Məhkəmə qərarları › İş №2-1(112)-5379/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5379/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5379/2024 14.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyinin səbəbinin dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” ifadəsi ilə göstərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində döyüş zonasında həqiqi hərbi xidmət keçərkən 1994-cü ildə xəstələnmiş və xəstəliyin səbəb əlaqəsi AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2001-ci il tarixli 54 №-li qərarı ilə “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilmişdir. Aldığı xəstəliyə görə ona xx.xx.2001-ci ildə ilkin olaraq 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. İddiaçının əlillik qrupu 2010-cu ilədək hər il təsdiqlənmiş və xx.xx.2010-cu ildə isə müddətsiz (ömürlük) olaraq təyin edilmişdir. Əlilliyinin səbəbi isə “Hərbi xidmət dövrü ilə əlaqədar əlillik” ifadəsi ilə göstərilmişdir. AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 230 №-li qərarı ilə onun hərbi xidmət dövrü aldığı xəstəliyin (travmanın) səbəb əlaqəsi dəyişdirilərək “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” ifadəsi ilə göstərilmişdir. Xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilməsi isə ona əlilliyinin səbəbinin dəyişdirilməsinə əsas verirdi. Bununla əlaqədar o, xx.xx.2023-cü il tarixdə etibarnamə üzrə nümayəndə vasitəsi ilə cavabdehə ərizə ilə müraciət edərək yuxarıda göstərilənlərə əsasən əlilliyinin səbəbinin dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” ifadəsi ilə göstərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin müraciətinə xx.xx.2023-cü il tarixli məktubla anlaşılmaz bir cavab verilmişdir. 1.Müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2010-cu il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən ikinci dərəcə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. 2.Sonrakı dövrdə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsisteminə İddiaçı dair yeni göndəriş daxil olmuşdur. İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin S00095497TİA nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. 3.Müraciəti nəzərə alaraq İddiaçı əlavə araşdırılmanın aparılması və əlillik vəziyyəti ilə bağlı yekun qərarın qəbul edilməsi məqsədilə Agentliyə qəbula dəvət ediləcəkdir. Bu barədə İddiaçılə öncədən əlaqə saxlanılacaqdır. Cavabdehin guya iddiaçının barəsində sonrakı dövrdə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsisteminə yeni göndəriş daxil olunması barədə bildirdiyi məlumat yalnışdır. Belə ki, iddiaçı qeydiyyatda olduğu yer üzrə poliklinikaya barəsində göndəriş (forma 88) tərtib olunaraq "Əlillik” altsisteminə daxil olunması ilə müraciət etməmişdir. Belə bir müraciətinin olmadığı halda isə iddiaçının barəsində heç bir göndərişdən və göndəriş əsasında qiymətləndirmədən, o cümlədən natamam oldurmadan söhbət gedə bilməz. Cavabdeh iddiaçının əlilliyinin səbəbinin dəyişdirilməsi barədə xahişinə heç bir münasibət bildirməmiş, əksinə, onu əlavə araşdırılmanın aparılması və əlillik vəziyyəti ilə bağlı yekun qərarın qəbul edilməsi məqsədi ilə qəbula dəvət etməyi planlaşdırır. Hesab edilmişdir ki, cavabdehin bu cavabı imtina kimi qiymətləndirilməlidir. Onun iddiaçını əlavə araşdırılmanın aparılması və əlillik vəziyyəti ilə bağlı yekun qərarın qəbul edilməsi məqsədi ilə onu qəbula dəvət etməyi qanunsuz və əsassızdır. Çünki iddiaçı cavabdehə ünvanladığı ərizə də əlillik vəziyyətinin qiymətləndirilməsini yox, əlilliyinin səbəbinin dəyişdirilməsini xahiş etmişdir. Əlilliyinin səbəbinin dəyişdirilməsi isə cavabdehin borcudur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydalarında göstərilir ki, bu Qaydanın 1.5- ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda əlillik səbəbi Xidmət tərəfindən dəyişdirilir.

3. Cavabdeh tərəfindən ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi barədə daxil olmuş müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Bildirilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2010-cu il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Sonrakı dövrdə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsisteminə İddiaçı dair yeni göndəriş daxil olmuşdur. İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin S00095497TİA nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Müraciəti nəzərə alaraq İddiaçı əlavə araşdırılmanın aparılması və əlillik vəziyyəti ilə bağlı yekun qərarın qəbul edilməsi məqsədilə Agentliyə qəbula dəvət ediləcəkdir. Bu barədə İddiaçılə öncədən əlaqə saxlanılacağı qeyd edilmişdir.

4. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunan etirazda bildirilir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə sonuncu dəfə Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixli göndərişi daxil olmuş və “Göndərişin natamam doldurulması - Səbəb: Əsas xəstəliyin səbəb əlaqəsi düzgün seçilməmişdir. Qərar -diaqnoz: "Bel-oma radikuliti, kəskinləşmə mərhələsində. Xəstəliyin başlanma tarixi xx.xx.1993. 1993-2023-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri, instrumental müayinələr ətraflı qeyd olunsun.’’ əsası ilə Mərkəzə geri göndərilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 489/2022 nömrəli qərarının 16-cı bəndinə əsasən Həmçinin göndərişin natamam zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırıİmiş sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul etməyinizi xahiş edilmişdir.

5. İddiaçı tərəfindən təqdim edilmiş etiraz ərizəsinə münasibətdə qeyd edilmişdir ki, cavabdehə iddiaçının əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi üçün müraciətinə əsasən Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixli göndərişi daxil olmuş və “Göndərişin natamam doldurulması - Səbəb: Əsas xəstəliyin səbəb əlaqəsi düzgün seçilməmişdir, QƏRARİ- diaqnoz: ”Bel-oma radikuliti, kəskinləşmə mərhələsində. Xəstəliyin başlanma tarixi xx.xx.1993. 1993-2023-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri, instrumental müayinələr ətraflı qeyd olunsun.” əsası ilə Mərkəzə geri göndərilmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən bildirilmişdir ki, o əlillik vəziyyətinin qiymətləndirilməsi üçün heç bir tibb müəssisəsinə, o, cümlədən Bakı Xəzər Tibb Mərkəzinə müraciət etməmişdir. İddiaçı yalnız cavabdehə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək ona 2001-ci ildə təyin edilmiş əlilliyinin səbəb əlaqəsinin dəyişdirilərək “Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün Müdafiəsi və Konstitusiya Quruluşunun müdafiəsi ilə əlaqədar” İfadəsi ilə göstərilməsini xahiş etmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4450/2023 №-li qərarı ilə ona səbəbi “Hərbi xidmət dövrü ilə əlaqədar əlillik” ifadəsi ilə göstərilmiş 2001-ci ildə təyin edilmiş müddətsiz əlilliyin təyin olunması üçün əsas olmuş AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 54 №-li, xx.xx.2001- ci il tarixli qərarı ləğv edilmiş və hərbi xidmət dövrü aldığı xəstəliyin səbəb əlaqəsi AR MN Mərkəzi Hərbi Həkim Komissiyasının 230 №-li, xx.xx.2023-cü il tarixli qərarı ilə “Hərbi travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” ifadəsi ilə göstərilmişdir. Hərbi xidmət dövrü aldığı travmanın səbəb əlaqəsinin dəıyişdirilməsi isə ona 2001-ci ildə təyin edilmiş əlilliyinin səbəbinin dəyişdirilərək “Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün Müdafiəsi və Konstitusiya Quruluşunun müdafiəsi ilə əlaqədar” ifadəsi ilə göstərilməsi üçün müraciət hüququ verirdi. İddiaçı da bu hüquqdan istifadə edərək cavabdehə müraciət etmişdir.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 54 nömrəli xx.xx.2001-ci il tarixli qərarına əsasən Bakı şəhəri Əzizbəyov RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı Əliabbas oğlunun hərbi xidmət keçərkən aldığı xəstəliyi- diaqnoz: “Vertebrogen mənşəli bel-oma radikuliti”. xx.xx.1994-cü ildən-xx.xx.1994-cü ilə kimi MN MHKH-da müayinə və müalicə olunmuşdur.(MN MHKHnın verdiyi 2149 saylı 1994-cü il tarixli çıxarışı, Əzizbəyov RHK-nin 3/22 saylı xx.xx.2001-ci il tarixli arayışı) . “Xəstəlik hərbi xidmət dövründə alınmışdır.”

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4450/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən iddia təmin edilmiş, İddiaçı aldığı xəsarətin Azərbaycan Respublikası müstəqilliyinin müdafiəsi zamanı alınması ilə bağlı şəhadətləndirilməsi vəzifəsi cavabdeh Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının üzərinə qoyulmuşdur.

8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 230 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri Xəzər RHK tərəfindən xx.xx.1992-ci il tarixdə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xəstələndiyi və xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək MN Baş Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Bel-oma radikuliti, kəskinləşmə mərhələsində” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Xəzər rayon idarəsinin xx.xx.2023-cü il tarixli 3-4381/2-1253/2023 nömrəli göndərişi, xx.xx.2023-cü il tarixli 50 nömrəli arayışı, MN Baş Klinik Hospitalından verilmiş çıxarış epikrizi, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli İş № 2-1(112)-4450/2023-nömrəli Qərarı ilə təsdiq edilir), “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. MN MHHK -nın xx.xx.2001-ci il tarixli 54 nömrəli qərarı ləğv edilmişdir.

9. TSEK-Müayinələr: - xx.xx.2010-ci il tarixində vertebrogen mənşəli bel-oma radikuliti diaqnozun mətni ilə ikinci dərəcə əlillik (Digər: vertebrogen mənşəli bel-oma radikuliti) təyin edilmişdir. (Səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar) - xx.xx.2023-cü il tarixində arteriyaların cırılması, baş beyninin sol hemisferində keçirilmiş, işemik insultun davamlı qalıqları diaqnozun mətni ilə göndərişin natamam doldurulmasına görə imtina edilmişdir. (Səbəb: Əsas xəstəliyin səbəb əlaqəsi düzgün seçilməmişdir. Qərarı-diaqnoz: “Bel-oma adikuliti, kəskinləşmə mərhələsində, xəstəliyin başlanma tarixi xx.xx.1993. 1993-2023-cü illər ərzində xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri, instrumental müayinələr ətraflı qeyd olunsun”)

10. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

12. İddia tələbi xx.xx.2010-cu il tarixində təyin edilmiş ikinci dərəcə müddətsiz əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi ilə bağlıdır.

13. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. İddianın növü məcburetmə haqqında iddiadır.

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

16. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

17. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə xx.xx.2023-cü il tarixində müraciət etmiş və cavabdeh orqan tərəfindən iddiaçıya 16.11.023-cü il tarixində məktub göndərilmişdir.

18. Odur ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün müddət ötürülməmişdir.

19. İddia mümkündür.

İİİ. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:

2. Əlilliyin müəyyən olunması meyarları 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşmasıvə ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.

21. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”:

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ...1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar;... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;... 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;.... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

İV. Məhkəmənin mövqeyi

25. Məhkəmə ilk növbədə müəyyən edir ki, İddiaçı xx.xx.2010-cu il tarixində vertebrogen mənşəli bel-oma radikuliti diaqnozun mətni ilə ikinci dərəcə əlillik (Digər: vertebrogen mənşəli bel-oma radikuliti) təyin edilmişdir.

26. Məhkəmə nəzərə alır ki, iddiaçı xx.xx.2010-cu il tarixində vertebrogen mənşəli bel-oma radikuliti diaqnozun mətni ilə təyin edilmiş ikinci dərəcə əlilliyi (Digər: vertebrogen mənşəli bel-oma radikuliti) mübahisələndirmir. İddiaçı sadəcə təyin edilmiş ikinci dərəcə müddətsiz əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsini cavabdeh orqandan tələb etmişdir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi zamanı tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməlidir.

28. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təyin edilmiş ikinci dərəcə müddətsiz əlillik mübahisələndirilmədiyi təqdirdə cavabdeh tərəfindən “Göndərişin natamam doldurulması - Səbəb: Əsas xəstəliyin səbəb əlaqəsi düzgün seçilməmişdir. Qərar -diaqnoz: "Bel-oma radikuliti, kəskinləşmə mərhələsində. Xəstəliyin başlanma tarixi xx.xx.1993. 1993-2023-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri, instrumental müayinələr ətraflı qeyd olunsun.’’ əsası ilə mərkəzə geri göndərilməsi faktiki olaraq formal tələblərdən sui-istifadə kimi qiymətləndirilməlidir.

29. Belə ki, İddiaçı müddətsiz əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsini tələb etməsinə baxmayaraq, cavabdeh orqan tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişin natamam doldurulması səbəbilə mərkəzə geri göndərilməsi iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulması hesab edilir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.1.1-ci bəndinə əsasən əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir.

31. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4450/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən iddia təmin edilmiş, İddiaçı aldığı xəsarətin Azərbaycan Respublikası müstəqilliyinin müdafiəsi zamanı alınması ilə bağlı şəhadətləndirilməsi vəzifəsi cavabdeh Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının üzərinə qoyulmuş və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 230 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri Xəzər RHK tərəfindən xx.xx.1992-ci il tarixdə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xəstələndiyi və xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək MN Baş Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Bel-oma radikuliti, kəskinləşmə mərhələsində” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Xəzər rayon idarəsinin xx.xx.2023-cü il tarixli 3- 4381/2-1253/2023 nömrəli göndərişi, xx.xx.2023-cü il tarixli 50 nömrəli arayışı, MN Baş Klinik Hospitalından verilmiş çıxarış epikrizi, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli İş № 2-1(112)-4450/2023-nömrəli Qərarı ilə təsdiq edilir), “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.

32. Məhkəmə qeyd edir ki, iddiaçıya ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsinə səbəb olmuş xəstəliyin (vertebrogen mənşəli bel-oma radikuliti) Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4450/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 230 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı təsdiq edilmişdir.

33. Məhkəmə hesab edir ki, cavabdeh orqan İddiaçı xx.xx.2010-cu il tarixində vertebrogen mənşəli bel-oma radikuliti diaqnozun mətni ilə ikinci dərəcə müddətsiz əlillik təyin ediləndə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2001-ci il tarixli 54 nömrəli qərarı qüvvədə olduğundan əlilliyin səbəbini hərbi xidmət dövrü ilə əlaqələndirmişdir. Hazırkı vəziyyətdə xəstəliyin səbəb əlaqəsi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4450/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən dəyişdirilmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 230 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2001-ci il tarixli 54 nömrəli qərarı ləğv edilərək xəstəliyin səbəbi “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir.

34. Odur ki, İddiaçı təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” kimi dəyişdirilməlidir.

35. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 36.İddiaçı bildirir ki, əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı forma 88 tərtib olunması üçün səhiyyə müəssisəsinə hər hansı müraciəti olmamışdır.

37. Beləliklə, məhkəmə qeyd edir ki, Qaydaların tələbinə əsasən, (3.2-ci bənd) əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunduqdan sonra Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul etməli olduğu müəyyən edilmiş, bu zaman hər hansı göndərişin rəsmiləşdirilməsi və ya əyani müayinə tələbi nəzərdə tutulmamışdır. 38.Odur ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur.

39. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

40. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

42. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” kimi dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar