Məhkəmə qərarları › İş №2-1(112)-5368/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5368/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5368/2023 31.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin mərhum X3 məxsusluğu haqqında arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi xx.xx.2023-cü il tarixli qərardad ilə “Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin mərhum X3 məxsusluğu barədə arayışın verilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1996-cı il tarixdə vəfat etmiş X2 vərəsəsidir. Həyat yoldaşından iddiaçıya Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi miras olaraq qalmışdır. İddiaçı həmin torpaq sahəsinə dair vərəsəlik hüququna dair şəhadətnamə almaq üçün notariusa müraciət etdi və notarius iddiaçını vərəsə kimi tanıdı. Bundan sonra Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 19 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdi. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinin 29 dekabr 2022-ci il tarixli **********18 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, təqdim edilmiş Əzizbəyov (Xəzər) Rayon X14nin İcraiyyə Komitəsinin 10 saylı, xx.xx.1988-ci il tarixli Qərarı əsasında başqa ərazidə torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi hüquq sahibi X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, arxiv nüsxəsi təqdim edilmiş Əzizbəyov (Xəzər) Rayon X14nin İcraiyyə Komitəsinin 10 saylı, xx.xx.1988-ci il tarixli Qərarının və ayrılması nəzərdə tutulmuş sahənin nömrəsində həqiqiliyi təsdiqlənməmiş düzəlişlər edilmişdir. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş yerləşmə cizgisində imzası olan şəxsin adı və vəzifəsi qeyd olunmamışdır. Göstərilən bu səbəblərə görə mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinin imtinası tamamilə əsassız və qanunsuz olmuşdur. Belə ki, tərəfindən bütün zəruri sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur. İddiaçının həyat yoldaşə Səfərəli Fərzəliyevin adında başqa əmlak olmamışdır. Təqdim olunmuş rəsmi sənədlərdə vəzifəli şəxsin adının və vəzifəsinin qeyd olunmaması ilə bağlı bildirmişdir ki, bu iddiaçının problemi deyil. Bundan başqa Əzizbəyov (Xəzər) Rayon X14nin İcraiyyə Komitəsinin 10 saylı, xx.xx.1988-ci il tarixli Qərarının və ayrılması nəzərdə tutulmuş sahənin nömrəsində həqiqiliyi təsdiqlənməmiş düzəlişləri təsdiqlətmək də bizim tərəfimizdən mümkün deyil. Çünki həmin Komitə ləğv olunmuşdur. Həmin düzəlişlər edilən zaman həmin düzəlişləri edən səlahiyyətli şəxs həmin təqdiqləməni də etməli idi. Hazırda hansısa dövlət orqanlarının vəzifəli şəxslərinin səhvlərinə görə vətəndaşlar bu kimi çətinlikləri çəkməməliyik. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş yerləşmə cizgisində imzası olan şəxsin adı və vəzifəsi qeyd olunmamışdır. Göstərilən bu səbəblərə görə mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir.

4. Cavabdeh orqan tərəfindən imtinasında qeyd edilmişdir ki, təqdim edilmiş Əzizbəyov (Xəzər) Rayon X14nin İcraiyyə Komitəsinin 10 saylı, xx.xx.1988-ci il tarixli Qərarı əsasında başqa ərazidə torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi hüquq sahibi X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, arxiv nüsxəsi təqdim edilmiş Əzizbəyov (Xəzər) Rayon X14nin İcraiyyə Komitəsinin 10 saylı, xx.xx.1988-ci il tarixli Qərarının və ayrılması nəzərdə tutulmuş sahənin nömrəsində həqiqiliyi təsdiqlənməmiş düzəlişlər edilmişdir. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş yerləşmə cizgisində imzası olan şəxsin adı və vəzifəsi qeyd olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən topraq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixdə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş Əzizbəyov (Xəzər) Rayon X14nin İcraiyyə Komitəsinin 10 saylı, xx.xx.1988ci il tarixli Qərarı əsasında başqa ərazidə torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi hüquq sahibi X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, arxiv nüsxəsi təqdim edilmiş Əzizbəyov (Xəzər) Rayon X14nin İcraiyyə Komitəsinin 10 saylı, xx.xx.1988-ci il tarixli Qərarının və ayrılması nəzərdə tutulmuş sahənin nömrəsində həqiqiliyi təsdiqlənməmiş düzəlişlər edilmişdir. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş yerləşmə cizgisində imzası olan şəxsin adı və vəzifəsi qeyd olunmamışdır. Bu səbəblərdən ərizənin icrası tərəfindən mümkün olmamış və bu barədə iddiaçının etibarnamə üzrə nümayəndəsi X4 **********18 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir.

6. Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu 14 sentyabr 2022-cı il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.1996-cı il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi X6 ərizəsi qəbul edilmişdir və vərəsə kimi tanınmışdır. Həminin məktubda bildirilmişdir ki, icratda olan vərsəlik işi ilə əlaqədar miras qalmış əmlaka dair dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir.

7. Azərbayacan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022ci il tarixli məktubu ilə Əzizbəyov rayon X14 İcariyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 10/452 nömrəli qərarın kserosurəti iddiaçıya təqdim edilmişdir. Həmin qərarına əsasən, Buzovna qəsəbəsi 13 nömrəli 600 kv.m torpaq sahəsi X3 ayrılmışdır.

8. Cavabdehin təqdim etdiyi Əzizbəyov rayon X14 İcariyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 10 nömrəli qərarına əsasən, Buzovna qəsəbəsi 34 nömrəli 600 kv.m torpaq sahəsi X3 ayrılmışdır.

9. Azərbaycan X14 İcariyyə Komitəsinin 8 nömrəli 22 may 1990-cı il tarixli qərarı X3 məxsus Buzovna qəsəbəsi, 34 nömrəli yaşayış sahəsinin istismara qəbul edilmişdir.

10. 1990-cı il tarixli texniki pasporta əsasən 34 nömrəli sahədə yerləşən fərdi yaşayış evi X2 adına qeydiyyatdan keçmişdir.

11. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, X2 adına ünvan 2 ünvanında qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Həmçinin bildirilmişdir ki, X2 adına qeydiyyata alınmış ünvan 3 ünvanında yerləşən fərdi evinə dair arxiv qovluğunda saxlanılan müvaqif sənədlərin təsdiq edilmiş surətini təqdim etmişdir: - 01 avqust 1988-ci il tarixli 10 nömrəli qərara əsasən Buzovna qəsəbəsi torpaq sahəsi 600 kv.m olan 34 nömrəli torpaq sahəsi X3 verilmişdir. - 12.09.1988-ci il tarixli müqaviləyə əsasən xx.xx.1977-ci il tarixində Əzizbəyov rayonu X14 xx.xx.1988-ci il tarixindən X3 müddətsiz istifadəyə verilmişdir (13 nömrəli torpaq sahəsi).

12. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının İ Müavininin xx.xx.2023-cü il tarixli məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş məktubda qeyd edilmişdir ki, mərhum X3 ayrılmış Xəzər rayonu, Buzovna qəsəbəsi, 13 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsinə dair yerləşmə sxeminin və həmin sxemin tərtib edilməsinə əsas olmuş sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. (Əzizbəyov rayon X14 İcariyyə Komitəsinin 10/452 nömrəli xx.xx.1988-ci il tarixli qərarına əsasən X3 Buzovna qəsəbəsində yerləşən 600 kv.m olan 13№-li torpaq sahəsi ayrılmışdır.)

13. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsininin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2023-cü il tarixli məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş məktubda qeyd edilmişdir ki, keçmiş Əzizbəyov RXDS İK-nin (Xəzər RİH) arxiv fondu üzrə 1988-ci il tarixli, 10/452 və ya 10 saylı qərarları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

14. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, Bakı Şəhər Əzizbəyov rayon X14 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 10/452 nömrəli qərarı böyük həcmlidir və həmin qərar ilə X7 torpaq sahəsinn ayrılması aşkar edilməmişdir.

15. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının İ müavininin xx.xx.2023-cü il tarixli məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş məktubda qeyd edilmişdir ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər icra hakimiyəti orqanlarının sənədləri 5 il müddətindən sonra daimi mühafizə məqsədilə dövlət arxivinə təhvil verilir. Bildirilmişdir ki, Bakı şəhəri Əzizbəyov Rayon X14 İcraiyyə Komitəsi tərəfindən 1988-ci il üzrə verilmiş Qərarlar Bakı Şəhər İcra Hakimiyyətinin arxivinə təhvil verildiyindən, mərhrum X5 barəsində verilmiş xx.xx.1988-ci il tarixli, 10/452 və ya 10 saylı Qərarın surətinin təqdim edilməsi mümkün olmamışdır.

16. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş məktubda bildirilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair ariv qovluğunda saxlanılan müvafiq sənədlərin təsidiq edilmiş surətlərini məhkəməyə göndərilmiş və sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.

17. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məhkəmənin sorğusuna cavb olaraq göndərilmiş cavab məktubunda bildirilmişdir ki, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktını, koordinatlarını və ortofoto görüntüsü məhkəməyə göndərilmişdir: - 10.08.2023-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyəyini əks etdirən müayinə (baxış) aktında bildirilmişdir ki, hüquq müəyyənedici sənəd üzrə 600,0 m2 (faktiki 620,0 m2) olan torpaq sahəsi daş hasar daxilindədir və sahə 1 ədəd 1 mərtəbəli və 1 ədəd 1 mərtəbəli-yarımzirzəmili yaşayış evi və həyət tikilisi var.

18. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

20. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

21. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

22. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

23. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.

27. Göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

28. İddiaçı və cavabdehin təqdim etdiyi 10 və ya 10/452 saylı qərarlarda bildirilmişdir ki, mərhum X3 Buzovna qəsəbəsində yerləşən 600 kv.m olan torpaq sahəsi ayrılmışdır (13 və ya 34 nömrəli). Məhkəmə tərəfindən hüquqları qeydiyyata alınmış torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair koordinatlar tələb olunsa da, cavabdeh tərəfindən müvafiq koordinatların məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Eyni zamanda hər iki qərarda düzəlişlərin mövcud olmasını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, qərarlarda qeyd olunan fərqli ünvanlar faktiki olaraq eyni (vahid) torpaq sahəsinə aiddir. Odur ki, hüquqları qeydiyyata alınmış fərdi yaşayış evi həmin torpaq sahəsində yerləşir və faktiki olaraq eyni torpaq sahəsi olmaqla iddiaçının istifadəsindədir.

29. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.

32. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

33. X16 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

34. X16 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

35. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X16 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

36. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

37. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Əzizbəyov (Xəzər) Rayon X14nin İcraiyyə Komitəsinin 10 (10/452) saylı xx.xx.1988-ci il tarixli Qərarı əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 13 (34) nömrəli sahədə yerləşən 0,06 ha torpaq sahəsinin mərhum X3 məxsusluğu barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar