Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-537/2022 16.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.03.1975-ci il tarixdən 01.01.2006-cı il tarixə qədər 25 il 06 ay 22 gün iş stajı qeydə alınaraq yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinin üzərinə qoyulmasına dair qərar qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona 61 yaş 6 aydan yəni, 25.02.2020-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci ildə doğulmuşdur. Əmək fəaliyyətinə 1975-ci ildən başlamış və 2012-ci ilin sonuna qədər davam etmişdir. 26.03.1975-ci il tarixdən 01.01 2006-cı il tarixə qədər 25 il 06 ay 22 gün iş stajı olmuşdur. Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinə müraciət edərək, yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmiş, sonuncu tərəfindən **********9 nömrəli, 04.03.2020-ci il tarixli məktubla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədiyinə və tələb olunan iş stajı olmadığına görə pensiya təyin edilməsinin qanuna zidd olduğu qeyd olunaraq, pensiya təyin edilməsindən imtina olunmuşdur. Razdan rayonunun Meşə Yaşıllaşdırma İdarəsində 26.03.1975-ci il tarixdən 26.03.1980-cı il tarixə qədər olan dövr əmək kitabçasının 3-cü səhifəsində qeyd edilsə də həmin səhifəyə möhür vurulmamışdır. Məlum səbəblərə görə əmək kitabçasına möhür vurulması mümkün deyil, işlədiyi həmin dövrün qeydiyyata alınmaması nəticəsində ona yaşa görə əmək pensiyası təyin edilməmişdir. Bununla bağlı tərəfindən ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət olunaraq 26.03.1975-ci ildən 26.03.1980-ci ilə qədər olan dövrdə Ermənistan Razdan rayonu Meşə Yaşıllaşdırma İdarəsində işləməsi ilə bağlı hüquqi faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi ərizəyə etiraz təqdim edib hüquq üzrə mübahisə olduğunu əsas göstərərək, yəni onun Razdan rayonunun Meşə Yaşıllaşdırma İdarəsində 26.03.1975-ci ildən 26.03.1980-cı ilə qədər işlədiyi dövrü hüquqi fakt olaraq qəbul etdiyini, sadəcə olaraq əmək kitabçasında həmin dövrdə işləməsilə bağlı qeydlər möhürlə təsdiq olunmadığından o müddətin iş stajı kimi qəbul edilmədiyini bildirmişdir. Tərəfindən 18.11.2020-ci il tarixdə poçt vasitəsilə DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinə ərizə göndərilərək 26.03.1975-ci ildən 01.01 2006-cı ilə qədər 25 il 06 ay 22 gün iş stajını nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş edib. Müraciət etdiyi vaxtdan 1 aydan artıq vaxt keçməsinə baxmayaraq nəticəsi barədə ona hər hansı məlumat verilməmişdir. Cavabdeh inzibati orqanın müraciətinə heç bir cavab verilməməsini müraciətindən imtina etməsi kimi qəbul edib. İmtinanı konstitusiya və qanunlara zidd hesab edir, həmçinin onun hüquqlarının pozulması ilə nəticələndiyindən hazırda məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, iddiaçı S.Ə.Ğülməmmədovaya nəzərən birinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AA seriyalı 142163 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur. İddiaçının pensiya almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq, 25.08.2020-ci ildə yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının 1975- 2012-ci illər arasında işlədiyini iddia etdiyi illər onun mübahisələndirilməyən ümumi iş stajına əlavə edildiyi təqdirdə, iddiaçının subyektiv hüquqi marağı - pensiya almaq hüququ yaranır. Lakin həmin illərin iddiaçının ümumi iş stajına aşağıda göstərilən əsaslarla əlavə edilə bilməz. İsin faktiki hallarına əsasən, iddiaçının 28.03.1985-ci il tarixli ******* nömrəli əmək kitabçasının ilk qeydində iddiaçının 26.03.1975-ci ildə Razdan rayon Meşə Yaşıllaşdırma idarəsində əmək fəaliyətinə başladığı göstərilmişdir. 1985-ci ildə qeydiyyata alınan əmək kitabçasına 1975-ci ilin qeydinin aparılması qeydlərin sonradan əlavə olunduğunu göstərir. Həmçinin əmək kitabçasındakı 15-ci qeyddə iddiaçının 01.12.1982-ci ildə məzuniyyətə çıxdığı göstərilsə də növbəti qeyddə 23.03.1983-cü ildə isə qəbul olunduğu qeyd olunmuşdur. İddiaçının həmin bu müddətlər arasında isdən azad olunma haqqında əmri yoxdur. İddiaçının Razdan rayonunun Meşə Yaşıllaşdırma idarəsində işlədiyini iddia etdiyi dövrlər müəssisənin rəsmi möhürü ilə təsdiq olunmamışdır. Eyni zamanda, əmək kitabçasının 10-cu səhifəsində iddiaçının 30.04.1996-cı ildə Yaşıllaşdırma Trestindən isdən azad olunduğu daha sonrakı qeyddə isə 22.04.1996-cı ildə Bakı Dövlət Pambıqəyirmə fabrikində işə qəbul olduğu göstərilmişdir. Əmək kitabçasının qeydləri arasındakı bu kimi uyğunsuzluqlar və möhürlə təsdiq edilməmə halı iddia edilən illərin sığorta stajına əlavə edilməsi tələbini əsassız hesab etmək üçün vacib sübutlardandır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə 23.02.2021-ci il tarixli **********2 nömrəli sorğu ünvanlanmışdır. Milli Arxiv idarəsinin 12.03.2021 -ci il tarixli 4/585 nömrəli cavab məktubunda Bakı şəhər Yaşıllaşdırma Trestinin (hal-hazırda fəaliyyət göstərən X2) arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Eyni zamanda, iddiaçının Ermənistanın Razdan rayonu Meşə Yaşıllaşdırma İdarəsində işləməsi ilə əlaqədar qeyd olunmuşdur ki, Ermənistan Respublikasında anadan olmuş və vaxtı ilə orada yaşayan, lakin məlum hadisələr zamanı köçkün düşmüş vətəndaşların iş stajı və başqa sosial-hüquqi xarakterli hər hansı bir sənədi Azərbaycan Respublikası Dövlət Arxivində yoxdur. İnzibati işin tam araşdırılması məqsədi ilə Dövlət Sosial Müdafiə Fonduna iddiaçının xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarını barəsində məlumatın əldə edilməsi üçün sorğu ünvanlanmışdır. Fondun 05.03.2021-ci il tarixli **********8 nömrəli cavab məktubunda bildirilmişdir ki, Nazirliyin “X1 Sistemi”nin Sığorta (Monitorinq) altsisteminin “Sığortaolunanların reyestri” bölümündən əldə edilən məlumatlara əsasən İddiaçı (SSN: **********903) 20 aprel 2007-ci il tarixdən sığortaolunan kimi uçotdadır. Lakin Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündən əldə edilən məlumatlara əsasən İddiaçı (FİN: xxxxxxx) 01.01.2006-cı il tarixdən 25.02.2020-ci il tarixədək hər hansı sığortaedən tərəfindən təqdim edilmiş hesabatlara əsasən xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə məlumatlar aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş iddiaçının əmək kitabçasındakı qeydlərdə isə 22.04.1996-cı il tarixdən iddiaçının xadimə vəzifəsinə təyin edilməsi, 05.12.2012-ci il tarixli 108 nömrəli əmrlə işdən azad edilməsi göstərilmişdir. Bu qeydlərdən də aydın olduğu kimi, iddiaçı 05.12.2012-cı il tarixə kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu halda “Sığorta AS”-də onun adına ödənilən məcburi dövlət sığorta haqları göstərilməli, yığılmış pensiya kapitalı əks olunmalı idi. Lakin göstərilən heç bir hal bas verməmiş, iddiaçının adına ödənilən heç bir məcburi dövlət sosial sığorta haqqı qeydə alınmamışdır. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Sözügedən Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Yuxarıda qeyd olunanları nəzərə almaqla İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinin təmin olunmaması barədə qərar çıxarılması xahiş olunmuşdur. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddia tələbinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: - AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən (şəxsiyyət vəsiqəsi üzrə məlumatlar) müəyyən olunur ki, İddiaçı xx.xx.1958-ci ildə Ermənistan, Razdan rayonunda doğulmuşdur. - İddiaçıya məxsus 28 mart 1985-ci il tarixdə doldurulmuş ПТ-İ seriyalı ******* №-li əmək kitabçasının notarial qaydada təsdiqlənmiş (tərcümə olunmuş) surətindən müəyyən olunur ki, 1958-ci il təvəllüdlü İddiaçı 26.03.1975-ci ildə Razdan meşə təsərrüfatı Meqradzor k.s-nə mövsüm fəhləsi qismində işə qəbul edilmişdir (26.03.1975, Əmr № 84); 04.12.1975-ci ildə mövsüm bitməsi ilə əlaqədar işdən azad edilmişdir (14.12.1975, Əmr № 307); 31.03.1976-cı ildə işə qeydə alınmışdır (31.03.1976, Əmr № 65); 09.12.1976-ci ildə işdən azad edilmişdir (19.12.1976, Əmr № 231); 15.02.1977-ci ildə işə qeydə alınmışdır (15.02.1977, Əmr № 54); 08.12.1977-ci ildə öz hesabına məzuniyyət verilmişdir (08.12.1977, Əmr № 290); 20.03.1978-ci ildə işdə hesab olunmuşdur (20.03.1978, Əmr № 66); 20.12.1978-ci ildə işdən azad olmuşdur (20.12.1978, Əmr № 181); 16.02.1979-cu ildə işə qeydə alınmışdır (16.02.1979, Əmr № 14); 01.12.1979-cu ildə öz hesabına məzuniyyət verilmişdir (01.12.1979, Əmr № 113); 26.03.1980-ci ildə işdə hesab olunmuşdur ( 26.03.1980, Əmr № 30);15.12.1980-ci ildə öz hesabına məzuniyyət verilmişdir (15.12.1980, Əmr № 110); 25.07.1981-ci ildə işə qəbul edilmişdir (25.07.1981, Əmr № 66); 21.12.1981-ci ildə öz hesabına məzuniyyət verilmişdir (21.12.1981, Əmr № 101); 11.03.1982-ci ildə işdə hesab olunmuşdur (11.03.1982, Əmr № 28);01.12.1982-ci ildə öz hesabına məzuniyyət verilmişdir (01.12.1982, Əmr № 168); 23.03.1983-cü ildə işə qeydə alınmışdır (23.03.1983, Əmr № 45); 16.12.1983-cü ildə öz hesabına məzuniyyət verilmişdir, (16.12.1983, Əmr № 305); 12.03.1984-cü ildə işdə hesab olunmuşdur (12.03.1984 Əmr №57); 01.12.1984-cü ildə öz hesabına məzuniyyət verilmişdir (01.12.1984, Əmr № 252); 22.03.1985-ci ildə işdə hesab olunmuşdur (22.03.1985, Əmr № 55); 15.12.1985-ci ildə öz hesabına məzuniyyət verilmişdir (15.12.1985, Əmr № 220); 20.03.1986-cı ildə mövsüm işlərinin başlanması ilə əlaqədar olaraq işdə hesab edilmişdir (20.03.1986, Əmr № 56); 09.12.1986-cı ildə mövsüm işləri açılana qədər öz hesabına məzuniyyət verilmişdir (09.12.1986, Əmr № 226); 20.03.1987-ci ildə mövsüm işlərinin açılması ilə əlaqədar işdə hesab edilmişdir (20.03.1987, Əmr № 56); 12.12.1987-ci ildə mövsüm işləri açılana qədər öz hesabına məzuniyyət verilmişdir (12.12.1987, Əmr № 226 ); 28.03.1988-ci ildə mövsüm işlərinin açılması ilə əlaqədar işdə hesab edilmişdir (28.03.1988, Əmr № 67); 29.06.1988-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir (29.06.1988, Əmr № 146); 01.11.1988-ci ildə 2 №li X3nə 2-ci dərəcəli fəhlə qəbul edilmişdir (Əmr № 102, 01.11.1988); 03.01.1994-cü ildə 3 №li YİT-yə keçirildiyinə görə 30.12.1993-cü il tarixli 105 əmri ilə işdən azad edilmişdir (03.01.1994, Əmr № 1); 03.01.1994-cü ildə 3 №-li X3-Köçürmə yolu ilə Sabunçu rayonuna 3-cü dərəcəli bağ fəhləsi təyin edilmişdir (03.01.1994, Əmr № 1); 30.04.1996-cı ildə öz xahişi ilə işdən azad edilmişdir (30.04.1996, Əmr № 49); 22.04.1996-cı ildə Bakı Dövlət Pambıqəyirmə fabirikinə hazırlıq sexinə xadimə qəbul edilmişdir (22.04.1996, Əmr № 28); 05.12.2012-ci il tarixdə işdən azad edilmişdir (05.12.2012, Əmr № 108). Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən iddiaçının vəkili Vəkil ünvanlanmış 08 sentyabr 2020-ci il tarixli 5/1395 №li məktubda göstərilmişdir ki, Ermənistan Respublikasında doğulmuş və vaxtı ilə orada yaşamış, lakin məlum hadisələr zamanı köçgün düşmüş vətəndaşlarının iş stajı və başqa sosial-hüquq xarakterli hər hansı bir sənədi Azərbaycan Respublikasının Dövlət Arxivində mühafizə edilmir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.11.2021-ci il tarixli 2(103)- 10041/2021 №li qərardadının surətindən müəyyən olunur ki, ərizəçi İddiaçı “əmək stajı faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 26.03.1975-ci ildən 26.03.1980-ci ilə qədr olan dövrdə Ermənistan Respublikası, Razdan rayonunun Meşə Yaşıllaşdırma İdarəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhəməsinin 2(005)- 2400/2021 saylı 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Qətnamədən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qeyd olunan qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2400/2021 saylı, 23 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ərizəçi İddiaçı (maraqlı şəxs DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı və Bakı şəhər Nərimanov rayon şöbəsi) qarşı “əmək stajı faktının müəyyən olunması” barədə ərizəsinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan ərizəçi kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12.01.2022-ci il tarixli 2(102)-652/2022 №li qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10041/2021 №li iş üzrə 03 noyabr 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12.01.2022-ci il tarixli 2(102)-652/2022 №li qərarında göstərilmişdir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, ərizəçi 1975-1980-ci illərdə Ermənistan Respublikası Razdan rayon Meşə Yaşıllaşdırma İdarəsində işləməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edərkən ərizəsinə əmək kitabçasını əlavə etmiş və həmin əmək kitabçasında onun 1975-1980-ci illərdə Razdan rayonunun Meşə Yaşıllaşdırma İdarəsində işləməsi barədə qeydiyyat aparılmışdır. Göstərilən vəziyyətdə hüquqi əhəmiyyəti olan həmin faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün əsasların olmaması barədə nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən ona ünvanlanmış 04.03.2020-ci il tarixli **********9 saylı məktubda bildirilmişdir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədiyinə və tələb olunan iş stajı olmadığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. İddiaçı daha sonra hazırki tələblə bağlı DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncunun 19.12.2020-ci il tarixli **********7 saylı cavab məktubunda bildirilmişdir ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 21 il 11 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. 28.03.1985-ci il tarixli əmək kitabçasında 1975-1980-cı illərdə işlədiyi dövrlərin sığorta stajına əlavə olunması mümkün hesab olunmur. Eyni zamanda 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin, 01.01.2006-cı il tarixədək olan sığorta stajına uyğun (21 il 11 ay) sığorta kapitalı 16246,83 manat olmaqla tələb olunan 28.800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən 200 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə ki, Pensiya kapitalının məbləğinin sözügedən Qanunun 45-ci maddəsinin birinci cümləsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 06 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə uyğun olaraq müəyyən edilən gözlənilən pensiya ödənişi müddətinə-144 aya bölünməsi ilə alınan məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş əmək pensiyasının minimum məbləğindən (200,00) aşağıdır. Qeyd olunaları nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmadığından yaşa görə sosial müavinətin təyin edilməsi üçün müvafiq xidmət nümayəndəliyinə müraciət etməsi tövsiyyə olunmuşdur. İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia həmçinin əsaslıdır və cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İşin hallarına görə müvafiq dövrə münasibətdə sosial sığorta stajının mövcudluğunu cavabdeh qəbul etmədiyindən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçının mübahisələndirilən sığorta stajı əmək kitabçasında qeyd olunsa da həmin illərə münasibətdə cavabdeh tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. İddiaçının mübahisəli əmək fəaliyyəti illəri nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). İşin müəyyən edilmiş hallarına görə əmək kitabçasında qeyd olunmuş məlumatlar nəzərə alınmaqla iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq stajı mövcuddur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materialarından müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olumuş yaş həddinə (“Əmək pensiyaları haqqında” Qanunun tələblərinə görə 01 iyul 2019-cu il tarixdən 30 iyun 2020-ci il tarixədək qadınlar üçün yaş həddi 61 yaş 6 ay müəyyən edilmişdir) 25.02.2020-ci il tarixdə çatmışdır. Yuxarıda sözügedən normaya əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. İş materiallarından müəyyən olunur ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə (iddiaçının 28.03.1985-ci il tarixli ******* nömrəli əmək kitabçasının ilk qeydində iddiaçının 26.03.1975-ci ildə Razdan rayon Meşə Yaşıllaşdırma idarəsində əmək fəaliyətinə başladığı göstərildiyi halda 1985-ci ildə qeydiyyata alınan əmək kitabçasına 1975-ci ilin qeydinin aparılması; əmək kitabçasındakı 15-ci qeyddə iddiaçının 01.12.1982-ci ildə məzuniyyətə çıxdığı göstərildiyi halda növbəti qeyddə 23.03.1983-cü ildə isə qəbul olunduğunun qeyd olunması (iddiaçının həmin bu müddətlər arasında isdən azad olunma haqqında əmrinin olmaması); iddiaçının Razdan rayonunun Meşə Yaşıllaşdırma idarəsində işlədiyini iddia etdiyi dövrlərin müəssisənin rəsmi möhürü ilə təsdiq olunmaması; 4) əmək kitabçasının 10-cu səhifəsində iddiaçının 30.04.1996-cı ildə Yaşıllaşdırma Trestindən isdən azad olunduğu halda, sonrakı qeyddə 22.04.1996-cı ildə Bakı Dövlət Pambıqəyirmə fabrikində işə qəbul olduğunun qeyd olunması kimi hallar) mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmışdır. Cavabdeh inzibati orqanın göstərilən dəlilləri ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın “Əmək kitabçasının doldurulması” adlanan 3-cü bəndində işə götürən tərəfindən əmək kitabçasının hansı müddətdə doldurulmalı olması ilə bağlı heç bir göstəriş müəyyən olunmamışdır. Qeyd olunan halla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-817/2021 №li 19.05.2021-ci tarixli qərarında Məhkəmə Kollegiyası göstərmişdir ki, iddiaçının 1982-ci ildən əmək fəaliyyətinə başlamasına baxmayaraq əmək kitabçasının 1984-cü ildə tərtib edilməsi, 1997-ci ildə işdən azad olunması barədə əmrin əmək kitabçasında möhürlə təsdiq olunmaması barədə apellyasiya məhkəməsinin mövqeyini əsaslı saymayan məhkəmə kollegiyası qeyd edir ki, ən azından 1982-1997-ci illərdə iddiaçının “1 May” kolxozunda işləməsi dövlət arxivinin arayışı ilə təsdiq olunduğundan həmin dövrün onun sığorta stajına daxil edilməməsi hər hansı şübhə doğura bilməz (bənd 52). Əmək kitabçasında olan məlumatlardan və iddiaçının məhkəmə iclasında verdiyi izahatındaan müəyyən olunmuşdur ki, o, Razdan rayonunun Meşə Yaşıllaşdırma idarəsində mövsümü işlərin yerinə yetirilməsi ilə məşğul olmuşdur. İddiaçının həmin idarədə işlədiyi qeydlərə əsasən o, mövsümü olaraq yerinə yetirdiyi işlərdən azad edilmiş. daha sonra isə yenidən qeydə alınmışdır və həmin qeydlər əmək kitaabçasının 3-cü səhifəsində möhürlə təsdiqlənməsə də, 4-cü səhifədə işəgötürən tərəfindən yekun olaraq imzalanmaqla, müəssisənin möhürü ilə təsdiqlənmişdir. Əmək kitabçasının 15-ci qeydində iddiaçının 01.12.1982-ci ildə məzuniyyətə çıxdığı göstərilmiş, növbəti qeyddə yəni, 23.03.1983-cü ildə isə cavabdeh inzibati orqanın bildirdiyi kimi, isə qəbul olunmağı deyil, işdə hesab olunması (həmin idarədə işlədiyi digər qeydlərdə olduğu kimi) qeyd olunmuşdur. Əmək kitabçasının 10-cu səhifəsində iddiaçının 30.04.1996-cı ildə Yaşıllaşdırma Trestindən isdən azad olunduğu halda, sonrakı qeyddə 22.04.1996-cı ildə Bakı Dövlət Pambıqəyirmə fabrikində işə qəbul olduğunun qeyd olunması barədə caavabdeh inzibati orqanın dəlilinə gəldikdə, məhkəmə qeyd olunan halla bağlı qeyd etməyi zəruri hesab edir k, həmin dövr üzrə iddiaçının əmək stajının hesablanması zamanı təkrarlan (22.04-30.04) 8 (səkkiz) günlük fərq yalnız bir dəfə hesaba alınmaqla nəzərə alınır. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən 5 hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıxx.xx.1958-ci il təvəllüdlü İddiaçı 25.02.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. İş materiallarında olan DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 04 mart 2020-ci il tarixli “yaşa görə əmək pensiyasının təyinatından imtina haqqında” məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 03 mart 2020-ci il tarixində müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya ödəniləcək pensiya ona pensiya təyin olunmalı olan 25.02.2020-ci il tarixdən hesablanaraq, ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı-xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 61 yaş 6 ayının tamam olduğu yəni, 25.02.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-537/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-537/2022
16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver