Məhkəmə qərarları › İş №2-1(112)-5367/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5367/2021

21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5367/2021 21.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3703/2017 saylı 11.08.2017-ci il tarixli qərarı əsasında təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinı xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3703/2017 saylı 11.08.2017-ci il tarixli qərarı ilə iddiaçının iddia tələbi təmin edilmiş, ona 1978-ci il 21 oktyabr tarixdən 1988-ci il 29 noyabr tarixədək Mərkəzielektriktökmə zavodunda (keçmiş Elektrosentrolit) xüsusi zərərli iş şəraiti olan müxtəlif vəzifələrdə işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 nömrəli siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, 2007-ci il 22 avqust tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsininin üzərinə qoyulmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3703/2017 saylı 11.08.2017-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2256/2017 saylı 8 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2-1(103)-2256/2017 saylı 8 dekabr 2017-ci il tarixli qərarından verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-687/2018 saylı 10 aprel 2018-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanuni qüvvəyə minmiş və iddiaçıya pensiya təyin edilmişdir. Lakin iki ilə yaxındır ki, ona pensiyanın verilməsi dayandırılmışdır. Pensiya ödənişinin dayandırılmasının səbəbi barədə iddiçıya rəsmi məlumat verilmir. Dəfələrlə müxtəlif orqanlara şikayət etmiş, lakin heç bir nəticəsi olmamışdır. İddiaçının çoxsaylı şikayətlərinə bir dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs tərəfindən cavabı verilmişdir. Məktubda bildirilir ki, Sizin pensiya ödənişiniz müvafiq araşdırmanın aparılması məqsədilə dayandırılmışdır. Araşdırmanın nəticəsindən asılı olaraq əmək pensiyanızın ödənişi məsələsinə baxılacaqdır. İddiaçı hesab edir ki, ona pensiya məhkəmə qərarı əsasında təyin edildiyindən onun dayandırılması qanunsuzdur. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə qərarı icra olunmur, iddiaçının hüquqlarının pozulması davam edir. Pensiyanın verilməməsi iddiaçını ağır vəziyyətə salmışdır. Dəfələrlə müraciət etməsinə baxmayaraq pensya ödənişi bərpa edilmir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir: “iddiaçı 21 may 2020-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun tabe qurumları üzrə son illərdə məhkəmə instansiyaları vasitəsilə güzəştli şərtlərlə yaşa görə aylıq məbləği yüksək olan əmək pensiyalarının təyin olunmasına (və ya yenidən hesablanmasına) və həmin işlər üzrə ötən dövrlər üçün fərq məbləğlərinin ödənilməsinə nail olunmuş müvafiq pensiya işlərinin qanunauyğunluğu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aidiyyəti üzrə araşdırılmışdır. Araşdırma zamanı iddiaçının pensiya işində olan sənədlərə, eləcə də “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemi”ndə (İAMAS) mövcud olan məlumatlara əsasən məlum olmuşdur ki, 27.05.2017-ci il tarixinədək Bakı şəhəri Yasamal rayonunda bir neçə ünvanda rəsmi qeydiyyatda olmuş, qeyd olunan tarixdən Suraxanı rayonu, Balandin 42 ünvanına rəsmi qeydiyyata alınmış, 5 ay sonra, yəni 30.10.2017-ci il tarixdən əvvəlki Yasamal rayonu, V.Əliyev küçəsi, ev 27 ünvanına qayıtmış, 09-22 dekabr 2018-ci il tarixlərində Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, ev 9, mənzil 33 ünvanında və sonuncu dəfə 22.12.2018-ci ildən yenidən əvvəlki Yasamal rayonu, V.Əliyev küçəsi, ev 27 ünvanında rəsmi qeydiyyata alınmış xx.xx.1957-ci il təvəllüdlü İddiaçı adından yazıldığı və imzasının saxtalaşdırıldığı ehtimal olunan, həmçinin tarixi qeyd olunmayan ərizəsi (1 nömrəli əlavə) ünvan üzrə qeydiyyatda olmadığı ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən 27.11.2018-ci il tarixdə qəbul edilmişdir. Ərizədə vətəndaşın şəxsiyyət vəsiqəsinin nömrəsi 17365762, ünvanı isə “N.Abdul., 4/25” kimi göstərilsə də ərizənin arxasına tikilmiş şəxsiyyət vəsiqəsinin surətində sənədin №-si 18592623, ünvanı (yaşayış yeri) ünvan 3uğu, həmin surətin isə 09.12.2018-ci ildə notarial qaydada təsdiq edildiyi aşkar edilmişdir. İAMAS-da 17365762 №-li şəxsiyyət vəsiqəsi üzrə ünvan məlumatlarına baxılarkən yuxarıda qeyd olunan ünvanla eyni olmadığı, ünvan 4 Ehtimal olunur ki, iddiaçıya pensiya təyinatının aparılması üçün onun 17365762 №-li şəxsiyyət vəsiqəsi üzrə ünvan məlumatları saxtalaşdırılıb. Belə ki, iddiaçıya Fondun Nizami rayon şöbəsi tərəfindən (bundan sonra-şöbə) pensiya təyinatının aparılmasından ötrü ünvanı təsdiq edən şəxsiyyət vəsiqəsinin təhrif edilməsi yolu ilə məqsədlərinə çatdıqdan sonra bu işdə maddi maraqlı olmuş həmin şöbənin məsul əməkdaşları və digərləri sonradan vətəndaşın əsl şəxsiyyət vəsiqəsinin surətini pensiya işinə tikmiş, lakin ərizədəki qeyd olunmuş əsassız ünvan qeydlərinin düzəldilməsi nəzərdən yayınmışdır. Ərizənin üzərinə dərkənar yazılmasa da şöbənin 27.11.2018-ci il tarixli daxilolma ştampı vurulmuşdur. Araşdırılma zamanı, şöbə tərəfindən İddiaçı adına açılmış pensiya işində və “Pensiyaçının uçot vərəqi”ndəki sənədlərin onun şöbəyə 2004-2005-ci illərin orta aylıq əməkhaqqısı nəzərə alınmaqla 50 yaşından əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciət sənədi (ərizəsi), şöbənin pensiya təyin edən komissiyasının iddiaçının müraciəti ilə əlaqədar verdiyi imtina qərarı, imtina barədə iddiaçıya şöbə tərəfindən ünvanlanmış məktub, iddiaçının məhkəməyə müraciət etməsini təsdiq edən iddianın surəti, məhkəmələrin şöbə ilə yazışmaları, şöbənin məhkəmələrə göndərdiyi müvafiq etiraz və şikayət sənədləri aşkar edilməmiş, yalnız Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qərarının əslinin, Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarlarının surətinin pensiya işinə tikildiyi məlum olmuşdur. Pensiya işinə əlavə edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.08.2017-ci il tarixli 2-1(82)- 3703/2017-ci il nömrəli qərarında qeyd olunanlara əsasən məlum olmuşdur ki, İddiaçı Fondun Suraxanı rayon şöbəsinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Lakin vətəndaşa pensiya təyin edilməsi barədə imtina məktubunun Fondun Nizami rayon şöbəsi tərəfindən yazıldığı qeyd edilimişdir. Həmin şöbənin İddiaçı ünvanladığı 21.06.2017-ci il tarixli 18/04- 3379 saylı müvafiq məktubunda iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı qeyd olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən cavabdeh orqanın müəyyən edilməsində qeyri-müəyyənlik aşkar edilmişdir. Qeyd olunan qeyri-müəyyən hallara aydınlıq gətirilməsi ilə bağlı 1-ci instansiya məhkəməsində əsaslandırılmaların aparılmadığı məlum olmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsindən imtina məktubu əldə edildikdən sonra İddiaçı Fondun Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 11.08.2017-ci il tarixli 2-1(82)-3703/2017 nömrəli qəbul etdiyi qərarı ilə iddiaçının iddiası təmin edilmişdir. Suraxanı rayon şöbəsi tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İddiaçı xeyrinə qəbul edilmiş 11.08.2017-ci il tarixli 2-1(82)-3703/2017 nömrəli qərarına qarşı apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 08.12.2017-ci il tarixli 2-1(103)-2256/2017 nömrəli qərarı ilə şikayət təmin edilməmişdir. Şöbə tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 10.04.2018-ci il tarixli 2-1(102)-687/18 nömrəli qərarı ilə şikayət təmin olunmamışdır. Qeyd olunduğu kimi, İddiaçı adından yazılmış və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim edilmiş müvafiq iddia ərizəsində 22.08.2007-ci ildən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbi qoyulmuşdur. Həmin iddiaya baxılmış və vətəndaşın lehinə qərar qəbul edilmişdir. Lakin İddiaçı şöbə tərəfindən heç bir növ əmək pensiyası təyinatı aparılmadığı halda məhkəmə yenidən hesablanma barədə müvafiq qərar qəbul etmişdir. Bundan əlavə, həmin məhkəmənin müvafiq qərarının 2-ci səhifəsinin 2-ci abzasında qeyd olunmuşdur ki, “Məhkəmənin iş üzrə 20 iyul 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası İPM-nin 47.2-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehin iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur”. Lakin qərarda həmin yazılı münasibət məktubu barədə heç bir məlumat verilmədiyi aşkar edilmişdir. Beləliklə, göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, qərarın tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti vətəndaşa əmək pensiyasının təyin edilməsi deyil, yenidən hesablanması və yaranmış iri miqdarda fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Həmçinin, Ali Məhkəmənin qərarının 3-cü abzasında cavabdeh şöbənin imtina məktubunun tarixinin “21.06.2016-ci il” kimi qeyd olunduğu aşkar edilmişdir. Göstərilənlərdən əlavə, hər 3 instansiya məhkəməsində İddiaçı istinad edilən iş yerindən onun xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin və ya tələb edilməmiş, ağır və zərərli işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, onun işlədiyi peşələrin xüsusilə zərərli və xüsusilə ağır olması barədə əsaslar olmadan və iş stajının düzgünlüyü araşdırılmadan iddia tələbi təmin edilmişdir. Məhkəmə qərarlarında heç birində pensiyanın hansı təşkilatın əməkhaqqına əsasən hesablanması barədə ümimiyyətlə heç bir məlumat qeyd edilməmişdir. Göstərilənlərlə yanaşı ehtimal olunur ki, bu işdə maddi maraqları olan şəxslərin təsiri ilə İddiaçı iddia etdiyi ağır və zərərli işlərdə işləməsi faktının düzgünlüyünün şöbə tərəfindən yerində ilkin sənədlərlə qarşılıqlı yoxlanılması təmin edilməmiş, müvafiq iş yerindən güzəştli iş stajını xarakterizə edən zəruri sənədlər (izahlı arayış) tələb edilməmişdir. Pensiya işinə tikilmiş və seriya nömrəsi ИT-İ № ******* olan əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətinə əsasən İddiaçı “Azəryolnəqliyyattikinti” birliyində (MSB-3) 15.01.1975-02.06.1976-cı il dövr ərzində fəhlə, 26.11.1969-06.12.1971-ci illərdə hərbi xidmətdə, Elektrosentrolit zavodunda (indiki Bakı ”Elektriktökmə” ASC) 21.10.1978-29.11.1988-ci il dövr ərzində qəlibtökmə sexində çıxarıcı köməkçisi və çıxarıcı, 837 saylı Tikinti idarəsində 09.01.1989-20.12.1995-ci il dövr ərzində mexanik, McDermott Azərbaycan şirkətində 05.12.1995-08.11.1997-ci il dövr ərzində tərcüməçi, X2 LTD-də 17.11.1997-29.07.2004-cü il dövr ərzində texniki təhlükəsizlik üzrə mühəndisin asistenti, Saipem SpA-nın Azərbaycan nümayəndəliyində 01.08.2004- 31.07.2007-ci il dövr ərzində əməyin təhlükəsizlik texnikası üzrə mütəxəssisi, “THE HR A Kompani İNK”-də 28.01.2008-01.083.2012-ci il dövr ərzində əməyin mühafizəsi üzrə təlimatçı işləmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq Altsistemi”ndə mövcud olan əmək müqavilələri bildirişlərinin araşdırılması nəticəsində İddiaçı 03.08.2015-30.10.2017-ci il dövr ərzində “Enermech Limited” Azərbaycan Respubilkasındakı Filialında işçilərin öyrədilməsi üzrə mütəxəssis, 29.10.2018-30.06.2020-ci il dövr ərzində “Amos Europe (UK) limited” şirkətinin” Azərbaycan Respubilkasındakı Filialında kadr və peşə hazırlığı üzrə inspektor işlədiyi aşkar edilmişdir. Lakin hər 3 instansiya məhkəməsinin qərarlarında iddiaçının yuxarıda sadalanan əmək fəaliyyəti barədə heç bir məlumat qeyd edilmədiyi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən ehtimal olunur ki, iddiaçı bilərəkdən sonrakı dövrlərdə işləməsi barədə məhkəmələrə məlumat verməmiş və əmək kitabçasını təqdim etməmiş, onun 2 əmək kitabçası mövcud olmuş, əsl əmək kitabçası gizlədilməklə məhkəməyə təqdim edilmiş digər əmək kitabçası əvvəlcədən saxtalaşdırılmışdır. Bundan əlavə, səlahiyyətləri daxilində araşdırma tədbirlərinin davamı olaraq Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Sığorta kapitalı əsasında hesablanan pensiya təyinatı şöbəsinin baş mütəxəssisi Hüsü Atamov, böyük mütəxəssisi Eyvaz Əhmədov və ASC-nin kadrlar şöbəsinin rəisi Sitarə Rəhimovanın iştirakı ilə vətəndaş İddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilərkən zərərli iş şəraiti kimi əsas götürülmüş Elektrosentrolit zavodunda (indiki Bakı "Elektriktökmə” ASC) 21.10.1978-29.11.1988-ci il dövr ərzində qəlibtökmə sexində çıxarıcı köməkçisi və çıxarıcı peşələrində işləməsi faktının düzgünlüyü müəssisədə saxlanılan əmrlər kitabı və fərdi şəxsi hesab cədvəlləri (əməkhaqqı cədvəlləri nəzərdə tutulur) ilə yerində qarşılıqlı yoxlanılmış, nəticədə vətəndaşın 1988-ci ilə aid olan fərdi şəxsi hesab cədvəli, yəni həmin il ərzində qeyd olunan istehsalat və peşə üzrə əməkhaqqının hesablanmasını və ödənilməsini təsdiq edən sənədlərin aşkar olunmadığı müəyyən edilərək bu barədə 18.11.2020-ci il tarixli müvafiq akt tərtib olunmuşdur. Həmin aktda qeyd olunanlara əsasən faktiki işləmiş olan dövrün nəzərə alınması ilə İddiaçı zərərli şəraitdə işlədiyi cəmi iş stajı qanunvericilikdə tələb olunan 10 il staja qarşı 9 il 2 ay təşkil etdiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı müəyyən edilmişdir. Araşdırma nəticəsində vətəndaşın pensiya işində olan əmək kitabçasının surətində qeyd olunmuş digər peşə və vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21.06.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 №-li Siyahısı”nda nəzərdə tutulmadığı müəyyənləşdirilmişdir. İddiaçı aylıq pensiyasının 01.01.2020-ci il tarixədək ödənişi aparılmış, araşdırma ilə əlaqədar həmin tarixdən ödəniş dayandırılmışdır. 01.12.2018-01.01.2020-ci il dövr ərzində ödənilmiş aylıq pensiyanın cəmi məbləği isə 47789,54 manat təşkil etmişdir. Qanunun tələblərinə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi nəticəsində 22.08.2007-ci il tarixdən 01.01.2020-ci il tarixədək cəmi 248795,25 (153216,17 + 47789,54) manat məbləğində vəsait ödənilmişdir. Qeyd olunduğu kimi, məhkəmə qərarları nəzərə alınmadan İddiaçı pensiya təyin edilməsi zamanı yalnız şöbəyə təqdim etdiyi əmək kitabçasının surətindəki qeydlər nəzərə alındıqda yaşa görə əmək pensiya hüququ qanunvericiliklə 22.08.2022-ci il tarixdən yarandığı müəyyən olunur. Ümumilikdə, İddiaçı cəmi ödənilmiş əsassız vəsait 419464,69 manat (121227,52 +49441,92+248795,25) təşkil etmişdir. Əlavə olaraq bildiririk ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılır. Həmin araşdırma ilə əlaqədar Nazirlik tərəfindən Azərbaycan Respublikası Baş Prokurorunun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilmişdir. Bu səbəbdən də əmək pensiyası ödənişinin bərpa edilməsi məsələsinə araşdırmanın nəticəsi barədə müvafiq məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra baxılacaqdır.” Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş tərəflər məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdirlər. Оdur ki, məhkəmə işə tərəflərin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iddiaçı iddia tələbini təsdiq edən sübutlar qismində məhkəməyə şəxsiyyət vəsiqənin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-687/18 nömrəli, 10 aprel 2018-ci il tarixli qərarının, 21.05.2020-ci il tarixli və 06.06.2020-ci il tarixli ərizələrin surətlərini və Azərbaycaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin **********5 nömrəli, 28 iyul 2020-ci il tarixli məktubunu təqdim etmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq iddiaçının pensiya işində olan sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 avqust 2017-ci il tarixli, 2(82)-3703/2017 nömrəli qərarı ilə İddiaçı iddia tələbi təmin edilmiş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə həvalə edilmişdir. Həmin qərardan apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qərar qanuni qüvvəyə minmiş və iddiaçıya pensiya təyin edilmişdir. Hal-hazırda сavabdeh tərəfindən iddiaçıya pensiyanın verilməsi müvafiq araşdırmanın aparılması səbəbindən dayandırılmışdır. İddiaçı pensiyanın bərpa edilməsi üçün cavabdehə müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Göründüyü kimi qanunvericiliyə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı məcburi olaraq hökmən icra olunmalıdır. İşin faktiki hallarına əsasən iddiaçıya qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında 2018-ci ildə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsi cavabdeh tərəfindən əlavə araşdırılması zərurəti yarandığı səbəbindən dayandırılmışdir. Məhkəmə əmək pensiyasının ödənilməsinin dayandırılması kimi cavabdehin hərəkətini həm “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa, həm də “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanununun 37.8. –ci maddəsinə əsasən, bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 7.3. –ci maddəsinə əsasən, aşağıdakı elektron informasiya sistemlərində və ehtiyatlarında pensiya ödənişinin dayandırılmasına və yenidən hesablanmasına səbəb ola biləcək hallar aşkar edildikdə PAS tərəfindən pensiyanın ödənişi dayandırılır: 7.3.1. MEİS-də: 7.3.1.1. sosial müavinət alan şəxslər barədə məlumat; 7.3.1.2. əlil şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar barədə məlumat; 7.3.1.3. əmək müqaviləsi bildirişi üzrə məlumat. 7.3.2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində: 7.3.2.1. ölüm haqqında şəhadətnamə üzrə məlumat; 7.3.2.2. nikah haqqında şəhadətnamə üzrə məlumat. 7.3.3. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Şagird-məzun və “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən və Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrində: 7.3.3.1. təhsil müəssisələrində təhsil alan şəxslər barədə məlumat; 7.3.3.2. dövlət qulluqçuları barədə məlumat. 7.3.4. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemində: 7.3.4.1. vətəndaşlıqdan çıxan şəxslər barədə məlumat. Lakin iddiaçıya pensiya ödənişinin dayandırılması üçün əsas olan yuxarıda göstərilən halların mövcud olmasına dair sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İş materiallarından göründüyü kimi hazırda iddiaçıya əmək pensiyasının ödənişinin dayandırılması kimi cavabdehin hərəkəti iddiaçıya pensiya təyin edilmə haqqında qərarda yazı və hesab səhvinin düzəldilməsi ilə bağlı deyil. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.4-ci maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Həmin Qanunun 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Lakin iddiaçıya pensiya təyin edilən zaman həmin qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması inzibati qaydada işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə cavabdeh məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3703/2017 saylı 11.08.2017-ci il tarixli qərarı əsasında İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılmasına dair cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilməli; dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 32, 33, 68, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3703/2017 saylı 11.08.2017-ci il tarixli qərarı əsasında İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılmasına dair cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilsin; dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar