Məhkəmə qərarları › İş №2-1(112)-5361/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5361/2024

13.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5361/2024 13.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı və onun vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərindən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətini qanunsuz hesab edərək, ünvan 1 ünvanında yerləşən mənzilin Dövlət Reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddianın dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavabını qanunsuz və əsassız hesab edərək, ünvan 2 ünvanında yerləşən mənzilin “A” tikilisinin dövlət reyestrində qeydə alınması vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1961-ci ildə iddiaçının valideynləri ünvan 3 ünvanında mənzil almış və iddiaçı ailəsi ilə birlikdə həmin mənzilə köçərək, mənzilə qeydiyyata alınmaqla həmin mənzildə yaşamağa başlamışdır. 1989-cu ildə hərbi qulluğu bitirdikdən sonra, əvvəllər qeydiyyatda olmaqla yaşadığı ünvan 4 ünvanında yerləşən evinə qeydiyyata alınmaqla həmin mənzildə yaşamağa başlamışdır. Mənzildə atası, anası, qardaşı və iddiaçı birlikdə olmaqla, ümumilikdə 14 nəfər ailə üzvü olmuşlar və ümumi təsərrüfat aparmaqla birlikdə yaşamışlar. İddiaçı Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısına ərizə ilə müraciət edərək, əfqan döyüşçüsü kimi yaşadığı evi yenidən layihəyə uyğun tikinti aparmağa icazə verilməsini xahiş etmişdir. Ərizə əsasında Nərimanov Rayon İcra Hakimiyyəti Başçısı xx.xx.1993-cü il tarixli, 563 Saylı Sərəncamla, ünvan 5 ünvanında yaşadığı evin yenidən layihəyə uyğun tikinti aparılmasına icazə vermişdir. İcazə əsasında mənzil tikilmişdir. İddiaçının mərhum atası X2 yaşadıqları mənzilin mülkiyyətinə verilməsi barədə 1998-ci ildə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısına müraciət etmiş və müraciət əsasında Nərimanov Rayon İcra Hakimiyyəti Başçısı xx.xx.1998-ci il tarixli, 569 N2-li sərəncam vermişdir. Sərəncamda göstərilir ki, "Habil Mirzəyev küçəsindəki 75 saylı qanunsuz tikilidə yaşayan X2 yaşadığı tikilinin mülkiləşdirilməsinə icazə verilməsi haqqında müraciət etmişdir. Ərizəçi qanunsuz tikilidə 1969-cu ildən yaşayır və təsdiqedici sənədləri vardır. Qanunsuz tikili 840,8 kv.m. torpaq sahəsində yerləşir. 417,4 kv.m. sahəsi tikinti altındadır. Onlardan "A" - tikintisində 200,2 kv.m. yaşayış otaqları, 185,8 kv.m.köməkçi otaqlar, "B" -tikintisində 75,0 kv.m. yaşayış otqlrı, 45,0 kv.m.köməkçi otaqlardır. Həyətyanı sahədə 18,4 kv.m. sahəli hamam, 2,0 kv.m.sahili tualet vardır. Sökülməməsi və torpaq sahəsinin ona verilməsinə etiraz edilməməsi haqqında Memarlıq və Şəhərsalma Baş İdarəsindən məktub allınmışdır. Mülkləşdirmə Komissiyası qanunsuz tikilini müayinədən keçirmişdir. Tikili sanitar, texniki və yanğından mühafizə normalarına uyğun olduğu üçün mülkəşdirilməsinə icazə verilməsini məqsədəuyğun hesab edilmişdir. Bakı şəhər İcraiyyə Komitəsinin 17.02.89-cu il tarixli 8-ci sessiyasının qərarına əsasən: 1. Habil Mirzəyev küçəsi 75 saylı evin,840,8 kv.m.torpaq, 417,4 kv.m.tikinti, "A" tikintisi üzrə 200,2 kv.m. yaşayış otaqları, 45,0 kv.m köməkçi otaqları, "B" tikintisi üzrə 76 kv.m. yaşayış otaqları, 18,4 kv.m.hamam, 2,0 kv.m. tualet sahələri ilə vətəndaş X3 o\lunun adına mülkləşdirilməsinə icazə verilsin. 2. Habil Mirzəyev küçəsi 75 saylı evin, texniki pasportunun tərtib edilmnəsi və tikintinin inventarlaşdırılması Tİ və MHQ idarəsindən xahiş olunsun. 3. Tikinti mövcud ölçülərdə saxlanılsın və əlavə tikintilər aparılmasına icazə verilməsin. 4. Sərəncamın surətlərini MKTE-yə, Tİ və MHQ idarələrinə və vətəndaş Əliyev Ə.H, göndərilməsi RİH-nin ümumi şöbəsinə tapşırılsın". Lakin Sərəncam verilən ərəfədə iddiaçının atası uzun müddət xəstə olduğundan 1998-ci ilin sentyabr ayında vəfat etdiyi üçün evin inventarlaşdırılması bu səbəbdən gecikdirilmişdir. Bundan sonra, cavabdeh təşkilata dəfələrlə edilmiş müraciətlərə baxılmayaraq rayon RİHB-nın yuxarıda qeyd edilən Sərəncamı icra edilməmiş və əsas səbəb ondan ibarət olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 529 saylı Sərəncamı ilə fərdi yaşayış tikililərinin mülkləşdirilməsi dayandırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 6 ünvanında yerləşən məznil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edilmiş, lakin imtina cavabı verilmişdir. İşə əlavə edilmiş sənədlərdən də göründüyü kimi tikili texniki, sanitar və yanğından mühafizə normalarına uyğun inşa edilmiş və ona görə də RİH-nin mülkləşdirmə komissiyası tərəfindən onun mülkləşdirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Tikinti işləri özbaşına olaraq yox, Nərimanov RİH başçısının xx.xx.1993-cü il tarixli 563 saylı Sərəncamı əsasında aparılmışdır. İddiaçı hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavabı qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı bakı Ərazi İdarəsinin cavabını qanunsuz hesab edərək, ünvan 2 ünvanında yerləşən mənzilin dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2022-ci il tarixli, **********01 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Həmçinin fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək həm iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilənədək, həm də qeyd olunan ərizə icraata qəbul edildikdən sonra iddiaçı tərəflə iddianın mümkünlüyü məsələsini müzakirə edilməsini zəruri saymış, iddiaçıya məhkəmənin xidməti vəzifəsinə uyğun olaraq iddia tələbinin uyğun formada dəqiqləşdirilməsi təklif edilmiş, tərəfin fikri dinlənilmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçı və onun vəkili tələbi iddianın dəqiqləşdirilməsinə dair ərizədə göstərilən şəkildə müdafiə edərək, ünvan 2 ünvanında yerləşən mənzilin “A” tikilisinin üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması kimi təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İstinad olunan Ali Məhkəmənin Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (5.1, 5.2, 6.1 və 6.2-ci bəndlər). Hazırkı işin materiallarından və iddiaçı tərəfin izahatından müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı və məqsədi ünvan 2 ünvanında yerləşən qanunsuz tikililərin mərhum atası X1 adına mülkləşdirilməsi barədə Nərimanov RİHB-nin xx.xx.1998-ci il tarixli, 569 nömrəli sərəncamına istinad edərək həmin ünvanda inşa edilmiş “A” tikilisi üzərində özünün mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsinə yönəlmişdir. İş materiallarından göründüyü kimi, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 569 Sərəncamı ilə Bakı şəhəri, Habil Mirzəyev küçəsi 75 saylı evin (“A” və “B” tikililəri üzrə) mərhum X1 adına sənədləşdirilməsinə icazə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə qeydiyyat orqanı tərəfindən həmin əmlak üzərində onun vərəsələrinin mülkiyyət hüququnun qeydiyyata alınmasına dair çıxarış yox, hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilə bilər. Ona görə də hazırkı iş üzrə mübahisə predmeti olan yaşayış sahəsi ilə bağlı müvafiq sənədlər mərhum X1 adına tərtib edildiyindən, iddia tələbi “hüquqların dövlət qeydiyyatına alınması”, yaxud “çıxarışın verilməsi” kimi deyil, qanunvericiliyin tələbi baxımından, “hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” məzmununda qoyulmalıdır. Lakin iddiaçı hazırkı tələbi irəli sürərkən qanunvericilikdə təsbit edilmiş və onun qoruma sferası ilə bağlı hədləri nəzərə almamış, hüquqi marağına nail olmaq üçün əlverişli iddia növündən istifadə etməmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Ali Məhkəmənin qeyd olunan Plenum qərarında göstərilir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3.). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər (3.4.). Məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə iclaslarında iddiaçıya tələbin yuxarıda qeyd olunan formada dəqiqləşdirilməsi ilə bağlı səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. Məhkəmə xüsusi olaraq vurğulayır ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Beləliklə, aparılmış araşdırma ilə iddiaçı hüquqi marağına uyğun olmayan əlverişsiz iddia növündən istifadə etdiyindən və iş üzrə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmadığından hazırkı iddianın mümkünlük şərtləri təmin olunmur. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar