Məhkəmə qərarları › İş №2-1(112)-5356/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5356/2022

10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5356/2022 10.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı (ünvan 1 ünvanda qeydiyyatda olan) iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə (üçüncü şəxslər X3, X5, X6 cəlb olunmaqla) qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X3, X5, X4 iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, Bakı şəhəri Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 6, 10 saylı mənzili on səkkiz may 2021-ci il tarixdə Bakı şəhəri 18 saylı notariat ofisində alqı-satqı yolu ilə X2 almışdır. xx.xx.2021-ci il tarixdə mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətində iddiaçının adına qeydiyyata alınaraq Çıxarış verilmişdir. Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin 13-cü bəndinə görə satıcılar xx.xx.2021-ci ilə kimi mənzildən qeydiyyatdan çıxmalı idi. Lakin satıcılar müqailə öhdəliyini yerinə yetirməyərək bu günə kimi xüsusi iddiaçının mülkiyyətindən qeydiyyatdan çıxmamışlar. Onların xüsusi mülkiyyətində formal olaraq qeydiyyatda olmaları bir çox hüquqi çətinliklər yaratdığı üçün məcburiyyət qarşısında qalaraq onların pasport qeydiyyatından çıxmaları üçün Xətai rayon Polis İdarəsinə rəsmi müraciət etsə də bundan imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, cavabdehin və 3-cü şəxslərin nümayəndələri şifahi məhkəmə baxışı iclasına gəlməmişlər. Lakin cavabdeh məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 19 may 2021-ci il tarixli **********5 qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 6 ünvanda yerləşən 10 nömrəli mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında hüquqi qeydiyyatdan keçmişdir və bu barədə iddiaçı çıxarış əldə etmişdir. -Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X3, xx.xx.1989-cu il təvəllüdlü X5, xx.xx.1991-ci il təvəllüdlü X6 ünvan 3 ünvanında qeydiyyatdadırlar. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 101-38456A saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, üçüncü şəxslərin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə araşdırması dövründə Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 6 ünvanında yerləşən 10 nömrəli mənzilin hazırda kimin mülkiyyətində olmasına dair məlumatın və buna dair sənədlər, həmçinin İddiaçı adına verilmiş xx.xx.2021-ci il tarixli, **********00-05101-093089 reyestr nömrəli Çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yannda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə təqdim olunan 19 may 2021-ci il tarixli, daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən 28 saylı evin 64,8 kv.metr sahədən ibarət 10 nömrəli mənzilini X1 almışdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən, satıcı satılan mənzildən evi satdıqdan sonra xx.xx.2021-ci il tarixədək qeydiyyatdan çıxacağı barədə üzərinə öhdəlik götürmüşdür. Beləliklə işin hallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən 28 saylı evin 10 nömrəli mənzili İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı qeyd olunan mənzili hazırda üçüncü şəxs X1 almışdır, onunla hər hansı qohumluq əlaqəsi yoxdur. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bu da həmin şəxsin ona məxsus mənzildə yaşamaması, qeydiyyatının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, X3, X5, X6 iddiaçıya məxsus ünvan 2 ünvanında yaşamadıqları halda onların həmin ünvanda formal olaraq qeydiyyatda qalmaqlarıı iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxslərin ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 3-cü şəxslər X3, X5, X4 İddiaçı mülkiyyətində olan ünvan 2 ünvandan qeydiyyatdan çıxarılmaları vəzifəsi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar