Məhkəmə qərarları › İş №2-1(112)-5371/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5371/2025

03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5371/2025 03.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İdidaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********156100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********593700 saylı qərara əsasən İddiaçı riskli vergi ödəyici olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qeyd etmək istəyirlər ki, qəbul edilmiş qərarda riskli vergi ödəyicisi kimi qeydiyyata alınmasına əsas olaraq aşağıdakılar qeyd edilmişdir: Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə cəmi 6.4 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə Nasos, Mühərrik, Gidroqoruyucu satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin, elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda, vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alnmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirler Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödayicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.1-ci,3.1.1-ci və 2.1.3cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Yuxarıda göstərilənlər barəsində tərəflərindən vergi orqanına müraciətlər edilmiş və bu kimi halların aradan qaldırıldığı və riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə xahiş edilmişdir. Bildirilir ki, tərəflərindən vergi orqanına müraciət edilərək riskli hesab edilmələri üçün qeyd edilmiş məlumatlar barədə bildirilmişdir ki, tərəflərindən riskli vergi ödəyicisi hesab edilmələri barədə qəbul edilmiş qərarda qeyd edilənlər aradan qaldırılmışdır. Həmin sözügedən qaimələr ləğv edilmişdir. Həmçinin nəzərə çatdırılır ki, eyni məzmunlu məktublar bir neçə dəfə tərəflərindən vergi orqanına ünvanlanmışdır. Vergi orqanı tərəfindən göstərilənlər nəzərə alınmamışdır. Hesab edilir ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərar tamamilə əsassız olduğundan ləğv edilməli və riskli vergi ödəyiciləri siyahısından çıxarılmaları təmin edilməlidir. Yuxarıda göstərilən hallardan da, Azərbaycan Respublikası Nazirlar Kabineti tərəfindən qəbul edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın təsdiq edilməsi haqqında” Qərarın 2.1.4-cü maddəsində göstərilən hallar müəyyən olunduğu üçün müəssisə riskli vergi ödəyicisi hesab edilmişdir. Lakin, qeyd etdikləri kimi həmin səbəblər müəssisə tərəfindən aradan qaldırılmış və bu barədə vergi orqanına məlumat təqdim edilmişdir. Buna baxmayaraq, vergi orqanı tərəfindən müraciətlərinə məhəl qoyulmamışdır.

3. Məhkəmənin 2-1(112)-4939/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iş üzrə cavabdeh qismində cəlb edilmişdir.

4. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən elektron məhkəmə sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək “fiziki şəxs İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması, xx.xx.2023- cü il tarixli **********593700 saylı və xx.xx.2024-cü il tarixli **********156100 saylı qərarların ləğv edilməsi barədə” qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

5. Məhkəmənin 2-1(112)-4939/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “fiziki şəxs İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması, xx.xx.2023-cü il tarixli **********593700 saylı və xx.xx.2024-cü il tarixli **********156100 saylı qərarların ləğv edilməsi barədə” iddia tələbləri yeni nömrə verilməklə ayrı-ayrı icraatlara ayrılmış, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “fiziki şəxs İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması, xx.xx.2023-cü il tarixli **********593700 saylı qərarın ləğv edilməsi barədə” iddia tələbinə 2-1(112)-4939/2024 sayı altında baxılması qərara alınmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

6. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, xx.xx.2024-cü il tarixli **********156100 saylı qərarla vergi ödəyicisinə 2022-ci ilin gəlir vergisi üzrə 2.213,34 manat vergi məbləği hesablanmışdır. Belə ki, aparılmış araşdırma nəticəsində vergi ödəyicisi tərəfindən 2022-ci il ərzində fəaliyyət göstərildiyi, gəlir, xərc və ya digər iqtisadi əməliyyatlar (göstəricilər) barədə məlumatlar aşkar edilsə də, 2022-ci ilin gəlir bəyannaməsinin (hesabatının) vergi orqanına göstəriciləri azaldılaraq təqdim edildiyi müəyyən edilmişdir. Araşdırma zamanı 2022-ci il üzrə vergi ödəyicisinin 15200,0 manat məbləğində elektron qaimə üzrə satışı olmuş, dövr üzrə gəlir vergisi bəyannaməsini təqdim edərkən mikro güzəşt hüququndan istifadə etmişdir. Belə ki, həmin dövr üzrə vergi ödəyicisinin xx.xx.2023-cü il tarixli **********593700 saylı qərarla riskli vergi ödəyicisi olduğu müəyyən edilmiş, nəticədə vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşmalarla bağlı vergi ödəyicisinə 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə xx.xx.2024-cü il tarixli **********100600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Qeyd olunanlarla bağlı vergi ödəyicisi tərəfindən cari (dəqiqləşmiş) gəlir vergisi bəyannaməsi, izahat və araşdırma üçün zəruri olan sənədlər vergi orqanına təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37, 67, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə 2.213,34 manat əlavə vergi məbləği hesablanmışdır. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə görə vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada X3ni keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, X3nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. X3 tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39- 43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür.

8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

9. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

10. Cavabdehin xx.xx.2023-cü il tarixli, **********593700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 3.1.1-ci bəndlərinə əsasən İddiaçı riskli vergi ödəyicisi hesab olunmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə cəmi 6,4 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Nasos ЭЦНАКИ 100-750, Mühərrik 32 KWT, Gidroqoruyucu " satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.1, 2.1.3 və 3.1.1-ci yarımbəndlərinə əsasən cəmiyyət riskli vergi ödəyicisi hesab olunur."

11. Cavabdeh tərəfindən iddiaçıya “Riskli əməliyyatların araşdırılması barədə” məktub göndərilmişdir.

12. iddiaçı tərəfindən iş materiallarına anbar sahəsi kimi istifadə etdiyi ona məxsus daşınmaz əmlakın çıxarışı əlavə edilmişdir.

13. Cavabdehin xx.xx.2024-cü il tarixli, **********156100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən iddiaçıya 2022-ci ilin gəlir vergisi üzrə 2.956,12 manat məbləğində vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində vergi ödəyicisi tərəfindən 2022-ci il ərzində fəaliyyət göstərildiyi, gəlir, xərc və ya digər iqtisadi əməliyyatlar (göstəricilər) barədə məlumatlar aşkar edilsə də, 2022-ci ilin mənfəət (gəlir) bəyannaməsinin (hesabatının) vergi orqanına göstəriciləri azaldılaraq təqdim edildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, kameral vergi yoxlamasının başa çatdırılması üçün aprılmış azalma ilə əlaqədar təsdiqedici sənədlərin və izahatın vergi orqanına təqdim edilməsi xahiş olunur.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-653/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli **********593700 saylı nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarın ləğv edilməsinə dair iddia tələbi təmin edilmişdir.

15. İş materiallarına iddiaçı tərəfindən bəyannamələr əlavə edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.

17. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

20. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

21. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.

22. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2024-cü il tarixli qərarı qanunverciliklə müəyyən edilmiş müddətdə mübahisələndirilmişdir. Belə ki, sözügedən qərar cavabdeh tərəfindən məhkəmə icraatının gedişatında qəbul edilmiş və bundan sonra iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilərək həmin qərar inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilmişdir.

23. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

25. Belə ki, işin hallarından göründüyü kimi, mübahisənin yaranmasının səbəbi vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə cəmi 6,4 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Nasos ЭЦНАКИ 100-750, Mühərrik 32 KWT, Gidroqoruyucu " satışda qeyd olunmasına baxmayaraq, elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməməsidir.

26. Bununla əlaqədar olaraq, vergi orqanı tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********593700 saylı nömrəli qərar qəbul edilmiş və bundan sonra cavabdehin xx.xx.2024-cü il tarixli, **********156100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına iddiaçıya kameral vergi yoxlaması nəticəsində 2022-ci ilin gəlir vergisi üzrə 2.956,12 manat məbləğində əlavə gəlir vergisi hesablanması müəyyən olunmuşdur.

27. Məhkəmənin 2-1(112)-653/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə cavabdehin İddiaçı barəsində qəbul etdiyi riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın qanuniliyinə hüquqi qiymət verilərək, həmin qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilmişdir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 102.1.30-cu maddəyə “mikro” sözündən əvvəl “bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan” sözləri əlavə edilmişdir. 5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 102.1.30-cu maddə aşağıdakı yeni redaksiyada verilmişdir. 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.30. müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir. Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir; əvvəlki redaksiyada deyilirdi: 102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi;

29. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi elektron qaimə-fakturalarda satışında "Nasos ЭЦНАКИ 100-750, Mühərrik 32 KWT, Gidroqoruyucu" göstərilməsinə baxmayaraq, aldığı və ya idxal etdiyi mallar “Qırmadaş, atsep” və s.” deyil, başqa mal olması müəyyən edilməmişdir. Hazırkı işdə mövcud vəziyyətin yaranmasına səbəb, iddiaçının alışında (idxalında) ümumiyyətlə hər hansı malın göstərilməməsi olmuşdur. Bundan əlavə, iddiaçı tərəfindən mübahisəli qərarda qeyd olunan halların (anbarın olmaması və s.) aradan qaldırılması ilə bağlı cavabdehə çoxsaylı müraciətlər ünvanlanmasına baxmayaraq, iddiaçının müraciəti cavabdeh tərəfindən nəzərə alınmamışdır. Cavabdeh tərəfindən vurğulanan uyğunsuzluqların ödəyicinin istehsal fəaliyyəti ilə məşğul olmamasına təqdim edilmiş malların sənədsiz alınmasına və ya ümumiyyətlə əmtəəsiz olmasına dəlalət verməsinə istinad edilsə də, bu istinadlar yalnız mülahizələrdən ibarət olmuş, bununla bağlı cavabdeh tərəfindən konkret təsdiqedici dəlillər məhkəməyə təqdim edilməmişdir.

30. Qeyd edilən Qaydaların 3.1.1-ci bəndinə əsasən alınan və təqdim edilən mal çeşidləri əlaqəsiz olduqda, əvvəlkinin emalının nəticəsi olmadıqda və ya vergi ödəyicisi qeyd edilən halı ağlabatan şəkildə əsaslandıra bilmədikdə vergi ödəyicisi üçün məsuliyyət yarada bilər.

31. Vergi məsuliyyəti müəyyən edən qərarlara münasibətdə cavabdehin dəlilləri ondan ibarətdir ki, iddaçı gəlirlərin və xərclərin uçotunu aparmadığı üçün mikro sahibkarlıq subyekti olan fərdi sahibkar kimi sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faiz güzəşt hüququndan istifadə edə bilməz. Belə ki, bu (avtomatik olaraq) onunla şərtlənir ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunmuşdur. Cavabdeh bildirir ki, mikro sahibkarlıq subyekti olan fərdi sahibkara münasibətdə müvafiq güzəşt hüququndan məhrum olma riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın nəticəsidir.

32. Normaların təhlilinə əsasən riskli vergi ödəyicisi hesab olunma birmənalı olaraq ödəyicinin gəlirlərin və xərclərin uçotunu aparmadığını şərtləndirmir. Odur ki, həmin qərarın nəticəsində əlavə araşdırma aparmadan (avtomatik olaraq) ödəyicisinin qeyd edilən güzəşt hüququndan məhrum edilməsi qanuni hesab edilə bilməz.

33. İşdən müəyyən olunur ki, cavabdeh qurum iddiaçının gəlir və xərclərinin uçotunun aparılmamasını sübut edən hər hansı dəlil təqdim etməmişdir. Əksinə, iddiaçı eqaimə əsasında mal alaraq (emala məruz qoyaraq) e-qaimə əsasında iş və xidmət təqdim edir, vergi orqanına hesabatlarını verir. Digər tərəfdən, mikro sahibkarın riskli hesab olunması nəticəsində avtomatik olaraq onun vergi güzəştlərindən məhrum edilmiş hesab edilməsinə dair hər hansı müddəa yoxdur. Təsadüfi deyildir ki, həmin maddəyə (102.1.30) edilmiş dəyişiklik nəticəsində də maddənin tətbiqi şərtləri konkretləşdirilmiş, vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda həmin maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmədiyi qeyd edilmişdir.

34. Belə olan halda iddiaçının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparmayan mikro sahibkar olması cavabdeh tərəfindən sübut edilməli olan haldır və məhkəmə iddiaçının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparmayan mikro sahibkar olduğu qənaətinə gəlmir.

35. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

36. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

37. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

38. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

40. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

41. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

42. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

43. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********156100 nömrəli qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar