Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5358/2024 10.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci Binəqədi küçəsi, sahəsi 42.20 kv.m olan 1 saylı fərdi yaşayış evinin də yerləşdiyi ümumi sahəsi 0.035 ha olan torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 5-ci mənzili üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində X5 adına ********** qeydiyyat nömrəsi ilə 2013-cü il dekabrın 12-də hüququ qeydiyyata alınmış tikilinin sahəsi 48 kv.m, tikilinin də yerləşdiyi torpaq sahəsinin ümumi sahəsi isə 0,035 ha-dır. Tikili və torpaq sahəsi 2013-cü ildən faktiki istifadədə olmaqla kimsə tərəfindən buna etiraz edilməmiş, maneəsiz istifadə olunmuşdur. X3 adı çəkilən yaşayş evini 2016-cı ilin əvvələrində X2, sonuncunun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixli RX seriyalı ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X1 yaşayış evini Bakı şəhərinin 32 saylı Notariat Ofisində 4Ə-621 №-li reyestrdə rəsmiləşdirilməklə AN-İ seriyalı ******* №-li daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında iddiaçıya satmış və qeydiyyat nömrəsi **********7 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən adına 2020-ci il noyabrın 18-də texniki pasport tərtib olunmuş, sözügedən 0,035 ha torpaq sahəsi texniki pasportda və «X4» xx.xx.2023-cü il tarixli 49 saylı ekspetr rəyinin 3-cü səhifəsinin sonuncu abzasında və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda öz əksini tapmış, iddiaçının adına xx.xx.2020-ci il tarixli çıxarış verilmiş və torpaq sahəsi faktiki sahiblik hüququ ilə onun istifadəsinə keçmişdir. Hazırda orada yaşayır və torpaq sahəsindən faktiki sahiblik hüququ əsasında istifadə edir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-13448/2022 saylı qərarı ilə ünvan 1 ünvanda yerləşən 5-ci mənzilinin fərdi yaşayış evi kimi adıma qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, Bakı Apellyasiya Məhkəməsinin inzibari kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(103)-l827/2023 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin adı çəkilən qərarı qüvvədə qalmış, bundan sonra cavabdeh tərəfindən adıma həmin ünvan üzrə xx.xx.2023-cü il tarixli çıxarış verilmiş, tikilinin sahəsi 42.20 kv.m., istifadədə olan torpaq sahəsi isə 0.035 ha həcmdə göstərilmişdir. Adı çəkilən torpaq sahəsinin adıma hüquqi qeydiyyata alınması və çıxarışın verilməsi üçün cavabdehə yazılı müraciət etmiş, lakin sonuncu xx.xx.2023-cü il tarixli məktubla bundan imtina etmiş, lakin imtina məktubunda hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi qeyd olunmuşdur. Halbuki, cavabdehə müraciət olunanda zəruri olan bütün sənədlər təqdim olunmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda sözügedən torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmaqdan imtina kimi qəbul edilməməsi qeyd olunsa da, əslində onu qeydiyyata alınmaqdan imtina kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştrak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********32 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 200 nömrəli sərəncamına əsasən X11 MƏ.Rəsulzadə qəsəbəsi, 5-ci Binəqədi küçəsi, 1 nömrəli evin yaşayış sahəsi 32 kv.m olan 2 otaqlı 5 nömrəli mənzilin əsas kirayəçisi hesab edilmişdir. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci Binəqədi küçəsində yerləşən sahəsi 48.0 kv.m. olan ev 1, mənzil 5 xüsusi mülkiyyət hüququ ilə X5 adına xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Bakı şəhəri, ünvan 2 ünvanı ilə bağlı X5 adına xx.xx.2013-cü il tarixdə tərtib edilmiş mənzilin texniki pasportuna əsasən mənzilin ümumi sahəsi 48 kv.m, yaşayış sahəsi 32 kv.m, sənəd üzrə torpaq sahəsi 0.03568 ha, faktiki sahə 0.03568 ha. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci Binəqədi küçəsində yerləşən sahəsi 48.0 kv.m. olan ev 1, mənzil 5 xüsusi mülkiyyət hüququ ilə X7 adına xx.xx.2016-cı il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. -Bakı şəhəri, ünvan 2 ünvanı ilə bağlı X7 adına xx.xx.2016-cı il tarixdə tərtib edilmiş mənzilin texniki pasportuna əsasən mənzilin ümumi sahəsi 48 kv.m, yaşayış sahəsi 32 kv.m, sənəd üzrə torpaq sahəsi 0.03568 ha, faktiki sahə 0.03568 ha, tikintialtı sahə 0.03568 ha. -AN – İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, satıcı X10 Bakı şəhəri, ünvan 2 ünvanında yerlşən, ümumi sahəsi 48 kv.m. olan mənzili alıcı İddiaçı mülkiyyətinə verir. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci Binəqədi küçəsində yerləşən sahəsi 48.0 kv.m. olan ev 1, mənzil 5 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2020-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. -Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13448/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” barədə iddiası təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 5 saylı mənzilin onun adına fərdi yaşayış evi kimi dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1827/2013 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-13448/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən sxalanılmışdır. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci Binəqədi küçəsi, ev 1 ünvanında yerləşən sahəsi 42.2 kv.m. olan fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ və sahəsi 0.005064 ha olan torpaq sahəsi mülkiyyət növü dövlət olmaqla üzərində istifadə hüququ İddiaçı adına xx.xx.2023-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********46 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, ünvan 6 ünvanında olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023ci il tarixli ********** nömrəli müraciətinizə tərəfimizdən baxılmışdır. Bildirilir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən sizə hüquqi yardım göstərilərək bildiririk ki, müvafiq hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinizə yenidən qanunamüvafiq qaydada baxılacaqdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyəti üzrə əsassızdır. Hazırkı işdən müəyyən olunur ki, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 200 nömrəli sərəncamı ilə X11 Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilin ilkin mülkiyyətçisi hesab edilmiş, qeyd edilən əmlak mənzil olaraq fiziki şəxsina adına özəlləşmişdir. Sözügedən mənzil xx.xx.2013-cü il tarixdə X5 adına qeydiyyata alınmış və əmlakla bağlı xx.xx.2013-cü il tarixdə texniki pasport tərtib edilmişdir. Daha sonra həmin mənzil xx.xx.2016-cı il X7 adına, xx.xx.2020-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ ilə qeydiyyata alınmış və müvafiq olaraq texniki pasportlar tərtib edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13448/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 5 saylı mənzilin onun adına fərdi yaşayış evi kimi dövlət reyestrində qeydiyyata alınması qərara alınmış, qərar qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2023-ci il tarixdə sonuncu dəfə reyestrdən verilmiş çıxarışda mənzilin fərdi yaşayış evi kimi və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi dövlət mülkyyətində iddiaçının isə istifadəsində olmaqla qeydiyyatı aparılmışdır. Hazırkı iddiasında iddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyyatını mübahisələndirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; -8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; -8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları; -8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); -8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;[ -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. -8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; -8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; -8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, iddia olunan fərdi yaşayış evi ilkin olaraq dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmiş və mənzilə dair ilkin hüquqmüəyyənedici sənədlərdə mənzilin tikintisi ilə bağlı torpağın ayrılması barədə müvafiq sənəd (qərar, sərəncam və s.) olmamış, mənzilin yerləşdiyi torpaq sahəsinin ölçüsü, yerləşmə cizgisi ilə bağlı hər hansı qeydlər daxil edilməmişdir. Başqa sözlə, fərdi yaşayış kimi hazırda qeydiyyatda olan əmlakın yerləşdiyi torpaq sahəsinin ayrılması ilə bağlı ilkin hüquqmüəyyənedici sənədlər mövcud deyildir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir. Siyahının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. Siyahının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: -2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; -2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; -2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; -2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); -2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; -2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; -2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar hüquqların qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi yuxarıda adıçəkilən Siyahıda yaşayış və bağ evlərinin altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər sadalanmışdır ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair həmin sənədlərdən hər hansı biri təqdim edilməmişdir. İddiaçıya aid əmlakın yerləşdiyi torpaq sahəsinin mövcudluğu, torpaq sahəsinin müvafiq ölçüsü ilə bağlı ilkin sənəd xx.xx.2013-cü il tarixdə tərtib edilmiş mənzilin texniki pasportudur. Həmin texniki pasportda mənzilin torpaq sahəsi üzərində yerləşdiyi qeyd edilməklə, torpaq sahəsinin ümumi sahəsi (tikintialtı və həyətyanı sahəsi) göstərilmişdir. İddiaçının təqdim etdiyi texniki pasport həmin Siyahıda qeyd edilməmişdir. Belə ki, Fərmanla təsdiq edilmiş Siyahının 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportların müvafiq əmlaka hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Təqdim edilən texniki pasport cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki sənəddir. Eyni zamanda Siyahının 2.4-cü bəndində torpaq sahələrinə münasibətdə hüquqmüəyyənedici sənəd kimi xx.xx.2001-ci il tarixədək tərtib edilmiş o texniki pasportlar nəzərə alınır ki, həmin tarixədək texniki pasportu tərtib edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış olsun. Hazırkı iş üzrə isə sözügedən ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış olsa da texniki pasort xx.xx.2001-ci il tarixədək tərtib edilməmişdir. İddiaçının istinad etdiyi “Torpaq islahatı haqqında” Qanunun 9, 10-cu maddələrinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması dəlilinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi qanunverici vətəndaşların qanuni istifadəsində olan o torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyatını nəzərdə tutur ki, torpaq sahələri ilkin torpaqayırma sənədləri əsasında istifdəyə verilmiş olsun və həmin torpaq sahələrinin istifadəyə götürüldüyü ölçü bəlli olmuş olsun. Hazırkı iş üzrə yuxarıda da qeyd edildiyi kimi iddiaçının iddia etdiyi fərdi yaşayış evinin tikintisi üçün torpaqayırma sənədi yoxdur, torpaq sahəsinin istifadəyə verilərkən hansı ölçüdə (tikintialtı və ya həyətyanı sahəsini göstərən) verildiyi barədə ilkin sənədlərdə qeydləri mövcud deyildir. İddia olunan əmlakın yerləşdiyi torpaq sahəsi ilə bağlı sənəd yalnız ilkin olaraq 2013-cü ildə tərtib edilmiş texniki pasportdur ki, həmin texniki pasport qanunla müəyyən edilmiş qayadada hüquqmüəyyənedici sənəd qismində deyil, yalnız fərdi yaşayış evinə dair verilmiş reyestrdən çıxarışın tərkib hissəsi olan texniki sənəd statusunda çıxış edir. Qeyd edilənlərə əsasən yuxarıda adıçəkilən qanun normaları iddiaçının iddia tələbinə münasibətdə tətbiq edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Beləliklə, iddiaçı torpaq sahəsinə hüququn qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı birini təqdim edə bilməmişdir. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən müraciətin təmin edilməsindən imtina əsaslıdır və iddiaçıların hüquqlarının pozulması kimi qiymətləndirilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5358/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5358/2024
10.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver