Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5359/2023 06.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə qarşı «nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi ilə bağlı qanuni qüvvəyə minməmiş qərar əsasında tətbiq edilən dəbbə pulu və üzərində həbsin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehin nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməməsi səbəbi ilə iddiaçını cərimə etmək və nəqliyyat vasitəsini idarə etmək hüququnu məhdudlaşdırmaq kimi hərəkətlərdən çəkinməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı ŞBPİ X1 İdarəsinə qarşı «nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi ilə bağlı qanuni qüvvəyə minməmiş qərar əsasında tətbiq edilən dəbbə pulu və üzərində həbsin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehin nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməməsi səbəbi ilə iddiaçını cərimə etmək və nəqliyyat vasitəsini idarə etmək hüququnu məhdudlaşdırmaq kimi hərəkətlərdən çəkinməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-сü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı ŞBPİ X1 İdarəsinin 11 oktyabr 2022-ci il tarixli TP ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilmişdir. İddiaçı qeyd olunan inzibati xətanın törədilməsi ilə bağlı qəbul edilmiş qərarla razılaşmamış və inzibati xətanın törədilməsinə dair qərarı tamamilə əsassız hesab edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət ünvanlamışdır. Nərimanov Rayon Məhkəməsinin (005)-3536/2022 nömrəli 2 dekabr 2022-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş və o, məhkəmənin həmin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı ŞBPİ X2 İdarəsinin 11 oktyabr 2022-ci il tarixli TP ******* nömrəli qərarı qanuni qüvvəyə minməmişdir. İddiaçı ona məxsus “AUDİ A6 minik” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 11 dekabr 2022-ci il tarixdə texniki baxış müddəti bitməsi ilə əlaqədar bu tarixdən əvvəl texniki baxışdan keçirmək məqsədilə Daxili İşlər Nazirliyinin Qaradağ rayonunda yerləşən müayinə mərkəzinə aparmışdır. Orada hələ qanuni qüvvəyə minməmiş Bakı ŞBPİ X1 İdarəsinin 11 oktyabr 2022-ci il tarixli TP ******* nömrəli qərarı ilə cərimənin mövcud olmamasını əsas gətirərək, iddiaçının avtomobilini texniki baxışdan keçirilməsindən şifahi olaraq imtina edilmişdir. Ona cəriməni ödədikdən sonra avtomobilin texniki baxışdan keçilməsinin mümkün olavağı bildirilmişdir. Bundan sonra iddiaçı dərhal elektron müraciət sistemi vasitəsilə, qərarın qanuni qüvvəyə minməməsini təsdiq edən sənədlərlə birlikdə avtomobilin texniki baxışdan maneəsiz keçirilməsi barədə göstəriş verilməsi haqqında Baş X1 İdarəsinə müraciət etmişdir. Baş X1 İdarəsindən ona ünvanlanan 21 dekabr 2022-ci il tarixli 157629A-4222 nömrəli cavab məktubu ilə onun qanuni tələbinin inzibati icraat qaydasında icra edilməsindən qanunsuz olaraq imtina edilmişdir. Bununla yanaşı Baş X1 İdarəsi tərəfindən qanunsuz olaraq hələ qanuni qüvvəyə minməmiş Bakı ŞBPİ X1 İdarəsinin 11 oktyabr 2022-ci il tarixli TP ******* nömrəli qərarına əsasən, ona tətbiq edilən cəriməyə dəbbə pulu hesablanmış, eyni zamanda avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 30-cu maddəsinin Vİİİ hissəsinə əsasən nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər və nəqliyyat vasitəsi bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara təqdim edildikdə və onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdə, həmin orqanlar təxirəsalınmadan nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayır, mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı «İcra haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Qanunvericiliyin qeyd edilən normalarından da göründüyü kimi, qanuni qüvvəyə minməmiş qərara əsasən, texniki baxışdan keçməyimə maneə yaradılması, qanuni qüvvəyə minməmiş qərar barədə dəbbə pulu hesablanması, eyni zamanda avtomobilimə həbs qoyulması tamamilə qanunsuzdur. Bu qanunsuz hərəkətlərin məntiqi davamı kimi Baş X1 İdarəsinin yaxın müddətdə iddiaçının avtomobilinin texniki baxışdan keçməməsi ilə bağlı cərimə edəcəyi (İXM-339), eyni zamanda nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdıracağı gözlənilir. Hazırda bu səbəblərdən iddiaçı öz avtomobilini idarə etmək hüququndan məhrum olmuşdur. Göstərilənlərə əsaslanaraq, iddiaçıya məxsus “AUDİ A6 minik” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi ilə bağlı qanuni qüvvəyə minməmiş 11 oktyabr 2022-ci il tarixli qərar əsasında tətbiq edilən dəbbə pulu və üzərində həbsin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, Baş X1 İdarəsinin nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməməsi səbəbi ilə iddiaçını cərimə etmək və nəqliyyat vasitəsini idarə etmək hüququnu məhdudlaşdırmaq kimi hərəkətlərdən çəkinməsi haqqında qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə, inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: - (61.1.6) inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında vurğulanmışdır ki, «İnzibati icraat haqqında» AR Qanununun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair işlər üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda cavabdehin inzibati xətalara dair işlər üzrə fəaliyyəti ilə əlaqədar müəyyən hərəkətlərini mübahisələndirdiyindən, eləcə də bununla əlaqədar gələcəkdə baş verə biləcək hərəkətlərin qarşısının alınmasını tələb etdiyindən, hazıkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, məhkəmənin qənaətinə görə iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5359/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5359/2023
06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver