Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5350/2021 10.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə (üçüncü şəxs X5) qarşı “təhsil haqqını ödəməkdən azad edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) 11 noyabr 2020-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə (bundan sonra – Cavabdeh) müraciət edərək təhsil haqqının dövlət hesabına ödənilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan və təhsil haqqını ödəməkdən azad olunan şəxslərin dairəsinə aid olmasını təsdiq edən sənədlərin təqdim edilməsi nəticəsindən təhsil haqqını ödəməkdən azad olunacağı bildirilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərarına uyğun olaraq onu Azərbaycan Dövlət İqtisad Universitetində ödənişli əsaslarla təhsil haqqından azad olunma tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 24 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı “təhsil haqqı xərclərinin dövlət büdcəsi hesabına ödənilməsi”nə dair müraciətinə yenidən baxılması üçün cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə 30 (otuz) gün müddət təyin edilmiş, cavabdeh 03 avqust 2021-ci il tarixli 18-18062/12 saylı məktubu ilə İddiaçı müraciəti dövründə onun atasının həssas təbəqə üzrə sosial statusu barədə məlumat təqdim olunmadığından qeyd olunan qərarın ona şamil olunmadığı və sistem tərəfindən onun müraciətinə imtina verilmişdiyi, tələbənin valideynləri arasında nikahın pozulmasının onların valideynlik hüququndan məhrum edilməsi kimi qiymətləndirilmədiyini, qeyd edilənlərə əsasən İddiaçı həssas əhali qrupuna aid edilməsi və təhsil haqqını ödəməkdən azad edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Məhkəmənin 25 oktyabr 2021-ci il tarixli qərardadı ilə X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o Azərbaycan Dövlət İqtisad Universitetində ödənişli əsaslarla təhsil alır. Ailəsinin sosial durumu yaxşı olmadığından Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi saytında “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi” bölməsinə müraciət etmişdir. İddiaçının valideynlərinin nikahı pozulub və o anasının himayəsindədir. Anası məcburi köçkündür. Cavabdehin isə onun müraciətinə cavabı anasının Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 nömrəli Qərarının 1-ci bəndində nəzərdə tutulan sosial baxımdan həssas əhali qrupuna aid olmaması olmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, iddiaçının müraciəti dövründə onun atasının həssas təbəqə üzrə sosial statusu barədə məlumat təqdim olunmadığından qeyd olunan qərar ona şamil olunmamış və sistem tərəfindən onun müraciətinə imtina verilmişdir. İddiaçının valideynləri arasında nigahın pozulması onların valideynlik hüquqlarında məhrum edilməsi kimi qəbul edilə bilməz. İddiaçı valideynləri arasında nigahın pozulmasına baxmayaraq, atası haqqında məlumatları da təqdim etməli idi. İmtinadan göründüyü kimi, iddiaçı təqdim etdiyi sənədlərdə yalnız anasının həssas təbəqə üzrə sosial statusu barədə məlumatları qeyd etmişdir. Bundan başqa, Təhsil Nazirliyinin funksiyası təhsil müəssisələri (tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq) tərəfindən təqdim edilən məlumatlar əsasında həssas ailə qrupuna aid edilən ailələrin üzvi olan tələbələrin adlarını qeydiyyat almaqla Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə bu Qərarın icrasını təmin edir. Yəni ali təhsil müəssisələri tərəfindən daxil olan siyahının sistemə daxil edilməsi Təhsil Nazirliyinin funksiyasına aid edilmişdir. Baxmayaraq ki, həssas əhali qrupun aid edilən şəxsləri müəyyən etmək və siyahısını Təhsil Nazirliyinə göndərmək ali təhsil müəssisələrinin funksiyasına daxildir. Digər tərəfdən cavabdehin iddiaçının adına ünvanlandığı məktubundan görünür ki, onun təqdim etdiyi sənədlər tam olmadığından sistem tərəfindən qəbul edilməmişdir. Təhsil Nazirliyi iddiaçıya hansı kateqoriyalı şəxslərin təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə məlumat vermişdir. Göstərilənlərə əsasən iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçının aldığı təhsil üzrə təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir. Cavabdeh etirazında iddiaçının təqdim etdiyi sənədlər tam olmadığından sistem tərəfindən qəbul edilmədiyinə istinad edərək iddianın mümkün sayılmamasına istinad etmişdir. Halbuki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 nömrəli Qərarının 4-cü hissəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi və ali, orta ixtisas və peşə təhsili müəssisələrinə 20 gün müddətində bu Qərarın icrası üçün zəruri informasiya sistemlərinin və ehtiyatlarının “Elektron hökumət” portalı üzərindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin sorğularının cavablandırılması qaydasında inteqrasiyası üçün müvafiq tədbirlərin həyata keçirilməsi tapşırılmış, iddiaçı atası barədə məlumatı sistemə daxil etməsə belə, cavabdehin inteqrasiya edilmiş istinad olunan qurumların informasiya sistemi vasitəsilə istənilən məlumatı əldə etmək imkanı olmuşdur. Buna görə də istinad olunan bu dəlil iddianın mümkünsüzlüyü üçün əsas hesab edilə bilməz. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia əsassızdır. Belə ki, işdən görünür ki, iddiaçı hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 saylı Qərarına istinad edərək sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü kimi təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbinin hüquqi əsasını təşkil edən “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 saylı Qərarının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri), eləcə də 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qərara alınmışdır: 1.1. ünvanlı dövlət sosial yardımı alanlar; 1.2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar: 1.2.1. İ və İİ dərəcə əlilliyi olan şəxslər; 1.2.2. işsiz kimi qeydiyyatda olanlar; 1.2.3. yaşa görə əmək pensiyaçıları; 1.2.4. yaşa görə sosial müavinət alanlar. İşdən görünür ki, iddiaçının atası X6, anası isə Poladova (Hacıyeva) Ramilə Balaca qızıdır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 12 noyabr 2021-ci il tarixli məkrubundan görünür ki, “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”nin Pensiya altsistemində və Sosial ödənişlər altsistemində X4 və Poladova (Hacıyevə) Ramilə Balaca qızının hər hansı növ əmək pensiyası, sosial müavinət və prezident təqaüdü alması aşkar edilməmişdir. Məhkəmə iclasında iddiaçı anası X1 2016-2018-ci illərdə ünvanlı sosial yardım aldığını, lakin həmin tarixdən sonra, o cümlədən hazırda belə yardım almadığını bildirmişdir. İşdə olan X2 10 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində vətəndaş X4 anket məlumatları mövcud deyil (məktubdakı fərdi identifikasiya nömrəsinə əsasən) “Məşğulluq” altsistemindən əldə olunan anket məlumatlarına əsasən vətəndaş Poladova (Hacıyeva) Ramilə Balaca qızına xx.xx.2020-ci il tarixində işsiz statusu verilmişdir. Poladova (Hacıyeva) Ramilə Balaca qızının “işsiz” statusu fərdi məşğulluq proqramı (FMP) ilə bağlı vətəndaşlara göndərilən SMS-ə münasibət bildirməməsi səbəbindən xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir. Poladova (Hacıyeva) Ramilə Balaca qızı hazırda “Məşğulluq” altsistemində “işaxtaran olaraq qeydiyyatdadır. Göründüyü kimi, iddiaçının cavabdehə müraciət etdiyi tarixə hər iki valideyni deyil, yalnız anası işsiz kimi qeydiyyata alınmışdır. Beləliklə, sadalananlardan müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 saylı Qərarı baxımından sosial cəhətdən həssas əhali qrupuna aid edilən ailənin üzvü olmadığından həmin qərar ona şamil oluna və təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilə bilməz. İşdən görünür ki, iddiaçı özünü bu kateqoriyaya aid edərkən valideynlərinin 7 aprel 2018-ci il tarixdə boşanmasına və anasının himayəsində olmasına istinad etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.2-ci maddəsinə əsasən valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Göründüyü kimi, valideynlər arasında olan nikaha xitam verilməsi şəxsin tək valideynli hesab edilməsi üçün əsas deyildir. Məhkəmə onu da qeyd edir ki, qanunvericiliyə əsasən ödənişli əsaslarla təhsil alan və təhsil haqqını ödəməkdən azad olunan şəxslərə:
1. dövlət ali təhsili müəssisələrində təhsil alan şəhid ailəsinin üzvü olan 23 yaşınadək şəxslər (“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi);
2. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları (Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli, 347 nömrəli Sərəncamı);
3. məcburi köçkün statusuna malik şəxslər (Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli, 1722 nömrəli Sərəncamı);
4. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər (“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi);
5. İ və İİ dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar (“İ və İİ dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 may 2019-cu il tarixli 1155 saylı Sərəncamının 1-ci hissəsi) aiddir. Lakin işin halları ilə iddiaçının bu kateqoriyadan hər hansı birinə aid olması da müəyyən olunmur. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının aldığı təhsil üzrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün əsas müəyyən edilmədiyindən iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz. İPM-in 73.1-ci maddəsindən də görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova