Məhkəmə qərarları › İş №2-1(112)-5359/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5359/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5359/2022 22.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçının vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahinə dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu inzibati ərazisində yerləşən Hövsan südçülük sovxozu ərazisində 600 kv.m ölçüdə sahibliyində, istifadəsində və faktiki mülkiyyətində olan torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün (cizgi aktının) tərtib edilib ona verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu inzibati ərazisində yerləşən Hövsan südçülıik sovxozu ərazisində 600 kv.metr ölçüdə torpaq sahəsi onun sahibliyində, istifadəsində və faktiki mülkiyyətindədir. Həmin torpaq sahəsi X3 Həmkarlar ittifaqı komitəsinin əmək kollektivi şurasının 20 may 1992-ci il tarixli 13 nömrəli protokoluna, Abşeron rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli 40 nömrəli məktubu və İslahat Komissiyasının 01 dekabr 1997-ci il tarixli 03 nömrəli ptotokoluna müvafiq olaraq Hövsan südçülük sovxozu üzrə 25 dekabr 1998-ci il tarixli 28 nömrəli əmrinə əsasən fərdi ev tikmək üçün ona verilmişdir. Torpaq sahəsi natural qaydada ayrılıb ona verilmiş, Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən torpaq sahəsinin sxemi tərtib olunmuşdur. Sahibliyində, istifadəsində və faktiki mülkiyyətində olub, Hövsan südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinə sənədləşmə işinin tamamlanması və mülkiyyət hüququnun Dövlət Reyestrində qeydə alınmasında israrlı olduğu üçün həmin torpaq sahəsi üzrə “Torpaq sahəsinin planı və ölçüsünün (cizgi aktının) tərtib edilib ona verilməsi üçün tərəfindən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət olunmuşdur. Həmin müraciətinə cavabdeh tərəfindən 02 dekabr 2021-ci il tarixli B-146-091 saylı məktubla cavab verilərək bildirilmişdir ki, surətini təqdim etdiyi Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivindən çıxarışa əsasən sözügedən torpaq sahəsinin X3 Həmkarlar ittifaqı komitəsinin əmək kollektivi şurasının 20 may 1992-ci il tarixli 13 nömrəli protokoluna, Abşeron rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli 40 nömrəli məktubu və İslahat Komissiyasının 01 dekabr 1997-ci il tarixli 03 nömrəli ptotokoluna müvafiq olaraq Hövsan südçülük sovxozu üzrə 25 dekabr 1998-ci il tarixli 28 nömrəli əmri ilə ayrıldığı müəyyən edildiyindən və bu barədə Suraxanı RİH-də heç bir məlumat olmadığından müraciətininin müsbət həlli səlahiyyətləri xaricindədir. Hesab edir ki, həmin cavab əsassızdır. Belə ki, təqdim etmiş olduğu sənədlər ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən sənədləşdirilməsi üçün yetərli olmuşdur. Buna baxmayaraq, cavabdeh həmin sənədləşmə işini icra etməkdən qərəzli olaraq imtina etmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhərinin inzibati ərazisində yerləşən inzibati rayonlar sənaye təyinatlı olduqları üçün, həmin rayonların inzibati ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələri, həmin ərazilərdə fəaliyyətdə olan sovxozlar ərazi aidiyyəti və idarəçilik üzrə Abşeron rayonunun tabeliyində olmuşdur. Yalnız sonradan torpaqların ərazi aidiyyəti dəyişdirilmiş və faktiki yerləşdikləri inzibati rayonların tabeliyinə verilmişdir. Ona görə hesab edir ki, sahibliyində, istifadəsində və faktiki mülkiyyətində olub, Hövsan südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinə dair sənədləşmə işləri Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən icra olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh ona məxsus torpaq sahəsində faktiki vəziyyətini əks etdirən cizgi aktını verməyə borclu olmuşdur. Lakin, ona aid olmayan səhvi bəhanə edərək, cavabdeh ona verməkdən imtina etməklə hüquqlarını pozmuşdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iş üzrə cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin əsl Cavabdeh ilə əvəz olunmasını və Bakı şəhəri Suraxanı rayonu inzibati ərazisində yerləşən Hövsan südçülük sovxozu ərazisində 600 kv.m ölçüdə torpaq sahəsinə texniki pasport və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı məcburetmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı rayonu inzibati ərazisində yerləşən Hövsan südçülük sovxozu ərazisində 600 kv.metr ölçüdə sahibliyində, istifadəsində və faktiki mülkiyyətində olan torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün (cizgi aktının) tərtib edilib ona verilməsininin Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə vəzifə olaraq tapşırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini həmin torpaq sahəsinin X3 Həmkarlar ittifaqı komitəsinin əmək kollektivi şurasının 20 may 1992-ci il tarixli 13 nömrəli protokoluna, Abşeron rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli 40 nömrəli məktubu və İslahat Komissiyasının 01 dekabr 1997-ci il tarixli 03 nömrəli ptotokoluna müvafiq olaraq Hövsan südçülük sovxozu üzrə 25 dekabr 1998-ci il tarixli 28 nömrəli əmrinə əsasən fərdi ev tikmək üçün ona verilmiş olması və torpaq sahəsinin natural qaydada ayrılıb ona verilməsi, Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən torpaq sahəsinin sxeminin tərtib olunması ilə və həmin torpaq sahəsinin həmin vaxtdan onun sahibliyində, istifadəsində və faktiki mülkiyyətində olması ilə əsaslandırmışdır. Bakı şəhəri Suraxanı rayonu inzibati ərazisində yerləşən Hövsan südçülük sovxozu ərazisində 600 kv.metr ölçüdə sahibliyində, istifadəsində və faktiki mülkiyyətində olan torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasında hazırda da, israrlıdır və məhkəmə mübahisəsini davam etdirmək və qanunvericiliklə ona verilmiş səlahiyyətdən istifadə edərək, bununla bağlı iddia tələbinin əsasını dəyişdirmək istəyindədir. Dəqiqləşmiş ərizə məhkəmənin 2-1(112)-5359/2022 saylı, 05 may 2022-ci il tarixli qərardadı ilə dəqiqləşmiş ərizə icraata qəbul edilmiş, iş üzrə cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, hal-hazıradək iddia ərizəsinə qarşı hər-hansı bir münasibət təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin ediməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı təqdim edilmiş etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normalarına əsasən hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan X3” 28 nömrəli, 25 dekabr 1998-ci il tarixli əmrindən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş F-434 nömrəli, xx.xx.2021-ci il tarixli “arxiv çıxarışının surətindən görünür ki, Abşeron rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli, 40 nömrəli məktubunun islahat komissiyasının 01 dekabr 1997-ci il tarixli, 03 nömrəli protokoluna əsasən, İddiaçı 0.12 ha torpaq sahəsi ayrılmışdır. İşdə olan Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsi tərəfindən təsdiq edilmiş sxemdən görünür ki, Abşeron rayonu Hövsan-südçülük sovxozunun 28 nömrəli, 25 dekabr 1998-ci il tarixli əmrinə istinadən İddiaçı ayrılmış 0.12 ha torpaq sahəsinin sxemi təsdiq edilmişdir. Torpaq sahəsinin koordinatları X=424244.3385 Y=4472969.7382, X=424250.0473 Y=472976.5681, X=424271.5223 Y4472948.8745, X=424280.8400 Y4472955.9897, X= 424300.9177 Y=4472925.3867, X=424282.9415 Y=4472910.7206. İşdə olan notarial qaydada təsdiq edilmiş X4 tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış **********265 nömrəli ərizənin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında yerləşən 800 kv.m torpaq sahəsindən 200 kv.m torpaq sahəsinin azalmasına və faktiki yerində olan 600 kv.m torpaq sahəsinin özəlləşməsinə etiraz etmir, razıdır. Gələcəkdə yuxarıda göstərilən torpaq sahəsinin ölçülərinə aid heç bir iddiası və tələbi olmayacaqdır. İşdə olan cavabdeh tərəfinədn iddiaçının müraciətinə cavab olaraq verilmiş “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Hövsan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsinə baxılaraq bildirilmişdir ki, təqdim etdiyi yerləşmə sxemində X3 28 nömrəli, 25 dekabr 1998-ci il tarixli əmrinə istinad olunmamışdır. Odur ki, yeni tarixlə, əmrin nömrəsi və tarixi qeyd edilməklə yerləşmə sxemi təqdim edildiyi təqdirdə ərizəsinə qanunamüvafiq qaydada baxılacaqdır. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətindən imtina edilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, işin hallarından görünür ki, Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş F-434 nömrəli, xx.xx.2021-ci il tarixli arxiv çıxarışına əsasən, X3 28 nömrəli, 25 dekabr 1998-ci il tarixli əmri ilə Abşeron rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli, 40 nömrəli məktubu ilə islahat komissiyasının 01 dekabr 1997-ci il tarixli, 03 nömrəli protokoluna əsasən İddiaçı 0.12 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş cavabdeh tərəfindən onun müraciətindən imtina edilmişdir. İddiaçı hazırda ona ayrılmış torpaq sahəsinin faktiki istifadəsində olan 600 kv.m hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsini xahiş edir. Cavabdeh torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasından imtina cavabında təqdim etdiyi yerləşmə sxemində X3 28 nömrəli 25 dekabr 1998-ci il tarixli əmrinə istinad olunmadığına, yeni tarixlə əmrin nömrəsi və tarixi qeyd edilməklə yerləşmə sxeminin təqdim ediləcəyi təqdirdə ərizəyə yenidən baxıla biləcəyinə istinad edilmişdir. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndində yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış göstərilmişdir. Göründüyü kimi, hazırda qüvvədə olan qanunvericiliyə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış nəzərdə tutulmuşdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmış hesab olunmalıdır. Cavabdehin dəlili olan iddiaçının təqdim etdiyi torpaq sahəsinə dair yerləşmə sxemində X3 28 nömrəli, 25 dekabr 1998-ci il tarixli əmrinə istinad edilməməsi məsələsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsi ayrıldığı dövrdə sözügeden torpaq sahəsi Abşeron rayonunun ərazisində olduğundan, həmin torpaq sahəsinin koordinatlarının verilməsində səlahiyyətli orqanda Abşeron rayon İcra Hakimiyyəti olmuşdur və sonuncu tərəfindən yerləşmə sxemi verilərək, cavabdehin imtina məktubunda göstərdiyinin əksinə, yerləşmə sxemində Abşeron rayon rayonu Hövsan-südçülük sovxozunun 28 nömrəli, 25 dekabr 1998-ci il tarixli əmrinə istinad edilmişdir. Məhkəmə eləcə də, iddia tələbinin torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7n” Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.0-ci bəndinə əsasən DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 2.0.3. dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsini və aparılmasını həyata keçirmək; 2.0.4. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək; 2.0.5. yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini həyata keçirmək; 2.0.6. torpaqların monitorinqi və torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək; 2.0.7. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq; 2.0.8. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Göründüyü kimi, texniki sənədlərin hazırlanması da, cavabdehin səlahiyyətlərinə daxildir. Bu səbəbdən də, iddiaçının torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi də, əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, X3 ərazisində yerləşən 600 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınmaqla, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar