Məhkəmə qərarları › İş №2-1(112)-5352/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5352/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5352/2022 05.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı mənzil növbəsinə alınması tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mənzil növbəsinə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1968-ci il tarixdə Lerik rayonun Rvarud kəndində doğulmuşdur. Birinci Qarabağ müharibəsi zamanı Qarabağda erməni işğalçılara qarşı döyüşlərdə iştirak etmişdir. Həmin zamanlar Bakı şəhərində yığılan 2-ci Bakı könüllü batalyonun tərkibinə daxil olmuşdur. Qarabağ bölgəsində yerləşən N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. Bu hərbi hissə həmin vaxt Ağdərə rayonunda yerləşirdi. Həmin hərbi hissənin kəşfiyyat tağımında əsgər kimi qulluq etmişdir, qulluq vaxtı başından yaralanmışdır. Ağdərə rayonunun azad olunması əməliyyat zamanı 18.10.1992-ci il tarixdə sağ ayağının topuq nahiyyəsini deşib keçən güllə yarası almışdır. 25.10.1992-ci il tarixə kimi N saylı hərbi hissənin tibb bölüyündə müalicə alandan sonra hərbi xidmətini davam etdirmək üçün yenidən müharibəyə qayıtmışdır. 25.11.1992-ci il tarixə kimi Qarabağda döyüşlərdə iştirak etmişdir. Sonradan ordudan tərxis olunmuşdur. Müharibədən sonra Bakı şəhəri, Xətai Rayon Hərbi Komissarlığı tərəfindən ona 15.07.2003-cü il tarixdə 067918 saylı “Müharibə veteranı” vəsiqəsi verilmişdir. Bundan başqa hərbi biletində o vaxt N saylı hərbi hissənin komandiri işləmiş N.Sadıxovun imzası ilə 18.03.1992-ci il tarixdən 25.11.1992-ci ilə kimi Ağdərə rayonunun azad olunmasında iştirak etməsi barədə qeydlər vardır. Heç bır yerdə fiziki əməklə məşğul ola bilmir, ailə vəziyyəti ağırdır, kirayədə yaşayır. Mənzil növbəsinə alınmaqla bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmiş, müraciətinə 23.07.2021-ci il tarixli H-l71-068 saylı məktubla imtina verilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-nin 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair 14.02.2022-ci il tarixli 179 №li yazılı münasibətində (etiraz), Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.5-ci maddəsində nəzərdə tutulmuş Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edildikdən sonra mahiyyəti üzrə baxıla biləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25.01.2021-ci il tarixli Sərəncamının 1.1-ci bəndinə əsasən 2014-cü ilin yanvar ayının 1-dən 2020-ci ilin yanvar ayının 1-dək yerli icra Hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəratinin yaxşılaşdırılması məqsədi ilə Xətai rayon İcra Hakimiyyətinin 89 saylı, 15.02.2021-ci il tarixli məktubu əsasında növbədə olan güzəştli şəxslərin siyahıları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir.Yuxarıda qeyd edilənlərə əsasən qüvvədə olan qanunvericiliyin tələbləri yalnız əlilliyi müəyyən olunmuş şəxslərə şamil edilir. Hazırda Xətai rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində mənzil tikintisi aparılmadığından və sərəncamlarında boş mənzil fondu olmadığından iddiaçının xahişini təmin etmək imkanları xaricindədir. İddia tələbinin əsassız olduğunu nəzərə alaraq təmin edilməməsi barədə qərar qəbul edilməsini Sizdən xahiş edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı, ünvan 1 ünvanında qeydiyyatdadır. AZE seriyalı 14676957 №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, 05.12.1978-ci iltəvəllüdlü X1 rayonu, Tülü kəndində qeydiyyatdadır. Bakı şəhəri Lerik rayon VVAQ şöbəsi tərəfindən 14 sentyabr 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 275122 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş suətindən müəyyən olunur ki, X23 ilə X5 arasında 14.09.2006-cı ildə nikah bağlanmışdır. Bu barədə nikahınn bağlanması haqqında akt qeydləri kitabında 2006-cı ilin sentyabr ayının 14-cü günündə 160 nömrə ilə qeyd edilmişdir. 27 fevral 2007-ci il tarixli AZ-İ 910066 №li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X4 13 fevral 2007-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2007-ci ilin fevral ayının 27-ci günündə 647 nömrəsi ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamədə ata qrafasında İddiaçı, ana qrafasında X5 qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş M/V seriyalı 059068 №-li vəsiqənin surətindən müəyyən olunur ki, İddiaçı 19.04.2017-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 09.02.2018-ci il tarixli 413 nömrəli qərarının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı ş. Xətai RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin oktyabr ayında aldığı və 31.10.2017-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X7 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: "Odlu silah qəlpə yaralanmalarından sonra başın orta təpə nahiyəsində bir ədəd, başın sol ənsə qaban proyeksiyasında bir ədəd, başın sağ ənsə qabarında bir ədəd, qarnın sağ yan səthində bir ədəd, sağ bazunun yuxarı 1/3-nin ön-içəri səthində bir ədəd, sağ baldırın aşağı 1/3-nin ön səthində iki ədəd, sağ içəri topuğun ön-aşağı kənarında bir ədəd, sonuncu qeyd edilmiş çapıq toxumadan 5,0 sm sağa və yuxarıya doğru istiqamətdə, sağ aşıq-baldır oynağının ön səthində bir ədəd köhnə çapıq toxumalar” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı ş. Xatai rayon idarəsinin 01.12.2017-ci il tarixli 2472 nömrəli göndərişi, 13.11.2017-ci il tarixli 516 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X7 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin 31.10.2017-ci il tarixli 558 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkfn-müfəxəssisinin rəyi ilə təsdiq edilir), "Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdfiəsi zamanı alınmışdır”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndi. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Məzil Kommunal Təsərrüfat Departament 1 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 122 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 05.05.2022-ci il tarixli 234 №li arayışdan görünür ki, İddiaçı Q.Nəbi küçəsi ½ ünvanında qeydiyyatdadır, bu ünvanda yaşamır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (ASAN 5) tərəfindən verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan müəyyən olunur ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı ilə bərabər X10, X31, X24, X32, X11, X33, X14, X6, X12, X15, X34, X29, X35, X16, X13, X36, X2, X25, X17, X37, X18, X19, X9, X26, X20, X4 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 26.04.2022-ci il tarixli **********68 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı və X3 adlarına respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş 23.07.2021-ci il tarixli H-171-068 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.5-ci maddəsində nəzərdə tutulmuş Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edildikdən sonra mahiyyəti üzrə baxda bilər. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir Məhkəmə hesab edir ki, caavabdehin imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. - 43-cü maddəsinin İİ hissəsinə görə Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir; 48.2-ci maddəsinə əsasən, qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 48.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilmir. 50.1-ci maddəsinə görə, aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 51.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər; 51.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27.08.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Beləliklə, məhkəmənin mövqeyinə görə hazırkı iş üzrə İddiaçı, sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan şəxslərin siyahısına daxil edilməsini və mənzil növbəsinə götürülməsini qeydiyyatda olduğu yer üzrə müvafiq orqan qismində Bakı şəhəri Xətai rayon İcra hakimiyyətindən tələb etməkdə haqlıdır. İPM-nin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, iddia təmin edilməli, cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə İddiaçı mənzil növbəsinə alınmasına dair müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə İddiaçı mənzil növbəsinə alınmasına dair müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar