Məhkəmə qərarları › İş №2-1(112)-5357/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5357/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5357/2024 25.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən 0,12 hektar torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpağa dair çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən 0,12 hektar 353q nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 50 saylı orderinə əsasən iddiaçıya Bakı şəhər İcrayyə komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/143 saylı qərarı ilə Goradil bağlar sahəsində 194 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 353 “q” saylı bağ ayrılmışdır. Order cavabdehin arxivində saxlanılan sənədlər arasında mövcuddur. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması üçün cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İmtinanın əsasları ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələblə ********** saylı, xx.xx.2023-cü il tarixli ərizə ilə idarəyə müraciət etmiş, qanunamüvafiq qaydada araşdırılaraq iddiaçıya **********74 saylı, xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildiriş ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən torpaq sahəsi digər bağların ərazisinə uyğun gəlir. Bundan əlavə, təqdim olunmuş hüquqmüəyyənedici sənədlə şəxsiyyəti təsdiq edən sənəd arasında ata adında uyğunsuzluq mövcuddur. Belə ki, hüquqmüəyyənedici sənəddə ata adı “Mehrəli” kimi göstərilsə də, şəxsiyyəti təsdiq edən sənəddə “Mehralı” olaraq qeyd olunmuşdur. İdarənin arxivində saxlanılan məlumatlara əsasən iddiaçı tərəfindən iddia olunan “353Q” nömrəsi ilə 102 saylı BTK nəzdində digər fiziki şəxs X2 torpaq sahəsi ayrılmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, həmin torpaq sahəsi 30 ilə yaxındır ki, onun istifadəsindədir və hasarlanmışdır. Heç bir şəxsin həmin torpaq sahəsinə iddiası və tələbi yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 50 saylı orderinə əsasən İddiaçı Bakı şəhər İcrayyə komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/143 saylı qərarına əsasən Goradil bağlar sahəsində 194 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 353 “q” saylı bağ ayrılmışdır. Bakı şəhər XDS İK-nın xx.xx.1990-cı il tarixli, 4/143 saylı qərarından çıxarışdan görünür ki, İddiaçı adı 194 nömrəli Gerodil bağ-tikinti kooperativi üzvlərinin Siyahısında göstərilmişdir. Cavabdehin Daşınmaz əmlakın texniki vəziyyətlərini əks etdirən xx.xx.2023-cü il tarixli muayinə (baxış) aktına əsasən Göradil bağ massivi 353q saylı bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 1200 kv.metr təşkil etsə də, faktiki 1590 kv.metrdir. Göstərilən bağ sahəsi hasar daxilindədir. Sahədə tikili yoxdur. Göstərilən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Məlumat üçün bildirilmişdir ki, ümumi ərazidə həmin hissədə bağ sahələrinin yerləşməsi ardıcıllığı sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Göstərilən ümumi 1590,0 kv.metr sahənin və ümumi sahədən şərti olaraq göstərilən 1200 kv.metr sahənin koordinatları əlavə olunmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq hasardaxili 0.1590 ha təşkil edir. Torpaq sahəsində tikili yoxdur. Faktiki olaraq göstərilən 0.1590 ha torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Sözügedən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən torpaq sahəsi digər bağların ərazisinə uyğun gəlir. Qeyd olunan 102 nömrəli BTK nəzdində vətəndaş X2 ayrılmış sahəyə dair idarəyə müraciəti olmadığından, bağ sahələri paylanarkən koordinatlarda verilmədiyindən həmçinin arxiv cizgisi olmadığından həmin sahənin yerinin dəqiqləşdirilməsi və sualın cavablandırılması mümkün olmadı. Yuxarıda qeyd olunan (2-ci sualın cavabında) səbəblərdən üst-üstə düşmə halının araşdırılması mümkün deyil. İddiaçı faktiki istifadəsində olan 353 “q” saylı sahəyə digər vətəndaşın müraciəti barədə məlumat yoxdur. “X3 və Ekspertiza Mərkəzi” MMC-nin 50 saylı, 23 fevral 2024-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhər X4 İcraiyyə Komitəsinin 4/143 saylı 13 iyun 1990-cı il tarixli sərəncamına əsasən İddiaçı istifadəsinə ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Gorədil qəsəbəsində yerləşən 194 BTK nəzdində 353”q” saylı bağ sahəsi iddia olunan ərazidən kənarda yerləşir. İddia olunan bağ sahəsi ərazinin sxeminə əsasən digər bağ sahələri ilə üst-üstə düşür. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin orderinə əsasən X2 Bakı şəhər İcrayyə komitəsinin 22 aprel 1991-cı il tarixli, 5/353 saylı qərarına əsasən Goradil bağlar sahəsində 102 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 353 “q” saylı bağ ayrılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 50 saylı orderinə əsasən İddiaçı Bakı şəhər İcrayyə komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/143 saylı qərarı ilə Goradil bağlar sahəsində 194 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 353 “q” saylı bağ ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə dair çıxarış alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tələbdən imtina etmiş və imtinaya əsas kimi göstərmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən torpaq sahəsi digər bağların ərazisinə uyğun gəlir. Bundan əlavə, təqdim olunmuş hüquqmüəyyənedici sənədlə şəxsiyyəti təsdiq edən sənəd arasında ata adında uyğunsuzluq mövcuddur. Belə ki, hüquqmüəyyənedici sənəddə ata adı “Mehrəli” kimi göstərilsə də, şəxsiyyəti təsdiq edən sənəddə “Mehralı” olaraq qeyd olunmuşdur. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi bağların bölgüsünə dair sematik xəritə ilə uyğunsuzluq təşkil etsə də, cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyində olan məlumatlardan da görünür ki, ümumi ərazidə həmin hissədə bağ sahələrinin yerləşməsi ardıcıllığı sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi onun faktiki istifadəsindədir. Cavabdeh 353 q saylı torpaq sahəsinə dair 102 saylı BTK nəzdində digər şəxsin, yəni X1 adına torpaq sahəsinin ayrıldığını bildirsə də, həmin şəxs tərəfindən qeyd olunan torpaq sahəsi ilə bağlı müraciətin olmadığını bildirmişdir. Yəni həmin şəxsin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə bağlı iddiaçıya qarşı hər hansı iddiası yoxdur. Eyni zamanda cavabdeh bağ sahələrinin yerləşməsi ardıcıllığının sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini bildirmişdir. Məhkəmə hesabe dir ki, həmin ardıcıllığın pozulması iddiaçının hüquqlarının pozulmasına səbəb ola bilməz. İddiaçının ata adının hüquqmüəyyənedici sənədlərdə “Mehrəli” kimi göstərilməsi ilə bağlı cavabdehin dəlillərinə gəldikdə qeyd edilməlidir ki, həmin sənədlərdə iddiaçının ata adının “Mehrəli” kimi yazılması texniki səhv kimi qiymətləndirilməlidir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Bu səbəbdən iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən 353q nömrəli 0,12 hektar bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən 353q nömrəli 0,12 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar