Məhkəmə qərarları › İş №2-1(112)-5355/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5355/2021

10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5355/2021 10.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi ilə, İddiaçı Teymurov Hafis Teymur oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “mənzillə təmin olunma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daxili işlər orqanlarında uzun müddət xidmətləri və birinici Qarabağ müharibəsində fəal iştirakı nəzərə alınmaqla mənzillə təmin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunaraq polis əməkdaşı olaraq daxili işlər orqanında uzunmüddətli xidmətləri, habelə birinci Qarabağ müharibəsində iştirakı nəzərə alınmaqla evsiz olmağı səbəbindən onun və himayəsində olan ailə üzvlərinin mənzillə təmin edilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən ərizəsinə heç bir araşdırma və yaşadığı evə baxış keçirilmədən imtina cavabı verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddənin tələbinə uyğun olaraq, 10 sentyabr 2021-ci il tarixli məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilərək iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın mümkün hesab edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən, Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X4 bildirmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı Teymurov X2 əhatə olunan imtiyazlı şəxslər kateqoriyasından olmadığından onun sosial-məişət şəraitinin yaxşılaşdırılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsi ilə müəyyən olunan fəaliyyət istiqamətinə aid deyildir. Ona görə də, nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də Sosial Xidmətlər Agentliyi hazırkı iddiaya cavab verməli orqan deyildir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarında olan, Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin 23 oktyabr 2020-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı Teymurov X2 əhatə olunan imtiyazlı şəxslər kateqoriyasından olmadığından onun sosial-məişət şəraitinin yaxşılaşdırılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsi ilə müəyyən olunan fəaliyyət istiqamətinə aid deyildir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, Xətai Rayon İcra Hakimiyyətinin 27.04.2021-ci il tarixli məktubundan, ona əlavə edilmiş ailə tərkibi haqqında forma 2 arayış və növbəyə durma haqqında sərəncamın surətindən görünür ki, X3 Xətai Rayon İcra Hakimiyyəti başçısının 03.10.1990-cı il tarixli sərəncamı ilə 4 nəfər (özü, arvadı, 2 oğlu) ailə tərkibi ilə yaşayış yeri üzrə mənzil növbəsinə alınmışdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi cavabdeh kimi Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 20.06.2014-cü il tarixli 569 nömrəli Sərəncamından görünür ki, həmin Sərəncamın 1-ci bəndi ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin iddiaçıya ünvanladığı 23.10.2020-ci il tarixli məktubunda da sözügedən Sərəncamla əhatə olunmayan şəxslərin məhz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş, “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”nin 3.1 və 3.1.16-cı bəndlrinə əsasən, dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri sırasında göstərilmişdir. Beləliklə, iddiaçı yuxarıda göstərilən kateqoriya şəxslərə aid olmadığından, həm cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də tabeliyində olan Sosial Xidmətlər Agentliyi iddiaçının mənzil və ya fərdi evlə təmin edilməsi ilə bağlı tələb yönəldilə bilən subyekt qismində çıxış etmir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “mənzillə təmin olunma” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar