Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5350/2023 04.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı X1 nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, iddiaçı X1 Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, özü, atası X5 və anası Nümayəndə ilə birlikdə gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı sərəncam verilmə öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İ dərəcə müddətsiz gözdən əlildir. Hazırda ailəsi ilə birlikdə qohumlarına məxsus evdə yaşayırlar. Xəstəliyi ilə əlaqədar kənar şəxslərin qulluğuna ehtiyacı var. Özü təkbaşına hərəkət edə bilmir. Dövlət tərəfindən 430 manat məbləğində təqaüd alır. Anasına isə ona baxmağına görə 80 manat pensiya ayrılmışdır. Mənzil növbəsinə götürülmə ilə əlaqədar olaraq Cavabdehnə müraciət etsə də, cavab məktubunda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları müvafiq İcra Hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirləri Kabineti) tərəfindən müəyyən edilmədiyindən vətəndaşların yaşayış yeri üzrə Rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilməsi dayandırılmışdır. Həmin qaydalar müəyyən edildikdən sonra qaldırılan məsələyə yenidən baxılacaq”. İddiaçı hesab edir ki, Cavabdeh imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının Prezdentinin gözdən əlillərlə bağlı sərəncamının olmasına baxmayaraq məni mənzil növbəsinə əsassız olaraq qəbul etmirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən iddiaya dair təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, qanunvericiliyin tələbinə uyğun olaraq X1 tələbi əsassız olduğundan ərizəsi İcra Hakimiyyəti tərəfindən təmin edilməmişdir. Belə ki, əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının qanunun 31.1-ci maddəsində əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunur ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləməsi məsələləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti 3 ay müddətində Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunan qaydaları Azərbayan Respublikasının Pezidenti ilə razılaşdırılaraq təsdiq edilməlidir. Lakin həmin qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun məzmunda izahat verərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Sabunçu RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, X3 xx.xx.1975ci il tarixdə Ermənistanın Kalinin rayonunda doğulmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. -AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinə əsasən X5 xx.xx.1968-ci il təvəllüdlüdür. -Sabunçu rayonu VVAQ şöbəsi tərəfindən verilən nikahın bağlanması haqqında Şəhadətnamədən görünür ki, xx.xx.1975-ci il tarixdə X5 ilə X3 xx.xx.1998-ci il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada “Bəxtiyarova” soyadı verilmişdir. -ASAN 4 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, X6 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. ünvan 2 ünvanında qeydiyyatdadır. -AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətini 4 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilən xxxxxxx0002 saylı arayışdan görünür ki, xx.xx.2016-cı il tarixdə X4 müddətsiz olaraq birinci dərəcəli əlillik təyin edilmişdir (Əlilliyin səbəbi: Ümumi xəstəlik, gözdən əlil). -Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, E.Bəxtiyarovun sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2015-ci İl tarixdə qiymətləndirilmiş və 18 yaşınadək (18 yaşının tamam olması ilə əlaqədar, xx.xx.2016-cı il tarixinədək) sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir. Sağlamlıq imkanları məhdudluğunun bitdiyi xx.xx.2016-cı il tarixdən sonra vətəndaşın əlillik vəziyyəti xx.xx.2016-cı ildə qiymətləndirilmiş və “ümumi xəstəlik-gözdən əlil" səbəbi ilə müddətsiz birinci dərəcə təkrar əlillik təyinatı aparılmışdır. Tibbi-sosial ekspertiza sənədlərinin surətləri məhkəməyə təqdim edilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən elektron arayışdan görünür ki, arayış Nümayəndə ondan ötrü verilmişdir ki, onun adına Respublika ərazisi üzrə qeydə alınmış daşınmaz əmlakın aşkar edilməmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən xx.xx.2022-ci il tarixli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü X6, X5 və Nümayəndə ünvan 1 ünvanında qeydiyyatdadırlar. -Sabunçu bələdiyyəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, X6 və onun ailə üzvləri X5 və Nümayəndə Sabunçu Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X1, X5 və Nümayəndə adına qeydə alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İşin faktiki hallarından görünür ki, gözdən İ qrup əlil olan iddiaçı ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində yaşayış yeri üzrə uçota alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına istinad edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: -12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. -16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. -43.2-ci maddəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» AR Qanununun 31.1-ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Həmin Əsasnamənin 4.6.9-cu bəndinə görə, əlilliyi olan şəxslərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlilliyi olan şəxslərinreabilitasiya proqramlarının icrasına və əlilliyi olan şəxslərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. Həmin Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. Bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. Müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. Bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Həmçinin nəzərə alınmalıdır ki, 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» 30 iyun 2009-cu il tarixli 845-İİİQ nömrəli Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir. Azərbaycan SSR Nazirlər Sovetinin 418 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları»nın 2-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar – mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər. Qaydaların 4-cü bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Qaydaların 24-cü bəndinə görə yaşayış sahəsi mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan aşağıdakı şəxslərə birinci növbədə verilir: “d” İİ qrup əmək əlillərinə, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə və hərbi qulluqçular arasından İİ qrup əlillərə. «İnzibati icraat haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göründüyü kimi, hazırkı qanunvericilik yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmanı həyata keçirən orqanları təsbit etmiş, habelə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınma qaydası və uçota almaqdan imtinanın əsaslarını Mənzil Məcəlləsinin müvafiq olaraq 51 və 53.1-ci maddəsində konkret müəyyən etmişdir. Lakin cavabdeh iddiaçıya münasibətdə həmin əsaslardan hər-hansı birinə istinad etməyərək formal əsaslarla müraciətin təmin edilməsindən imtina etmiş, sübutlar təqdim etməmişdir. Bundan başqa məhkəmə araşdırması ilə iddiaçının və onun ailəsinin mülkiyyətində torpaq sahəsi, mənzil, ev aşkar edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtina etməsi “İnzibati icraat haqqında” Qanunun 15 və 17-ci maddələrinin tələblərinə uyğun olmamış, iddiaçının qanunvericiliklə təminat verilən konstitusion mənzil hüququnu məhdudlaşdırmışdır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tələbində haqlıdır. Odur ki, iddia təmin edilməli , iddiaçı X6 atası X5 və anası Nümayəndə da nəzərə alınmaqla gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı sərəncamın verilməsi öhdəliyi Cavabdehnə həvalə edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı X6 atası X5 və anası Nümayəndə da nəzərə alınmaqla gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı sərəncamın verilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-5350/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5350/2023
04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver