Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5375/2022 25.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 9 ünvanında yerləşən “ünvan 1 100.2 kv.m olan 3 otaqlı, 60/61 saylı mənzilə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 9 ünvanında yerləşən “ünvan 1 100.2 kv.m olan 3 otaqlı, 60/61 saylı mənzil iddiaçı tərəfindən dəyəri tam ödənilməklə alınmışdır. Bununla bağlı iddiaçıya maliyyə arayışı verilmişdir. Həmin mənzilin dövlət reyestrində qeydə alınaraq iddiaçının adına çıxarışın verilməsi üçün iddiaçı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçıya imtina məktubu ilə mütəxəssislər tərəfindən mənzilə texniki baxış keçirilən zaman layihəyə əsasən 1 otaqlı mənzillə qonşu 1 otaqlı mənzilin birləşdirildiyi, qonşu mənzilin giriş qapısının bağlandığı və arakəsmənin götürülərək digər mənzilə giriş yaradıldığı, həmçinin mənzilin mətbəxinin otağa çevrilərək qeyd olunan mənzilin 3 otaqlı olduğunun müəyyən edildiyi bildirilmişdir. Layihə ilə uyğunsuzluq təşkil etdiyindən çıxarışın verilməsindən imtina olunmuşdur. Cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçı hər iki mənzilin pulunu tikinti şirkətinə ödəmiş və hər iki mənzilin birləşdirilməsində tikinti şirkətinin məlumatı olmuşdur. Tikinti şirkəti tərəfindən yenidən qurulmuş mənzilin cizgisi də təsdiq edilmişdir. Eyni zamanda mənzillərin içərisində aparılmış planlaşdırma işləri binanın ümumi layihəsinə xələl gətirmir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı vəkilinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: ünvan 6 evin 60/61 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2021-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, idarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman layihəyə əsasən 1 otaqlı mənzillə qonşu 1 otaqlı mənzilin birləşdirildiyi, qonşu mənzilin giriş qapısının bağlandığı və arakəsmənin götürülərək digər mənzilə giriş yaradıldığı, həmçinin mənzilin mətbəxinin otağa çevrilərək qeyd olunan mənzilin 3 otaqlı olduğu müəyyən edilmişdir. Qeyd olunan mənzilin faktiki vəziyyəti təqdim olunmuş layihə ilə uyğunsuzluq təşkil etdiyindən ərizinizin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsin), başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixli MİHO/2.1-2-2022-1414 nömrəli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının 382 saylı xx.xx.2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 0159 nömrəli “Tikinti obyektinin istismarına icazə”nin təsdiq edilmiş surətindən görünür ki, təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, 11 iyul 2018-ci il tarixdən "xxxx" MTK-ya tikinti obyektinin istismarına icazə verilmişdir. Tikinti obyektinin ünvanı, döngə nöqtələrinin koordinatları, adı - Bakı şəhəri, Nizami rayonu, 2434-cü məhəllə, Özbəkistan küçəsi, 9 (bina 1, 2, 4; X-408952, Y-4474430; tikinti obyektinin istismar təyinatı – yaşayış binaları. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının 592 saylı xx.xx.2021-ci il tarixli protokolundan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı müəssisənin üzvü qəbul olunmaqla MTK-nın ünvan 4 ünvanında yerləşən yaşayış kompleksində 6-cı bina, 8-ci mərtəbə, ümumi sahəsi 100.2 kv.m olan 60/61 saylı (soldan 4-cü mənzil) mənzilinin payçısı təsdiq edilməsi, sənədlərin Bakı şəhəri Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyeslr Xidmətinin Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 9 ünvanında yerləşən “ünvan 500,2 kv.m olan 3 otaqlı, 60/61 saylı (soldan 4-cü mənzil) mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir və "xxxx" MTK-ya borcu yoxdur. İş materiallarında olan plan-sxemdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 9 ünvanında yerləşən 6-cı bina, 3 otaqlı, sahəsi 100.2 kv.m olan 60/61 saylı mənzilin plan-sxemi "xxxx" MTK tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 165 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus ünvan 6 ünvanda yerləşən "xxxx" MTK-nın 6-cı binasının 8-ci mərtəbəsində yerləşən hər biri bir otaqlı olan 60 və 61 saylı mənzillərinin yaşayış üçün birgə istifadəsi, yəni 3 otaqlı kimi bir giriş-çıxış qapısı qoyulmaqla bir mənzil kimi istismarı “İnşaat Norma və Qaydaları” 2.08.01.89*-un, təhlükəsiz istismarı baxımından “İnşaat Norma və Qaydaları” 2.04.09-84*un və 2.08.02-85*-nin, təbii işıqlandırma - günəş işığının təchiz olunması baxımından SNiP 23-05-95*-nin tələblərinə uyğundur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Həmin qərarda göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının 592 saylı xx.xx.2021-ci il tarixli protokolundan çıxarışa əsasən İddiaçı müəssisənin üzvü qəbul olunmaqla MTK-nın ünvan 4 ünvanında yerləşən yaşayış kompleksində 6-cı bina, 8-ci mərtəbə, ümumi sahəsi 100.2 kv.m olan 60/61 saylı (soldan 4-cü mənzil) mənzilinin payçısı təsdiq edilmişdir. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir və "xxxx" MTK-ya borcu yoxdur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəməyə təqdim edilmiş “Tikinti obyektinin istismarına icazə”nin təsdiq edilmiş surətindən görünür ki, həmin yaşayış binasının istismarına icazə verilmişdir. Göründüyü kimi, iddiaçı kooperativin üzvlüyünə qəbul edilmiş, mənzilin dəyərini tam ödəmişdir, onun həmin mənzilə görə borcu yoxdur, habelə müvafiq dövlət orqanları tərəfindən mənzilin yerləşdiyi binanın istismarına icazə verilmişdir. Sadalanan qanunvericilik normalarından da görünür ki, iddiaçı qeyd olunan mənzilə mülkiyyət hüququ əldə etmişdir. Eyni zamanda Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 165 nömrəli rəyinə əsasən İddiaçı məxsus ünvan 6 ünvanda yerləşən "xxxx" MTK-nın 6-cı binasının 8-ci mərtəbəsində yerləşən hər biri bir otaqlı olan 60 və 61 saylı mənzillərinin yaşayış üçün birgə istifadəsi, yəni 3 otaqlı kimi bir giriş-çıxış qapısı qoyulmaqla bir mənzil kimi istismarı “İnşaat Norma və Qaydaları” 2.08.01.89*-un, təhlükəsiz istismarı baxımından “İnşaat Norma və Qaydaları” 2.04.09-84*-un və 2.08.02- 85*-nin, təbii işıqlandırma - günəş işığının təchiz olunması baxımından SNiP 23-05-95*-nin tələblərinə uyğundur. Məhkəmə, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Sadalanan əsaslardan hər hansı birinin olması barədə cavabdeh tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. İş materialları ilə də hər hansı halın mövcud olduğu müəyyən edilməmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan hüquqların dövlət qeydiyyatından imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədi. Qanunvericiliyin tələbi baxımından iddiaçı tərəfindən təqdim edilmiş sənədlər hüquqların qeydiyyatı üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. ünvan 6 evin 60/61 saylı mənzilinə (6-cı bina, 8-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 100.2 kv.m) İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5375/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5375/2022
25.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver