Məhkəmə qərarları › İş №2-1(112)-5377/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5377/2022

28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5377/2022 28.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1998-ci il tarixli 07 saylı qərarı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi “Savalan” yaşayış massivində yerləşən ərazisində yerləşən 0,12 hektar torpaq sahəsinə dair hüquqlarının (İddiaçı) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 123 saylı və xx.xx.1991-ci il tarixli 293 qərarlarına əsasən Maştağa qəsəbəsində fərdi yaşayış evləri tikintisi üçün həyətyanı torpaq fondu ayrılmışdır. Fərdi mənzil tikintisində ehtiyacı olan vətəndaşlara Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş baş plana uyğun olaraq hər bir ailəyə 1200 kv.metr hesabı ilə həyətyanl torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. İddiaçı həyətyanı torpaq sahəsinə ehtiyacı olan vətəndaşlardan biri olaraq torpaq sahəsi almaq üçün tələb olunan sənədləri Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinə təqdim etmişdir. Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1998ci il tarixli 07 saylı qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi “Savalan” yaşayış massivində yerləşən ərazisində 0,12 hektar torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı torpaq sahəsi ayrılmışdır. Bu bağ sahəsinin özəlləşdirilməsi məqsədi ilə cavabdehə müraciət etmişdir. İnzibati orqanın **********81 saylı xx.xx.2021-ci il tarixli məktubu ilə ona imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, elektron kadastr məlumatlarına əsasən sözügedən torpaq sahəsi “Savalan” yaşayış massivinə ayrılmış əraziədən (ayrıc aktından) kənarda (X4 sovxozunun ərazisidir) yerləşir və Maştağa qəsəbə nümayəndəliyi tərəfindən qərardan çıxarış qanunvericiliyə uyğun deyildir. Bu səbəbdən ərizənizin icrası mümükün deyildir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan y/massivi, 3-cü kvartal, 13 saylı sahədə yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli ərizə ilə idarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar araşdırma zamanı məlum olmuşdur ki elektron kadastr məlumatına əsasən sözügedən torpaq sahəsi “Savalan” yaşayış massivinə ayrılmış ərazidən (ayrıc aktından) kənarda yerləşir və X4 sovxozunun ərazisidir. Maştağa qəsəbə nümayəndəliyi tərəfindən verilmiş qərardan çıxarış qanunvericiliyə uyğun (torpağın ayrılması səlahiyyətləri xaricindədir) deyildir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********81 saylı, xx.xx.2018-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş ünvanlanmışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə xx.xx.2018-ci il tarixli məktubu. - Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 07 saylı xx.xx.1998-ci il tarixli qərarından çıxarışın surəti. -Maştağa qəsəbəsinin Baş Planından çıxarışın surəti. - Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 07 saylı xx.xx.1998-ci il tarixli qərarına əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün Maştağa qəsəbəsi “Savalan” yaşayış massivi 3-cü kvartalda ayrılmış 13 saylı torpaq sahəsinin yerləşmə sxeminin surəti.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 123 saylı və xx.xx.1991-ci il tarixli 293 qərarlarına əsasən Maştağa qəsəbəsində fərdi yaşayış evləri tikintisi üçün həyətyanı torpaq fondu ayrılmışdır. Fərdi mənzil tikintisində ehtiyacı olan vətəndaşlara Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş baş plana uyğun olaraq hər bir ailəyə 1200 kv.metr hesabı ilə həyətyanl torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1998-ci il tarixli 07 saylı qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi “Savalan” yaşayış massivində yerləşən ərazisində 0,12 hektar torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı ayrılmışdır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsi “Savalan” yaşayış massivinə ayrılmış ərazidən (ayrıc aktından) kənarda yerləşir və X4 sovxozunun ərazisidir. Maştağa qəsəbə nümayəndəliyi tərəfindən verilmiş qərardan çıxarış qanunvericiliyə uyğun (torpağın ayrılması səlahiyyətləri xaricindədir) deyildir. İş materiallarından görünür ki, Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 07 saylı xx.xx.1998-ci il tarixli qərarına əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün Maştağa qəsəbəsi “Savalan” yaşayış massivi 3-cü kvartalda ayrılmış 13 saylı torpaq sahəsinin yerləşmə sxemində mövcuddur. Məhkəmə cavabdeh inzibati orqanın yuxarıda göstərilən dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsini 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinə görə torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı 4 avqust 1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinə görə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəlki Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) həyata keçirir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Həmin Qanunun 12-ci maddəsinin ikinci hissəsinə əsasən dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 12 mart 1999-cu il tarixli 113 nömrəli Azərbaycan Respublikası Fərmanının 2-ci bəndinə əsasən həmin Qanunun 5-ci maddəsinin beşinci hissəsində, 6-cı maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin ikinci hissəsində, 12-ci maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin ikinci hissəsində, 19-cu maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Məhkəmə qeyd edir ki, dövlət torpaq kadastrının, torpaq sahələrinin koordinatlarını, plan ölçüsünü, hansı ərazidə yerləşməsi ilə bağlı kadastr planının cavabdeh tərəfindən tərtib edilməsini və həmin məlumatların cavabdeh inzibati orqanın özündə olmasınına baxmayaraq, onun tərəfindən mübahisə predmeti olan torpaq sahəsinin “Savalan” yaşayış massivinə ayrılmış ərazidən (ayrıc aktından) kənarda, yəni X4 sovxozunun ərazisində yerləşməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 07 saylı xx.xx.1998-ci il tarixli qərarından çıxarışdan görünür ki, iddiaçıya torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli 123 saylı və 02 sentyabr 1991-ci il tarixli 293 saylı qərarlarına əsasən ayrılmışdır, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli 123 saylı qərarı ilə məhz Maştağa tərəvəzçilik-südçülük sovxozu torpaqlarının bir hissəsi fərdi yaşayış evləri, sosial və mədəni-məişət təyinatlı obyektlərin tikintisi üçün X5 ayrılması nəzərdə tutulmuşdur. Qeyd edilənə əsasən mübahisə predmeti olan torpaq sahəsinin X4 sovxozunun ərazisində yerləşməsi imtina üçün əsas ola bilməz. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisə predmeti olan torpaq sahəsinin “Savalan” yaşayış massivinə ayrılmış ərazidən (ayrıc aktından) kənarda, yəni X4 sovxozunun ərazisində yerləşməsi ilə bağlı dəlili əsassızdır. Məhkəmə cavabdeh inzibati orqanın Maştağa qəsəbə nümayəndəliyi tərəfindən verilmiş qərardan çıxarışın qanunvericiliyə uyğun (torpağın ayrılması səlahiyyətləri xaricindədir) olmaması dəlili ilə bağlı qeyd edir ki, qanunvericiliyə uyğun olaraq qəsəbə nümayəndəliklərinin torpağın ayrılması ilə bağlı səlahiyyətləri artıq mövcuddur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 7 aprel 2022-ci il tarixli 1655 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanın 1.4-cü bəndi yeni redaksiyada verilmişdir. (yeni redaksiya “1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar;”) Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənəd hesab edilir (1.4-cü bənd). xx.xx.1999-cu il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanında göstərilmişdir: “4.Şəhər rayonlarında icra hakimiyyətinin başçısı təyin edilən kimi şəhərlərdə rayon xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir. 5. Rayonlarda, şəhərlərdə icra hakimiyyətinin başçısı təyin edilən kimi rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin) xalq deputatları Sovetlərinin icraiyyə komitələri öz fəaliyyətlərini dayandırırlar. Rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin), şəhərlərdə rayonların xalq deputatları Sovetləri icraiyyə komitələrinin şöbələri və idarələri icra hakimiyyəti başçısı aparatının müvafiq struktur bölmələri yaradılanadək fəaliyyət göstərirlər. 6. Rayonun, şəhərin icra hakimiyyətinin başçısı kəndlərdə, qəsəbələrdə, şəhərlərdə (rayon tabeli şəhərlərdə) öz nümayəndələrini təyin edən kimi həmin inzibati-ərazi vahidlərinin xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Lenin rayonu Maştağa qəsəbəsinin sosial-iqtisadi inkişafı haqqında” xx.xx.1991-ci il tarixli 123 saylı Qərarının 6-cı bəndinə əsasən Bakı Şəhər X3 İcrakomu Maştağa tərəvəzçilik-südçülük sovxozu torpaqlarının bir hissəsinin fərdi yaşayış evləri, sosial və mədəni-məişət təyinatlı obyektlər tikintisindən ötrü X5 vermək məsələsini qoyulmuş qaydada Abşeron Rayon X3 İcrakomu ilə birlikdə nəzərdən keçirib həll edilməsi qərara alınmışdır. Həmin Qərarın 7-ci bəndinə əsasən Bakı şəhər X3 İcrakomu Azərbaycan Respublikasının Dövlətaqrarsənayekomu, Shiyyə Nazirliyi, “Azərsutikinti” İTB, Azərbaycan Bitkiləri Mühafizə Stansiyası ilə birlikdə onların tabeliyindəki istifadə olunmayan ərazisinin adı çəkilən hissələrini aşağıdakı məqsədlərlə istifadə üçün X6 Deputatları Sovetinə özgəninkiləşdirmək məsələsini qoyulmuş qaydada həll etsin: a) Azərbaycan Bitkiləri Mühafizə Stansiyasının ərazisində Şadlıq evi tikintisi üçün; b) 3 nömrəli psixonevrolji xəstəxanasının bina və qurğularının ərazisini – hazırda məscid binasındakı əvəzinə “Xalçaçılıq” ixtisası üzrə yeni texniki peşə məktəbi tikintisi üçün; v) tuşların xəstəlikləri üzrə ixtisaslaşdırılmış laboratoriyanın və “Azərsutikinti” İTB-nin 38 nömrəli İSMD qarajının ərazisini – məişət xidməti obyektlərinin yerləşdirilməsi üçün; q) “Azərquşsənaye”nin ixtisaslaşdırılmış təmir təmir və sazlama müəssisəsinin ərazisini – kolxoz bazarı tikintisi üçün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: - (maddə 8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (mərkəzi və yerli icra hakimiyyəti orqanları) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (maddə 8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir: “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).” Beləliklə, mübahisə predmeti olan torpaq sahəsi hazırda qüvvədə olan Nazirlər Kabinetinin müvafiq qərarına əsasən sovxoz torpaqlarının fərdi yaşayış evlərinin tikintisi məqsədilə Maştağa qəsəbə nümayəndəliyinə ayrıldığından, həmçinin müvafiq Fərmanın tələbinə əsasən qəsəbə nümayəndəliklərinə torpaq sahəsi ayrılma səlahiyyəti verildiyindən cavabdeh inzibati orqanın bu dəlili də əsassızdır. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaəti belədir ki, Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 07 saylı xx.xx.1998-ci il tarixli qərarına əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün Maştağa qəsəbəsi “Savalan” yaşayış massivi 3-cü kvartalda ayrılmış 13 saylı torpaq sahəsinin ayrılması, həmin torpaq sahəsinin yerləşmə sxeminin mövcud olması, həmçinin cavabdeh inzibati orqanın imtina məktubunda və iddiaya dair yazılı etirazda göstərdiyi dəlillərin əsassız olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, məhkəmə cavabdehin imtinasını iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1998-ci il tarixli 07 saylı qərarı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi “Savalan” yaşayış massivində yerləşən ərazisində yerləşən 0,12 hektar torpaq sahəsinə dair İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1998-ci il tarixli 07 saylı qərarı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi “Savalan” yaşayış massivində yerləşən ərazisində yerləşən 0,12 hektar torpaq sahəsinə dair İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar