Məhkəmə qərarları › İş №2-1(112)-5364/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5364/2023

01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5364/2023 01.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə (üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) qarşı “borcun silinməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə müraciət edərək, məcburi dövlət sosial sığorta haqları üzrə 7661,50 manat əsas, 100 manat maliyyə sanksiyası borcunun MMC-nin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi üzrə icraata "100 manat maliyyə sanksiyası borcunun silinməsi" hissəsində xitam verilmişdir. İİ Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdən fəaliyyətini dayandırmışdır. Lakin həmin dövrdə fəaliyyətin dayandırılması 5 illik olduğu üçün xx.xx.2016-cı ildən fəaliyyət bərpa olunmuşdur. Buna baxmayaraq MMC-nin heç bir fəaliyyəti olmamışdır. xx.xx.2022-ci il tarixdə MMC-nin rəsimi direktoru X4 ev üvanına Bakı Kommersiya Məhkəməsindən məhkəmə bildirişi gəlmişdir. Həmin bildirişdə vergi ödəyicisinin icra orqanı rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxılması üçün dəvət edildiyi bildirilmişdir. İddiaçı tərəfindən fəaliyyəti olmayan müəssisənin hansı borcunun olması barədə dərhal vergi orqanına müraciət ünvanlanmışdır. Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinin xx.xx.2022ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikdasının Vergi Məcəlləsində, "Sosial sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Bununla əlaqədar olaraq, xx.xx.2019-cu il tarixə sosial sığorta haqları üzrə borcu olan vergi ödəyiciləri barədə məlumatlar Dövlət Sosial Müdafiə Fondu tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəsmi qaydada təqdim edilmişdir. Təqdim edilmiş məlumatlara əsasən cəmiyyətin "İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111)" vərəqə üzrə 7661,50 manat əsas borcunun yarandığı bildirilmişdir. Həmçinin sosial sığorta haqları üzrə yaranmış borcun ödənilməsini təmin etmək məqsədilə əmlakların siyahıya alınması üçün Vergi Məcəlləsinin 89.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixli "Vergi ödəyicisinin aktivəri barədə məlumat" forması tələb edilməsinə baxmayaraq qeyd olunan məlumat forması qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim edilmədiyindən vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********073200 nömrəli qərar əsasında 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cəmiyyətin yuxarıda qeyd olunan sosial sığorta haqları üzrə borc məbləğlərinə uyğun vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixli **********0 nömrəli və xx.xx.2021-ci il tarixli **********9 nömrəli borc bildirişləri göndərilmiş və icra orqanı rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xx.xx.2022- ci il tarixli **********366500 nömrəli xəbərdarlıq göndərilərək ərizə ilə məhkəməyə müraciət edilmişdir. Cəmiyyətin müvafiq fonda xx.xx.2022-ci il tarixə borcu aşağıdakı kimidir: Məcburi dövlət sosial sığorta haqları üzrə 7661,50 manat əsas, 100 manat maliyyə sanksiyası borcu.” Göründüyü kimi, vergi orqanı tərəfindən yaranmış borcun tərkibi açıqlanmamış, hansı dövrlər üzrə hesablandığı göstərilməmişdir. Yalnızca borcun mövcudluğunu qeyd edilmiş, yaranma əsasları və hesablanması qaydası barədə məlumatlar və rəsmi sənədlər qeyd edilməmişdir. Bununla bağlı qeyd edilməlidir ki, MMCnin xx.xx.2011-ci il tarixdən heç bir fəaliyyəti olmadığı üçün şəxsi hesab vərəqəsinə xx.xx.2019-cu il tarixədə yazılmış Məcburi dövlət sosial sığorta haqları üzrə 7661,50 manat və sonradan tətbiq edilmiş 100 manat maliyyə sanksiyası borcu silinməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 7.661,50 manat əsas və 100 manat faiz borcu mövcuddur. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqqları və işsizlikdən sığorta haqqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Vergi orqanına həvalə edilmişdir. İddiaçının silinməsini tələb etdiyi 7.661,50 manat borc sosial sığorta haqqları və işsizlikdən sığorta haqqları üzrə yığımların təmin edilməsi səlahiyyətinin (xx.xx.2019-cu il tarixdən etibarən) vergi orqanına həvalə edilməsindən əvvəl yaranmışdır. Yəni həmin borc məbləğinin yaranmasına səbəb vergi orqanının hər hansı qərarı olmamışdır. Əlavə olaraq borcun 100 manat hissəsinə münasibətdə Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. xx.xx.2021-ci il tarixində vergi ödəyicisinə **********628400 nömrəli “Vergi ödəyicisinin aktivləri barədə məlumat” formasının təqdim edilməsi haqqında məktub göndərilsə də, vergi ödəyicisi tərəfindən həmin məlumat forması təqdim olunmadığından xx.xx.2021-ci il tarixli **********073200 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, işdə olan cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək dayandırılması, xx.xx.2016-cı il tarixdən bərpa olunması və xx.xx.2022-ci il tarixdən xx.xx.2047-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. İş materiallarında olan iddiaçıya məxsus şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçının 7661.5 manat məcburi sosial sığorta haqqı üzrə borcu mövcuddur. İddiaçı hazırda bu borcun silinməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: - Maddə 1.1.10. məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaitidir. - -maddə 1.1.7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. - Maddə 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. - Maddə 10. Sığortaedənlərin vəzifələri aşağıdakılardır: bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək - Maddə 13.1. Sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. - maddə 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. - maddə 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. İstinad olunan normalardan görünür ki, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq hesabat vermək sığortaedənlərin vəzifəsidir və həmin hesabata əsasən hesablanmış məcburi dövlət sosial sığorta haqlarını Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə ödəməlidir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 22 iyun 2023-cü il tarixli məktubundan görünür ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununa əsasən sığortaedənin 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmadığı halda 1069 manat 70 qəpik məcburi dövlət sosial sığorta haqqı 2018-ci il 25 may tarixində silinmişdir. Məktuba iddiaçının 2018-ci il 1 oktyabr tarixinə məcburi dövlət sosial sığorta haqları üzrə borclarının yaranması ilə bağlı cədvəl əlavə edilmişdir. Həmin cədvəldən görünür ki, iddiaçının 2006-cı ilin birinci rübünə 1069,7 manat borcu olmuş, 2018-ci ilin 3-cü rübünə bu borc məbləği 8849,2 manata çatmış, 2018-ci ildə bu borcun 1069,7 manat hissəsi silinmiş, nəticədə iddiaçının 7661,5 manat borcu qalmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən 1 yanvar 2019-cu il tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Buna uyğun olaraq iddiaçının 2018-ci il 1 oktyabr tarixinə məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 7661,5 manat borcu onun şəxsi hesab vərəqəsinə işlənilmişdir. Belə olan halda müəyyən olunur ki, iddiaçının özü tərəfindən təqdim edilmiş hesabatlar üzrə məcburi dövlət sosial sığorta haqları üzrə 7661,5 manat borcu olmuşdur və həmin borcun silinməsi üçün əsas yoxdur. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə görə, Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. 85.5-1-ci maddəsinə görə, bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, hazırkı halda iddiaçının tələbinin təmin edilməsi üçün hər hansı bir əsas yoxdur. Buna görə də iddia tələbi təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar