Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5372/2022 08.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı X1 və onun vəkili Vəkil iştirakları ilə, iddiaçılar İddiaçı1 və X1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və X3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 51 №-li, 04.03.2020-ci il tarixli sərəncamının ləğv edilməsi, cavabdeh orqana vətəndaşların (onların) mülkiyyət hüquqlarını pozan hərəkətlərin qadağan edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Sonradan iddiaçılar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 51 №-li, 04.03.2020-ci il tarixli sərəncamının mülkiyyətlərində olan ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan 0,0185 ha torpaq sahəsinə münasibətdə ləğv edilməsi, cavabdeh orqana onların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qadağan edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, Bakı şəhər İcra Hakimiyyətinin 51 №-li, 04.03.2020-ci il tarixli sərəncamı ilə, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan sahənin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək, yerinə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədi ilə həmin tikililərin yerləşdiyi 42258 ha torpaq sahəsinin icarə əsasında "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin (bundan sonra mətndə "xxxx" MMC) istifadəsinə verilməsi müəyyən edilmişdir. Qeyd edilən sərəncam barədə onlara "xxxx" MMC-nin mülkiyyətində olan fərdi həyət evindən çıxarılmaqları ilə bağlı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsindən sonra məlum olmuş, həmin iddia ərizəsinə əlavə edilmiş qeyd edilən sərəncamın surəti 11.01.2022-ci il tarixdə rəsmi qəbzlə onlara verilmişdir. ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan 0,0185 ha torpaq sahəsində yerləşən və xüsusi mülkiyyətdə olan 100,4 kvadrat metr sahəsi olan fərdi həyət evi onların mülkiyyətindədir. Qeyd edilənlərə əsasən, hesab edirlər ki, qeyd edilən sərəncam qanunsuz və əsassız olduğundan, sərəncam cavabdeh İcra Hakimiyyəti orqanının öz səlahiyyətlərindən kənara çıxmaqla və sui-istifadə edilməklə verildiyindən, həmin sərəncamla Konstitusiya ilə qorunan mülkiyyət hüquqları pozulduğundan ləğv edilməli, cavabdehin üzərinə onların mülkiyyət hüquqlarını pozan hərəkətlərin qadağan edilməsi vəzifəsi qoyulmalıdır. ünvan 1 ünvanda xüsusi mülkiyyətində olan 0,0185 ha torpaq sahəsində yerləşən, 100,4 kv. metr sahəsi olan fərdi yaşayış evi onların xüsusi mülkiyyətindədir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin 21.01.2022-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 03.02.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin və üçüncü şəxs "xxxx" MMC-nin iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iclaslarının (müvafiq olaraq hazırlıq və şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçılardan İddiaçı1, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və üçüncü şəxs "xxxx" MMC müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Məhkəmədə iddiaçı X3 və onun vəkili Vəkil ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Əvvəlki məhkəmə iclasında (hazırlıq) iştirak etmiş cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayədəsi X9 məhkəməyə verdiyi izahatında, iddianı qəbul etməyərək, mübahisələndirilən sərəncamın qanunvericiliyin tələblərinə müvafiq olaraq qəbul edildiyini, belə ki, sərəncamda ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlərin sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsinin, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsini müvafiq qanunvericiliyə əsasən "xxxx" MMC tərəfindən həll edilməsinin nəzərdə tutulduğunu, belə olan halda sərəncamın qəbul edilməsi zamanı hazırki iş üzrə iddiaçıların hüquq və mənafelərinin pozulmasına yönələcək heç bir hərəkətə yol verilmədiyini bildirərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə bildirir ki, hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. Məhkəmə hesab edir ki, iddia mümkündür. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İPM-nin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibti aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İş materiallarından müəyyən olunur ki, mübahisələndirilən sərəncamı iddiaçılar rəsmi qaydada 11 yanvar 2022-ci il tarixdə əldə edərək, hazırki iddia ərizəsi ilə 18.01.2022-ci il tarixdə məhkəməyə müraciət etmişlər. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının və onun vəkilinin izahatını dinləyərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İş materiallarında olan; Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti X14 Qeydiyyat İdarəsi tərəfindən 30.03.2021-ci il tarixdə verilmiş **********95224700 çıxarışın surətindən müyyən olunur ki, "xxxx" MMC 18 iyul 2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi (VÖEN) ilə dövlət qeydiyyatına alınmışdır. "xxxx" MMC tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış 05.08.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, "xxxx" MMC Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X13 və Novruzov qardaşları küçələrinin kəsişməsində yerləşən mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən, yaşayış üçün yararsız olan binaların, sosial və tikinti təyinatlı qeyri-yaşayış obyektlərinin sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi ilə bağlı torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsini xahiş elmişdir. Qeyd olunan ünvanlarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə həmin ərazidə yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi ilə bağlı "xxxx"' MMC-yə 4,5 ha torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi xahiş edilir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında X4 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış 29.12.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu. Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X13 və Novruzov qardaşları küçəsinin kəsişməsində yerləşən 4,50 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədilə "xxxx" MMC-yə ayrılmasına rəy bildirilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinin 26 sentyabr 2019-cu il tarixli 7-2846/7 nömrəli məktubuna Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Təşkili üzrə Dövlət Agentliyində baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən yerquruluşu planı hazırlanarkən ərazidə çox sayda dövlət qeydiyyatına alınmış yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin olduğu müəyyən edilmişdir. Həmin obyektlərlə bağlı məsələlərin mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilməsi şərti ilə göstərilən koordinatlar daxilində yerləşən 4,2258 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədilə "xxxx" MMC-yə ayrılmasına etiraz etmirlər. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsi haqqında” 04.03.2020-ci il tarixli 51 №-li Sərəncamından (surəti) görünür ki, "xxxx" MMC-nin 25.09.2019-cu il tarixli 09 saylı müraciətini Nəsimi rayon İcra Hakimiyyətinin 05.08.2019-cu il tarixli 1-1092 saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Təşkili üzrə Dövlət Agentliyinin 29.12.2019-cu il tarixli **********46 saylı və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 11.02.2020-ci il tarixli, 02/07- 510 saylı razılıq məktubları nəzərə alınaraq, “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndinə və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək, yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara almışdır. Sərəncamla ərazidə qeydə alınmş hüquqlarla bağlı məsələlərin sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi vəsaitinin ödənilməsi və sakinlərin köçürülməsinin müvafiq qanunvericiliyə əsasən "xxxx" MMC tərəfindən həll edilməsi tapşırılmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 19.03.2020-ci il tarixli 02/1321 saylı məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak. H.Əliyev, Y.Çəmənzəminli, C.Məmmədquluzadə və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə “Pilot-16" MMC-yə Bakı şəhər İcra Hakimiyyətinin 04.03.2020-ci il tarixli, 51 nömrəli Sərəncamı ilə yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün ayrılan 4.2258 ha torpaq sahəsinin cizgisinin hazırlanması ilə bağlı onların 05.03.2020-ci il tarixli, 11 saylı məktubuna Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlaşdırma Mərkəzində baxılmışdır. Yuxarıda qeyd olunan ünvanda ''Pilot-16’' MMC-yə ayrılan 4.2258 ha torpaq sahəsinə dair hazirianmış 20/18 saylı cizgi onlara göndərilir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 19.03.2020-ci il tarixli 02/1321 nömrəli məktuba əlavə olunmuş 20/18 nömrəli cizgidən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04.03.2020-ci il tarixli 51 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Ak.H.Əliyev, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin kəsişməsində "xxxx" MMC-yə yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədi ilə ayrılan 4.2258 ha torpaq sahəsinə dair cizgi hazırlanmışdır. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 17.04.2020-ci il tarixli 1576 №-li “Torpaq icarə müqaviləsi”nin surətindən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti (“İcarəyəverən”) ilə "xxxx" MMC (“İcarəçi”) arasında Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Həmin müqailənin 1.1-ci bəndinə əsasən “İcarəyəverən” icarə əsasında sahəsi 42258 kv. metr olan torpaq sahəsini “İcarəçi”yə 49 il müdətinə istifadəsinə verir, “İcarəçi” isə onu qəbul edir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 23.07.2020-ci il tarixli 19 nömrəli Sərəncamından çıxarışın surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçirəcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara) habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydalarının 3.2-ci bəndinə uyğun olaraq aşağıda qeyd olunan tikinti obyektlərinə dair tərtib olunmuş şəhərsalma əsaslandırmalarının təsdiq edilməsi qərara alınmışdır: Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, X13, Novruzov Qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsində layihələndirilən yaşayış kompleksi (Sifarişçisi-Pilot-16 MMC; Layihəçisi-Bakı Dövlət Layihə İnistutu). Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 25.02.2021-ci il tarixli 02/767 saylı məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, X13, Novruzov qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə "xxxx" MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim olunmuş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması barədə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin 15.12.2020-ci il tarikli 03Z03-2651 nömrəli məktubuna Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmışdır. Bildirirlər ki, yuxarıda qeyd olunan ünvanda tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim edilmiş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi (Baş plan üzrə blok 1; 1 girişli 16 mərtəbəli + texniki mərtəbə + LMŞ, -12.600 səviyyəsində zirzəmi mərtəbəsi - texniki sahə, -9.300 və -3.300 səviyyələrində zirzəmi mərtəbəsi - qeyri-yaşayış sahəsi, 1 və 2-ci mərtəbələr - qeyriyaşayış sahəsi; blok 2 və 3: 1 girişli 16 mərtəbəli + texniki mərtəbə + LMŞ, -12.600 səviyyəsində zirzəmi mərtəbəsi - texniki sahə, -9.300 səviyyəsində zirzəmi mərtəbəsi avtodayanacaq, -6.000 səviyyəsində zirzəmi mərtəbəsi - qeyri-yaşayış sahəsi, 1 və 2-ci mərtəbələr - qeyri-yaşayış sahəsi; blok 4, 5, 6 və 7: 1 girişli 16 mərtəbəli + texniki mərtəbə + LMŞ; -6.600 və -3.300 səviyyələrində zirzəmi mərtəbəsi - avtodayanacaq, 1 və 2-ci mərtəbələr - qeyri-yaşayış sahəsi; blok 8: 2 girişli 15 mərtəbə; - texniki mərtəbə + LMŞ; - 12.600 səviyyəsində zirzəmi mərtəbəsi - texniki sahə, -9.300 və-3.300 səviyyələrində zirzəmi mərtəbəsi - qeyri-yaşayış sahəsi, 1 və 2-ci mərtəbələr - qeyri-yaşayış sahəsi; blok 9: 2 girişli 15 mərtəbəli + texniki mərtəbə + LMŞ; -6.600 və -3.300 səviyyələrində zirzəmi mərtəbəsi - avtodayanacaq, 1 və 2-ci mərtəbələr - qeyri- yaşayış sahəsi; -6.600 və -3.300 səviyyələrində zirzəmi mərtəbəsi - həyətaltı avtodayanacaq; blok 10: 1 mərtəbəli uşaq bağçası, -6.600 və -3.300 səviyələrində zirzəmi mərtəbəsi - texniki sahə; blok 11 və 12: 2 mərtəbəli qeyri-yaşayış binası, -12.600 səviyyəsində zirzəmi mərtəbəsi - texniki sahə, - 9.300 səviyyəsində zirzəmi mərtəbəsi - avtodayanacaq; blok 13: 2 mərtəbəli qeyri-yaşayış binası, -9.300 səviyyəsində zirzəmi mərtəbəsi - avtodayanacaq, -6.000 səviyyəsində zirzəmi mərtəbəsi - qeyri-yaşayış sahəsi: blok 14, 15, 16 və 17: 2 mərtəbəli qeyri-yaşayış binası, -6.600 və -3.300 səviyyələrində zirzəmi mərtəbəsi - avtodayanacaq; blok 18: 2 mərtəbəli qeyri-yaşayış binası, -6.600 səviyyəsində zirzəmi mərtəbəsi - avtodayanacaq, - 3.300 səviyyəsində zirzəmi mərtəbəsi - qeyri-yaşayış sahəsi; blok 19: 2 mərtəbəli qeyriyaşayış binası, -12.600 səviyyəsində zirzəmi mərtəbəsi - texniki sahə, -9.300 və -3.300 səviyyələrində zirzəmi mərtəbəsi - qeyri- yaşayış sahəsi; M-ARCH GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin işi) Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 23.07.2020-ci il tarixli 19 nömrəli Sərəncamının 1.4-cü bəndi ilə təsdiq edilmiş şəhərsalma əsaslandırılmasına uyğundur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində, xüsusi mülkiyyətdə olan 0,0185 ha torpaq sahəsində yerləşən 100,40 kv. metrdən ibarət 89 №li fərdi yaşayış evi 30.07.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə ¼ hissə X5, 27.07.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə ¼ hissədə X2, 27.07.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə ½ hissəsi İddiaçı2 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 193383 №-li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 08.11.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 11-ci ayının 25 günündə 1151 nömrəsi ilə qeyd edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Həmin Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 67.1-67.3-cü maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, Bakı şəhər İcra Hakimiyyətinin mübahisələndirilən 51 №-li, 04.03.2020-ci il tarixli sərəncamının qanuni olub-olmadığının yoxlanılmasını məhkəmə iki istiqamət üzrə aparmalıdır: 1) sərəncamın inzibati icraat haqqında hüquq normalarının tələblərinə riayət edilməklə qəbul edilib-edilmədiyi; 2) sərəncamın maddi hüquq normalarının tələblərinə əməl olunmaqla qəbul edilibedilmədiyi. Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-cı bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyrinormativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Mübahisələndirilən sərəncamın maddi hüquq normalarının tələblərinə uyğun olubolmamasına gəldikdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki; Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun V.Quliyevin şikayəti üzrə 2017-ci il 7 sentyabr tarixli Qərarı). Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107- 5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin Vİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısının dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra–Avropa Məhkəməsi) bir sıra qərarlarında qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi dövlət orqanlarının əmlakdan dinc istifadəyə hər hansı müdaxiləsinin qanuni olmasını tələb edir. Həmin maddənin birinci bəndinin ikinci cümləsi əmlakdan məhrumetmənin “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməsinə icazə verir (İatridis Yunanıstana qarşı iş üzrə 1999-cu il 25 mart tarixli Qərar § 58; Yunanıstanın keçmiş kralı və digərləri Yunanıstana qarşı iş üzrə 2000-ci il 23 noyabr tarixli Qərar; Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar). Mülkiyyətə müdaxilənin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilmə şərti dövlətdaxili hüquq normalarında özbaşınalıqdan müdafiəni təmin edən kifayət qədər əlçatan və dəqiq normaların mövcud olmasını və onlara riayət edilməsini tələb edir (X7rşı iş üzrə 1986-cı il 8 iyul tarixli Qərar § 110; Vistins və Perepjolkins Latviyaya qarşı iş üzrə 2012-ci il 25 oktyabr tarixli Qərar § 95). Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi isə özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərar § 93). Beləliklə, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisi ilə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Şəhərsalma və Tikinti Məcəlləsi) 4.1-ci maddəsinə görə, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ya ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Həmin Məcəllənin 4.2-ci maddəsində Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri kimi göstərilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 17.5-ci maddəsinə əsasən, ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. Hazırda iddiaçılar tərəfindən mübahisələndirilən Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsi haqqında” 04.03.2020-ci il tarixli 51 №-li Sərəncamından (surəti) görünür ki, iddiaçılara məxsus fərdi yaşayış evinin yerləşdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək, yerində müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara almış, sərəncamla ərazidə qeydə alınmş hüquqlarla bağlı məsələlərin sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi vəsaitinin ödənilməsi və sakinlərin köçürülməsinin müvafiq qanunvericiliyə əsasən həll edilməsi tikinti şirkətinin üzərinə bir vəzifə kimi qoyulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir mübahisələndirilən sərəncam Bakı şəhəri İHB tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ilə ona verilmiş səlahiyyətlər çərçivəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Beləliklə işin araşdırılan halları ilə mübahisələndirilən sərəncamla iddiaçıların şəxsi hüquqdan məhrum edilməsi və ya onun hüququnun məhdudlaşdırılması, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyulması kimi hallar müəyyən olunmamışdır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və X1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı, "xxxx" MMC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 51 №-li, 04.03.2020-ci il tarixli sərəncamının qismən ləğv edilməsi, cavabdeh orqana onların mülkiyyət hüquqlarını pozan hərəkətlərin qadağa edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin olunmasın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5372/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5372/2022
08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver