoyulması olmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarından apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 8 avqust 2017-ci il tarixli 2-1(103)- 1567/2017 saylı qərarı ilə şikayət təmin edilməmişdir. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin 15 noyabr 2017-ci il tarixli 2-1 (102)-2110/2017 nömrəli qərarı ilə şöbənin şikayəti təmin olunmamışdır. Məhkəmə İddiaçı AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda müəyyən edilmiş işlərdə həqiqətən işləyib-işləməməsini aidiyyəti orqanların sənədləri əsasında araşdırmadan ona 13 mart 1979-cu il tarixdən 8 sentyabr 1997-ci il tarixədək olan dövrü iş stajına daxil edərək güzəştli şərtlə yaşa görə pensiya təyin edilməsi barədə qərar çıxarmışdır. Məhkəmə qərar çıxararkən müəyyən etdiyi iş dövrlərinin təsdiq edilməsi məqsədi ilə müvafiq müəssisə, idarə və təşkilatlardan heç bir rəsmi məlumat, o cümlədən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələrdə çalışması barədə arayış tələb edilməmiş, zəruri tədqiqat işləri aparılmamış, iddiaçının polad və dəmir-beton konstruksiyalarının quraşdırıcısı işlədiyi barədə əsaslar olmadan iddia tələbi təmin edilmişdir. Habelə, Ali Məhkəmənin və apellyasiya instansiyası məhkəməsinin qərarlarında qeyd olunanların birinci instansiyanın qərarının mətnində olduğu kimi təkrarlandığı müşahidə edilmişdir. Şöbəyə daxil olmuş məhkəmə qərarları və digər sənədlərə, o cümlədən "xxxx" Birgə Müəssisəsində 2004 – 2005-ci illərin əmək haqqına əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 10 avqust 2008-ci il tarixdən yenidən hesablanmış, 10 avqust 2008-ci il tarixdən hesablanmış pensiyasının aylıq məbləği müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə 1 iyul 2017-ci il tarixdən 185,54 manatdan 2.076,88 manata qaldırılmış və 1 sentyabr 2017-ci il tarixdən ödənişinə başlanılmışdır. 10 avqust 2008-ci il tarixdən 1 sentyabr 2017-ci il tarixədək olan müddət üzrə ötən dövrlər üçün fərq məbləği hesablanmışdır. Həmin fərq məbləği vətəndaşın plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmışdır. 1 yanvar 2019-cu il tarixdən vətəndaşın aylıq pensiyası indeksləşdirmə nəticəsində 2.261,12 manata, 1 may 2019-cu il tarixdən 6 illik pensiya kapitalı əsasında yenidən hesablanmaqla 2.609,29 manata çatdırılmışdır. Dövlət Sosial Müdafiə Fondu Baki şəhəri Xətai rayon şöbəsi tərəfindən məhkəmə qərarları əsasında İddiaçı pensiyasının yenidən hesablanılması və 1 fevral 2020-ci il tarixədək ödənilməsi nəticəsində ona dövlət büdcəsi hesabına külli miqdarda əsassız məbləğ ödənilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 fevral 2019-cu il tarixli **********2 nömrəli əmri ilə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırda eyni adlı Mərkəzi Filial) yaradılmış və İdarənin Əsasnaməsi təsdiq edilmişdir. Əsasnaməyə əsasən «Əmək pensiyaları haqqında» Qanunun 9 və 20-ci maddələrinə əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi İdarənin səlahiyyətlərinə aid edilmişdir. Eyni zamanda Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 30 aprel 2019-cu il tarixli **********7 nömrəli məktubuna əsasən 2019-cu ilin 10 may tarixinədək Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri tərəfindən Qanunun qeyd olunan maddələrinə əsasən pensiya təyin edilmiş şəxslərin pensiya işlərinin Mərkəzi Filiala təhvil verilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə və İPM-in 100-cü maddəsinə əsaslanaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 aprel 2017-ci il tarixli 2-1(82)-1861/2017 saylı qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraaatın təzələnməsi məhkəmədən xahiş olunur. İPM-in 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. İPM-in 106-cı maddəsinə görə məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. İPM-in 107.2-ci maddəsinə görə mübahisə ilə bağlı iş üzrə məhkəmənin yeni qərarı ilkin qərarı əvəz edir. Məhkəmə həmin qərarda yeni açılmış hallar üzrə icraatla əlaqədar prosessual xərclər haqqında məsələni də həll edir. Bakı İnzibati Məhkəməsinin iş üzrə 16 noyabr 2020-ci il tarixli qərardadı ilə “yeni açılmış hallarla bağlı” ərizə təmin edilərək, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi» barədə iddia tələbinə dair iş üzrə icraat təzələnmişdir. Məhkəmə qərardadında qeyd edilmişdir ki, İPM-in müddəaları yeni açılmış hallarla icraatın təzələndiyi halda, ilkin icraat üzrə məhkəmə qərarının ləğvini yox, yeni qərarın ilkin qərarı əvəz etməsini nəzərdə tutur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-913/2021 saylı iş üzrə 11 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1861/2017 saylı iş üzrə 16 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2189/2021 saylı iş üzrə 3 noyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 913/2021 saylı iş üzrə 11 mart 2021-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməmiş, kassasiya şikayəti mümkün sayılmamış və onun icraata qəbulundan imtina edilmişdir. İPM-in 107.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli məhkəmə ilkin icraat üzrə araşdırmanı davam etdirir. İlkin məhkəmə qərarının qəbul edildiyi zaman istinad edilmiş faktiki hallar yeni sübutlar əsasında məhkəmə tərəfindən araşdırılır və ilkin ərizə üzrə yeni qərar qəbul edilir. İş materialları Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra iş üzrə məhkəmə araşdılması davam etdirilmiş və məhkəmə iclası təyin edilərək, iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı (və ya nümayəndəsi) gəlməmiş, cavabdehin nümayəndəsi gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 məhkəməyə təqdim olunmuş yeni açılmış hallarla bağlı ərizədə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə (İ və İİİ hissələrinə) əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 10.2-ci maddəsinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə tələblərinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T), burada SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir, PS - bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir, PSK- sığortaolunannın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu barədə qeydə alınmış pensiya kapitalıdır, T göslənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 27.1-ci maddəsinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə olan tələblərinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu Qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir (maddənin birinci hissəsi). Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır (maddənin ikinci hissəsi). İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: . . . hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti (maddənin üçüncü hissəsinin “v” bəndi), ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti (maddənin üçüncü hissəsinin “ğ” bəndi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli qərardadında göstərilmişdir: - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 qərarı ilə «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Qanuna uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Sözügedən Qərarla təsdiqlənmiş 1 nömrəli Siyahının “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində qazma sahəsində 1100000a – 11587 kodu ilə qüllə quraşdırıcıları, 1100000a – 11588 kodu ilə qüllə quraşdırıcıları-qaynaqçıları, 1100000a – 11590 kodu ilə qüllə quraşdırıcıları-elektrik montyorları peşələri nəzərdə tutulmuşdur. Siyahıda “dəmir beton konstruksiyaların quraşdırıcısı” peşəsi əksini tapmamışdır. Göründüyü kimi, əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin normaları nəzərdə tutur ki, 1 avqust 1997-ci il tarixədək azı 20 il ümumi iş stajına, o cümlədən azı 10 il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 50 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Məhkəmənin qeyd edir ki, İddiaçı 1997-ci ilədək “Neftqaztikinti” (Azərdənizneftinşaat”) Trestinin idarələrində işlədiyi “dəmir beton konstruksiyaların quraşdırıcısı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının müddəalarında nəzərdə tutulmamışdır. Bununla da müəyyən edilir ki, iddiaçının 1997-ci ilin 1 avqust tarixədək 20 ildən artıq ümumi stajı toplansa da, o, 10 il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə stajı toplamamaşdır. Belə olan halda, onun 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının “50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi əsassızdır. İddiaçının ikiinci tələbi, yəni “keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbi birinci tələbdən törəmə və asılı olduğundan, iddia həmin hissədə də əsaslı deyil. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair iddiası əsaslı deyil və cavabdeh inzibati orqanın üzərinə həmin pensiya təyinatı üzrə öhdəlik qoyula bilməz. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-535/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-535/2022
14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver