Məhkəmə qərarları › İş №2-1(112)-5363/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5363/2021

23.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5363/2021 23.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küç, 19 B ünvanda yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı (3-cü şəxs X5 cəlb olunmaqla) pasport qeydiyyatına alınma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilə pasport qeydiyyatına götürülmə öhdəliyininin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 15 aprel 2021-ci il tarixli Qərardadına əsasən X5 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı bildirir ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi ev 19 B, anası X3 məxsusdur. O, Abşeron rayonu Xirdalan qəsəbəsi, Quşçuluq massivində qeydiyyatda olsm da, qeyd edilən yəni anasına məxsus evdə yaşamışdır. Həmin evdə yalnız anası X8 qeydiyyatdadır. Hazırda onlar neçə illərdir ki, qeyd edilən ünvanda yaşayırlar. Qeydiyyatının olmaması ona xeyli çətinliklər yaradır. İddiaçının həmin evə qeydiyyata duşməsinə anası razıdır və bu barədə notarial qaydada ərizə yazmışdır. Qeydiyyata alınmağıyla bağlı Binəqədi RPİ Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Şöbəsinə müraciət etsə də həmin qurum tərəfindən məhkəməyə müraciət edilməsi bildirilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, cavabdeh və 3-cü şəxs məhkəməyə gəlməmişlər. Cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdeh və 3-cü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən verilmiş 05.02.2021-ci il tarixli, 059-3160N- 3221 saylı məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən iddiaçının ünvan 2 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etməlidir. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə onun ünvana tərəfindən qeydiyyata alınması qanunamüvafiq deyildir. Bununla bağlı onun məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan 07 avqust 1970-ci il tarixli АЗБ№003147 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci ildə doğulmuşdur, ata adı qrafasında X4, ana adı qrafasında X6 yazılmışdır. İş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1970-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Binəqədi rayon İcra Hakimiyyəti Biləcəri Qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 26 yanvar 2021-ci il tarixli, 191 №li arayışdan görünür ki, X6 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan X6 tərəfindən səlahiyyətli orqanlara təqdim etmək üçün verilən notarial qaydada təsdiq edimiş ərizənin kserosurətindən görünür ki, X1 Asif İbrahim oğlunun ünvan 2 ünvanına qeydiyyata alınmasına etiraz etmir. İşin hallarından görünür ki, iddiaçı ünvan 2 ünvanında faktiki olaraq yaşadığına əsaslanaraq, onun yaşadığı yer üzrə qeydiyyata alınmasını cavabdehdən tələb edir. Məhkəmə araşdırması zamanı XX.XX.1936-cı il təvəllüdlü X2 ünvan 2 ünvanına qeydiyyata alınmasına əsas olmuş sənədlər Binəqədi rayon Polis idarəsindən tələb edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, X2 30 sentyabr 2006-cı il tarixdən ünvan 2 ünvanda qeydiyyatdadır, lakin qeydiyyata alınması barədə əsasverici sənədlərin saxlama müddəti bitdiyi üçün həmin sənədlərin təqdim olunmasının imkan xaricindədir. İddiaçının qeyd edilən mənzilə pasport qeydiyyatına alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə görə əsas olmadığından, məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, qeydiyyatın həyata keçirilməsi və şəxsiyyət vəsiqəsinin verilməsi üçün yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi tələb olunur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Məhkəmə qeyd edir ki, qeydiyyata alınmaq üçün qanunvericiliklə tələb olunan hüquq müəyyənedici sənədlər nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim olunmadığından, bununla da, cavabdehin imtinası əsaslı olduğundan iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə pasport qeydiyyatına alınması üçün qanunvericiliklə tələb olunan əsaslar olmadığından, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) tərəflər apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar