Məhkəmə qərarları › İş №2-1(112)-536/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-536/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-536/2024 17.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, “yeni texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yeni texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 17 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin tərtib etdiyi xx.xx.2022-ci il tarixli, Bakı şəhəri, 28 may küçəsi, ev 5, 26 saylı mənzilin texniki pasportunda (reyestr nömrəsi **********96-05101-093020) texnniki səhvləri aradan qaldıraraq mətbəx və hamamı göstərərək, texniki göstəricilərinin mənzilin həqiqi texniki göstəricilərinə uyğunlaşdırılması, xx.xx.2010-cu il tarixli çıxarışların mənzillərin həqiqi texniki göstəricilərinə uyğunlaşdırılması və hər iki mənzilin nömrələrini birləşdirərək vahid nömrə, yeni vahid texniki pasport və yeni vahid çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli, Bakı şəhəri, 28 may küçəsi, ev 5, 26 saylı mənzilin texniki pasportunda (reyestr nömrəsi **********96- 05101-093020) əvvəlki ünvan 1, 26. 27 saylı mənzilin xx.xx.1999-cu il tarixli vahid texniki pasportunda olduğu kimi mətbəx və hamamı göstərərək, texniki göstəricilərinin mənzilin həqiqi texniki göstəricilərinə uyğunlaşdırmasını və texniki səhvləri aradan qaldıraraq, yeni texniki pasport verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin 14 mart 2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 26 və 27 saylı mənzillərin mülkiyyətçisidir. Həmin mənzillər vərəsəlik qaydasında xx.xx.2010 və xx.xx.2010-cu il tarixlərdə anası X2 qardaşı X5, xx.xx.2010-cu il tarixdə isə bağışlama qaydasında onun mülkiyyətinə keçmişdir. X1 isə həmin mənzillərə mülkiyyət hüququ xx.xx.1995-ci il tarixdə qeydə alınmışdır. Bu mənzillər üzərində mülkiyyət hüququ 2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Çıxarışlar alınmış, lakin texniki pasport mənzilin keçmiş sahibinin adında qalmışdır. Yuxarıda qeyd edilən mənzillərin bir girişi, bir sanitar qovşağı və bir hamamının olmasına baxmayaraq iki “Çıxarış”ı (26 və 27 saylı mənzillər) və bir texniki pasportu vardır. Mənzillərin birləşməsi mənzillərin aralarında olan qapının açılması ilə həyata keçirilib. Belə ki, bu bina yerli əhəmiyyətli abidədir, 100 ildən çox tarixə malikdir və binanın vaxtilə bir sahibi olduğundan layihə üzrə otaqların birindən digərinə keçmək mümkün olmuşdur. xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Mənzil-kommunal təsərrüfatı birliyi 15 saylı Mənzil-kommunal istismarı sahəsinə müraciət edərək ünvan 1, 26, 27 saylı mənzillərin birləşməsi və ölçüləri barədə arayış, xx.xx.2022-ci il tarixdə isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X7, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət edərək mənzillərin birləşməsi üçün rəy təqdim edilməsini xahiş etmişdir. Mənzillərin birləşməsi vaxtilə, uzun müddət əvvəl, mənzillər arasında yerləşən qapının açılması ilə baş vermiş, bu səbəbdən də Mənzil Məcəlləsinin 24.2.3 - cü maddəsində təqdim edilməsi nəzərdə tutulan sahənin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin təqdim edilməsi mümkün olmamışdır. 15 saylı Mənzilkommunal istismarı sahəsinin mühəndisləri mənzillərə baxış keçirdikdən sonra mənzillərin həqiqi ölçülərinin texniki pasport və “Çıxarış”larda göstərilən ölçülərə uyğun olmadığını, vaxtilə 1999-cu ildə texniki pasport tərtib edilərkən ölçülərin səhv aparıldığını bildirərək mənzillərin birləşməsi və ölçüləri barədə arayışı təqdim edə bilməyəcəyini, yalnız texniki pasport və “Çıxarış"larda həqiqi texniki göstəricilər göstərildikdə arayışın verilməsinin mümkün olduğunu bildirmişlər. X7, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti əməkdaşları isə mənzillərin hal-hazırda birləşik olduğunu, birləşməsi nəzərdə tutulan mənzillərə rəy verdiklərini, bu səbəbdən də, bu mənzillərin birləşməsi barədə rəy verə bilməyəcəyini və mənzillərin hər birinin ayrı texniki pasportları olduğu təqdirdə rəy verilmə məsələsinə yenidən baxa biləcəklərini bildirmişlər. Bu səbəblərdən də vaxtilə birləşmiş mənzillərin “Çıxarış”larının vahid “Çıxarışla əvəz edilməsi, “Çıxarış”ların və vahid texniki pasportun mənzillərin həqiqi texniki ölçüləri ilə olan uyğunsuzluğunu aradan qaldırması məqsədi ilə xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət edərək mənzillərin texniki pasportunu adına rəsmiləşdirərək yenisinin verilməsini, habelə vaxtilə, 08.06 1999cu il tarixdə tərtib edilən zaman buraxılan texniki səhvlərin aradan qaldırılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə texniki pasportun ödənişi edib, mənzillərə əvvəl olduğu kimi vahid deyil, 2 ayrı-ayrı texniki pasport alaraq ünvan 1, 26 saylı mənzilin onun adına verilən yeni, texniki pasportunda mətbəxin ölçülərinin səhv göstərilməsi, hamamın (vanna otağı) isə heç göstərilmədiyi müəyyən olundu. Baxmayaraq ki, mətbəx və hamam xx.xx.1999-cu il tarixli vahid texniki pasportda (sahələrin xüsusiyyətləri) və 26 saylı mənzilin “Çıxarış”ında (mənzilin ümumi, yaşayış və yardımçı sahələri) göstərilmiş və nəzərə alınmışdır (mətbəx və vanna otağı daxil, balkonlar istisna olmaqla) balkonların sahələri əlavə edilərək yeni, xx.xx.2022-ci il tarixli texniki pasportlarda göstərilmişdir. Yenidən, xx.xx.2022-ci il tarixdə, 3 saylı Bakı ASAN xidmət mərkəzinə ərizə ilə müraciət edərək, ünvan 1, 26 saylı mənzilə verilən yeni texniki pasportda olan texniki səhvlərin düzəlişinin edilməsini, mətbəx və hamamın göstərilməsi xahiş etmişdir. Cavabdeh 04 10.2022-ci il tarixli, **********71 saylı imtina məktubu verərək qeyd etmişdir ki, arxiv texniki pasporta mətbəx və hamam kimi qeyd olunan sahə, tərtib olunmuş 09 09.2022-ci il tarixli, 04/930 invertar nömrəli texniki pasportda mətbəx kimi (4.9 kv.m) öz əksini tapmışdır. Həmçinin əlavə artırılmış sahəyə (6,1 kv.m) dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bu səbəblərdən texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. Cavabdehin etirazları: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən mənzilə keçirilən yerli baxış zamanı məlum olmuşdur ki, sözügedən mənzil iddiaçıya məxsus 27 nömrəli mənzillə birləşdirilmişdir. 6,1 kv.m artırılma sahə mövcuddur. Həmin dəyişikliklərlə bağlı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, 28 may küçəsi, ev 5, 26 saylı və 27 saylı mənzillər iddiaçının mülkiyyətindədir. Bakı şəhəri, 28 may küçəsi, ev 5, 26 saylı mənzilə dair cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********96-05101-093020 reyestr nömrəli texniki pasport tərtib edilmişdir. İddiaçı həmin texniki pasportun ünvan 1, 26 və 27 saylı mənzilin xx.xx.1999-cu il tarixli vahid texniki pasportuna uyğun olmadığını, mətbəx və hamamın göstərilmədiyini bildirərək, texniki pasportda göstəricilərin mənzilin həqiqi texniki göstəricilərinə uyğunlaşdırması və texniki səhvlərin aradan qaldırılaraq yeni texniki pasport verilməsi tələbini irəli sürür. Məhkəmə icraatl zamanı Bakı şəhəri, 28 may küçəsi, ev 5, 26 saylı mənzilin faktiki vəziyyətinin (mənzilin ümumi, yaşayış və yardımçı sahələri, onların ölçüləri və konfiqurasiyası) iş materiallarında olan xx.xx.1999-cu il tarixli vahid texniki pasporta uyğun olub-olmadığının müəyyən edilməsi, uyğun deyilsə fərqin nədən ibarət olması və səbəbinin, həmin mənzildə sonradan artırılan sahənin mövcud olub-olmamasının, mövcuddursa hansı hissə olması və ölçüsünün müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-ci il tarixli 3-16-16/2-10/4745 nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir: - Bakı şəhəri, 28 may küçəsi, ev 5, 26 saylı mənzilin parametrləri, konfiqurasiyası və quruluşu xx.xx.1999-cu il tarixli vahid texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən olunmuşdur. Lakin 26 saylı mənzilin faktiki ölçüləri ilə xx.xx.1999-cu il tarixli vahid texniki pasportunda göstərilən otaqların ölçüləri arasında qismən uyğunsuzluq (10-20sm) olduğu müəyyən olunmuşdur. - Eyni zamanda 26 saylı mənzilin faktiki vəziyyəti xx.xx.1999-cu il tarixli vahid texniki pasportunda göstəricilərinə uyğun olduğunu nəzərə alaraq, həmin mənzildə sonradan artırılan sahə mövcud olmadığı müəyyən edildi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş (1 nömrəli əlavə) “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”:

4. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənədlərin verilməsi 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur.

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır

Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir. İş materiallarından göründüyü kimi, iddiaçı mübahisə predmeti 26 saylı mənzilin texniki pasportunun ünvan 1, 26 və 27 saylı mənzilin xx.xx.1999-cu il tarixli vahid texniki pasportuna uyğun olmadığını, mətbəx və hamamın göstərilmədiyini bildirərək, texniki pasportda göstəricilərin mənzilin həqiqi texniki göstəricilərinə uyğunlaşdırması və texniki səhvlərin aradan qaldırılaraq yeni texniki pasport verilməsi tələbini irəli sürmüşdür. Məhkəmə icraatl zamanı Bakı şəhəri, 28 may küçəsi, ev 5, 26 saylı mənzilin faktiki vəziyyətinin (mənzilin ümumi, yaşayış və yardımçı sahələri, onların ölçüləri və konfiqurasiyası) iş materiallarında olan xx.xx.1999-cu il tarixli vahid texniki pasporta uyğun olub-olmadığının müəyyən edilməsi, uyğun deyilsə fərqin nədən ibarət olması və səbəbinin, həmin mənzildə sonradan artırılan sahənin mövcud olub-olmamasının, mövcuddursa hansı hissə olması və ölçüsünün müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-ci il tarixli 3-16-16/2-10/4745 nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir: - Bakı şəhəri, 28 may küçəsi, ev 5, 26 saylı mənzilin parametrləri, konfiqurasiyası və quruluşu xx.xx.1999-cu il tarixli vahid texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən olunmuşdur. Lakin 26 saylı mənzilin faktiki ölçüləri ilə xx.xx.1999-cu il tarixli vahid texniki pasportunda göstərilən otaqların ölçüləri arasında qismən uyğunsuzluq (10-20sm) olduğu müəyyən olunmuşdur. - Eyni zamanda 26 saylı mənzilin faktiki vəziyyəti xx.xx.1999-cu il tarixli vahid texniki pasportunda göstəricilərinə uyğun olduğunu nəzərə alaraq, həmin mənzildə sonradan artırılan sahə mövcud olmadığı müəyyən edildi. Ekspert rəyinin əsassızlığı ilə bağlı cavabdeh və üçüncü şəxs tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, mübahisə predmeti mənzildə iddiaçı tərəfindən hər hansı konstruktiv dəyişiklik edilməmiş, cavabdehin qeyd etdiyi kimi hər hansı artırılma sahəsi mövcud deyildir. Otaqların ölçüləri arasında qismən uyğunsuzluq (10-20 sm) olmasına münasibətdə qeyd edilməlidir ki, həmin fərq 1999-cu ildə texniki pasport tərtib edilərkən mənzilin sahəsinin ölçülməsi ilə hazırda aparılan ölçünün fərqliliyindən qaynaqlandığından və qeyd edilənlərin iddiaçının iradəsindən və müdaxilə imkanından kənar olması nəzərə alındıqda həmin hallar iddianın əsaslılığına təsir edə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, 28 may küçəsi, ev 5, 26 saylı mənzilin xx.xx.2022-ci il tarixli, texniki pasportunda (reyestr nömrəsi **********96-05101-093020) əvvəlki ünvan 1, 26 və 27 saylı mənzilin xx.xx.1999-cu il tarixli vahid texniki pasportunda olduğu kimi mətbəx və hamamı göstərərək, texniki göstəricilərinin mənzilin həqiqi texniki göstəricilərinə uyğunlaşdırması və texniki səhvləri aradan qaldıraraq, yeni texniki pasport verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, 28 may küçəsi, ev 5, 26 saylı mənzilin xx.xx.2022-ci il tarixli, texniki pasportunda (reyestr nömrəsi **********96-05101-093020) əvvəlki ünvan 1, 26 və 27 saylı mənzilin xx.xx.1999-cu il tarixli vahid texniki pasportunda olduğu kimi mətbəx və hamamı göstərərək, texniki göstəricilərinin mənzilin həqiqi texniki göstəricilərinə uyğunlaşdırması və texniki səhvləri aradan qaldıraraq, yeni texniki pasport verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar