Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5372/2023 19.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi ilə, İddiaçılar Qanuni nümayəndə və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar Qanuni nümayəndə və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Qanuni nümayəndə və xx.xx.2006-cı il təvəllüdlü azyaşlı qızı İddiaçı2 ünvan 1 ünvanında qeydiyyata alınmaları ilə bağlı lazımi hərəkətlərin icrası öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Qaradağ Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar ünvan 1 ünvanında qeydiyyatsız yaşayırlar. Əvvəl Qaradağ Rayon Polis İdarəsinin inzibati binasının ünvanına qeydiyyata alınsalar da, sonradan həmin ünvandan qeydiyyatdan çıxarıldılar. Buna görə də hazırda yaşadıqları ünvanda qeydiyyata alınmaqları üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ Rayon Polis İdarəsinə müraciət etsə də, həmin müraciətinə xx.xx.2022ci il tarixli imtina məktubu ilə cavab verilmişdir. Hazırda yaşadıqları ünvan 1 ünvanındakı fərdi yaşayış evi iddiaçı Qanuni nümayəndə qayınatası X10 məxsusdur. Qayınatası vəfat etdiyi tarixdən bəri- 1992-ci il tarixindən həmin ünvanda yaşayırlar. Sözügedən ünvanda yerləşən fərdi yaşayış evinə dair sənədləri-plan, sxemlər, texniki inventarlaşdırma sənədlərini və digər sənədləri iddia ərizəsinə əlavə etmişdir. Bundan əlavə özü və qızının- İddiaçı2 ünvan 1 ünvanında qeydiyyatız yaşaması ilə bağlı Ələt qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 1468 saylı arayışını da iddia ərizəsinə əlavə etmişdir. Hazırda özünün və qızının şəxsiyyət vəsiqələri faktiki olaraq etibarsız sayıldığından onlar üçün problemlər yaranır. X32 Mərkəzinin keçirdiyi ali təhsil müəssisələrinə qəbul imtahanlarda iştirak etmək istəyir. Lakin şəxsiyyət vəsiqəsi etibarsız olduğundan sənədlərini təqdim edə bilməyəcək. Belə hal artıq qızının təhsil hüququnun pozulması ilə nəticələnə bilər. Ona görə də hazırda yaşadıqları ünvanda qeydiyyata alınmaq üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından (aktiv olmayan) müəyyən olunur ki, xx.xx.2006-cı il təvəllüdlü Qanuni nümayəndə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından (aktiv olmayan) müəyyən olunur ki, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı2 ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 19105095 nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1993-cü il təvəllüdlü X11 ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma Bürosunun 1982-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportuna əsasən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair X6 adına texniki pasport tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Ələt qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 1468 nömrəli arayışına əsasən, vətəndaş Qanuni nümayəndə, o cümlədən bir nəfər ailə tərkibi-İddiaçı2 həqiqətən ünvan 7 ünvanında qeydiyyatsız yaşayır. Lökbatan qəsəbəsi, Mədən küçəsi 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2- 5749/2023 nömrəli məktubu ilə göndərilmiş siyahıya əsasən xx.xx.2007-ci il təvəllüdlü X12 xx.xx.2015-ci il, xx.xx.1979-cu il təvəllüdlü X1 xx.xx.2014-cü il, xx.xx.2014-cü il təvəllüdlü X27 xx.xx.2020-ci il, xx.xx.1993-cü il təvəllüdlü X11 xx.xx.2018-ci il, xx.xx.1956cı il təvəllüdlü X2 xx.xx.2015-ci il, xx.xx.1985-ci il təvəllüdlü X3 xx.xx.2020-ci il, xx.xx.1995-ci il təvəllüdlü X7 xx.xx.2021-ci il, xx.xx.2017-ci il təvəllüdlü X29 xx.xx.2019-cu il, xx.xx.2017-ci il təvəllüdlü X20 xx.xx.2021-ci il, xx.xx.2005-ci il təvəllüdlü X13 xx.xx.2021-ci il, xx.xx.2011-ci il təvəllüdlü X15 xx.xx.2020-ci il, xx.xx.2019-cu il təvəllüdlü Ramazanlı ilqar Samir oğlu xx.xx.2019-cu il, xx.xx.2019-cu il təvəllüdlü X4 xx.xx.2019-cu il, xx.xx.2009-cu il təvəllüdlü X14 xx.xx.2020-ci il tarixdən ünvan 8 ünvanında qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Ələt qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 10 nömrəli məktubunda bildirilmişdir ki, Ələt qəsəbə İƏD üzrə nümayəndəlikdə olan məlumata əsasən mərhum X8 adına verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda qeyd olunan Ələt qəsəbəsi 3, ev 81 ünvanı hal-hazırda ünvan 10 ünvandır. Hal-hazırda ünvan 11şağıda adları qeyd olunan şəxslər yaşayırlar: X11, Qanuni nümayəndə, İddiaçı2, X2, X3, X9, X27, X29, X4. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********58 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.Əzməmmədov küçəsi, 17 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 069-21405V nömrəli məktubunda bildirilmişdir ki, sizin qızınızla birlikdə ünvan 13 ünvanda qeydiyyatsız yaşamağınız müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndinin tələblərinə əsasən, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud qanunvericiliklə nəzərdə tutulan başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi təqdim edildikdən sonra vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması məsələsinə baxıla bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən fərdi yaşayış evinə qeydiyyata alınma ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçıların məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçılar məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişlər. İddia mahiyyət üzrə əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Yetkinlik yaşına çatmayanlar bir qayda olaraq qanuni nümayəndələri ilə birlikdə yaşayırlar. 14 yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin yaşayış yeridir. Qanunverici on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların yaşayış yerini onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin razılığı ilə müəyyən etmişdir. Yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, iddiaçı Qanuni nümayəndə yetkinlik yaşına çatmayan qızı İddiaçı2 ilə və oğlu xx.xx.1993-cü il təvəllüdlü X11 ilə ünvan 1 ünvanında faktiki yaşasalar da həmin ünvanda qeydiyyatda deyilllər. İddiaçıların yaşadığı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də həmin evin mülki dövriyyənin obyekti kimi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edildiyi istisna olunmur. Belə ki, Bakı İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma Bürosunda 1982-ci il tarixdə X8 adına şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport tərtib edilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Ələt qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sorğuya cavabında texniki pasportda qeyd olunan Ələt qəsəbəsi 3, ev 81 ünvanının hal-hazırda ünvan 14 ünvanda iddiaçıların faktiki yaşadıqları qeyd olunmuşdur. Eyni zamanda həmin ünvanda qeydiyyatda olanların iddiaçıların mübahisəli ünvana qeydiyyata düşmələrinə dair etirazları məhkəməyə daxil olmamışdır. Beləliklə, iddiaçılar qanunla yaşayış yeri hesab olunan ünvan üzrə qeydiyyata alınmalarını tələb etməkdə haqlıdırlar. Məhkəmə cavabdehin imtinasının əsasında duran iddiaçıların həmin ünvana qeydiyyata alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində sadalanan hüquqmüəyyənedici sənədlərin təqdim edə bilməməsi dəlilini hazırkı işin hallarına mübnasibətdə əsassız hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir”. Göründüyü kimi yaşayış yeri üzrə qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir və qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Qeyd edilməlidir ki, sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da həmin fərdi yaşayış evinin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi var. Bundan əlavə nəzərə alınsa ki, cavabdeh orqan sözügedən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata keçmədiyi halda həmin ünvana iddiaçıların ailə üzvü olan X5, digər qohumları həmin ünvana qeydiyyata almış, iddiaçıların müraciətlərinə cavab olaraq isə evin qeydiyyatdan keçməsi ilə bağlı sənədi tələb etməsi ən azı iddiaçılara münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1975-ci il təvəllüdlü Qanuni nümayəndə və xx.xx.2006-cı il təvəllüdlü İddiaçı2 ünvan 1 ünvanına qeydiyyata alınmaları vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1975-ci il təvəllüdlü Qanuni nümayəndə və xx.xx.2006-cı il təvəllüdlü İddiaçı2 ünvan 1 ünvanına qeydiyyata alınmaları vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5372/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5372/2023
19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver