Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5378/2023 27.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yardımlı rayonu, Hamar kənd M.B.Qasımov adına kolxozda 01 avqust 1976-cı il tarixdən 15 oktyabr 1978-ci il tarixə kimi kolxozçu kimi işlədiyi illərin iddiaçıya pensiya işində əmək stajı kimi nəzərə alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən iddiaçıya 57 yaşdan, yəni 16 iyun 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin 29 aprel 2019-cu il tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı hesab edir ki, onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajının isə 12 il 06 aydan çox olmasına baxmayaraq cavabdeh əsassız imtina verərək onun güzəştli iş stajının qanunvericilikdə nəzərdə tutulmuş həddən aşağı olduğunu qeyd etmişdir. Halbuki, onun əmək stajını təsdiq edən əmək kitabçası və güzəştli arayışlar mövcuddur. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı ümumi iş stajı 25 ildən az (22 il 13 gün ( xx.xx.1978-xx.xx.1980-cil, xx.xx.1980-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1995-ci il tarixləri arasındaki dövrlər və 2012-2022-ci illər üzrə cəmi 5 il 06 ay) təşkil edir. Bundan başqa iddiaçının güzəştli iş stajı 12 il 06 aydan az (12 il 04 ay 08 gün (xx.xx.1983-xx.xx.1995-ci il tarixləri arasındaki dövr) təşkil edir. Eyni zamanda İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 40.560 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18.593,53 manat təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflər izahatları: İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Hərbi biletə əsasən iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Əmək kitabçasına əsasən iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək dərzi; xx.xx.1983-cü il tarixdən usta köməkçisi, xx.xx.1983-cü il tarixdən kəsici sexinə usta köməkçisi şagirdi keçirilmiş, xx.xx.1983-cü il tarixdən usta köməkçisi vəzifəsinə keçirilmiş və xx.xx.2013-cü il tarixdən işdən azad edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1959-cu ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə qiymət verilən zaman, cavabdeh imtina üçün iki əsas gətirmişdir:
1. İddiaçının ümumi iş stajının 25 ildən az olması;
2. İddiaçının güzəştli iş stajının 12 il 06 aydan az olmasıdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan çox olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq ƏMQ-nın tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı xx.xx.2017-ci il tarixədək toplanmalıdır . İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç şərtin ödənilməsi tələb olunur. 1) xx.xx.2006-ci il tarixədək 25 il ümumi iş stajının olması; 2) bu müddətin azı 12 il 06 ayının güzəştli iş stajı olması; 3) iddiaçı Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Məhkəmə ilk öncə iddiaçının ümumi iş stajına münasibət bildirir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Məsələyə hüquqi qiymət verərkən məhkəmə həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Qeyd olunmalıdır ki, həm xx.xx.2006-ci il tarixədək qüvvədə olmuş, həm hüquq münasibətləri yarandığı vaxtda qüvvədə olmuş, həmçinin hazırda qüvvədə olan qanunvericilik əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, əksinə əmək kitabçası olmadıqda işəgötürənin arayışı əsasında müəyyən edilməsini şərtləndirmişdir. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: -xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək dərzi; (02 il 01 ay 07 gün) -xx.xx.1983-cü il tarixdən usta köməkçisi, xx.xx.1983-cü il tarixdən kəsici sexinə usta köməkçisi şagirdi keçirilmiş, xx.xx.1983-cü il tarixdən usta köməkçisi vəzifəsinə keçirilmiş və xx.xx.2013-cü il tarixdən işdən azad edilmişdir. (30 il 05 ay 27 gün) Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən iddiaçının işlədiyi müddətlə yanaşı iddiaçının hərbi xidmət müddəti də pensiya təyinində nəzərə alınmalıdır. İş materialları ilə də müəyyən edilir ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olmuşdur ki, həmin müddət ümumilikdə 02 il 01 ay təşkil edir. Qeyd olunmalıdır ki, iddiaçının hərbi xidmətdə olduğu, həmçinin əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrü cəmlədikdə müəyyən olunur ki, onun xx.xx.2006cı il tarixədək ümumi iş stajı 25 ildən (xx.xx.1978- xx.xx.1980; xx.xx.1980- xx.xx.1983; xx.xx.1983-xx.xx.2006 = 26 il 11 ay 15 gün təşkil edir) çox təşkil edir. Lakin nəzərə alınmalıdır ki, cavabdeh ümumi iş stajı ilə bağlı şərtin ödənilməməsi qənaətinə gələrkən, iddiaçının xx.xx.1995-ci il tarixdən ödənişsiz məzuniyyətdə olmasına istinad edir. Məhkəmə cavabdehin irəli sürdüyü bu mülahizə ilə razılaşmır. Məhkəmə, ödənişsiz məzuniyyət dövrünün iddiaçının ümumi stajına daxil edilməsi ilə bağlı münasibətdə qeyd edir ki, bu məsələyə də işçinin əmək stajı hesab edilən müddətlərlə əlaqədar müvafiq qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Belə ki, Əmək Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə görə, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Cavabdehin sözügedən dəlili, yəni ödənişsiz məzuniyyət dövrünün ümumi iş stajına daxil edilməməsi əmək pensiyaları haqqında qanunvericiliklə də təsdiqini tapmır. Belə ki, ödənişsiz məzuniyyət dövrünün sosial sığorta stajına daxil edilməsinin qadağan olunması barədə hər hansı müddəa müvafiq qanunuveriliklə nəzərdə tutulmamışdır. Digər tərəfdən isə Məhkəmə qeyd edir ki, “Məzuniyyətlər haqqında” 25 aprel 1997-ci il tarixli, 281 saylı Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin müddəaları məzuniyyət hüququ verən əmək stajının hesablanması məqsədləri üçün nəzərdə tutulmuşdur və məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrləri müəyyən edir. Yəni həmin normanın məqsədi pensiyanın təyin olunması üçün əmək stajı hesablanarkən nəzərə alınan dövrləri müəyyən etməkdən ibarət deyildir. Bununla belə, “Məzuniyyətlər haqqında” Qanunun 14-cü maddəsindən fərqli olaraq, qüvvədə olan Əmək Məcəlləsinin 132-ci maddəsində nəzərdə tutulmuş analoji normada, məzuniyyət hüququ verən əmək stajı hesablanarkən “bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri məzuniyyət hüququ verən əmək stajına daxil edilmir” məhdudiyyəti nəzərdə tutulmamışdır. Həmçinin “Məzuniyyətlər haqqında” Qanunun 01 fevral 1999-cu il tarixli, 618-İQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 04, maddə 213) ilə qüvvədən düşdüyü də nəzərə alınmalıdır. Bununla bağlı nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-cı maddəsinə görə, kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər-təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. İşə götürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işcilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işcilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Həmin Məcəllənin 169-cu maddəsinə əsasən “.... işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi ücün müəyyən edilmiş dərəcənin (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.” Hazırkı mübahisəyə münasibətdə qeyd olunmalıdır ki, məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlərdən görünür ki göstərilən illər ərzində boşdayanmanın məhz işçinin təqsiri üzündən baş verməsi iş materiallarından müəyyən olunmamışdır. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş sorğuya cavab məktubundan göründüyü kimi iddiaçının boşdayanmasına əsas olan hal – xammal çatışmamazlığı ilə əlaqədar olmuşdur.Göründüyü kimi iddiaçının uzun müddət ərzində ödənişsiz məzuniyyətdə olması hər bir halda onun şəxsi iradə ifadəsindən asılı olmamışdır. Əksinə iddiaçının ödənişsiz məzuniyyətə cəlb edilməsi xammal çatışmamazllığı ilə bağlı da olmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-541/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Həmçinin, cavabdehin ödənişsiz məzuniyyətlə bağlı kassasiya şikayətində istinad etdiyi “Məzuniyyətlər haqqında” 25 aprel 1997-ci il tarixli, 281 saylı Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi ilə bağlı qeyd edilməlidir ki, istinad olunan həmin norma məzuniyyət hüququ verən əmək stajının hesablanması məqsədləri üçün nəzərdə tutulmuşdur və məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrləri müəyyən edir. Yəni həmin normanın məqsədi pensiyanın təyin olunması üçün əmək stajı hesablanarkən nəzərə alınan dövrləri müəyyən etməkdən ibarət deyildir. Bununla belə, “Məzuniyyətlər haqqında” Qanunun 14-cü maddəsindən fərqli olaraq, qüvvədə olan Əmək Məcəlləsinin 132-ci maddəsində nəzərdə tutulmuş analoji normada, məzuniyyət hüququ verən əmək stajı hesablanarkən “bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri məzuniyyət hüququ verən əmək stajına daxil edilmir” məhdudiyyəti nəzərdə tutulmamışdır. Həmçinin “Məzuniyyətlər haqqında” Qanunun 01 fevral 1999-cu il tarixli, 618-İQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 04, maddə 213) ilə qüvvədən düşdüyü də nəzərə alınmalıdır. Bununla bağlı nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-cı maddəsinə görə, kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər-təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. İşə götürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işcilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işcilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Həmin Məcəllənin 169-cu maddəsinə əsasən “.... işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi ücün müəyyən edilmiş dərəcənin (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.” Hazırkı mübahisəyə münasibətdə boşdayanmanın işçinin təqsiri üzündən baş verməsi iş materiallarından müəyyən olunmamışdır.” Kassasiya instansiya məhkəməsinin yuxarıda göstərilən qərar ilə formalaşmış mövqeyi odur ki, məzuniyyət hüququ verən əmək stajı hesablanarkən “bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri məzuniyyət hüququ verən əmək stajına daxil edilmir” məhdudiyyəti qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səbəbdən də məhkəmə şəxsin boşdayanma müddətini onun sığorta stajına daxil edərək mübahisəni vətəndaşın xeyrinə yekunlaşdırmışdır. Bu mövqeyi həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1518/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında da nümayiş olunmuşdur. Məhkəmə eyni zamanda həmin dövr üzrə ödənilməyən məcburi sosial sığorta haqlarına da münasibət bildirməyi zəruri hesab edir. Belə ki, alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 1993-2002-ci illərdəki işlədiyin dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. 2002-2005-ci illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləlilklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının Bakı Komvol Kombinatında işlədiyi müddətin sığorta stajına daxil edilməsi üçün məcburi sosial sığorta haqqlarının ödənilibödənilməməsi mühüm rol oynamır. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1995-ci il tarixdən müəssisədə xammal çatışmamazlığı ilə əlaqədar ödənişsiz məzuniyyətdə olması, xx.xx.1995xx.xx.2006 dövrün ümumi iş stajına daxil edilməməsinə əsas vermir. Beləliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi iş stajı 25 il təşkil edir ki, iddiaçı tələb olunan ümumi iş stajını toplamışdır. Eyni zamanda məhkəm qeyd edir ki, iddiaçının ümumi iş stajı 25 ildən çox təşkil etdiyindən, həmçinin iddiaçı iddia tələbini dəqiqləşdirdiyindən, onun kolxozda işlədiyi dövr üzrə əlavə araşdırmanın aparılmasına zərurət olmamışdır. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilmədiyi qənaətindədir. Lakin məhkəmə araşdırılması zamanı təqdim olunmuş arayışdan görünür ki, İddiaçı Bakı Komvol Kombinatında əyrici istehsalatının darayıcı və kəsici sexində usta köməkçisi işləmiş, işlədiyi hər iki peşə səsli, tozlu, eynixarakterli olduğuna görə güzəştli siyahıda nəzərdə tutulduğu üçün zərərli hesab edilmiş, bununla da iddiaçının işlədiyi həmin müddət nəzərə alınmaqla güzəştli iş stajı12 il 09 ay 03 gün təşkil etmişdir. Nəzərə alınmalıdır ki, həmin peşə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısında - Əyirici istehsalatının hazırlıq sexlərindəki maşınlara, burma, əyirmə, sarıma, cütləmə, təkrarsarıma maşınlarına və toxuculuq dəzgahlarına xidmət edən ustalar və usta köməkçiləri sətrində nəzərdə tutulmuşdur. Eyni zamanda həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 32. Toxuculuq istehsalatı bölməsində - əyirici istehsalatının hazırlıq sexlərindəki maşınlara, burma, əyirmə, sarıma, cütləmə, təkrarsarıma maşınlarına və toxuculuq dəzgahlarına xidmət edən ustalar və usta köməkçiləri sətrində nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə iddiaçının işlədiyi həmin peşə həm “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na, həm də “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısına görə iddiaçıya güzəştli iş stajı imkanı verir. İddiaçının faktiki olaraq həmin dövrdə işlədiyi müddəti nəzərə alasaq müəyyən olunur ki, onun xx.xx.2006-cı il tarixədək 12 il 06 aydan (12 il 09 ay 04 gün) çox güzəştli iş stajı mövcuddur. Məhkəmə qeyd edir ki, cavabdeh güzəştli iş stajının xx.xx.1983-xx.xx.1995 dövrlərini təşkil etdiyini bildirsə də, iddiaçının faktiki həmin peşə üzrə icra etdiyi əmək funksiyaları xx.xx.1995-ci il tarixədək olmuşdur. Bu səbəbdən də onun güzəştli iş stajı xx.xx.1983xx.xx.1995 dövrü əhatə etmişdir. Məhkəmə bir məqama da toxunmaq istəyir ki, ümumiyyətlə iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının (18.593,53 manat) təşkil etməsi iddiaçıya münasibətdə güzəşrli şərtlərlə yaşa görə pensiyasının təyini zamanı əhəmiyyət kəsb etmir. Belə ki, iddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda nəzərdə tutulan ümumi və güzəştli iş stajları toplanıldığından, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilən zaman, məhz həmin qanunvericiliyin normaları tətbiq olunmalıdır. Başqa sözlə desək, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı müddəa qanunun həmin dövrdə qüvvədə olan redaksiyasında nəzərdə tutulmadığından, iddiaçının ümumi və güzəşti staj ilə bağlı şərtlər ödənildiyindən, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı asılı olmayaraq, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Beləliklə, qanunvericilikdə tələb olunan ümumi və güzəştli iş stajı ilə bağlı şərtlər iddiaçı tərəfindən ödənildiyindən, ona xx.xx.2016-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsini də xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə 27 aprel 2022-ci il tarixdə (etirazda göstərilən tarix) Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni xx.xx.2019-cu il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni xx.xx.2016-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin isə xx.xx.2019-cü il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov