Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5354/2023 13.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hesablanmış vergi borcunun silinməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" MMC-nin 21 avqust 2020-ci il tarixdə iddiaçı ilə aldanmaqla bağlamış olduğu əqd etibarsız əqd olduğundan ona vergi orqanı tərəfindən qərar çıxarılan günə qədər hesablanmış vergi borcunun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ və Ağdaş rayonları ərazisində 2020-ci ildə tikintisi aparılan Bakı-Qəbələ dəmir yolu xəttinin tikintisində fəhlə olaraq iştirak etmişdir. Həmin müddətdə tikinti işlərinə cavabdeh "xxxx" MMC rəhbərlik etmişdir. Tikinti işləri aparılan zaman cavabdeh tərəfindən ona maaş kartının açılması məqsədi ilə sənədlərə imza etməli olduğu bildirmişdir. Həmin vaxt o, tələsdirilərək oxuyub tanış olmadan sənədlərə imza etmişdir. Sonradan həmin sənədin guya aralarında olan xidməti müqavilə olduğunu bilmişdir. Adıçəkilən müqavilənin mövcud olmasını isə tikintiyə yekun vurulan zaman vergi orqanlarının ona yazdığı cərimədən bilmişdir. Yəni 27 avqust 2021-ci il tarixdə vergi orqanları vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə iddiaçını məsuliyyətə cəlb etməklə barəsində sanksiya tətbiq etmişlər. Hazırda həmin sanksiyanın miqdarı 600 manatdan çoxdur. İddiaçı hesab edir ki, cavabdehin əməlləri tam qanunsuzdur. Buna görə də müqavilə üzrə öhdəliklərini yerinə yetirməlidir. Çünki müqavilə onun iradəsinin əleyhinə və hüquqlarına zidd olaraq xəbəri və mənası izah edilmədən etibarından sui-istifadə edilməklə ona imzaladılmışdır. İddiaçı hesab edir ki, cavabdehlə arasında olan və sonradan ona məlum olan əqd etibarsız əqddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin mümkünlük məsələsinin müzakirə edilməsi üçün hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmiş, habelə İPM-in 13-cü maddəsinin tələbinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilmişdir. İclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişdir. Məhkəmə iclasın iddiaçının iştirakı olmadan keçiriməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi verdiyi izahatında iddianın mümkünlük məsələsinə qiymət verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan İddiaçı məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli teleqramda iddiasını müdafiə etdiyini və iddianı mümkünlüyü barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, cavabdehin nümayəndəsinin izahatını, iddiaçının ünvanladığı teleqramı və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt– inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Həmin Qərarın həmçinin bildirilir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7.). İstinad olunan Plenum qərarına görə, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (11.). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12.). Hazırkı iddia üzrə iddiaçı cavabdeh "xxxx" MMC ilə aralarında bağlanılmış olduğunu hesab etdiyi əqdə görə vergi orqanı tərəfindən onun barəsində qəbul edilmiş qərar üzrə vergi borcunun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bu məqsədlə iddiaçı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi cavabdeh kimi "xxxx" MMC-yə qarşı yönəlmişdir. İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda konkret olaraq göstərilmişdir. "xxxx" MMC isə həmin siyahıda inzibati orqan kimi nəzərdə tutulmamışdır. Göründüyü kimi, "xxxx" MMC inzibati orqan deyil, o cümlədən iddia tələbi düzgün cavabdehə qarşı yönəldilməmişdir. Ona görə də, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bununla bağlı iddiaçıya hüquqi yardım göstərilsə də, iddia tələbi dəqiqləşdirilməmiş, iddiaçı tələbi müdafiə etməklə iddianın düzgün verildiyi qənətində olmuşdur. Məhkəmə həmçinin Plenum qərarındakı mövqeyə təkrar istinad edərək qeyd edir ki, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7.). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17.). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 04 qərarının 15.3-cü bəndində bildirilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq izah edir ki, iddiaçı hüquqi marağına uyğun olaraq aidiyyəti vergi orqanı cavabdeh qismində göstərilməklə, vergi borcunun hesablanmasına dair qərarın mübahisələndirilməsi ilə bağlı iddia ərizəsi ilə yaşadığı yer üzrə müvafiq inzibati məhkəməyə, yaxud cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xidmət müqaviləsinin mübahisələndirilməsi ilə əlaqədar iddia ərizəsi ilə cavabdehin hüquqi ünvanının olduğu yer üzrə ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mlüki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-5354/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5354/2023
13.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver