Məhkəmə qərarları › İş №2-1(112)-5353/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5353/2020

12.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5353/2020 12.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X9 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı rayonu, Nizami rayonu, D.Əliyeva küçəsi, ev 251A, mənzil 13) cavabdeh – Bakı şəhəri Səbail rayonu 1 saylı Şəhər Poliklinikasına (yerləşdiyi yer: Bakı şəhəri, Bülbül prospekti, 8) qarşı «iddiaçının övladının ölümü haqqında tibbi şəhadətnamənin verilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Baş Səhiyyə İdarəsinə və Bakı şəhəri Səbail rayonu 1 saylı Şəhər Poliklinikasına qarşı «iddiaçının övladının ölümü haqqında tibbi şəhadətnamənin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçının övladı X12 xx xxxx 1986-cı il tarixdə doğulmuşdur. Doğulduğu vaxtdan məruz qaldığı psixi xəstəliyinə görə (diabetik nitq pozuntuluğu və davranış pozuntuluğu) 1992-ci ildən Bakı şəhəri Uşaq Ruhi-Əsəb Dispanserində qeydiyyatda olmuşdur. 2001-ci ildə müvafiq yaşa çatması ilə əlaqədar onun qeydiyyatı Bakı Şəhər Ruhi X5 keçirilmişdir (2012-ci ildə ləğv edilmişdir). Bu zaman tərtib edilmiş xx xxxx 2001-ci il tarixli epiqrizdə (xəstəlik tarixçəsindən çıxarışda) qoyulmuş diaqnoz bir daha təsdiq edilmişdir. 2001-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı X4 Əmircanovla bağlı Ambulator Məhkəmə-Psixiatriya Ekspertizası keçirilmiş və xx xxxxxx 2001-ci il tarixli 698 №-li rəy verilmişdir. O, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1970/01 №-li iş üzrə xx xxxxxx 2001-ci il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2002-ci il tarixli 64 nömrəli Sərəncamı ilə iddiaçı (İddiaçı) X7 himayəçi təyin edilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının xx xxxxxxxx 2006-cı il tarixli 522 nömrəli müayinə aktına əsasən verilmiş arayışdan görünür ki, Rəşid Əmircanova müddətsiz 1-ci qrup əlillik dərəcəsi müəyyən edilmişdir. x xxx 2020-ci il tarixdə o, yuxarıda göstərilən xəstəliyin doğurduğu səbəblər nəticəsində vəfat etmişdir və bu hal Təcili və X10 Stansiyasının (2 saylı bölmə) həkimi M.Əkbərov tərəfindən tərtib edilmiş x xxx 2020-ci il tarixli 0728 №-li “ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndə təsdiq edilmişdir. Bakı şəhəri Nəsimi rayon prokurorunun böyük köməkçisi tərəfindən xx xxx 2020-ci il tarixində X6 yaşadığı mənzildə ölməsi ilə əlaqədar toplanmış 173-C-20 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı x xxxx 2020-ci il tarixdə 1 saylı Şəhər X1 ölümü hadisəsini təsdiq edən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. 1 saylı Şəhər Poliklinikasının x xxxx 2020-ci il tarixli 479 saylı cavab məktubu ilə “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən imtina edilmişdir. Hazırda ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsindən “ölüm haqqında şəhadətnamə”nin alınmasında çətinlik yaranmışdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilmısinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarının 9.1-ci bəndində göstərilmişdir ki,«Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 39 və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və Qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin Qaydanın 4cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə” mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji- anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər”. Göstərilənlərə və İPM-in 34-cü maddəsinə əsaslanaraq, X6 x xxx 2020-ci il tarixində vəfat etməsi ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış, eləcə də məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehlərə təqdim edilmişdir. Cavabdehlərin iddiaya qarşı yazılı münasibəti məhkəməyə təqdim olunmamışdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmənin qərardadı ilə iddia cavabdeh Bakı şəhər Baş Səhiyyə İdarəsinə münasibətdə mümkün sayılmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və onun nümayəndəsi (vəkili) gəlmişlər, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X13 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını və onun nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 70-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1970/01 saylı xx xxxxxx 2001-ci il tarixli qətnaməsi ilə xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin x xxxxxx 2002-ci il tarixli 64 nömrəli sərəncamı ilə İddiaçı Ramazan qızı X6 himayəçisi təyin edilmişdir. İş materiallarına surəti əlavə olunan AR Səhiyyə Nazirliyi 1 saylı Psixiatriya Xəstəxanasının xx xxxxxx 2001-ci il tarixli 698 saylı rəyində qeyd olunmuşdur ki, X12 “öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu surətdə idarə etmək qabiliyyətinə malik deil, buna görə də onu faəliyyət qabiliyyəti olmayan hesab etmək lazımdır”. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail rayonu 1 saylı Şəhər Poliklinikası tərəfndən X12 barəsində aşağıdakı məzmunda qısa epiqriz verilmişdir: - X12 1 saylı Şəhər Poliklinikasında ambulator qeydiyyatda olmayıb, xəstəliklə əlaqədar müraciət daxil olmadığından, ölümə səbəb verilmir. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon prokurorunun böyük köməkçisi X6 yaşadığı mənzildə ölməsi ilə əlaqədar toplanmış 173-c-20 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxx 2020-ci il tarixdə qərar qəbul etmişdir. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş SER TSE-01 024648 nömrəli arayışın surətindən görünür ki, 1986-cı il təvəllüdlü X12 uşaqlıqdan birinci qrup əlil (müddətsiz) olmuşdur. İş materiallarından görünür ki, X6 ölümü ilə bağlı AR SN Təcili və X10 Stansiyasının həkimi tərəfindən x xxx 2020-ci il tarixdə “Ölüm haqqında xəbərdarlıq vərəqəsi” verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 194-cü maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»na görə : - (8.1-ci bənd) Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır; - (8.5-ci bənd) Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin x xxxx 2015-ci il tarixli 52 nömrəli əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair Təlimat”a əsasən: - (2-ci bənd) Ölüm haqqında tibbi şəhadətnamə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələri, stamotoloji istisna olmaqla, mülkiyyət formasından asılı olmayaraq bütün stasionar və ya sanator-kurort müalicəsi aparan tibb müəssisələri və patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. İnsanın ülümü anını tibb işçisi (həkim, feldşer) təsdiq edir; - (3-cü bənd) Ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X10 Stansiyasının həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsinə qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyət vəsiqəsi əsasında ambulator tibb müəssisəsinin həkiminə təqdim etmək üçün bu Təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi” doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq (hüquq-mühafizə) orqanına məlumat verir. Yaşayış yerində zorakı ölüm barəsində şübhə olduqda, həmçinin ölüm hadisəsi ictimai yerlərdə, küçələrdə və s. qeyri-yaşayış yerlərində baş veribsə TTTYS-in həkimi hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir; - (4-cü bənd) Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər (ambulator karta, xəstəlik tarixindən çıxatrış və s.) əsasında onun qeydiyyatda olduğu, qeydiyyatda olduğu yerdə yaşamadığı halda isə, faktiki yaşadığı ərazi üzrə ambulator tibb müssisəsi tərəfindən verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqqında» xx xxxxx 2019-cu il tarixli 03 nömrəli qərarının 9.1-ci bəndində aşağıdakılar qeyd olunmuşdur: - «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 39 və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə qeyd edir ki, 1986-cı il təvəllüdlü X6 ölümü ilə əlaqədar AR SN Təcili və X10 Stansiyasının həkimi tərəfindən x xxx 2020-ci il tarixdə “Xəbərdarlıq vərəqəsi” tərtib edimiş, eləcə də hadisə ilə əlaqədar aidiyyəti hüquq-mühafizə orqanının cinayət hadisəsinin baş verməməsini müəyyən etmiş müvafiq qərarı mövcuddur. İşdə olan digər sənədlərlə isə, adışəkilən şəxsin fəaliyyət qabiliyyətsiz olması təsdiqlənir və tibbi kartının (vərəqəsinin) surətinin müvafiq tiobb müəssisəsində saxlandığı təkzib olunmur. Belə olan halda, məhkəmə AR Səhiyyə Nazirliyinin x xxxx 2015-ci il tarixli 52 nömrəli əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair Təlimat”ın müddəalarını da rəhbər tutaraq belə qənaətə gəlir ki, cavabdeh Bakı şəhəri Səbail rayonu 1 saylı Şəhər Poliklinikası İddiaçı mərhum övladı xx xxxx 1986-cı il tarixdə doğulmuş X6 vəfatı ilə əlaqədar “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən imtina etməkdə haqlı olmamışdır. Bu imtina qanuna ziddir və hazırkı iddiaçının hüquqlarını pozur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı mərhum övladı xx xxxx 1986-cı il tarixdə doğulmuş X6 vəfatı ilə əlaqədar “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Səbail rayonu 1 saylı Şəhər Poliklinikasının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mərhum övladı xx xxxx 1986-cı il tarixdə doğulmuş X6 vəfatı ilə əlaqədar “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Səbail rayonu 1 saylı Şəhər Poliklinikasının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar