Məhkəmə qərarları › İş №2-1(112)-5377/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5377/2023

01.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5377/2023 01.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və onun vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs Məcidova Pakizə Mirzağa qızı) “qeydiyyatdan çıxarılma” tələbinə dair iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı2, İddiaçı3 və İddiaçı1 üçüncü şəxs Məcidova Pakizə Mirzağa qızının ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar mərhum ər və ataları X1 qalma ünvan 1-də artıq uzun müddətdir ki, yaşayır, istifadə edir və birgə təsərrüfat aparırlar. Sözügedən mənzil mərhum ər və ataları X4 Rabitə Nazirliyində işlədiyi dövrdə Mənzil Kommunal Təsərrüfat Departamentinin qərarı ilə verilmişdir və 02 yanvar 2001-ci il tarixli 74 saylı order əsasında ona məxsusdur. Buna baxmayaraq evdə heç bir istifadə və yaşayış hüququ olmadan qeydiyyatda qalmış üçüncü şəxs Məcidova Pakizə Mirzağa qızı kommunal xidmətlərini artıq ödəməklərinə səbəb olur. İddiaçıların müraciətinə cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır.

1. Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən

2. Başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən

3. Öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında

4. Yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qanunda göstərilən sənədlərdən hər hansı biri təqdim edildiyi halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. İş materiallarından görünür ki, Bakı Baş Tikinti Mənzil Kommunal İdarəsi tərəfindən Bakı şəhəri M.Rüstəmov – 4/6, 7 saylı yataqxanada yerləşən mənzilə dair Rabitə Nazirliyi H.M.İ-də mühafizəçi vəzifəsində işləmiş X4 xx.xx.2001-ci il tarixli ,74 saylı order (ailə tərkibi bir nəfər-özü) verilmişdir. AZ-İ seriyalı 691469 saylı xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9644/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Məcidova Pakizə Mirzağa qızının İddiaçı3 və Mikayılova (Məcidova) Sevda Məmməd qızına qarşı – onun Bakı şəhəri Xətai rayonu M.Rüstəmov küçəsi 4/6 saylı evin 411 saylı mənzilinə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi, cavabdehlərin həmin mənzildən çıxarılmaları barədə iddiası rədd edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən Məcidova Pakizə Mirzağa qızı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18/2-3561/2023 saylı xx.xx.2023cü il tarixli məktubla bildirilmişdir ki, xx.xx.1955-ci il təvəllüdlü Məcidova Pakizə Mirzağa qızının xx.xx.2016-cı il tarixdə ünvan 2 ünvanına qeydiyyata alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-6520/2023 **********20 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, ünvan 3 ünvanının dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Məcidova Pakizə Mirzağa qızı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçılara hüquqi yardım edərək iddia tələbində qeyd edilən evə dair məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququnu təsdiq edən hüquqmüəyyənedici (çıxarış, vərəsəlik şəhadətnaməsi və s.) sənədlərin məhkəməyə təqdim edilməsini təklif etmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçılar və İddiaçı1 vəkili məhkəmə iclasında iştirak etmişlər. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş edilmişdir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddianı müdafiə edərək əlavə olaraq bildirmişlər ki, Məcidova Pakizə Mirzağa qızı mərhum X3 arvadı olmuş, X5 vəfat etmişdir, Məcidova Pakizə Mirzağa qızının harada yaşaması barədə məlumatları yoxdur və iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçılar hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldrımaq üçün qeyd edilən ünvana dair subyektiv hüquqlarını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişlər. Belə ki, iş materiallarından görünür ki, Bakı Baş Tikinti Mənzil Kommunal İdarəsi tərəfindən Bakı şəhəri M.Rüstəmov – 4/6, 7 saylı yataqxanada yerləşən mənzilə dair Rabitə Nazirliyi H.M.İ-də mühafizəçi vəzifəsində işləmiş X4 xx.xx.2001-ci il tarixli, 74 saylı order (ailə tərkibi bir nəfər-özü) verilmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı3 X3 övladları, İddiaçı1 isə keçmiş arvadıdır. Qeydiyyatdan çıxarmaq istədikləri şəxs Məcidova X2 Namiq Səfər oğlunun vəfat etdiyi vaxt nikah münasibətlərində olduğu arvadıdır. Mənzil dövlət reyestrində qeydiyyata alınmamışdır. Hazırda həm iddiaçılar, həm də üçüncü şəxs mənzildə qeydiyyatdadırlar və onlar mənzilin mülkiyyətçiləri deyillər. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçıların həmin mənzildə olan şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarma tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur. İddiaçılar cavabdeh qurumun hərəkətləri (hərəkətsizliyi) nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və həmin Məcəllənin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar