Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5352/2024 18.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı (3-cü şəxslər: X4, X6 və X7) "yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1, X2 və X5 Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, ev 50 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə X4, X6 və X7 (bundan sonra – üçüncü şəxslər) məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişlər. xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X7 azyaşlı olduqlarından onların atası, X4 iş üzrə onların qanuni nümayəndəsi qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, ev 50-də yerləşən mənzil iddiaçının mülkiyyətindədir. İddiaçının bir mülkiyyətçi kimi qeydiyyatda olanlarla qohumluq əlaqəsi yoxdur və tanımadığı şəxslərdir, Belə ki, qeydiyyatda olan 3-cü şəxslər onun aldığı mənzildə qeydiyyatda qalmışlar və bu vaxta kimi də çıxmamışlar. Üçüncü şəxslərin ünvan 1 ünvanında, evləri vardır. Həmçinin, iddiaçının evində qeydiyyatda olmalarına baxmayaraq üçüncü şəxslər uzun illərdir ki, Almaniyada yaşayırlar. İddiaçı üçüncü şəxslərin əvəzinə kommunal xərcləri ödəmək məcburiyyətindədir. Hazırda üçüncü şəxslər orada yaşamırlar və onlara məxsus mənzildə heç bir əmlak yoxdur. Üçüncü şəxslərin qeydiyyatda qalmaları mülkiyyətci kimi iddiaçının mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Cavabdeh və üçüncü şəxslərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Həmçinin, cavabdeh ərizə ilə müraciət edərək məhkəmə iclasına onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1948-ci ildə anadan olmuşdur. O, Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, ev 50 ünvanında qeydiyyatdadır. Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən ünvan 2 ünvanı xx.xx.2011-ci il tarixindən iddiaçının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışına əsasən üçüncü şəxslər Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, ev 50 ünvanında qeydiyyatdadırlar. Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İddiaçıya məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda üçüncü şəxslərin ünvan 2 ünvanı üzərində istifadə hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı hər hansı məlumat olmadığı bildirilmişdir. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 125/18 nömrəli kirayə müqaviləsinin dəyişdirilməsi haqqında Sərəncamına əsasən B.Məcidov küçəsi 50 nömrəli evdə yaşayan mənzil kirayəçisi X3 pasport qeydiyyatından çıxması ilə əlaqədar olaraq 3 otaqlı, sahəsi 61 kv.metr olan mənzilin kirayə müqaviləsinin onun qızı İddiaçı ilə bağlanması qərara alınmışdır. Sərəncamda ailə tərkibi olaraq 3 nəfər – İddiaçı (özü), Cəfərov Telman İ. (oğlu), - Afaq İ. (qızı) qeyd edilmişdir. Həmçinin, məktuba əlavə edilmiş 60 saylı Mənzil Kommunal İstismar sahəsinin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı 290 nömrəli, 16 iyun 2011-ci il tarixli məktubunda Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, ev 50 ünvanının mülkiyyətçisi İddiaçı mənzilinə 07 sayının verilməsi təklif edilmişdir. Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 05 iyul 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Yasamal rayonu, Balababa Məcidov küçəsi, ev 50 ünvanında xx.xx.2005-ci ildən qeydiyyatdadır. Araşdırma nəticəsində məlum olmuşdur ki, Leyla Məcidovanın qeydiyyatda olduğu B.Məcidov küçəsi, ev 50 ünvanı ilə B.Məcidov küçəsi, ev 50, mənzil 7 ünvanı eynidir. Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş 60 saylı Mənzil Kommunal İstismar sahəsinin arayışına əsasən üçüncü şəxslər Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, ev 50 ünvanında qeydiyyatdadırlar, lakin uzun müddətdir yaşamırlar. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində üçüncü şəxsin iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, ev 50 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (2). Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır (5). Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (9). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, üçüncü şəxslərlə iddiaçı arasında hər hansı qohumluq əlaqələri yoxdur. Eyni zamanda üçüncü şəxslərin Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, ev 50 üzərində istifadə hüquqlarının yaranması ilə bağlı onlarla iddiaçı arasında hər hansı müqavilə bağlanmamış və ya bu hüquq dövlət qeydiyyatına alınmamışdır. Üçüncü şəxslər həmin mənzildə yaşamır və formal olaraq mənzildə qeydiyyatda qalmışlar. Bu isə bir mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına və onun üçün əlavə öhdəliklərin yaranmasına səbəb olur. Cavabdeh isə üçüncü şəxslərin mənzildən qeydiyyatdan çıxarılmasından əsassız olaraq imtina etmişdir. Bu səbəbdən iddia təmin edilməli, üçüncü şəxslərin Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, ev 50 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: qərara aldı: İddia təmin edilsin. X4, X6 və X5 iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, ev 50 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-5352/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5352/2024
18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver