Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-536/2020 17.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı, onun nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi-X1 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 52 yaşının tamam olduğu tarixdən yəni 21.05.2015-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, müraciət etdiyi vaxtdan əvəlki 3 ilin 16.07.2016-cı il tarixdən ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx xxx 1963-cü ildə Quba rayonun Çiçi kəndində doğulmuşdur. Hazırda 56 yaşı tamam olub. 03.10.1979-cu il tarixdən 31.07.1980-cı il tarixədək Xaçmaz şəhəri, 92 saylı Texniki-peşə məktəbində dülgərlik ixtisası üzrə təhsil almışdır. 01.09.1980-cı ildən 24.05.1981 -ci ilə kimi Sumqayıt şəhəri, 17 saylı Texniki -Peşə məktəbində oxumuş, suvaqçı-rəngsaz ixtisası üzrə təhsil almışdır. Həmin illərdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən təhsil müddəti sığorta stajı hesab olunurdu, yeni qanunun, yəni “Əmək pensiyaları haqqında” Qanunla daha sərt şərtlərin müəyyən edilməsi (təhsil müddətinin sığorta stajınadaxil edilməməsi) heç nəyi dəyişmir, həmçinin nəzərə alınmalıdır ki, onun təhsil aldığı vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsi ona müvafiq qarantiya vermişdir ki, təhsil aldığı müddət onun sığorta stajına daxil ediləcəkdir, həmin qarantiya yuxarıda qeyd olunan əsaslara görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək təhsil almış şəxslər üçün dəyişməmiş, çünki yeni qanun onların hüquqi vəziyyətini pisləşdirdiyi üçün geriyə tətbiq edilə bilməz. 1981-1983-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1983-cü ilin avqustun 26-dan Dəvəçi Quşçuluq (broyler) fabrikində 3-cü dərəcədə suvaqçı-rəngsaz kimi əmək fəaliyyətinə başlamış və bu vəzifədə müxtəlif dərəcələrdə 15 oktyabr 1984-cü ilədək işləmişdir. 07 yanvar 1985-ci ildə Sumqayıt Sintetik - kauçuk zavodunda divinil nitril, KN-2 sexində 3-cü dərəcəli təmirçi - çilingər kimi 16 sentyabr 1999-cu il tarixə kimi işləmişdir. Göründüyü kimi 14 (on dörd) il 08 (səkkiz) ay xüsusilə ağır kateqoriyalı işlərdə əmək fəaliyyəti olmuşdur. 12 fevral 2001-ci il tarixindən 30 mart 2004-cü il tarixə kimi Siyəzən rayon Beşdam bələdiyyəsində gözətçi işləmişdir. 01 aprel 2004-cü il tarixdən 30 dekabr 2006-cı il tarixə kimi “Nicat” firmasında gözətçi vəzifəsində işləmişdir. O, 26.08.1983-15.10.1984-cü illərdə (01 il 2 ay) Dəvəçi Quşçuluq (broyler) fabrikində, 07.01.1985-16.09.1999-cu illərdə (14 il 08 ay xüsusilə ağır kateqoriyalı işlərdə), 12.02.2001–30.03.2004-cü illərdə (3 il 2ay ) Siyəzən rayon Beşdam bələdiyyəsində gözətçi, 01.04.2004-30.12.2006 - illərdə (1 il 9 ay) “Nicat” firmasında gözətçi vəzifəsində işləməklə əmək kitabçasında 21 il 1 aydan çox iş stajı vardır. Xaçmaz şəhəri, 92 saylı Texniki-peşə məktəbində və Sumqayıt şəhəri, 17 saylı Texniki-Peşə məktəbində təhsil aldığı müddətlər iş stajına əlavə edilməklə onun ümumi iş stajı 22 il 9 ay təşkil edir. Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. ƏƏSMN-yi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat idarəsi 16 iyul 2019-cuil tarixli “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” barədə ərizəyə əsassız olaraq 08 oktyabr 2019-cı il tarixli **********1 saylı məktubla müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinaya səbəb 24 mart 1984-cü il tarixli l/İT-1 ******* nömrəli əmək kitabçasında qeyd olunan 01.04.1984 - 30.12.2006-cı il tarixləri arasındakı dövr ərzində işlədiyi “Nicat” firmasında əmək stajı barədə həmin müəssisənin 01.04.2004-cü il və sonrakı illərə dair sənədlərin arxivə təhvil verilmədiyi və hüquqi ünvanını müəyyən etməyin mümküm olmadığı bildirilmişdir. Bu səbəbdən 01.04.1984 - 30.12.2006-cı il tarixləri arasındakı dövrü sığorta stajına aid edilmədiyindən ümumi stajın güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunla tələb olunan 20 ildən az təşkil etdiyinə görə ona güzəştli şərtlərlə pensiya təyin edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazlarında göstərmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında" Qanun İddiaçı münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunlatələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2-ci şərtəəməl edilməmişdir. 1) “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüququ isə iddiaçının zəruri staja sahib olmasıdır. “Vətəndaşların pensiyatəminatı haqqında” Qanunun 13-cü maddəsinin (a) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər-52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Lakin 01.01.2006-cı il tarixədək iddiaçının topladığı ümumi iş stajı da 20 ildən azdır. Belə olan halda, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında" Qanun tətbiq edilə bilməz. 2) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasinin 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmişşəxslər həmin Müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavəedirlər (bənd 2.2). Qeyd edilən 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinəəsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir. (əlavənin 2.4-cü bəndi) Lakin iddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən digər işlərdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X5 ayrıayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndələri-X6 və X3 etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair iddiasının rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1963-cü ildə Quba rayonu Çiçi kəndində doğulmuşdur. 31 iyul 1980-cı ildə verilmiş 1184 №li atestatın surətindən müəyyən olunur ki, İddiaçı 03.10.1979-cu il tarixdən 31.07.1980-cı il tarixədək Xaçmaz şəhər 92 saylı orta texniki peşə məktəbində təhsil almışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən verilən 06.11.2019-cu il tarixli 328 №-li arayışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 03.10.1979-cu il tarixdə X9 70 saylı 1 illik “Dülgər” (tikintilər üçün) qrupuna daxil olub və 30.07.1980-cı ildə liseyi bitirmişdir. NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 24.05.1981-ci il tarixdən 07.06.1983cü il tarixədək həqiqi hərbi xidmət keçmiş və 14.06.1983-cü ildə Sumqayıt şəhər RHK-da qeydiyyata alınmışdır. Notarial qaydada təsdiq edilmiş İT-İ seriyalı ******* nömrəli 29.03.1984-cü il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı X4 26.08.1983-cü il tarixindən 15.10.1984-cü il tarixinədək suvaqçı-rəngsaz ((İİİ və V dərəcə) vəzifəsində işləmiş; 07.01.1985-ci il tarixindən 16.09.1999-cu il tarixinədək Sumqayıt Sintetik-kauçuk istehsalat birliyində (14.10.1994-cü ildən Sumqayıt-Sintezkauçuq zavodu adlandırılmışdır) divinil-nitril, KN-2sexində 3-cü dərəcəli (daha sonra 4-cü dərəcəli) təmirçi-çilingər işinə qəbul edilməklə, həmin vəzifədə işləmiş; 12.02.2001-ci il tarixindən 30.03.2004-ci il tarixinədək Siyəzən rayon Beşdam Bələdiyyəsində gözətçi; 01.04.2004-cü il tarixindən 30.12.2006-cı il tarixinədək “Nicat” firmasında gözətçi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinə ünvanladığı 06.12.2016-cı il tarixli 67/1222 №li məktubda göstərilmişdir ki, Siyəzən Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 noyabr 2016-cı il tarixli 2(059)-622 saylı qətnamə ilə İddiaçı Beşdam Bələdiyyəsində gözətçi işləməsi faktı təsdiq olunmuşdur. Təsis sənədlərinin (nizamnamə, uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında ******* saylı şəhadətnamə və vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə) notarial qaydada təsdiq olunmuş surətlərindən müəyyən olunur ki, hüquqi ünvanı ünvan 3də 4/143 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində, 06.01.2005-ci il tarixdə isə ********** VÖEN-lə Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 saylı Ərazi Verilər İdarəsində qeydiyyata alınmışdır. Quba rayonu “Nicat” firması tərəfindən verilmiş 05 №-li 29.11.2019-cu il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı 01.04.2004-cü il tarixdən 30.12.2006-cı il tarixə kimi Quba rayonunun Səbətlər kəndində fəaliyyət göstərən “Nicat” firmasında gözətçi vəzifəsində çalışmışdır. İş materiallarında olan “Azərkimya” İstehsalat Birliyinin (SOCAR) “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş 135 №-li 03.06.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı 07.01.1985-ci il tarixdən 16.09.1999-cu il tarixə kimi tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun “butadien-stirol lateksin ayrılması” sexində təmirçi çilingər vəzifəsində işləmişdir. Həmçinin arayışda göstərilən peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan butadien, stirol, latekslər istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququnun verdiyi qeyd edilmişdir. İddiaçının hazırkı tələblə cavabdeh orqana 16.07.2019-cu il tarixdə etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsi tərəfindən verilmiş 08.10.2019-cu il tarixli **********1 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltıişlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərlivə ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Təqdim olunmuş 29 mart 1984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan 01.04.2004- 30.12.2006-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının işlədiyi “Nicat” firmasında əmək stajının dəqiqləşdirilməsi ilə bağlı İdarə tərəfindən aidiyyəti üzrə sorğu verilmiş, cavab olaraq həmin müəssisənin 01.04.2004-cü il və sonrakı illərə dair sənədlərinin arxivə təhvil verilmədiyi və hüquqi ünvanını müəyyən etmək mümkün olmadığı bildirilmişdir. Bu səbəbdən 01.04.2004-30.12.2006-cı il tarixləri arasındakı dövrü sığorta stajına aid edilmədiyindən ümumi stajın güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunla tələb olunan 20 ildən az təşkil etdiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı mümkün hesab edilmir.” Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (22.12.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğunolaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7,15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il, ümumiiş stajı minimum 20 il olmalı; 3) 10 il xüsusi və 20 il ümumi iş stajı 01.01.2006-cı il tarixədək mövcud olmalıdır. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair imtina məktubunda və yazılı etirazında bildirmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az təşkil edir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil dövrü də nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək 20 ildən artıq, yəni 24 (iyirmi dörd) il, 3 (üç) ay 20 gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə (23.01.2007-ci il tarixədək qüvvədə olmuş)“Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: “Kimya İstehsalatı” bölməsi (Vİİİ bölməkod ********), kod 1080A00—17541 A-tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri: polidien, polivinilpirrolidon; akril, metaakril turşuları, onların törəmələri, polimerləri və polimer kimiləri; sadə vinil efirilərinin polimerləri; polietilentereftalatlar, butadien, poliizobutilen,izopren, latekslər, örtük və onların əsasında başqa materiallar; polifosfatlar; polikarbonat örtüyü; poroplastlar; porofor; sıxılma materialları; benzol, benzoil və naftalin törəmələri, onların homoloqları; sadə mürəkkəb efirlər (kod1080A010); işıq tərkiblilər; qurğuşun, civə, xrom, onların oksidləri, birləşmələrinin maddələri; selen, tellur, selenli, misli, sinkli birləşmələr; kükürd-karbon; silikaqel; sintetik kauçuklar, sintetik vitaminlər; sintetikrəngləyici, piqmentlər, onların xırdalanması, qurudulması, sintetik qatranlar, laklar; barium, titan birləşmələri; spirtlər, onların törəmələri; stirol, onun törəmələri; polimerləri, polimer kimiləri; kömür-sulfid; ssintilyasiya materialları; termohəssas rənglər (kod 1080A010). Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajının (iddiaçıya məxsus atestat, əmək kitabçası və hərbi biletdə qeyd olunmuş məlumatlar nəzərə alınmaqla), o cümlədən 10 ildən artıq, yəni 14 (on dörd) il, 8 (səkkiz) ay 9 gün güzəştli şərtlərlə iş stajının mövcud olması (“Azərkimya” İstehsalat Birliyinin “Etilen- Polietilen” zavodunun kadrlar şöbəsinin 135 №-li 03.06.2019-cu il tarixli arayışda göstərilmiş məlumatlar nəzərə alınmaqla) iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 21.05.2015-ci il tarixədək 20 ildən artıq, yəni 27 il 6 ay 23 gün ümumi iş stajına, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiqolaraq ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əməkpensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının təyin edilməsi müddətlərindən bəhs edən 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən lakin, bu qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyən edilmiş müddətlərə təyin olunur. İddiaçının xüsusi iş stajı 14 ildən, ümumi iş stajı isə 20 ildən artıq olduğundan onun güzəştli şərtlərlə pensiya hüququ əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə uyğun 52 yaşının tamam olduğu gündən yarandığından və iddiaçının 52 yaşı 21.05.2015-ci il tarixdə tamam olduğuna görə, sonuncuya pensiyanın təyin dilməsi üçün müraciət etdiyi tarixdən 3 (üç) il əvvəl olmaqla 16.07.2016-cı il tarixdən hesablanmaqla pensiya təyin edilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanuna uyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 52 yaşdan yəni 21.05.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiyanın inzibati orqana müraciət etdiyi vaxtdan əvvəlki 3 (üç) ilin, yəni 16.07.2016-cı il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 52 yaşdan yəni 21.05.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiyanın inzibati orqana müraciət etdiyi vaxtdan əvvəlki 3 (üç) ilin, yəni 16.07.2016-cı il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-536/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-536/2020
17.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver