Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5351/2021 23.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti, "xxxx" MTK) “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti, "xxxx" MTK) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində 100 kv.m qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin daşınmaz əmlaka dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, İddiaçı cavabdehə müraciət edərək ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 4-cü giriş, 1-ci mərtəbəsində ümumi sahəsi 100 kv.m qeyriyaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Lakin cavabdeh təşkilat 25 fevral 2021-ci il tarixli **********39 nömrəli məktubu ilə iddiaçının müraciətini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Cavabdeh imtina üçün hansı maddəyə əsaslanmasını göstərmədən, buna səbəb olan hallara aydınlıq gətirmədən müraciəti əsassız olaraq təmin etməmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyrstri haqqında” 29.06.2004-cü il tarixli Qanunun 15-ci maddəsində imperativ norma kimi imtinanın əsasları dəqiq göstərilmişdir. Lakin qanunun bu tələbinə zidd olaraq cavabdeh təşkilat imtinasını qeyri-dəqiq, formal mülahizələr ilə əsaslandırmağa çalışmışdır. Belə ki, imtina bildirişində göstərilir: 1) Təqdim olunmuş razılaşdırılmış layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur, lakin hansı uyğunsuzluq göstərilmir. 2) Qeyri-yaşayış sahəsinin bir hissəsi binanın konturundan kənarda yerləşir, lakin hansı hissədə qeyd olunmur. 3) 1-ci mərtəbənin qeyri-yaşayış sahəsi olması istismara icazə aktında qeyd edilməmişdir, lakin həmin sahənin təyinatı və ya hansı məqsəd üçün nəzərdə tutulmasına aydınlıq gətirmir. Bütün bunlar onu göstərir ki, imtina 15-ci maddənin tələblərinə uyğun olaraq əsaslandırılmamış və başdansovdu cavab verilməklə kifayətlənilmişdir. İmtina məktubunun məzmunundan görünür ki, qeyd olunan əmlakın yerləşdiyi bina istismara qəbul olunmuşdur, cavabdeh yalnız binanın konturlarından kənaraçıxmalar olmasını bildirmiş, lakin onların nədən ibarət olmasını, hansı hissədə kənaraçıxma olmasını göstərməmiş və qeyri-müəyyən formal mülahizələr əsasında imtina vermişdir. Bundan əlavə cavabdeh 1-ci mərtəbənin qeyri-yaşayış və ya yaşayış olmasına dair istismara icazə aktına qeyd olunmadığını bildirməklə qeyri-müəyyən münasibətini davam etdirməklə ərizənin icrasının əsassız olaraq mümkün olmadığını göstərmişdir. Halbuki binanın istismara qəbul edilmə zamanı xüsusi dövlət komissiyası həmin binanı təftiş etmiş, müvafiq yoxlamalar və ekspertizalar keçirməklə bina istismara qəbul edilmiş, binanın konturları, yaşayış və qeyri-yaşayış sahələri dəqiq öyrənilərək bununla bağlı müvafiq akt tərtib olunmuş və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə təsdiq edilmişdir. Eyni zamanda analoji işlər üzrə cavabdeh orqanın artıq inzibati praktikası mövcuddur və həmin binada yerləşən yaşayış və qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüquqları digər vətəndaşların adına dövlət qeydiyyatına alınmışdır. Bu da onu deməyə əsas verir ki, eyni əsaslar üzrə başqa fiziki şəxslərin mülkiyyət hüquqları cavabdeh inzibati orqan tərəfindən dövlət qeydiyyatına alınmışdırsa, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borclu olduğundan, mövcud inzibati praktikanın dəyişdirilməsi üçün hər hansı əsas mövcud olmadığından analoji iş üzrə iddiaçının tələbi də təmin edilməlidir. Artıq həmin binada yerləşən yaşayış və qeyri-yaşayış sahələrindən çoxu xüsusi mülkiyyət hüququ əsasında vətəndaşların adına dövlət qeydiyyatına alındığından inzibati orqanın inzibati praktikasına vətəndaşların etimadı qanunla qorunmalıdır. "xxxx" MTK üzvlərinin ümumi iclasının 11 yanvar 2021-ci il tarixli, 417 saylı protokolundan çıxarışına əsasən, iddiaçı kooperativ üzvlüyünə qəbul olunmaqla MTK-nın ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 4-cü giriş, 1-ci mərtəbəsində ümumi sahəsi 100 kv.m qeyri-yaşayış sahəsinin payçı olması təsdiq edilmiş və bu barədə qərar qəbul olunaraq hüquqların dövlət qeydiyyatına alınması üçün "xxxx" MTK tərəfindən aidiyyati sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. "xxxx" MTK tərəfindən verilmiş 417 saylı, 11 yanvar 2021-ci il tarixli maliyyə arayışından məlum olur ki, sözügedən qeyriyaşayış sahəsinin razılaşdırılmış dəyəri iddiaçı tərəfindən tam ödənilmiş və "xxxx" MTK-ya hər hansı qalıq borcu yoxdur. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının aktına əsasən ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binası mövcud vəziyyətdə istismara qəbul edilmişdir. Bu zaman müvafiq icazənin verilməsi üçün sənədlər və faktiki vəziyyət yerində baxış, ekspertizalar keçirilməklə bu sahədə xüsusi bilikləri olan şəxslər tərəfindən öyrənilir və qiymət verildikdən sonra binanın istismarına icazə verilir. Həmin icazədə tikintinin layihə üzrə ölçülərə və faktiki ölçüləri, ünvanı, döngə nöqtələrinin koordinatları, istismar təyinatı (yaşayış və qeyri-yaşayış) dəqiq göstərilməklə təsdiq edilir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi sənəd üzrə 100 kv.m, faktiki 89 kv.m təşkil edir. Qeyri-yaşayış sahəsi təqdim olunmuş razılaşdırılmış layihəyə uyğun deyil, qeyri-yaşayış sahəsinin yerləşmə mövqeyi təqdim olunmuş layihədəki binanın konturundan 5 metr (təqribən) çöldədir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının nümayəndəsi X4 ünvanlanmış 25.02.2021-ci il tarixli, **********39 saylı imtina bildirişində qeyd edilir: ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 27.01.2021-ci il tarixli ********** nömrəli ərizənizə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, təqdim olunmuş razılaşdırılmış layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Eyni zamanda qeyri-yaşayış sahəsinin bir hissəsi binanın konturundan kənarda yerləşir. Həmçinin, 1-ci mərtəbənin qeyri-yaşayış sahəsi olması istismara icazə aktında qeyd edilmədiyindən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. İş materiallarında olan "xxxx" MTK-nın 11.01.2021-ci il tarixli 417 saylı maliyyə arayışının surətindən görünür ki, İddiaçı MTK-ya məxsus ünvan 4 ünvanında inşa edilən 16 mərtəbəli yaşayış binasının həyətində giriş 4 ümumi sahəsi 100 kv.m qeyri yaşayış tam payı dəyəri ödənilmişdir. İş materiallarında olan "xxxx" MTK üzvlərinin ümumi iclasının 11.01.2021-ci il tarixli 417 nömrəli protokoldan Çıxarışın surətindən görünür ki, İddiaçı "xxxx" MTK-ya üzv qəbul olunmaqla, MTK-nın ünvan 5 ünvanında inşa edilən 16 mərtəbəli yaşayış binasının 4-cü giriş 1-ci mərtəbəsində ünvan sahəsi 100 kv.m qeyri yaşayışın payçısı olmasının təsdiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisi T.Ə.Məmmədov və X2 müdiri tərəfindən təsdiq edilmiş 08.02.2021-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən görünür ki, ərizəçi İddiaçı ərizəsi əsasında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış sahəsinin ümumi sahəsi sənəd üzrə 100 kv.m, faktiki 89 kv.m təşkil edir, qeyri-yaşayış sahəsi təqdim olunmuş razılaşdırılmış layihəyə uyğun deyil, qeyri yaşayış sahəsinin yerləşmə mövqeyi təqdim olunmuş layihədəki binanın konturundan 5 metr (təqribən) çöldədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 19.10.2021-ci il tarixli məktubda qeyd edilir: ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair müvafiq məlumatların və sənədlərin surətinin verilməsi barədə sorğunuza Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı adına qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Habelə nəzərinizə çatdırırıq ki, sözügedən tikili ilə bağlı təqdim edilən razılaşdırılmış layihə İdarənin arxivində saxlanılmamışdır. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunan məlumatlara əsasən qeyri-yaşayış sahəsinin yerləşmə mövqeyi təqdim olunmuş layihədəki binanın konturundan 5 metr (təqribən) çöldədir. Ümumi sahəsi 89,0 kv.m olan əmlakın 28,7 kv.m olan hissəsi binanın konturundan çöldə yerləşməklə layihədə öz əksini tapmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən məhkəməyə 24.11.2021-ci il tarixli məktubla təqdim edilmiş 09.07.2019-cu il tarixli 078 nömrəli istismara icazə sənədinin surətindən görünür ki, ünvan 2 ünvanında "xxxx" Mənzil- Tikinti Kooperativinə məxsus yaşayış binasının istismarına icazə verilmişdir (Tikinti obyekti Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi, 33; 8 girişli, 16 (+mansarda) mərtəbəli, 1-ci mərtəbəsi qeyri-yaşayış, 2 səviyyəli zirzəmili yaşayış binaları). Göründüyü kimi, İddiaçı ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində 100 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının müraciəti əsasında ünvan 2 ünvanında yerləşən qeyd olunan qeyri-yaşayış sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisi tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış sahəsinin ümumi sahəsi sənəd üzrə 100 kv.m, faktiki 89 kv.m təşkil edir, qeyri-yaşayış sahəsi təqdim olunmuş razılaşdırılmış layihəyə uyğun deyil, qeyri-yaşayış sahəsinin yerləşmə mövqeyi təqdim olunmuş layihədəki binanın konturundan 5 metr çöldədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna əsasən məhkəməyə ünvanlanmış 19.10.2021-ci il tarixli məktubdan da görünür ki, həmin qeyri-yaşayış sahəsinin ümumi sahəsi 89,0 kv.m-dir, həmin 89,0 kv.m sahənin 28,7 kv.m hissəsi binanın konturundan çöldə yerləşməklə layihədə öz əksini tapmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qeyd olunan qeyri-yaşayış sahəsinin yerləşmə mövqeyi layihədəki binanın konturundan 5 metr çöldədir, qeyri-yaşayış sahəsinin ümumi sahəsi 89,0 kv.m-dir, həmin 89,0 kv.m sahənin 28,7 kv.m hissəsi isə binanın konturundan çöldə yerləşməklə layihədə öz əksini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Bu baxımdan iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5351/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5351/2021
23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver